“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.07.2013, 15:00
514

“İnsan amili bizim siyasətimizin prioritetidir”

Prezidenti İlham Əliyev: “Görülən bütün işlər bir məqsədi güdür ki, Azərbaycanda daha yaxşı şərait yaradılsın, maddi rifah artsın”
A- A+

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuz, Ağstafa və Qazax rayonlarında səfərdə olub. Dövlət başçısı bir sıra sosial və mədəniyyət obyektlərinin açılışında, infrastruktur layihələrinin istifadəyə verilməsində iştirak edib.

«Mən bütün tibb ocaqlarının açılışlarında qeyd edirəm və bir daha deyirəm, gərək vətəndaşlar vaxtlı-vaxtında müayinədən keçsinlər ki, öz sağlamlıqlarını qoruya bilsinlər», - deyə Prezident Tovuzda Hemodializ Mərkəzinin açılışında bildirib.

Prezident vurğulayıb ki, insan amili bizim siyasətimizin prioritetidir: "Bu mərkəzlərin açılması da onu göstərir ki, çox güclü sosial siyasət aparılır. Bu diaqnostika və müalicə mərkəzlərinin tikintisi indi geniş vüsət alıb. Son 10 il ərzində Azərbaycanda 500-dən çox tibb mərkəzi tikilmişdir və demək olar ki, bütün bölgələrdə keyfiyyətli tibbi xidmət almaq üçün indi imkan vardır. Avadanlıq ən müasir standartlara cavab verir, memarlıq baxımından bütün xəstəxanalar çox gözəldir, çox genişdir, rahatdır və demək olar ki, indi elə bölgə yoxdur ki, orada müasir tibb ocağı olmasın. Məhz qarşıya belə məqsəd qoyulmuşdur ki, hər bir yaşayış məntəqəsində, böyük şəhərlərdə, rayon mərkəzlərində keyfiyyətli tibbi xidmət olmalıdır. Mən şadam ki, artıq Tovuzda da bu mərkəz yaradılır və insanların sərəncamına verilir".

İlham Əliyev qeyd edib ki, son illər bütövlükdə səhiyyə sahəsində nəticələr yaxşıdır: "Bunu həm biz deyirik, həm də beynəlxalq qurumlar və onların arasında dünya miqyasında bu məsələlərlə məşğul olan Dünya Səhiyyə Təşkilatı bunu qeyd edir. Keçən il Bakıda keçirilmiş Avropa Konfransında qeyd olundu ki, Azərbaycanda səhiyyə sahəsində böyük irəliləyiş əldə edilmişdir. Bunu statistik göstəricilər də təsdiqləyir. Səhiyyə sisteminin səmərəliliyini göstərən bir neçə meyar vardır. Onların arasında insanların ömrünün uzunluğu, - Azərbaycanda bu istiqamətdə irəliləyiş vardır, - artır, uşaq ölümü isə azalır. Uşaq ölümü bizdə bütün dövrlərdə böyük problem idi. Bu gün də o problem hələ ki, lazımi səviyyədə həll olunmur. Hələ ki, biz inkişaf etmiş ölkələrdən bir az geridəyik. Ancaq hesab edirəm ki, belə mərkəzlərin yaradılması və digər tədbirlərin görülməsi nəticəsində biz bu sahədə də dünyanın aparıcı ölkələrinin səviyyəsinə qalxmalıyıq və digər göstəricilər deməyə əsas verir ki, səhiyyə sisteminin təkmilləşməsində yaxşı nəticələr vardır".

Dövlət başçısının sözlərinə görə, amma hələ ki, bu sahə bizi tam qane edə bilməz: "Əlbəttə ki, biz çalışırıq müasir mərkəzlər tikilsin, avadanlıq alınır, böyük vəsait xərclənir. Ancaq bəzi hallarda xidmətlərin keyfiyyəti bizi qane etmir və bu məsələlər üzərində daha da çox işləməliyik.

Burada göstəriləcək xidmət əminəm ki, yüksək səviyyədə olmalıdır. Yaxın zamanlarda bu mərkəz fəaliyyətə başlayacaqdır. İndi fəaliyyətə başlamaq üçün bütün imkanlar vardır. Burada yaxşı həkim heyəti formalaşmalıdır ki, Tovuz rayonunun sakinlərinə yaxşı xidmətlər göstərilsin. İnsanın sağlamlığı üçün lazım olan amillər bəllidir. İlk növbədə, diaqnostika və müalicə vaxtında aparılmalıdır, eyni zamanda, əlbəttə ki, ətraf mühit yaxşı vəziyyətdə olmalıdır. Bu baxımdan Tovuzda heç bir problem yoxdur, ekoloji vəziyyət burada yaxşıdır. İçməli su mütləq təmiz olmalıdır və bu gün biz Tovuzda içməli su layihəsinin istismara verilməsini qeyd edəcəyik. Bu da hesab edirəm ki, böyük hadisədir. Ondan sonra əlbəttə ki, keyfiyyətli qida olmalıdır. Biz bu məsələyə də diqqət yetiririk. Müvafiq orqanlar istehlak bazarındakı vəziyyəti müşahidə edir, nəzarət edirlər. Hesab edirəm ki, bu istiqamətdə də irəliləyiş vardır. Digər amillər də öz rolunu oynayır. Onların arasında idman da çox vacib məsələdir. Tovuzda artıq neçə ildir ki, idman mərkəzi var. Yəni bütün bu amillər insanların sağlamlığını təmin edir və eyni zamanda, maddi rifah məsələləri. Son illər ərzində biz Azərbaycanda bütün bu istiqamətlər üzrə yaxşı dinamikanı görürük. Nəinki Tovuzda, istənilən bölgədə, bütün bu istiqamətlər üzrə bizim siyasətimiz aparılır. Bu ilin sonunda regionların sosial-iqtisadi inkişafı üzrə ikinci Dövlət Proqramı başa çatır və proqramda nəzərdə tutulmuş bütün məsələlər artıqlaması ilə öz həllini tapır.

Prezident çıxışında bildirib ki, gələcək planlarla bağlı da kifayət qədər dəqiq fikirləri vardır: "Gələcək illərdə Azərbaycan əlbəttə ki, bundan da sürətlə inkişaf etməlidir və edəcəkdir. Bütün infrastruktur layihələri yaxın gələcəkdə başa çatmalıdır. Deyə bilərəm ki, Tovuzda da bu istiqamət üzrə işlər yaxşı gedir. Bu gün buraya gəlməzdən əvvəl biz yeni kəndləri birləşdirən yolun açılışında da iştirak etdik. Bu, Tovuz rayonunda icra edilən ikinci böyük layihədir. Birinci layihəni biz keçən il başa vurduq. İndi ikinci layihə. Beləliklə, 80-ə yaxın kəndi birləşdirən bu yollar artıq istismara verilir. Yol inkişaf, həyat və rahatlıq deməkdir. Onu da qeyd etmək istəyirəm ki, bütün bu layihələr sırf sosial xarakter daşıyır. Bu layihələrin heç biri kommersiya xarakteri daşımır. Bu layihələrə qoyulan investisiyalar insan kapitalına qoyulan investisiyalardır. Bax, bu mərkəz, içməli su layihəsi, kənd yollarının inşası, Olimpiya Kompleksi, məktəb tikintisi Tovuzda geniş vüsət almışdır. Bütün bu layihələr insanlar üçündür, ölkəmiz üçündür, sizin üçündür və dövlətin borcudur ki, bu siyasəti aparsın. Azərbaycanda bu istiqamət üzrə çox ciddi siyasət aparılır. Dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bu, sadəcə xoş sözlər deyil, bizim bütün siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun sağlamlığı, təhlükəsizliyi, rifahı və rahatlığı dayanır.

Mən hər dəfə belə açılışlarda olarkən çox sevinirəm və eyni zamanda, düşünürəm ki, biz daha nə etməliyik, əlavə nə etməliyik. Keçən dəfə Tovuzda olarkən mən icra başçısından, sonra deputatlardan soruşdum əlavə nə etməliyik?! Onlar kənd yolu layihəsini verdilər, indi onu da icra edirik. İndi sizdən soruşmaq istəyirəm ki, biz əlavə nə etməliyik ki, burada işlər daha da yaxşı getsin. İndi yəqin ki bu məsələlərlə bağlı sizin fikirləriniz var".

"Burada 2008-ci ili yada saldılar. Doğrudan da o vaxt mən belə ifadələr işlədirdim ki, hər şey dünya səviyyəsində olmalıdır. Amma iş burasındadır ki, son beş il ərzində dünya standartları bir qədər aşağı düşdü, Azərbaycan standartları qalxdı.

Belə mərkəzlər deyə bilərəm ki, hər bir inkişaf etmiş ölkə üçün bir nümunə olmalıdır. Hesab edirəm ki, belə də vardır. Çünki mən dünyanın müxtəlif yerlərində olmuşam. Əlbəttə ki, vəziyyətlə tanış olmuşam. Deyə bilərəm ki, belə yaraşıqlı, gözəl, o cümlədən memarlıq baxımından gözəl tibb mərkəzləri heç də hər bir ölkədə tikilmir. Azərbaycanda dövlət nəzarətində olan bütün obyektlər böyük zövqlə, ustalıqla tikilir. Eyni zamanda, bu obyektlər şəhərləri gözəlləşdirir. Bax bu mərkəz də öz memarlığı ilə seçilir. Burada və bütünlükdə bizim tibb ocaqlarında yaradılan şərait, alınan avadanlıqlar ən müasir standartlara cavab verir. Çünki mən həmişə deyirəm ki, ən yaxşı şərait bizdə olmalıdır", deyə prezident bildirib.

Prezidentin sözlərinə görə, Azərbaycan vətəndaşı yaşadığı bölgədən asılı olmayaraq ən gözəl xidmətə malik olmalıdır: "Ona görə bizdə tikilən məktəblər elə bil ki, saraydır. Bizdə tikilən xəstəxanalar da, həmçinin çəkilən yollar, digər obyektlər də yüksək səviyyədədir. Son bir neçə il ərzində mən daha çox Azərbaycan standartları haqqında danışıram. Əgər biz dünyada gedən proseslərə siyasi, iqtisadi hadisələrə nəzər salsaq, görərik ki, doğrudan da Azərbaycan standartları bu gün bir çox ölkələr üçün nümunə olmalıdır. Bizdə olan sabitlik, inkişaf, hətta böhranlı illərdə yaşanan tərəqqi deyə bilərəm ki, heç bir yerdə yoxdur. Azərbaycanda mövcud olan sabitlik, ictimai asayiş - bütün bunlar reallıqlardır. Biz Azərbaycan vətəndaşları bu reallıqlara öyrəşmişik. Ancaq heç də hər yerdə belə deyildir. İndi biz televizordan, başqa informasiya mənbələrindən görürük ki, nə qədər böyük problemlər yaşanır dünyanın istənilən yerində. Bütün qitələrdə çox ağır hadisələr baş verir. Azərbaycan elə bil ki, bir inkişaf, sabitlik, həmrəylik adasıdır. Bunun əsas səbəbi ondan ibarətdir ki, Azərbaycanda aparılan işlər xalq tərəfindən nəinki dəstəklənir, eyni zamanda, xalq bilavasitə bu işlərin iştirakçısıdır. Görülən bütün işlər bir məqsədi güdür ki, Azərbaycanın maraqları müdafiə olunsun, qorunsun, daha da yaxşı şərait yaradılsın, maddi rifah artsın, ölkəmiz dövlət müstəqilliyini qorusun, möhkəmləndirsin və bölgədəki mövqelərini daha da gücləndirsin.

Hesab edirəm ki, son illər ərzində biz böyük dərəcədə bu hədəflərə çata bilmişik. Bu hədəflər hələ 2003-cü ildə qarşıya qoyulmuşdur. Son 10 il ərzindəki işlər hesab edirəm ki, təqdirə layiqdir. Ancaq bunu əlbəttə ki, siz qiymətləndirməlisiniz. Mən sadəcə olaraq çalışıram və çalışacağam ki, sizə - yəni Azərbaycan vətəndaşlarına xidmət edirəm".

Xəbərlər
Redaktorun seçimi