“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.02.2012, 15:59
448

Azərbaycanlı deputatlar Yerevanda səfərdə olublar

Azay Quliyev: “Serj Sarkisyanla görüşdə sülhə yaxınlaşacaq mövqenin şahidi olmadıq”
A- A+

Azərbaycan Milli Məclisinin deputatları Rövşən Rzayev, Azay Quliyev və Fərəc Quliyev “Avronest” Parlament Assambleyasının (Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının məşvərət qurumu – red.) sosial, təhsil, mədəniyyət və vətəndaş məsələləri üzrə komitəsinin iclasında iştirak etmək üçün fevralın 21-23-də Yerevanda səfərdə olublar. Ermənistan prezidenti Serj Sarkisyan “Avronest” toplantısı ilə bağlı Yerevana gəlmiş deputatları qəbul edib. 

Milli Məclisin üzvü Azay Quliyev Ermənistana səfərinin yekunlarına dair təəssüratını jurnalistlərlə bölüşüb. “Ermənistan prezidenti Serj Sərkisyanla görüşdə hər hansı bir formada sülhə yaxınlaşacaq, konstruktiv məcraya yönələcək mövqenin şahidi olmadıq”, - deyə o bildirib.

Deputat qeyd edib ki, “Avronest” Parlament Assambleyasının nümayəndə heyətinin Serj Sarkisyanla görüşündə Litvadan olan deputat məsələ qaldırıb: “Deputat dedi ki, Azərbaycan torpaqlarından qovulmuş insanların hüquqları necə müdafiə olunacaq? Sarkisyan bu sualdan yayındı. Bundan başqa İrəvanda bizim tərəfimizdən vurğulandı ki, Azərbaycan dövləti erməni və azərbaycanlıların Dağlıq Qarabağda təhlükəsiz yaşamağına tam təminat verir. Görüşdə Sarkisyanın qarşısında məsələ qaldırıldı ki, münaqişəni həlli üçün hansısa bir vaxt çərçivəsi müəyyənləşdirə bilərsizmi? Təəssüf ki, bu məsələyə də heç bir cavab alınmadı”.

Onun sözlərinə görə, Azərbaycan millət vəkilləri görüşdə erməni icması ilə dialoq yaratmaq üçün şərait yaradılması məsələsini də qaldırıblar: “Azərbaycan nümayəndə heyəti protokola görə təyin olunmuş uydurma “erməni soyqırımı” abidəsini ziyarətdən imtina etdi. Bizim çıxışlarımızdan sonra bizə xəbərdarlıq olundu ki, qonaqpərvərlik nümayiş etdirərək sizin üstünüzə getmirik. Onlar demək istəyirdilər ki “bu çıxışa görə sizi cəzalandıra bilərik”. Bizə tez-tez irad tuturdular ki, siz təbliğatla məşğulsunuz. Bu, beynəlxalq tədbir idi, biz də həmin tədbirdəki tribunanı boş qoya bilməzdik. Azərbaycanın mövqeyini ermənilərə birbaşa azərbaycanlıların vasitəsilə çatdırılmasına böyük ehtiyac var”.

* * *

Yerevana səfər etmiş deputat Fərəc Quliyev isə qeyd edib ki, bir çox ölkələrin nümayəndə heyətləri Dağlıq Qarabağ məsələsi ilə maraqlanıb: “Ermənistan prezidenti Serj Sarkisyanla görüşdə Avropadan olan parlamentarilər Dağlıq Qarabağ məsələsini qaldırdı. Azərbaycanlı deputatlar görüşdə Sərkisyana bildirdilər ki, işğal olunmuş ərazilərdə azərbaycanlıların qəbirlərini ziyarət etmək mümkünsüzdür. Həmçinin Ermənistan prezidentinə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün təşkil olunmasının vacibliyi bildirildi.

Sarkisyan Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmadığını deyəndə biz BMT-nin qəbul etdiyi dörd qətnaməni xatırlatdıq. Avropa Birliyinin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirəsi təklif olundu. Sərkisyan buna etiraz edərək münaqişənin həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinə üstünlük verdiyini dedi. Lakin digər ölkə parlamentariləri də Avropa Birliyi təklifinə dəstək verdiklərini dedilər”.

APA, “Mediaforum”

Xəbərlər
Redaktorun seçimi