“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.09.2009, 09:28
481

Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinə 2 milyon manat vəsait ayrılıb

A- A+

Prezident İlham Əliyev Birliyin fəaliyyətinin maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev avqustun 31-də “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin fəaliyyətinin maddi-texniki təminatının yaxşılaşdırılması tədbirləri haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, birliyin icmadaxili və beynəlxalq ictimaiyyət arasında genişmiqyaslı fəaliyyətinin daha səmərəli qurulması üçün istifadəsində olan mənzil-qərargahın əsaslı təmiri və zəruri avadanlıqlarla təchiz edilməsi məqsədilə 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 (iki) milyon manat məbləğində vəsait ayrılıb.

 

Bax:

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin

fəaliyyətinin maddi-texniki təminatının yaxşılaşdırılması tədbirləri haqqında

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və azərbaycanlıların öz doğma yurdlarına qayıtması istiqamətində həyata keçirilən tədbirlərdə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rolu əhəmiyyətli dərəcədə artmaqdadır.

65 min nəfərdən çox insanı birləşdirən icma cari ildə özünün ilk qurultayını keçirmiş, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” kimi keyfiyyətcə yeni, təşkilati baxımdan möhkəmlənmiş ictimai birliyə çevrilmiş, idarəetmə strukturlarını yaratmışdır.

Birliyin icmadaxili və beynəlxalq ictimaiyyət arasında genişmiqyaslı fəaliyyətinin daha səmərəli qurulması üçün istifadəsində olan mənzil-qərargahın əsaslı təmiri və zəruri avadanlıqlarla təchiz edilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” ictimai birliyinin mənzil-qərargahının əsaslı təmiri və zəruri avadanlıqlarla təchiz edilməsi məqsədi ilə 2 (iki) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” ictimai birliyinin hesabına ödənilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 avqust 2009-cu il.

 

 

Mövzuya dair:

   Dövlət başçısının Qarabağa, qarabağlılara diqqət və qayğısının yeni təzahürü

Xəbər verildiyi kimi, Prezidentin Ehtiyat Fondundan “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin mənzil-qərargahının əsaslı təmiri və zəruri avadanlıqla təchiz edilməsi məqsədi ilə iki milyon manat məbləğində vəsait ayrılmışdır.

İcmanın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov demişdir ki, Prezidentin Sərəncamı, ictimai birliyimiz üçün mənzil-qərargahın ayrılması dövlətimizin başçısının Qarabağa, qarabağlılara diqqət və qayğısının daha bir təzahürüdür.

Bu, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və azərbaycanlıların öz doğma yurdlarına qayıtması istiqamətində həyata keçirilən tədbirlərdə ictimai birliyimizin roluna verilən qiymətdir. Hamımız bu Sərəncamı minnətdarlıq hissi ilə qarşıladıq. Bu qayğı və diqqəti əməli fəaliyyətimizlə doğrultmaq üçün səyimizi əsirgəməyəcək, yaradılmış şəraitdən istifadə edərək icmadaxili və beynəlxalq ictimaiyyət arasında genişmiqyaslı fəaliyyətimizi daha səmərəli quracağıq.

Məlum olduğu kimi, 65 min nəfərdən çox adamı birləşdirən icmamız ilk qurultayını keçirmiş, qurum “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” kimi keyfiyyətcə yeni, təşkilati baxımdan möhkəmlənmiş ictimai birliyə çevrilmiş, onun idarəetmə strukturları yaradılmışdır. Bu strukturlar üçün konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Bunlar tariximiz və mədəniyyətimizlə, icmadaxili məsələlər, beynəlxalq əlaqələr, hüquqi təminat və insan hüquqları ilə bağlıdır.

İnformasiya və ictimaiyyətlə əlaqələrə xüsusi diqqət yetiririk. Belə ki, münaqişənin tarixi kökləri və onun həlli ilə bağlı Prezidentimizin apardığı genişmiqyaslı tədbirlər barədə əhalini müntəzəm məlumatlandırırıq. Beynəlxalq rəyin Azərbaycanın xeyrinə formalaşması üçün internet resurslarından daha geniş və səmərəli istifadə etmək məqsədi ilə bu yaxınlarda öz veb-səhifəmizi açacağıq.

Bizim üçün ayrılmış mənzil-qərargah işlərimizi daha səmərəli görməyə, müəyyənləşdirdiyimiz fəaliyyət istiqamətlərini reallaşdırmağa imkan verəcəkdir. Dövlətimizin başçısına “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinə göstərdiyi diqqət və qayğı üçün minnətdarlığımızı bildiririk.

AzərTAc, 01.09.2009.

Xəbərlər
Redaktorun seçimi