“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.05.2010, 19:31
457

Su fəlakət olanda...

A- A+

Kür və Arazın daşması nəticəsində 40 rayonda 20 mindən çox evi su basıb

Son günlər Kür və Araz çaylarında suyun kəskin şəkildə artması ölkənin ayrı-ayrı şəhər və rayonlarında mürəkkəb vəziyyət yaradıb. Fövqəladə Hallar Nazirliyinin bununla bağlı mayın 7-də yaydığı açıqlamada deyilir:
 
“Yağışlı havalar, Kür və Araz çaylarında suyun çoxalması ölkənin ayrı-ayrı şəhər və rayonlarında mürəkkəb vəziyyət yaradıb: “Bir sıra ərazilərdə qrunt və yağış sularının yaratdığı fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin 800-dən yuxarı şəxsi heyəti, 186 ədəd texnika, 57 ədəd motopompa, 63 ədəd su nasosu vasitəsilə, həmçinin rayon icra hakimiyyətlərinin müvafiq qüvvələri ilə birgə hadisə bölgələrində yaranmış vəziyyətin aradan qaldırılması üçün operativ tədbirlər həyata keçirilir.

Nazirliyin qüvvələri və texnikası hazırda Şirvan şəhərinin Kür qırağındakı yaşayış massivləri, o cümlədən Bayramlı və Hacıqəhrəmanlı qəsəbələri, Salyan rayonunun inzibati mərkəzi və Qaraçala qəsəbəsi, Kür Qaraqaşlı, Ərəbqardaşbəyli, Çuxanlı, Seyidan, Qarabağlı, Pambıqkənd, Təzəkənd, Cəngan, Noxudlu kəndlərində həyətyanı sahələrdən suyun çəkilməsi, Kür çayı üzərində uzunluğu 500 metr olan bəndin bərkidilməsi işlərini reallaşdırırlar.

Sabirabad rayonunun inzibati mərkəzi və Yolçubəyli, Həsənli, Cəngan, Kürkəndi, Narlıq, Balvar, Cavad, Yuxarı Axtaçı, Qasımbəyli, Muradbəyli, Türkədi, Əsgərbəyli, Dadaşbəyli kəndlərində, Saatlı rayonunun Novruzlu, Dəllər, Ağarəhimli, Kamallı kəndlərində, İmişli rayonunun inzibati mərkəzi və Məmmədli, Hacımustafalı, Telişli və Ağamalılar kəndlərində bəndbərkitmə işləri ilə yanaşı həyətyanı sahələrdən suyun çəkilməsi operativ qaydada davam etdirilir.

Neftçala rayonunun inzibati mərkəzi və Bankə və Xıllı qəsəbələri, Aşağı Qaramanlı, Yenikənd kəndləri, Hacıqabul rayonunun Rəncbər, Abdulabad, Kolanı, Meyniman, Ələtli və Dürbənd kəndlərində, Kürdəmir, Zərdab, Beyləqan və Ağcabədi rayonları ərazisində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir”.

 * * *

Azərbaycan prezidenti: “Təbii fəlakətdən ziyan çəkən əhaliyə kompensasiya ödəniləcək, onlara hərtərəfli köməklik göstəriləcək”  

Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə mayın 7-də Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına həsr olunmuş müşavirə keçirilib.

APA-nın AzTV-yə istinadən verdiyi məlumata görə, prezident bildirib ki, respublikada 40 rayonun ərazisində subasma halları baş verib, 20 min ev su altında qalıb, 300-dən çox ev uçub, 2000 ev qəzalıdır, 50 min hektar əkin və örüş sahəsini su basıb.

Dövlət başçısı qeyd edib ki, Kürdə suyun səviyyəsinin kəskin qalxması ilə əlaqədar mühafizə tədbirləri gücləndirilir, təbii fəlakətdən ziyan çəkən əhaliyə kömək göstərilir, onlar müvəqqəti məskunlaşdırılır, həmin şəxslərə müvafiq yardımlar edilir.

Prezident xüsusi vurğulayıb ki, Azərbaycan dövləti vaxtında qabaqlayıcı tədbirlər həyata keçirməsəydi, təbii fəlakətin nəticələri daha böyük və acınacaqlı olardı. Dövlət başçısı Kür çayı boyunca mühafizə tədbirlərində iştirak edən qurumların və əhalinin əməyini yüksək qiymətləndirib, əlavə tədbirlər barədə tapşırıqlarını verib.

Bundan başqa, prezident yaxın 2 il üçün kompleks tədbirlər planın hazırlanması və tezliklə əlavə texnikaların alınması barədə də tapşırıq verib. Dövlət başçısı təbii fəlakətdən ziyan çəkən əhaliyə müvafiq kompensasiya ödəniləcəyini, onlara hərtərəfli kömək göstəriləcəyini və həmin şəxslərin sosial problemlərinin həll olunacağını bildirib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, səhiyyə naziri Oqtay Şirəliyev, nəqliyyat naziri Ziya Məmmədov, kənd təsərrüfatı naziri İsmət Abasov, ekologiya və təbii ehtiyatlar naziri Hüseyn Bağırov Kürdə suyun səviyyəsinin qalxması ilə bağlı real vəziyyət və təbi fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət başçısına ətraflı məlumat veriblər.

Prezident İlham Əliyev təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsini və kompleks tədbirlər planın hazırlanmasının sürətləndirilməsi barədə tapşırıq verib.

 * * *

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov: "Əhali FHN-in və icra strukturlarının göstərdiyi istiqamətdə hərəkət etməlidir"  

“Bir neçə gündür, Kür çayında suyun sürəti və həcmi artdığından 80 metr uzunluqda bəndin yarılması nəticəsində su əraziyə dolmağa başlayıb. Yaranmış fəsadların aradan qaldırılması ilə bağlı cənab prezidentin yanında operativ müşavirə keçirilib”. Bu sözləri fövqəladə hallar naziri Kəmaləddin Heydərov Kürün bəndləri yarması nəticəsində daşqınların baş verdiyi ərazidə jurnalistlərə açıqlamasında deyib.

K. Heydərovun sözlərinə görə, prezident baş verən daşqınlara bağlı müvafiq qurumların rəhbərlərinə, səhiyyə, nəqliyyat, ekologiya və təbii sərvətlər nazirlərinə vəziyyətdən çıxmaq üçün göstərişlər verib.

Nazir təhlükə baş verən və verə biləcək yaxın kəndlərdə əhalinin, onların mal-qarasının köçürülməsinə dair də göstərişlərin verildiyini bildirib.

Hazırda selin qarşısının alınması, suyun daha təhlükəsiz istiqamətə yönəldilməsi üçün tədbirlərin görüldüyünü qeyd edən K. Heydərov Səhiyyə, Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə əhalinin dərman təchizatı, həkimlərlə təmin olunması, yayıla biləcək infeksion xəstəliklərin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülməsi üçün müvafiq tapşırıqların verildiyini vurğulayıb:

“Eyni zamanda yerli əhali bilməlidir ki, fəsadlar aradan qaldırılana qədər Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının və yerli icra strukturlarının köməkliyi ilə, onların göstərdiyi istiqamətdə hərəkət edilməlidir. Artıq onlar üçün hər bir şərait yaradılıb, çadırlar qurulub, ərzaq təminatı yaradılıb. Qohumlarının evlərinə yerləşmək istəyən bəzi sakinlərə yardım göstərilməsi üçün yerli orqanlara göstərişlər verilib”.

K.Heydərov dövlət başçısı tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər nazirliklərə xarici mütəxəssislərlə birgə indi və daha sonra problemin köklü şəkildə həll olunması ilə bağlı göstərişlər verildiyini diqqətə çatdırıb.

Daşqınların “Xudafərin” su anbarından İran tərəfindən suyun normadan artıq buraxılması, bu səbəbdən Araz çayında suyun artması ilə bağlı olması barədə xəbərlərə aydınlıq gətirən nazir belə məlumatların olduğunu, hazırda bununla bağlı araşdırmaların aparıldığını deyib.

K.Heydərov onu da deyib ki, bir həftə əvvəl ekspertlər daşqınlar baş verən ərazilər, əkin sahələri, evlər, nasos stansiyalarında müşahidə aparıblar: “Salyan ərazisində də 20 gündən artıq idi, işlər görülürdü. O zaman bəndlər qurmaq üçün qum yığmağa 15 min, sonra isə 10 min kisə, 760 nəfərlik şəxsi heyət göndərilib. Onlar burada tədbirlər görürdü. İki gün əvvəl isə qum yığmaq üçün 400 min ədəd kisə sifariş olunub. Bəzi yerlərdə beton plitələrin qoyulması prosesinə başlanıb. İntensiv işlər görülür. Bu gün günortadan sonra işlər daha intensivləşib. Aidiyyəti qurumların şəxsi heyətləri də əraziyə cəlb olub. Ərazidə çoxsaylı texnika işləyir. Böyük narahatlıq üçün əsas yoxdur”.

Nazir onu da deyib ki, ölkə prezidentinin göstərişləri əsasında gələcəkdə baş verə biləcək halların qarşısını almaq üçün lazımi təhlükəsizlik tədbirləri görülür.

Son vaxtlar dünyada kataklizmlər baş verdiyini qeyd edən nazir bir çox ölkədə bu cür halların müşahidə olunduğunu söyləyib: “Dünyada böyük fəlakətlər baş verir. Şükürlər olsun ki, bizdə o cür böyük fəsadlar yoxdur. Son vaxtlar Azərbaycanda da torpaq sürüşmələri intensivləşib. Tərəfimizdən belə hallar təhlil olunur, qarşısının alınması üçün tədbirlər görülür”.

Xəbərlər
Redaktorun seçimi