“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.01.2010, 21:06
40

İşgalçı ordunun “ad günü”

A- A+

Prezident Sarkisyan “Ermənistan Ordusu Günü” münasibətilə iddialı bəyanatlarla çıxış edib

Yanvarın 28-də Ermənistanda «Ordu Günü» - Silahlı Qüvvələrin yaranmasının 18-ci ildönümü qeyd olunub. Prezident Serj Sarkisyan, baş nazir Tiqran Sarkisyan, parlamentin sədri Ovik Abramyan, müdafiə naziri Seyran Ohanyan və digər dövlət rəsmiləri Yerevandakı hərbi məzarlığa - Qarabağ müharibəsində həlak olanların xatirəsinə ucaldılmış «Yerablur» memorialına baş çəkiblər.

Sonra təntənəli çıxışlar olub. «28 yanvar bizim ümummilli bayramımızdır. Biz buraya gələrək müharibə qərhamanlarına baş əyirik. Çünki bizim ordumuz müzəffər ordudur və fəxr edirik ki, hərbçilərimiz sərhədlərimizi toxunulmaz saxlayır», - deyə baş nazir Tiqran Srakisyan bildirib.

Prezident Serj Sarkisyan da «Ordu Günü» münasibətilə yaydığı bəyanatda Silahlı Qüvvələrin erməni cəmiyyətindəki qalib imicindən pafosla danışıb. Onun sözlərinə görə, bu qalibiyyət faktoru hiss edilməsəydi, erməni cəmiyyəti indi daha əzgin və düşkün ola bilərdi.

Sarkisyan bildirib ki, Ermənistan Silahlı Qüvvələri «erməni xalqının mövcudluğunun möhkəm qarantı» olmaqla yanaşı, həmçinin «hazırda regionda bərqərar olan hərbi-siyasi balansın təminatıdır». Onun sözlərinə görə, erməni ordusu, indiyədək olduğu kimi, bundan sonra da «hərb meydanında macəra axtaran qızğın başları soyutmağa qadirdir».

Təbii ki, bu, işğalçı ordunun bayramıdır. Azərbaycan torpaqlarına təcavüz, yüz minlərlə insanın yurd-yuvasından didərgin salınması, viran qoyulmuş şəhər və kəndlər - hamısı onun adına yazılıb.

Bununla belə, ermənilərin niyə məhz bu günü hər il təmtəraqla qeyd etməsi maraq doğurmaya bilməz. Maraq doğuran digər məqam Ermənistanda Milli Ordunun yaranması tarixinin 1992-ci ilin 28 yanvarından hesablanmasıdır. Əgər elə isə, onda 1992-ci ilin yanvarınadək Azərbaycanın Dağlıq Qarabağdakı yaşayış məntəqələrini ələ keçirən, ətraf bölgələrə, sərhəd rayonlarına aramsız hücumlar edən qüvvələr nə idi?

Elə məsələnin kökünə də buradan yanaşmaq lazımdır.

Ermənistanda Silahlı Qüvvələrin formalaşdırılması hələ 1991-ci ilin yanvarında başlanmış, hökumətin qərarı ilə Nazirlər Soveti yanında Dövlət Müdafiə Komitəsi yaradılmışdı. Bu qurum Ermənistan ərazisində və Dağlıq Qarabağda formalaşdırılmış 32 hərbi hissənin - öüzünümüdəfiə dəstəsinin fəaliyyətini tənzimləyirdi.

Yeri gəlmişkən, 1991-ci ildə Azərbaycanda da ölkə prezidentinin yanında bənzər qurum - Müdafiə Şurası yaranmışdı. Elə Qarabağ müharibəsi başlayandan sonra azərbaycanlı könüllülərdən ibarət yerlərdə yaradılan özünümüdafiə dəstələrinin sayı da erməni tərəfdə olduğu qədər idi.

Amma bizdə «Müdafiə Şurası» adlanan qurum gerçəkdə siyasi mübarizə və intriqa yığnağı idi, müdafiə və hərbiyyədən savayı hər şeylə məşğul idi. Fədakar, vətənpərvər oğulların yer aldığı könüllü dəstələri isə real hərb meydanında bir araya toplayacaq qüvvə, orqan yox idi, onlar faktiki olaraq başlı-başına buraxılmışdı.

Ümumiyyətlə, Qarabağda hərb meydanında üz-üzə gələn Ermənistan və Azərbaycanda ordu quruculuğu prosesinin maraqlı məziyyətləri olub. Azərbaycanda Müdafiə Nazirliyin yaranması barədə fərman 1991-ci il sentyabrın 5-də verilib. Peşəkar hərbçi, tank qoşunları generalı Valeh Bərşadlı hərbi nazir təyin olunub. İlk baxışdan vaxtında verilmiş qərar idi. Amma təəssüf ki, sadəcə, kağız üzərində.

1991-ci il oktyabrın 9-da Ali Sovet «Azərbaycan Respublikasının özünümüdafiə qüvvələri haqqında» qanun qəbul etdi. Yenə, sadəcə, kağız üzərində.

Ermənistan dövlət müstəqilliyini 1991-ci ilin sentyabrında elan etdi. 1991-ci il dekabrın 5-də Vazgen Sarkisyan (1999-cu ilin 27 oktyabrında parlament terrorunda qətlə yetirildi) Ermənistanın ilk müdafiə naziri təyin edildi. 1992-ci il yanvarın 28-də Ermənistan parlamenti «Ermənistan Respublikasının müdafiə qüvvələri haqqında» qanun qəbul etdi. Ermənistan Milli Ordusunun yaranması tarixi də bu gündən hesablanır.

Amma bütün bunlar məsələnin formal tərəfləridir. Çünki o vaxt da, indi də hər kəsə bəlli olan bir fakt var ki, Qarabağ müharibəsində ermənilərə qələbəni təmin edən gerçək amillər sırasında Ermənistanın özünün ordusu heç də birinci amil olmayıb.

Ermənilər bu işğalı daha çox kənar qüvvələrin hərbi-siyasi-diplomatik-maliyyə dəstəyi sayəsində, o cümlədən Azərbaycanın hərbi uğursuzluqlarına bais olan şəxslərin xəyanətkar əməli nəticəsində həyata keçiriblər.

Rusiyanın Ermənistana verdiyi milyardlarla dollarlıq qanunsuz silahı, Rusiya (sovet) qoşunlarının Qarabağdakı döyüşlərdə, Xocalı qətliamında iştirakı. Bu qəbildən məqamlar kifayət qədərdir.

Ermənistan ordusu 1991-ci ildə Rusiya tərəfindən komplektləşdiriləndən, Qarabağda ermənilərə mövqe üstünlüyü təmin olunandan sonra rəsmiləşdi. Azərbaycan Ordusu isə parlamentin qərarı ilə yaranmışdı və savaşa atılmışdı. Nə zəruri arsenal, nə təcrübə, nə də ağıllı rəhbərlik vardı. Bircə özünü şəhidliyə hazır görən igid oğulların vətənpərvərlik əzmi vardı.

Ermənistanda ordunun yaradılması de-fakto 1991-ci ilin yanvarında başlanıldığı halda, hərbi təcavüzə məruz qalan Azərbaycanda 1991-ci ilin oktyabrınadək "bizə ordu lazımdırmı" sualı ətrafında mənasız diskussiyalar getmişdi.

Bunun ardınca ordu quruculuğu prosesi siyasi çəkişmələrə meydan oldu. General Bərşadlı müdafiə naziri postunda yalnız 3 ay əyləşə bildi. Dekabrda onu Tacəddin Mehdiyev əvəzlədi. Onun müdafiə naziri olduğu iki ay Azərbaycan Qarabağ cəbhəsində aldığı ağır zərbələrlə müşayiət olundu.

19 yanvar 1992 - Erməni silahlı qüvvələri Şuşa rayonunun Kərkicahan kəndini işğal etdilər. Strateji ərazidə yerləşən kəndi ələ keçirəndən sonra ermənilər Şuşa üzərinə aramsız raket hücumlarına başladılar.

26 yanvar 1992 - Azərbaycan Milli Ordusunun Dağlıq Qarabağdakı ilk əməliyyatı uğursuzluğa düçar oldu. Say-seçmə oğullardan ibarət taborun Şuşanın Daşaltı kəndində pusquya düşməsi nəticəsində 70-ə yaxın hərbçimiz həlak oldu.

28 yanvar 1992 - Erməni silahlı qüvvələri Ağdam-Şuşa marşrutu ilə uçan "Mİ-8" sərnişin vertolyotu Xankəndindən atılmış "yer-hava" tipli raketlə vurdular. Vertolyotdakı 44 nəfərin hamısı həlak olub. Bu, dünya aviasiya tarixində ən böyük mülki vertolyot qəzalarından sayılır.

7 fevral 1992 - Erməni silahlı qüvvələri 1991-ci ilin dekabrından mühasirədə saxladıqları strateji əhəmiyyətli Sırxavənd kəndini (Ağdərə rayonu) işğal etdilər.

11 fevral 1992 - Erməni silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal etdilər.

17 fevral 1992 - Erməni silahlı qüvvələri Dağlıq Qarabağın Xocavənd (Martuni) rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal etdilər.

Və elə həmin gün Azərbaycanın Müdafiə Nazirliyinin rəhbərliyində növbəti dəyişiklik oldu. Daşaltı faciəsinin yükünün altından çıxa bilməyən Təcəddin Mehdiyev vəzifəsindən azad edildi, müdafiə naziri postunun müvəqqəti icrası nazirin 1-ci müavini, Baş Qərargah rəisi Şahin Musayevə (general Musayev 1992-ci ilin mayında Şuşanın işğalından sonra ölkədən qaçdı) tapşırıldı.

Qarşıda isə Xocalı faciəsi vardı. Azərbaycan bu faciəni yaşayanda ölkənin də müdafiə naziri, nə də vahid komandanlığı olan bir ordusu vardı. Beləcə itkilərin ardı gəlməyə başladı…

Əlbəttə, bu itkilərdə, ermənilərin torpaqlarımızı işğal etməsində kənar faktor, Rusiyanın Ermənistana dəstəyi bəlkə də həlledici rol oynayıb. Bu faktdır.

Amma başqa bir fakt da faktlığında qalır. Bu gün rəsmən Qarabağ münaqişəsinin iki tərəfi var: Ermənistan və Azərbaycan. Beynəlxalq müstəvidə də konflikt belə səciyyələnir.

Biz də məsələyə eyni prizmadan yanaşır, sülh danışıqlarını Ermənistanla aparırıq. Və bu gerçəyi də etiraf etmək zorundayıq ki, hələlik bu münaqişədə Ermənistanla bacarmırıq.

Söhbət ondan getmir ki, hələ bitməmiş müharibənin bir mərhələsini (döyüş meydanında) uduzmuşuq, ərazimizin beşdə birini tərk etmişik. Ermənistanla diplomatik müstəvidəki savaşı da hələlik istədiyimiz məcraya gətirə bilməmişik.

Atəşkəsdən sonrakı 16 il ərzində aparılan nəhayətsiz danışıqlar, Ermənistanın işğalçılıq siyasətinin ifşası yönündə görülən iş Azərbaycanı 1994-cü illə müqayisədə daha məqbul və üstün vəziyyətə gətirsə də, nəticə hələlik biz istəyən deyil. Çünki savaşdakı məğlubiyyətin əvəzini çıxmaq üçün təkcə diplomatiya, hər nə qədər uğurlu olsa da, yetərli deyil.

Vüqar Orxan, "525-ci qəzet", 29.01.2010.

Xəbərlər
Ermənilərin yerlə-yeksan etdikləri Cəbrayılda tikdikləri “ibadətgah” işğalçılığın nümunəsi idi

26.03.2021, 14:00 18

Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

19.03.2021, 13:00 72

Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı keçirilib

30.01.2021, 19:00 351

Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə – bizim dəmir yumruğumuzu bir daha görəcək

15.01.2021, 15:00 407

2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib

06.01.2021, 10:00 71

Zəfər gətirən ildən yeni zəfərlərə doğru

31.12.2020, 11:00 350

Cəbrayılın azad olunması uğrunda canından keçən igidlər

26.12.2020, 17:00 419

Azərbaycan bu məsələni özü həll etdi, halbuki Minsk qrupu 28 il mandata sahib idi

13.12.2020, 09:00 580

"Mən müstəqilliyi Azərbaycan xalqı üçün ən böyük nailiyyət hesab etmişəm"

12.12.2020, 12:00 1306

Vətən müharibəsinin möhtəşəm finalı

11.12.2020, 11:00 597

Alban-udi dini icmasının nümayəndələri Kəlbəcərdəki Xudavəng monastırını ziyarət ediblər

05.12.2020, 12:00 534

Müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərini yad ediblər

04.12.2020, 17:00 455

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb

04.12.2020, 14:00 352

Cənubi Qafqaz təhlükəsizlik və əməkdaşlıq baxımından yeni mərhələyə qədəm qoyur

03.12.2020, 10:00 337

Yaşasın bizim çoxmillətli Azərbaycan xalqı!

01.12.2020, 17:00 126

Redaktorun seçimi