Avropa Qonşuluq Siyasəti bizə nə vəd edir?
Bu mövzuda monitorinqin nəticələri heç də ümidverici deyil
“Azərbaycanın Avropa Qonşuluq Siyasətində iştirakdan əldə etdiyi bəzi müsbət nəticələrə baxmayaraq ölkə ictimaiyyətinin yaxşıya doğru dəyişikliklərə ümidi doğrulmayıb”. “Turan” informasiya agentliyininin məlumatına görə, Siyasi və İqtisadi Araşdırmalar Mərkəzinin prezidenti Sabit Bağırov 2007-2008-ci illərdə Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planının həyata keçirilməsi üzrə monitorinqin yekunları haqqında hesabatı təqdim edərkən belə deyib. Monitorinqi Avropaya İnteqrasiya üzrə İctimai Komitəsi aparıb.
Layihənin koordinatoru olan S.Bağırov qeyd edib ki, bir sıra sahələrdə nəinki irəliləyiş əldə olunmayıb, əksinə, vəziyyət pisləşib: “Bu, xüsusən demokratiya və insan hüquqları sahəsinə aiddir. Fəaliyyət Planının 10 prioritet istiqamətindən ikincisi üzrə – demokratiyanın beynəlxalq standartlara cavab verən ədalətli və şəffaf seçkilər vasitəsilə möhkəmləndirilməsi istiqamətində ciddi geriləmə qeydə alınıb. Azərbaycan hakimiyyəti 2008-ci il prezident seçkisi ərəfəsində ATƏT və Avropa Şurası qurumlarının tövsiyələrinin mühüm elementlərini nəzərə almayıb. Ədalətli rəqabət mübarizəsi üçün minimal şərtlər olmadığı üçün aparıcı müxalifət qüvvələri seçkini boykot ediblər.
İnstitusional islahatlar, xüsusən hakimiyyət qolları arasında tarazlığın təmin edilməsi sahəsində vəziyyət dəyişməz qalıb. İcra hakimiyyətinin əlavəsinə çevrilmiş yerli idarəetmə sistemində də inkişaf yoxdur.
Əməkdaşlığın üçüncü prioriteti – vətəndaşların hüquq və azadlıqlarına, qanun aliliyinin təmin edilməsinə zəmanətin gücləndirilməsi üzrə də inkişaf qeydə alınmayıb. Məhkəmələr hələ də müstəqil deyil, hakimliyə namizədlərin seçimi və onların təyinatı prosedurlarında dəyişikliklər icra hakimiyyətinin məhkəmələr üzərində nəzarətinin aradan qaldırılmasına gətirib çıxarmayıb. Məhbuslara qarşı işgəncə problemləri də qalmaqdadır”.
Hesabatda korrupsiyaya qarşı mübarizə və biznes üçün şərait yaradılması sahəsində müəyyən irəliləyiş qeydə alındığı vurğulanır: “Sahibkarların qeydiyyatı qaydaları sadələşdirilib. Amma korrupsiyaya qarşı mübarizə üzrə mühüm proqram sənədlərinin qəbul edilməsinə baxmayaraq korrupsiya faktları çoxdur”.
"Turan", 21.05.2009.