“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.11.2013, 12:33
1134

Rəsulzadənin 130 illik yubileyi qeyd olunacaq

A- A+

Noyabrın 22-də Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Milli Şurasının (1918) sədri Məhəmməd Əmin Rəsulzadənin (1884-1955) anadan olmasının 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda Rəsulzadənin xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətləri vurğulanır.

Sənəddə Mədəniyyət və Turizm Nazirliyinə Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

* * *

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2014-cü ilin yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur.

Xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 noyabr 2013-cü il. 

* * *

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin
anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illiyi ilə əlaqədar olaraq qərara alıram:

 

1.      M. Ə. Rəsulzadənin anadan olmasının 110 illiyi təntənəli surətdə qeyd olunsun.

2.      Yubiley tədbirlərinin hazırlanması və keçirilməsi üçün komissiya yaradılsın:

Rəsul Quliyev — Azərbaycan Respublikası Ali Sovetinin sədri (komissiyanın sədri).

Hidayət Orucov — Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə Dövlət müşaviri.

Elçin Əfəndiyev — Azərbaycan Respublikası Baş nazirinin müavini.

Fatma Abdullazadə — Azərbaycan Respublikası Prezidenti aparatı humanitar siyasət şöbəsinin müdiri.

Rəfael Allahverdiyev — Bakı şəhəri İcra hakimiyyətinin başçısı.

Polad Bülbüloğlu — Azərbaycan Respublikasının mədəniyyət naziri.

Sabir Rüstəmxanlı — Azərbaycan Respublikasının mətbuat və informasiya naziri.

Babək Məmmədov — Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin sədri.

Eldar Salayev — Azərbaycan Respublikası Elmlər Akademiyasının prezidenti.

İbrahim İbrahimov — Azərbaycan Respublikası Milli Məclisinin üzvü.

Anar Rzayev — Azərbaycan Yazıçılar Birliyinin sədri.

Fərhad Xəlilov — Azərbaycan Rəssamlar İttifaqının sədri.

Tofiq Quliyev — Azərbaycan Bəstəkarlar İttifaqının sədri.

Hacı Hacıyev — Azərbaycan Jurnalistlər Birliyinin sədri.

Murtuz Ələskərov — M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin rektoru.

Yaşar Qarayev — Azərbaycan Respublikası Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktoru.

Bəxtiyar Vahabzadə — Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, xalq şairi.

Mahmud İsmayılov — Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü.

Şirməmməd Hüseynov — M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin professoru.

Ömər Eldarov — heykəltəraş.

Komissiya yubileyin keçirilməsi ilə əlaqədar tədbirlər planını hazırlayıb bir həftə müddətində təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 Azərbaycan Respublikasının Prezidenti

Heydər Əliyev.

Bakı şəhəri, 29 dekabr 1993-cü il.

* * * 
Görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin
totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin
Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

Azərbaycan Demokratik Respublikasının banisi, görkəmli ictimai-siyasi xadim Məmməd Əmin Rəsulzadənin ruhu qarşısındakı mənəvi borc hissini əsas tutaraq totalitar sovet rejimi tərəfindən onun ailə üzvlərinə qarşı törədilmiş repressiyanın nəticələrini aradan qaldırmaq məqsədilə qərara alıram:

1.  Məmməd Əmin Rəsulzadənin yaxın ailə üzvlərinin sürgün yerindən Azərbaycana qaytarılmasına lazımi şərait yaradılsın, onların sosial-məişət məsələləri diqqətlə araşdırılıb həll edilsin.

2.  Azərbaycan Respublikasının Nazirlər Kabineti və Bakı şəhəri İcra hakimiyyətinin başçısı bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz Elçibəy.

 Bakı şəhəri, 24 dekabr 1992-ci il.

Xəbərlər
Redaktorun seçimi