“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
10 Avqust 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

Tədqiqat: Azərbaycanda parlamentarizmin 100 ili - siyasi xronika və seçkilər (2005)

Üçüncü çağırış Milli Məclisə seçkilər (2005). 7. Təkrar seçkilərlə tamamlanan parlament

A+ | A-

⇔ ⇔ ⇔ 

13 may 2006-cı iı təkrar parlament seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsinin 2006-cı il iyunun 5-də elan etdiyi yekun qərar həm də 2005-ci il iyulun 5-də rəsmi start verilmiş parlament seçkiləri yarışına son nöqtəni qoydu.

Xatırladaq ki, 2005-ci il 6 noyabrında seçilmiş 115 deputatın mandatının Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olunması və üçüncü çağırış Milli Məclisin fəaliyyətə başlamasından (2 dekabr 2005) sonra prezident İlham Əliyev 2005-ci il dekabrın 9-da nəticələri ləğv edilmiş 10 dairədə təkrar seçkilər keçirilməsi barədə sərəncam imzaladı. Sərəncama əsasən, 9 saylı Binəqədi ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Hizami (Gəncə) ikinci, 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa, 110 saylı Zaqatala və 119 saylı Ağdam kənd seçki dairələrində təkrar seçkilər 2006-cı il mayın 13-nə təyin edildi.

Seçki kampaniyasının ilk mərhələsində (namizədlərin irəli sürülməsi) nəzərəçarpacaq fəallıq yalnız fevralın əvvəlindən özünü göstərməyə başladı. Bu müddət həm də müxalifət düşərgəsində təkrar seçkilərlə bağlı qığzın diskussiyalarla yadda qaldı. 6 noyabr seçkilərində məğlubiyyətə uğramış müxalifət partiyalarının bir qismi həm təkrar seçkiləri, həm də yeni parlamenti boykot etməyə çağırır, seçkilərdə qismən deputat yeri qazanmış qüvvələr isə ötən illərin təcrübəsini əsas gətirərək boykot qərarının səmərəsiz olduğunu bildirirdilər. Boykotun fəal tərəfdarlarından olan Liberal Partiyanın lideri Lalə Şövkət (17 saylı Yasamal üçüncü dairəsindən seçilmişdi) fevralın əvvəlində deputat mandatından rəsmən imtina etdi.

Müxalifətdaxili ziddiyyətlər "Azadlıq" blokunda özünü daha bariz göstərdi. 6 noyabrda blokun əldə etdiyi 6 deputat yerindən 4-ü Müsavat Partiyasının payına düşmüşdü. Odur ki, "Müsavat" boykot taktikasına qarşı çıxdı. Üstəlik beynəlxalq təşkilatlar, o cümlədən Azərbaycanda siyasi prosesləri diqqətlə izləyən Avropa Şurası Parlament Assambleyası da müxalifət qüvvələrini boykotdan vaz keçməyə çağırdı. Nəticədə Xalq Cəbhəsi, Demokrat və Liberal partiyaları boykot yolunu tutsa da, qalan siyasi qüvvələr təkrar seçkilərdə iştirak etmək qərarına gəldilər.

Müsavatçı deputatların yeni parlamentin işinə qoşulması "Azadlıq" blokunun parçalanmasını rəsmiləşdirdi. Onların ardınca 6 noyabr seçkilərində "Azadlıq" blokunun namizədi olaraq qalib gəlmiş Pənah Hüseyn, onun ardınca isə AXCP-nin mandat almış yeganə təmsilçisi Cəmil Həsənli parlamentin işində iştirak etmək qərarına gəldi. 2000-ci il seçkilərindən sonra olduğu kimi (o vaxt deputat mandatından yalnız bir nəfər - Mirmahmud Mirəlioğlu imtina etmişdi), bu dəfə də müxalifətin boykot taktikası uğursuz oldu.

Fevralın ortalarından deputatlığa namizədlərin irəli sürülməsi vüsət götürdü və nəticədə iddiaçıların sayı 6 noyabr seçkilərinin rekord göstəricisini (hər dairə üzrə orta hesabla 18 iddiaçı) üstələdi. Təkrar seçkilərdə 10 dairə üzrə ümumilikdə 218 iddiaçı imza vərəqi götürmüşdü. Martın 3-də namizədlərin irəli sürülməsi mərhələsi başa çatdı. Martın 13-də isə namizədlərin qeydə alınması sona çatdı və MSK seçki kampaniyasının birinci mərhələsinin yekunlarını açıqladı.

İmza vərəqələri götürmüş 218 iddiaçıdan 196-sı zəruri seçici imzalarını (minimum 450) toplayaraq müvafiq dairə seçki komissiyalarına təqdim etmişdi. Öz növbəsində DSK-lar ümumilikdə 22 nəfərin qeydiyyat müraciətinə rədd cavabı vermişdi. Bu göstərici (hər 9 iddiaçıdan biri) 6 noyabr seçkiləri ilə müqayisədə çox idi. MSK-nın məlumatına görə, qeydiyyatda imtina edilən şəxslərdən əksəriyyəti imzaların toplanması və digər zəruri sənədlərin hazırlanmasında qanun pozuntularına yol vermişdilər. Bundan əlavə, imza vərəqələrini təhvil vermiş daha 20 iddiaçı hələ qeydiyyat mərhələsi başa çatmamış seçkidə iştirakdan könüllü imtina etdi.

Martın 14-də start götürən təbliğat mərhələsinə 154 namizəd çıxmışdı. Namizədlərin dairələr üzrə orta nisbəti elə 6 noyabr seçkilərində olduğu kimi (hər dairəyə 16 namizəd) idi. Ən çox namizəd, 6 noyabrda olduğu kimi, yenə 9 saylı Binəqədi ikinci seçki dairəsində (39 iddiaçıdan 22-si qeydə alınmışdı) payına düşmüşdü. Ən az namizəd 106 saylı Tovuz-Qazax-Ağstafa və 110 saylı Zaqatala seçki dairəsində qeydə alınmışdı - 10 nəfər. Diqqətçəkən məqamlardan biri də o idi ki, 103 saylı Gədəbəy seçki dairəsində qeydə alınmış 18 namizəddən 8-i YAP təmsilçisi idi, özü də onların hamısı fərdi qaydada namizədliyini irəli sürmüşdü.

Yeri gəlmişkən, hakim partiya təkrar seçkilərdə 10 dairədən yalnız 6-da rəsmi namizəd irəli sürmüşdü. Daha 17 nəfər YAP-çı fərdi qaydada seçkidə iştirak edirdi. Müsavat Partiyası 7 dairə üzrə rəsmi namizəd irəli sürmüş, partiyanın daha 5 üzvü isə fərdi qaydada seçkiyə qoşulmuşdu. Qeyd edək ki, "Müsavat" rəhbərliyindən yalnız başqan müavini Arif №acıyev (110 saylı Zaqatala dairəsi) təkrar seçkilərdə iştirak edirdi. Digər partiyalardan AMİP 5 namizədlə, BAXCP, "Ədalət", "Ümid" hərəyə 3, AXCP ("klassiklər") 2 namizədlə təmsil olunurdu. Daha 10 partiya təkrar seçkilərə hərəyə bir namizədlə qoşulmuşdu. Təkrar seçkilərdə təmsil olunan partiyaların sayı 6 noyabr seçkilərinə nisbətən iki dəfə az idi.

Namizədlərin təxminən yarısını (71 nəfər) bitərəflər təşkil edirdi. 12 namizəd isə partiya üzvü olsa da, siyasi mənsubiyyətini göstərməmişdi. Hamizədlərin 27-si (təxminən 17 faiz) qadın idi. 6 noyabr seçkilərində qadın namizədlərin sayı nisbətən az (11 faiz) olmuşdu. Eyni zamanda, o da maraqlıdır ki, təkrar seçkilərdə qadın namizədlərdən heç biri uğur qazanmadı, halbuki 6 noyabr seçkilərində deputat mandatı əldə etmiş 115 nəfərdən 15-i zərif cinsin nümayəndəsi olmuşdu. Təkrar seçkilərdə 6 noyabr seçkilərində iştirak edərək uğur qazana bilməyən iddiaçılar (40-a yaxın) da vardı. O cümlədən ikinci çağırış Milli Məclisin deputatlarından 6-sı bu seçkilərdə qüvvəsini sınamaq qərarına gəlmişdi.

Təkrar seçkilərin bir özəlliyi də ondan ibarət oldu ki, bu dəfə təbliğat kampaniyası, 6 noyabr seçkilərindən fərqli olaraq, sakit və faktiki olaraq qalmaqalsız keçdi. Siyasi partiyaların heç biri paytaxtda, yaxud bölgələrdə kütləvi aksiya keçirmədi. Namizədlərin əksəriyyəti bilavasitə seçicilərlə görüşlərə üstünlük verirdilər. Təbliğat kampaniyasının son həftələrində bir sıra namizədlər televiziya efirindən istifadə etməyə başladılar.

İki aya yaxın (3 mart - 11 may) sürən təbliğat kampaniyası gedişində 30 namizəd seçki yarışını tərk etmişdi. Onların əksəriyyəti bu addımı könüllü olaraq atmış, bəziləri təmsil etdikləri partiyaların çağırışı ilə daha şanslı həmkarlarına güzəştə getmişdilər. Bir neçə namizəd, o cümlədən hakim partiyanın 9 saylı Binəqədi ikinci dairəsindən namizədi Elşad Abdullayev (Beynəlxalq Universitetin rektoru) seçiciləri maddi təşviqlə ələ almaqda ittiham olunaraq Apellyasiya Məhkəməsinin qərarı ilə seçki yarışından kənarlaşdırıldı.

Beləliklə, 13 mayda səsvermə günü 10 dairə üzrə seçki bülletenlərinə 124 namizədin adı salınmışdı. Hamizədlərin sayına görə lider və autsayder dairələr də dəyişməmişdi: 9 saylı Binəqədi ikinci (18 namizəd) və 106 saylı Tovuz-Qazax-Ağstafa (7) və 110 saylı Zaqatala (7). 10 dairə üzrə ümumilikdə 390 minə yaxın seçici qeydə alınmışdı və onların 142,6 mini, yəni 36,5 faizi səsvermədə iştirak etmişdi. Ayrılıqda dairələrə gəldikdə, ən yüksək iştirak 110 saylı Zaqatala dairəsində (59,3 faiz), ən aşağı göstərici isə 9 saylı Binəqədi ikinci dairəsində (19,07 faiz) qeydə alınmışdı.

Səsvermənin gedişini 15 beynəlxalq təşkilatı təmsil edən 165 nəfər xarici və 6,5 minə yaxın yerli müşahidəçi izləmişdi. Səsvermə zamanı ciddi qanun pozuntusu qeydə alınmamış, ayrı-ayrı insidentlərlə bağlı MSK-ya müraciətlərə operativ şəkildə baxılmışdı. 6 noyabr seçkilərində olduğu kimi, təkrar seçkilərdə də bir neçə yerli və xarici təşkilat "exit-poll" keçirmişdi. Onların içərisində ABŞ-ın Respublikaçılar İnstitutu tərəfindən aparılan "exit-poll"un nəticələri xüsusi maraqla gözlənilirdi və əlamətdardır ki, 10 dairə üzrə məlumatlar MSK-nın elan etdiyi nəticələrlə üst-üstə düşdü. Xatırladaq ki, 6 noyabr seçkilərində "exit-poll"un nəticələri MSK-nın rəsmi məlumatları ilə təxminən 85-90 faiz eyni olmuşdu.

Digər əlamətdar məqam o idi ki, bu dəfə ayrı-ayrı beynəlxalq müşahidəçilərin seçkilərlə bağlı qənaəti, 6 noyabra nisbətən daha müsbət olmaqla bərabər, ümumən bir-biri ilə üst-üstə düşmüşdü. O cümlədən Avropa Şurasını və ATƏT-i təmsil edən müşahidəçilər qrupu təkrar seçkilərin daha şəffaf və demokratik keçdiyini elan etdilər. Eyni zamanda, beynəlxalq müşahidəçilər bir sıra irad və tövsiyələrini (o cümlədən seçki komissiyaların tərkibinə yenidən baxılması ilə bağlı) bildirdilər. Ümumilikdə təkrar seçkilərə verilən beynəlxalq qiymət 6 noyabr seçkiləri ilə müqayisədə daha müsbət və məqbul idi.

Bilavasitə seçkinin nəticələrinə gəldikdə isə, 10 dairədən 5-də YAP-ın nümayəndələri, 3 dairədə bitərəf namizədlər, 2 dairədə isə müxalifət təmsilçisi qalib gəldi. Maraqlıdır ki, seçkidə uğur qazanan hər iki müxalifətçi bu düşərgənin mödətil qanadını ("Ədalət" və Vətəndaş Həmrəyliyi partiyaları) təmsil edir. Təkrar seçkilərdə uğur qazanan şəxslərdən 7-si ilk dəfə Milli Məclisə üzv seçiliblər, 3 nəfər (Asəf Hacıyev, Fəzail İbrahimli, Bəxtiyar Sadıqov) isə ikinci çağırış parlamentin deputatı olublar.

Nəhayət, 2006-cı il iyunun 5-də Konstitusiya Məhkəməsinin plenumu təkrar seçkilərin nəticələrinə dair son qərarı açıqladı və MSK-nın 10 dairə üzrə qalib elan etdiyi şəxslərin deputat mandatlarını təsdiqlədi. Bu, həm də ümumilikdə 11 ay davam etmiş parlament seçkilərinin başa çatması demək idi.

Hərçənd yeni parlamentdə hələ bir vakant yer qalmaqdadır (Lalə Şövkətin mandatdan imtinasından sonra 17 saylı Yasamal üçüncü dairəsi üzrə yeni seçki hələ elan olunmayıb), ümumilikdə üçüncü çağırış Milli Məclisinin tam şəkildə formalaşdığını qeyd etmək olar.

O ki qaldı yeni parlamentin tamamlanmış tərkibinə və siyasi spektrinə, 6 noyabr seçkiləri ilə müqayisədə elə bir dəyişiklik baş verməyib. Hakim partiyanın deputatlarının sayı 56-dan 61-ə çatıb. Bitərəf deputatlar indi 44 nəfər təşkil edirlər. Parlamentdəki təmsilçilərinin sayına görə, Müsavat Partiyası üçüncüdür. Müsavatçı deputatlara qoşulmuş P.Hüseyni də nəzərə alsaq, bu partiyanın üçüncü çağırış Milli Məclisdə 5 nümayəndəsi var. AXCP sıralarından istefa verərək parlamentin işinə qatılmış C.Həsənli isə hələlik heç bir siyasi qruplaşmaya qoşulmayıb. "Ana Vətən" və VHP-nin parlamentdə hərəyə 2 deputatı var. "Yeni siyasət" blokundan da 2 nəfər deputat seçilsə də, bu blok ləğv olunduğundan indi onlar müstəqil şəkildə fəaliyyət göstərirlər.

Bundan əlavə, daha 7 partiyanın ("Ədalət", "Ümid", Sosial Rifah, Demokratik İslahatlar, BAXCP, Böyük Quruluş və Vətəndaş Birliyi partiyaları) parlamentdə hərəyə bir deputatı var. Ümumilikdə üçüncü çağırış Milli Məclisdə müxalifət düşərgəsini 16 deputat təmsil edər. Deputatlardan 14-ü qadındır. 124 deputatdan 56-sı ikinci çağırış, 20 nəfər isə həmçinin birinci çağırış Milli Məclisin deputatı olub.

Beləliklə, Azərbaycanın müstəqillik tarixində sayca üçüncü Milli Məclis fəaliyyətə başladı. Yeni parlamentin fəaliyyəti Azərbaycanda mövcud qanunvericilik bazasının daha da təkmilləşdirilməsi, onun mütərəqqi dünya standartlarına tam şəkillə uyğunlaşdırılması baxımından böyük önəm kəsb edəcək.

Yeni parlament həmçinin Azərbaycan dövlət quruculuğu və demokratik inkişaf prosesinə layiqli töhfəsini verməli, ölkə rəhbərliyinin apardığı islahatlar kursunun gerçəkləşməsində fəal iştirak etməlidir. Təsadüfi deyil ki, prezident İlham Əliyev də 2005-ci il dekabrın 2-də yeni parlamentin açılışında etdiyi çıxışında bu məqamı xüsusi qeyd edərək yeni parlamentin ölkədəki islahatlar prosesinə ictimai nəzarətin həyata keçirilməsində fəal rol oynamasının zəruriliyini vurğulamışdı. 

 

baxılıb: 1046 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR