“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.12.2014, 18:36
1793

Əbubəkr Məhəmməd Bərdəi (890-961)

A- A+

Azərbaycanın ən qədim şəhərlərindən biri olan Bərdə xalqımızın elminə, mədəniyyətinə, sənət və sənətkarlığına çox görkəmli şəxsiyyətlər bəxş etmişdir. Onlardan biri də IX əsrin sonu X əsrin birinci yarısında yaşayıb yaratmış Əbubəkr Məhəmməd ibn Abdullah Bərdəi olmuşdur. O təqribən 890-cı illərdə Bərdədə anadan olmuşdur.

Gələcəyin görkəmli hüquqşünas və ortadoksal demokratı Əbubəkr ilk təhsilini doğma şəhərdə almış, gənclik və sonrakı illərini fasilələrlə gah Bərdə, gah da Şərqin mədəni mərkəzlərindən biri olan Bağdadda keçirmişdir. Bu hal təbii ki, səbəbsiz də deyildi. 

X əsrin ortalarından Bərdə şəhəri ziddiyətlərin düyün nöqtəsi idi. Bu dövrdə ölkənin paytaxtı olan gözəl, zəngin və dövlətli Bərdədə böyük dinlər və fatehlər arasında güclü çəkişmələr gedirdi. Bir tərəfdən ərəblər və onların təbliğ etdiyi islam dini, digər tərəfdən yerli xristianlıq və ona xidmət edən əhalinin gəlmə dinə müqaviməti, üçüncü tərəfdən çoxallahlılıqla əlaqədar azlıqda qalan əhalinin öz dinini mühafizə etmək cəhdləri və ən nəhayət Şimaldan Kür çayı vasitəsi ilə üzüb gələn rusların (943-944-cu illərdə) şəhəri əldə saxlamaq cəhdləri Bərdədə hərki-hərkiliyə səbəb olmuşdur.  Belə ki, ziddiyətli dövrdə gənc mötəziləçi güman ki, Bərdədə qala bilməyib müvəqqəti Bağdada getmişdir.

Əbubəkr Bərdəinin müasiri olmuş və görkəmli adamların həyatını özünün “Əlfihristi” (göstərici) əsərində təsvir etmiş ərəb müəllifi Məhəmməd İbn İsaq Ən-Nədm Əl-Vərraq Əl-Bağdadi (o 995-ci ildə vəfat etmişdir) onun haqqında xeyli məlumat vermişdir. Müəllifin yazmasına görə onlar 951-ci ildə görüşmüşlər.

O öz əsərində yazırdı: “Mən Əbubəkr Bərdəini gördüm. Etdiyimiz ünsiyyətdən məlum oldu ki, o mötəzilə məzhəbinin üzvü, xariciliyin fəqihlərindəndir”.

Hələ dördüncü xəlifə Əlinin dövründə (656-661) meydana gəlmiş xariciliyin mənfurəsində deyilir ki, xəlifəliyin ümdə şərti onun ədalət və haqq tərəfdarı olmasıdır”. Onlara görə xəlifə irsi olmamalıydı. Hakimiyyətə gələn hər kəsi xəlifələrin qohumu və tanışları yox bütün müsəlmanlar seçməli idi. Onların fikrinə görə, imam və ya hər hansı başçı müsəlman olan bütün şəxslərdən, habelə müxtəlif siniflərin və təbəqələrin nümayəndələrindən də seçilə bilərdi. Onlar tələb edirdilər ki, biz müsəlmanların ilk dövründə olduğu kimi demokratik seçki yolu ilə Xəlifəni seçməyə qayıtmalıyıq. Görkəmli Azərbaycan hüquqşünas alimi də bu partiyanın üzvü və əsas aparıcılarından biri olmuş və göründüyü kimi öz əsərlərində Əbubəkr Bərdəi xeyli səmərə verən demokratik fikirlər irəli sürmüşdür.

İbn ən-Nədm fikrini davam edərək yazırdı ki, bu məzhəb çox yerdə o cümlədən Əmman, Sicistan, Azərbaycan ölkəsi və şəhərlərində geniş yayılmışdır. Heç şübhəsiz ki, bu demokratik fikirlərin, xüsusilə Bərdədə intişarında Əbubəkrin xidməti az olmamışdır.

İbn ən-Nədminin yazmasına görə, o olduqca çoxlu kitab yazmışdır. Görkəmli biblioqraf öz əsərində Əbubəkr Bərdəinin yazdığı aşağıdakı kitabların adını çəkmişdir: “Kitab Əl-Mürşid fi-l fiqhə” (fəqihə dair rəhbər kitab), “kitab ər-rədd əla-əl müxalifinin fil fiqh” (fəqih barədə müxalifləri rədd etmə kitabı), “Kitab təzkirət Əl Qərib fil fiqh” (fəqih barədə qəribin xatiratı kitabı), “Kitab Ət-Təbəssür li-l mütəllimin” (öyrənənlər üçün düşüncə kitabı), “Kitab Əl-ihticac ələ əl-müxalifin” (müxaliflərə dair etiraz kitabı), “Kitab əl-Camifi üsul əl-fiqh” (fəqihin əsaslarına dair məcəllə kitabı), “Kitab Əd-dua” (dua kitabı), “Kitab Ən-nəsix və l-mənsux fi-l Quran” (Quranda ləğv edən və ləğv edilən haqqında kitab), “Kitab əs-sünnə və l-cəmaə” (sünnə və cəmaə kitabı), “Kitab əl-imamə” (imamətə dair kitab), “ Kitab Naqd kitab İbn-ər-Rəvənli fi-l imamə” (imamətə dair İbn Rəvəndinin kitabı əleyhinə kitab), “Kitab təhrim əl-Müskir” (məstedici maddəni qadağan etmə haqqında kitab), “Kitab ər-rədd əla mən qaləbi-l mütə” (mütəni təsdiqləyən kəsi rədd etmək barədə kitab), “Kitab Əl-iman və-n-nüzur” (iman və vəd haqqında kitab).

Adlarından göründüyü kimi kitablar orta əsr müsəlman şərqinin müxtəlif problemlərinə həsr edilmişdir. Əsərlərdə müəllif müsəlman şərqi üçün son dərəcə vacib olan məişət, təsərrüfat, dini məfkurə və s. məsələlərini obyektiv mərhələdən anlamaq kimi vacib məsələ qoymuşdur. O, özünün “Kitab təhrim əl-Müskir” (məstedici maddəni qadağan etmək haqqında kitab) kitabını həlli indi də vacib olan məsələyə həsr etmişdir.

Bundan başqa, öz dövrünün demokratizmi, siyasi, ictimai, iqtisadi, fəlsəfi və hüquqi problemləri haqqında yazılmış bu kitablar Bərdəi Əbubəkrə dünya şöhrəti qazandırmışdır. O da digər xaricilər kimi ciddi siyasi təqiblərə məruz qalmış və zaman keçdikcə itib batmışdır.

Onların müəllifi Əbubəkr Bərdəi isə o dövr ərəb şovinizminin təqib və sıxıntılarına məruz qalmış, nəhayət hicri tarixinin 350-ci ilində (miladinin 961-ci ili) vəfat etmişdir.

Yeri gəlmişkən təəssüflə qeyd etmək olar ki, xalqımızın bu görkəmli oğlunun ictimai-siyasi, hüquqi-demokratik isri demək olar ki, bu gün belə öyrənilməmiş qalmışdır. Ancaq onun tərəfindən yazılan bu qədər kitablardan şübhəsiz ki, Şərqin qədim mədəni mərkəzlərinin əlyazma fondu, kitabxana və arxivlərində qalmamış deyil. Onları araşdırıb tapmaq, tədqiq etmək şübhə yox ki, Azərbaycanda fəlsəfi fikir tarixinin inkişafını tədqiq edənlərə və öyrənənlərə böyük bir töhfə olar.

* * *

Mənbə:

Закир Мамедов. «Азербайджанские философы и мыслители Средневековья». – Баку, 1993.

“Bərdə və bərdəlilər” (Bibliоqrafik məlumat kitabı, tərtib edəni Xuraman Ismayılоva) – Bakı, «Nərgiz» nəşriyyatı, 2010, – 448 səh.

 

Xəbərlər
Redaktorun seçimi