“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.06.2015, 16:38
2648

Əli Həsənov: "Müstəqillik tarixində hər kəs əməli ilə qalacaq"

A- A+

1993-cü ilin iyununda Azərbaycanın vətəndaş müharibəsi astanasına gəlməsi bir çox neqativ proseslərin nəticəsi idi. Hələ milli-azadlıq hərəkatı zamanında xarici qüvvələr özlərinin yerli emissarları vasitəsilə Azərbaycanda hakimiyyət mübarizəsinə başlamışdılar...

Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla söhbət ("Bizim Əsr" qəzeti, 18.10.2001)

- Əli müəllim, Azərbaycanın müstəqillik yolunu necə xarakterizə edərdiniz? Sizcə, müstəqilliyin əldə edilməsi xalq hərəkatının nailiyyəti idi, yoxsa tarixi proseslərin məntiqi yekunu? 

- 10 il öncə Azərbaycanın dövlət müstəqilliyini elan etməsi xalqımızın ən qiymətli sərvəti, onun tarixi arzularının reallaşması idi. Müstəqilliyə gedən yol mürəkkəb mərhələlərdən keçib. 1980-ci illərin sonunda sovet rejiminin iflasa doğru getdiyi və dağılma prosesinin başlandığı aydın idi. Şərqi Avropa ölkələrində sosialist sisteminin süqutu prosesi SSRİ-də də tədricən özünü göstərirdi.

Həmin dövrdə Dağlıq Qarabağda separatçı hərəkatın, Ermənistanın təcavüzünün başlanması və hakimiyyət orqanlarının bütün bunlara biganəliyi Azərbaycanda xalq hərəkatına təkan verdi. O vaxtkı mərkəzin və Azərbaycanın yerli rəhbərliyinin konfliktə biganə münasibət bəsləməsi, azərbaycanlıların Ermənistandan deportasiyasına seyrçi qalması xalqın haqlı etirazına səbəb oldu.

Bu mahiyyətinə görə xalq hərəkatı idi və müstəqillik ideyasını ortaya qoymamışdı. Hərəkat Dağlıq Qarabağdakı separatçılığa, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, azərbaycanlıların Ermənistandan deportasiyasına etiraz tələbi ilə başlamışdı. Təbii ki, xalqın etiraz hərəkatı zaman-zaman Moskvanın təzyiqlərinə məruz qalırdı. "KQB"nin əli ilə Bakıda məqsədli təxribatlar, erməni qırğınları təşkil edilir, yerlərdə hökumət idarələrinə qarşı qiyamlar qaldırılır və tədricən azərbaycanlıların mənfi obrazı formalaşdırılır, onların cəzalandırılmasının vacibliyi "əsaslandırılırdı".

Bununla da sovet hökuməti və Azərbaycanın o vaxtkı rəhbərliyi xalqın haqlı etiraz çıxışlarına ekstremist hərəkat damğası vurmağa başladı. Bu cür məqsədyönlü siyasətin nəticəsində 1990-cı ilin Yanvar hadisələri baş verdi.

Məhz 1990-cı ilin 20 Yanvarından sonra Azərbaycan da xalq hərəkatının mahiyyəti kəskin şəkildə dəyişməyə başladı. Azərbaycan ziyalılarının kommunist ideologiyasından kütləvi şəkildə üz döndərməsi, partiya biletlərinin atılması və s. proseslər tədricən müstəqillik ideyasını aktuallaşdırdı. Bu tendensiyanın güclənməsində Heydər Əliyevin 20 Yanvardan sonra Moskvadakı məlum çıxışı, azərbaycanlıların qanını tökmüş imperiyanı ifşa etməsi müstəsna rol oynadı. Həmin çıxış o vaxtadək gözləmə mövqeyində olan ziyalıları da hərəkətə gətirdi və Azərbaycanda daha geniş kütlə arasında getdikcə müstəqillik çağırışları səslənməyə başladı. Xalq hərəkatı milli-azadlıq, istiqlal hərəkatına çevrildi.

Sözsüz ki, o vaxt SSRİ-nin dağılmasına əsas səbəb ayrı-ayrı respublikalarda başlanan müstəqillik hərəkatı deyildi. Sovet imperiyasının dağılmasının dərin kökləri, geosiyasi, iqtisadi səbəbləri vardı. Əslində imperiyanın tədricən çökməsinin özü müttəfiq respublikalarda müstəqillik və mərkəzdənqaçma ideyasının güclənməsinə təkan verdi. Yəni bu daha çox tarixi proseslərin yekunu idi. SSRİ-nin dağılması ilə bütün müttəfiq respublikalar kimi, Azərbaycan da müstəqilliyini elan etdi. Amma bizim müstəqillik yolumuz daha çətin oldu. Çünki proses Azərbaycana qarşı təcavüz, qaçqın və köçkünlər problemi ilə ağırlaşmışdı.

Müxtəlif dövlətlər Azərbaycanda maraqlarını təmin etmək üçün bir-biri ilə rəqabət aparırdı. Daxili siyasi çəkişmələr, hakimiyyət davası vəziyyəti daha da pisləşdirirdi. Özü də daxili mübarizəni aparanların bəziləri eyni zamanda müxtəlif xarici qüvvələrin mənafelərini təmsil edirdi. Düzdür, bunlar bir qədər sonra aşkarlandı, kimin kim olduğu üzə çıxdı.

Lakin 1993-cü ilin iyununda Azərbaycanın vətəndaş müharibəsi astanasına gəlməsi, eyni zamanda həmin neqativ proseslərin nəticəsi idi. Çünki milli-azadlıq hərəkatı ilə bir vaxtda xarici qüvvələr özlərinin yerli emissarları vasitəsilə Azərbaycanda hakimiyyət mübarizəsinə başlamışdılar. Silahlı yolla hakimiyyəti devirmək, Azərbaycanı xarici qüvvələrin əlində oyuncağa çevirmək meyllərinin əsası da o vaxtdan qoyulmuşdu.

O faktı da qeyd etməliyik ki, Azərbaycanın o vaxtkı rəhbərliyi isə bütün üsullarla müstəqillik ideyasına qarşı çıxırdı. Azərbaycan rəhbərliyinin tarixi proseslərin arxasınca sürünməsi, siyasi dargözlüyü özünü onda göstərdi ki, demokratik düşərgənin, ziyalıların təzyiqindən sonra qəbul edilən müstəqillik haqqında Konstitusiya Aktı dekabrın 29-da, yəni SSRİ-nin süqutundan sonra referenduma çıxarıldı.

AXC iqtidarı özü üçün mif yaratmışdı"

- Azərbaycanın müstəqillik tarixində 1993-cü ilədək olan dövrdəki neqativ prosesləri hamımız yaşamışıq. Ümumiyyətlə, o vaxtkı hakimiyyətlərin fəaliyyətində hansısa rasional məqamları qeyd etmək olarmı? 

- Təbii ki, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin elan edilməsi tarixi hadisə idi. Amma yenə qeyd etmək istərdim ki, Azərbaycan xalqının müstəqilliyə qovuşması o vaxtkı respublika rəhbərliyinin xidməti sayıla bilməz. Əslində Vəzirov və Mütəllibov hakimiyyətinin bütün qərarları məhz müstəqillik ideyasının əleyhinə, sovet rejiminin, SSRİ-nin möhkəmləndirilməsinə xidmət edirdi. O vaxt üçün zəruri olan Milli Ordunun yaradılması da rəhbərliyin maneələri, səbatsızlığı üzündən gecikdirildi.

Azərbaycanın beynəlxalq aləmə çıxışı, müstəqil dövlətin digər atributlarının formalaşdırılması ləngidildi. Bu cür gözləmə mövqeyi Ermənistanın beynəlxalq müstəvidə bizi qabaqlamasına gətirib çıxardı. Azərbaycanın sonrakı illərdə qarşılaşdığı problemlərin əsası məhz o dövrdə qoyulub. Ən acınacaqlısı isə odur ki, imperiyanın xidmətçiləri sayılan Vəzirov, Mütəllibov rejimindən sonra hakimiyyətə gələn və özlərini milli-demokratik qüvvələr adlandıranlar da nəticə etibarilə səbatsız siyasəti davam etdirdilər.

Xalq Cəbhəsi iqtidarında idarəçilik səriştəsinin, aydın strategiyanın, vahid siyasi kursun olmaması yekunda Azərbaycan dövlətçiliyini böyük təhlükə ilə üz-üzə qoydu. 1993-cü ilin yayında Azərbaycanın parçalanması, dövlətçiliyinin süqutu təhlükəsi real idi.

Əlbəttə, demək olmaz ki, AXC-Müsavat iqtidarı Azərbaycanın müstəqilliyini istəmirdi. Əlbəttə, onlar da Azərbaycanın güclü dövlətçiliyinin qurulmasını, suverenliyinin möhkəmləndirilməsini, onun beynəlxalq aləmdə nüfuz qazanmasını istəyirdilər. Amma bunu reallaşdırmağı bacarmırdılar. Hətta yaxşı məram naminə görülən iş elə köntöy aparılırdı ki, onun mənfi nəticəsi Azərbaycan dövləti üçün illərin probleminə çevrilirdi.

Götürək AXC iqtidarının xarici siyasətini. Türkçülüyün şit təbliği, bir-biri ilə uzlaşmayan təsadüfi bəyanatlar, kortəbii diplomatiya üzərində qurulan xarici siyasət nəticədə Azərbaycanı beynəlxalq müstəvidə təcridolunma həddinə gətirmişdi.

Elə vəziyyət yarandı ki, ərazisi işğal olunan da, müxtəlif təzyiqlərə, "907-ci düzəliş" kimi qadağalara məruz qalan da biz olduq. Ən acınacaqlısı isə odur ki, özləri bunu bacarmadıqları halda, həmin işləri görmək iqtidarında olanlara da qısqanclıqla yanaşır, onları irəli buraxmırdılar. AXC iqtidarı özü üçün bir mif yaratmışdı ki, bəs biz inqilab edib, müstəqillik əldə etmişik və bunun müqabilində, bacardıq-bacarmadıq, hakimiyyətdə mütləq biz qalmalıyıq. Bu cür siyasətin nəyə gətirib çıxardığını gördük. Meydanlarda, mitinqlərdə populyar olmaqla dövlət idarəçiliyini aparmaq mümkün deyildi.

Elə bir hədd yetişdi ki, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi bir yana, onun qorunub saxlanılması böyük təhlükə altına düşdü. Və xalq, ziyalılar, Azərbaycan dövlətçiliyinin sabahını düşünənlər Heydər Əliyevə üz tutdular. Sözsüz ki, Heydər Əliyev bu çağırışdan imtina edə bilməzdi. O razı ola bilməzdi ki, yüksəlişinə, tərəqqisini bütün ömrünü həsr etdiyi Azərbaycan onun gözünün qabağında dağılsın, uçurma yuvarlansın.

"Qarabağ problemi iqtidarın imicinə təsir göstərir"

- Azərbaycan müstəqiliyinin 10 yaşını ölkəmizə qarşı təcavüzə son qoyulmadığı, ərazi bütövlüyümüzün təmin olunmadığı bir şəraitdə qeyd edir. Necə düşünürsünüz, bu vəziyyət müstəqillik bayramı üçün ən azı psixoloji kompleks yaratmırmı? 

- Sözsüz ki, Dağlıq Qarabağ probleminin indiyədək həllini tapmaması həm əhalidə, vətəndaşlarda, həm də ölkə rəhbərliyində müəyyən psixoloji əhval yaradır. Müstəqillik Azərbaycanın bütün ərazisində suverenliyinin təmin edildiyi vaxt tam və mükəmməl olacaq. Müstəqil dövlətin vətəndaşlarının bu gün öz ölkəsində köçkün vəziyyətində yaşaması da psixoloji yükdür. Bunlar, təbii ki, Azərbaycan dövlətinin və iqtidarın imicinə, yeritdiyi siyasətin effektliyinə təs ir göstərir.

Amma gəlin, başqa məsələlərdə baxaq. Azərbaycan Dağlıq Qarabağ problemi istisna olmaqla özünün bütün strateji problemlərini həll edib və ya etməkdədir. Azərbaycanın müstəqilliyinin dönməzliyi təmin olunub, ölkəmiz dünyanın sanballı dövlətləri ilə bir sırada dayanır. Bunlar Azərbaycan dövlətçiliyinin başlıca, həyati məsələlərdir, onlarsız hər hansı digər problemi həll etmək mümkün deyil.

Heydər Əliyev müdrik dövlət adamı kimi Azərbaycanın strateji problemlərini, inkişafının prioritet istiqamətlərini müəyyənləşdirilib, əhəmiyyətinə, həll imkanlarına görə sıraya düzüb. Azərbaycan dövlətinin idarəçiliyi kortəbii, spontan şəkildə deyil, ardıcıl, aydın siyasətlə, atılan hər addımın nəticəsi, fəsadları dəqiq götür-qoy edilməklə aparılır. Əgər Azərbaycan dövlət kimi özünü tamamilə təsdiqləyibsə, deməli, onun ərazi bütövlüyü də, suverenliyi də bu əsas üzərində mütləq bərpa olunacaq.

Azərbaycanda vətəndaş həmrəyliyi yaradılıb və bu sadəcə söz xatirinə qeyd olunan fakt deyil. 1993-cü ildən etibarən Heydər Əliyev tərəfindən Azərbaycandakı dağıdıcılıq, parçalanma proseslərinin qarşısı alınmasaydı, başlanacaq vətəndaş müharibəsi ölkəni elə fəlakətə salacaqdı ki, biz Dağlıq Qarabağı unudub, digər bölgələrin hayına qalacaqdıq. Heydər Əliyev Azərbaycanda özbaşınalığa, hərc-mərcliyə, müxtəlif silahlı qruplaşmaların qanunsuz fəaliyyətinə, zor gücünə hakimiyyətə gəlmək ənənəsinə birdəfəlik son qoyub, ölkədə sabitliyi, qanunçuluğu bərqərar edib. Bunlar olmasaydı, milyardlarla dollar xarici sərmayə Azərbaycana gələ biləridimi?

Heydər Əliyevin neft strategiyası Azərbaycan dövlətinin uzun illər üçün sosial-iqtisadi tərəqqisinin təməlini qoyub. Azərbaycanda güclü, lazım gəlsə, ölkənin üzləşdiyi təcavüzə hərbi yolla son qoya biləcək bir ordu yaradılıb. Azərbaycanın xalqının müstəqillik əzmini, iradəsini gerçəkləşdirən, dövlətçiliyin əsas sütunlarını məqsədyönlü şəkildə təmin edən məhz Heydər Əliyev oldu.

"Müxalifət Heydər Əliyevin xidmətlərini etiraf etmək zorundadır"

- Azərbaycan dövlət müstəqilliyinin qorunub saxlanılmasında indiki iqtidarın xidmətləri danılmazdır. Bəs müxalifətin bu müstəvidəki rolunu necə dəyərləndirirsiniz? Azərbaycan dövlətçiliyi üçün təhlükə yarananda, yaxud dövlət strateji qərarlar qəbul edəndə siyasi qüvvələr özlərini nə dərəcədə konsturktiv və dövlətqanlı aparıb?

- Müxalifət iqtidarın gördüklərinə nə qədər qərəzli, subyektiv münasibət bəsləsə də, bir faktı etiraf etmək zorundadır ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması məhz Heydər Əliyevin xidmətidir. Amma indiki müxalifət vaxtilə Azərbaycan dövlətçiliyi qarşısında o qədər problem yaradıb ki, necə deyərlər, quyulara o qədər daş atılıb ki, Heydər Əliyev kimi bacarıqlı, təcrübəli insan illərdir ki, onları aradan qaldırmaq üçün güc sərf edir.

Hələ bu azmış kimi, ötən 8 ildə müxalifətin əsas işi Heydər Əliyevin siyasətinə qarşı çıxmaqdan ibarət olub. Motivləri də bəllidir. Onlar Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qarantı, dövlətçiliyinin möhkəmləndirmiş bir şəxs kimi tarixə düşməsini həzm edə bilmirlər. Müstəqillik tarixində hər kəs əməli ilə qalacaq. Odur ki, müxalifət liderləri özlərinin tarixdə nə ilə və necə qalacaqlarının qayğısını çəkir və bu səbəbdən Azərbaycan iqtidarının bütün işlərinə "qara" yaxırlar.

Müxalifətin beynəlxalq müstəvidəki əsas fəaliyyəti Azərbaycan dövlətinin təəssübbünü çəkmək, onun problemlərinin həllinə çalışmaq deyil, Heydər Əliyev iqtidarı barədə qərəz və böhtan yaymaqda yaddam qalıb. Onlar bir şeyi unudular ki, Heydər Əliyev hakimiyyətinin gücü, dayaqları xalqdadır. Və onu sarsıtmaq üçün bütün kənar cəhdlər əbəsdir.

Bu gün Heydər Əliyevi durmadan tənqid edənlər özlərinin xalq arasında hansı nüfuz və dayağa malik olduqlarının fərqindədirlərmi? Müxalifət, nəhayət, anlamalıdır ki, belə fəaliyyətlə nə bu xalqa bir xeyir verəcək, nə də özünün hakimiyyət ambisiyalarını həyata keçirə biləcək. İndiki müxalifət liderləri vaxtilə meydanlarda ziyalılara, xalqın sabahını daha aydın görən insanlara qısqanclıq göstərərək kənarda qoyurdular.

Bu gün də sıralarında yetişən gənc, perspektivli siyasətçilərin başından basır, onları özlərinin şəxsi hakimiyyət ambisiyalarına tabe etdirmək istəyirlər. Onlara elə gəlir ki, meydanlardakı "xidmətlərinə" görə xalqın bütün bacarıqlı şəxsləri, o cümlədən ölkənin gənc potensialı onları yenildən hakimiyyətə gətirmək üçün borcludur. Bu qüvvələrin bir optimal çıxış yolu var. Yerlərini indiki şəraitə uyğun düşünən, intellektli, prosesləri normal dəyərləndirib düzgün qərarlar qəbul etməyi bacaran təcrübəli şəxslərə, gənclərə verərək özlərinə başqa peşə axtarsınlar.

10-12 ilin hadisələri göstərdi ki, onların əksəriyyəti siyasətdə əhəmiyyətli bir şeyə yaramır. İndi bəziləri deyir ki, biz Heydər Əliyevdən idarəçiliyi öyrəndik, onun etdiklərini gördük və onu devirib özümüz hakimiyyətə gələcəyik. Boş mülahizələrdir. Hətta Heydər Əliyevin idarəçilik sistemi bu gün olduğu kimi onlara verilsə belə, onlar onu idarə edə bilməz. Çünki bunun üçün yararsızdırlar. Mən bunu açıq şəkildə bildirirəm və müxalifət nümayəndələri ilə istənilən dialoqda, diskussiyada onu sübut etməyə hazıram. 

- Dialoqdan söz düşmüşkən... Prezident Heydər Əliyev müstəqilliyin 10-cu ildönümünün qeyd edilməsinin Azərbaycanda milli birliyin, həmrəyliyin nümayişinə çevrilməsinin zəruriliyini vurğulayıb. İndiki vəziyyətdə iqtidarla müxalifət arasında dialoqu mümkün görürsünüzmü? 

- Heydər Əliyev siyasətinin əsasını ilk gündən Azərbaycanda milli birliyin, vətəndaş həmrəyliyinin, siyasi münasibətlərdə normal, sivil dialoqun yaradılması təşkil edib. Hələ 1993-cü ilin yayında indiki müxalifət liderləri Heydər Əliyevin dialoq və həmrəylik çağırışına cavab vermədilər. Ötən müddətdə də Azərbaycan prezidentinin bu istiqamətdə bütün addımları müxalifət tərəfindən qısqanclıqla qarşılanıb. Sözsüz ki, bu bayram Azərbaycan vətəndaşlarının, siyasi baxış və mövqelərindən asılı olmayaraq, hamısının bayramıdır.

Biz bayram tədbirlərinə müxalifət təşkilatlarını da dəvət etmişik. Heydər Əliyev daima ölkənin bütün vətəndaşlarını Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətin tərəqqisi üçün birgə çalışmağa çağırıb. Amma müxalifət bu çağırışlara yalnız bir cavab verib: hakimiyyəti bizə verin. Yəni onların istəyi hakimiyyətdir.

Hakimiyyəti necə idarə edəcəkləri, bunu bacarıb-bacarmayacaqları isə onları maraqlandırmır. Anlamırlar ki, hakimiyyətə gəlmək üçün onların istəyi kifayət deyil, xalq da onları istəməlidir. Biz arzu edirik ki, inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da müxalifətdə xalqı üçün məhz bacardığını etmək istəyən, potensialını Vətənin rifahına yönəltmək əzmində olan insanlar olsun.

Təəssüf ki, belə müxalifət Azərbaycan iqtidarının hələlik arzusu olaraq qalır. Bu liderlər Heydər Əliyevdən nəinki dövlət idarəçiliyini, heç müxalifətçiliyi də öyrənə bilməyiblər. Heydər Əliyev də müxalifətdə olub. Amma o hər zaman konstruktivliyi ilə, dövlət təəssübkeşliyi ilə seçilib. 1992-ci ildə Heydər Əliyev bütün xalqı mərhum prezident   birləşməyə və Azərbaycan dövlətçiliyini qorumağa çağırırdı. Amma bunların bütün fəaliyyəti ona hesablanıb ki, Heydər Əliyevi devirsinlər, ondan sonra dövlətin aqibəti necə olur-olsun.

"Diasporun imkanlarından istifadə etməliyik"

- Əli müəllim, bəllidir ki, hər bir dövlətin beynəlxalq aləmdəki nüfuzu həm də onun xaricdəki diasporunun gücü, təşkilatlanması ilə şərtlənir. Bu baxımdan ötən 10 ili necə dəyərləndirirsiniz? Gələn ay keçiriləcək dünya azərbaycanlılarının 1-ci qurutlayı bu xüsusda hansı rolu oynaya bilər?

- Təəssüf ki, müstəqillik illəri ərzində biz xaricdə yaşayan azərbaycanlılarla əlaqələri lazımi səviyyədə qura və qeyd etdiyiniz kimi, güclü diasporun formalaşmasına nail ola bilməmişik. Odur ki, Azərbaycan prezidentinin fərmanı ilə Bakıda keçiriləcək dünya azərbaycanlılarının 1-ci qurultayı bu baxımdan əlamətdar hadisə olacaq. Qurultayın keçirilməsində Azərbaycan dövlətinin diaspor ilə əlaqələrinin mahiyyətini əks etdirən üç əsas məqsədi var.

İlk növbədə, dünya azərbaycanlıları ilə Azərbaycan dövləti arasında normal, daimi əlaqələrin yaradılmasıdır. Bu əlaqələrdən Azərbaycan dövləti geniş istifadə etməlidir. Ölkənin problemlərinin beynəlxalq müstəviyə çıxarılmasında diasporun imkanları müstəsnadır. Eyni zamanda dünya azərbaycanlıları da Azərbaycan dövlətinin imkanlarından öz hüquqlarının qorunması, azərbaycançılığın təbliği istiqamətində bəhrələnə bilərlər.

İkinci məqsəd dünya azərbaycanlıların özləri arasında mütəmadi əlaqə yaratmaqdır. Bu əlaqə həm ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlı icmalarının münasibətlərini sıxlaşdırmağa, həm də ümumilikdə azərbaycanlı diasporun gücünün, birliyinin artırılmasına, fəaliyyətinin effektliyinə xidmət edəcək.

Nəhayət, üçüncü məqsəd dünya azərbaycanlılarına onların kim olduğunu daima xatırlatmaq, azərbaycançılıq ideyasını ardıcıl şəkildə təbliğ etmək, dilimizin, mədəniyyətimizin, mənəviyyatımızın diaspor arasında yaşatmaqdır. Təbii ki, bütün bunlarının həyata keçirilməsi üçün müəyyən əlaqələndirmə mərkəzi yaradılmalıdır. Odur ki, qurultayın yekunu kimi dünya azərbaycanlıları ilə əlaqələr üzrə Koordinasiya Şurasının yaradılacaq və bu prosesin tənzimlənməsi üçün dövlət qurumu təsis olunacaq.

Qurultaya dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların 500-dək nümayəndəsi qatılacaq. Həmçinin Azərbaycan Respublikasının dövlət rəhbərliyi, ictimaiyyəti forumda təmsil olunacaq. Bu qurultay dünya azərbaycanlılarının həqiqətən möhtəşəm tədbiri və Azərbaycanın dövlət müstəqilliyinin təntənəsi olacaq. 

Söhbətləşdi: Vüqar Orxan

"Bizim Əsr" qəzeti, 18.10.2001.

 

Xəbərlər
Redaktorun seçimi