Mücirəddin Beyləqani (1130-1194)
Mücirəddin Beyləqani XII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindəndir. Qarabağ torpağında, Beyləqanda dünyaya gələn şairin doğum və ölüm illəri dəqiq məlum deyil. Bəzi məlumalara görə XII əsrin 30-cu illərində anadan olub.
Ədəbi irsindən dövrümüzə bir “Divan” gəlib çatmışdır.
Azərbaycan atabəylərindən Şəmsəddin Eldəgizin, Cahan Pəhləvanın və Qızıl Arslanın saraylarında yaşayıb-yaratmış, ədəbiyyat tarixinə Xaqani Şirvaninin şagirdi və davamçısı kimi daxil olmuşdur.
Mücirəddin Beyləqani dövrünün bir çox elmlərini - o cümlədən tibb, astronomiya, riyaziyyat, tarix, coğrafiya, fiqvə ilahiyyatı mükəmməl öyrənmişdir. Divanında müasirlərinə, xüsusilə Xaqani və Fələkiyə həsr etdiyi şeirlər də vardır. Xaqani yaradıcılığını yüksək qiymətləndirmişdir.
1979-cu ildə Təbriz universitetinin professoru Məhəmməd Abadi müxtəlif ölkələrin nadir əlyazmalarına əsasən “Mücirəddin Beyləqaninin divanı” adlı kitab nəşr etdirmişdir. “Divan”a şairin qəsidə, qəzəl, şikayətnamə, qitə, müləmmə, tərkibbənd və rübailərdən ibarət 5469 beyt şeiri toplanmışdır.
Səlcuq hakimi Rüknəddin Arslana və Dərbənd hökmdarı Seyfəddin Arslana mədhiyyələr həsr etmişdir.
Şair təxminən 1194-cü ildə Təbrizdə vəfat edib, qəbri Təbrizin Sürxab məhəlləsindəki qəbiristanlıqdadır.
* * *
Qəsidələr.
Xaqaninin vəsfi
(çevirəni Mübariz Əlizadə)
Bu dövr edən fələk, üzdən gümüş kimi görünən,
Üzümə gözyaşımı simu-zər edibdir həmən.
Üzüylə gözyaşı altun-gümüş olar, əlbət.
O kəs ki, kəc fələyə bağlı olmuş əvvəldən.
Fələk həm oğru və həm hoqqabaz, oyunbazdır,
Çıxar o yüz oyun ilə bir anda mərəkədən.
Vurar o dövrə, əzər dənləri dəyirman tək,
Su, od ümmidi ilə, mənsə düşmüşəm əldən.
Xilas olsam əgər bu ağır dəyirmandan,
Məsih tək edərəm göyləri yəqin məskən.
Sən ey kədər kölgəsi, çirkinüzlü, bədtiynət,
Sədaqətini danan, məclisə xələl gətirən!
Çırağı söndür, edə cilvə qoy gecə gəlini,
Namaza dur ki, xoruz banladı səhər tezdən.
Götür silah kimi “lahövlə”ni qorunmaq üçün,
Təkəbbürün dibinə yoxsa qərq olarsan sən.
Cahanı çulğadı tufan bəlası Nuh kimi,
Gəmini sal dənizə, et iradəni yelkən!
Saqınma odla sudan, xalq üçün hədəf olsan -
Məzəmmətə, qaxıca, yüz bəlaya tuş gəlsən.
Cəfa əlindən ucalmış fələklərə İsa,
Sığındı Qafa o Simurğ zülmü möhnətdən.
Götür uzaq yola, azuqə eylə təqvanı,
Çalış bu yolla həna mənzilinə tez yetəsən.
Qənaət ilə enişdə dayan ki, Cəfər tək
Bu nərdivanla uca bir məqama yüksələsən.
Zəburu sidqlə Davud əgər tilavət edir,
Sənə nə faydası vardır, dilin ki bilməzsən?!
“Necə? Neçün?” arasında qalıbsan, ey qafil!
Qəbula, rəddə cavab istəmə “Neçün? Necə?”dən!
Ayıq iş əhli deyilsənsə, söyləmək olmaz, -
Məqami-xovfü ricanı belə sual edəsən.
“Neçün? Necə?” tələsindən xilas olaq axır, -
Sonuncu şair ilə kirdigar fəzlindən.
Fəzilətin atası, hikmətin ulu günəşi,
Fəzilət əhli alar fəzl Əfzələddindən.
Onunla fəxr eləyər yer üzündə cümlə bəşər,
Qoyar göy əhli başa tac nüzmü nəsrindən!
Zəmanəmizdə Məsihü Kəlim Xaqani -
Ömürdə Xızrdan üstün, həyada Yəhyadən!
Ədəb bir əbcədd olub eşq məktəbində onun,
Ağıl yanında inan qətrədir damlacıqdı dəryadən.
Rəqəmləri onun ağlı olub nizama salan,
Cahanı elmi onun qurtarar düyünlərdən.
Olubdur ağ-qaranın naməsinə çün agah,
Açıb o pərdəni ki, gündüz ayrılır gecədən!
Hünər kitabına nəqş etdi yeddi iqlimi,
Ədəb səhifəsi doqquz səmada səb edilən.
Qəzəb səmumi edər düşmənini xar, həlak,
Vəfa nəsimi sevər dostları dalınca çəkən...
Önündə şeir bahadırları olub təslim,
Sözünə valeh olur bu cahanda hər düşünən.
Nəsihətiylə o pəhrizə səsləyir, əmma -
Şəfa şərabı içirdir o, xəlqə şerindən.
Quru damağına din, ənənə ifadəsinin -
Odur sözüylə lətafət dəvasını yeridən!
O, bidət əhlini, müşrikləri hidayət üçün -
Təbib tək necə məcun yaratdı nəcmindən!
Böyükdür izzəti, çox sadə xanəgahində -
Açıldı süfrəsi islamın, oldu dəvətedən.
Böyük həkimsən, olmuş biliklərinlə sənin -
Fəzilət aləmi abad baği-cənnətdən.
* * *
Ey Ay kimi gözəl üzünün çakəri günəş!
(çevirəni Mübariz Əlizadə)
Ey Ay kimi gözəl üzünün çakəri günəş!
Ay bir qulun, rəvamı ola digəri günəş?
Ay tək üzün önündə utanmış yəqin, odur -
Atmış başındakı hamı nəxvətləri günəş.
Müşk ətri zülfünün fələyə qalxmasın deyə, -
Min yerdə şöləsiylə yaxar telləri günəş.
Eşqində paltarı qara, rüxsarı sapsarı,
Ey simbər, sayıb ötürər illəri günəş.
Rüxsarın həsrətiylə mənim tək səhər-səhər -
Hər gün saralmış üzlə atar bəstəri günəş.
Kim görməyib üzünlə saçın, dərk eyləməz -
Ənbər necə qucar günəşi, ənbəri günəş.
Süsənbərin üzü günəşindən cila tapar,
Hərçənd ki soldurar gülü, süsənbəri günəş.
Nərgiz gözün üzün günəşindən ki süslənər, -
Süsləndirər necə güli-nilufəri günəş.
Çox hüsn dəftərini edibdir mütailə,
Yalnız üzündə tapmış o sərdəftəri günəş.
Bir ömr şərqdən gedər hey qərbə, axtarar -
Yaş göz, quru ağızla, belə dilbəri günəş.
Şərq ilə qərbi gəzdi, üzündən daha işıq,
Adil şahımda tapdı bu rəyi, fəri günəş.
Şahlar şahı olan o Qızıl Arslandakı -
Hüsnü iradədən alıb o zivəri günəş.
Qüdrətli şahın naminə xütbə üçün seçib -
Cövzanın üstündəki o uca minbəri günəş.
Qorxmuş o sədmədən ki, yetişdi vücuduna,
Altun kimi sarıüz edər kürkləri günəş.
Sikkə vurar səxavətinin namına onun,
Daş sinəsində ləli, suda gövhəri günəş.
Ey lütf kanı, ey kişilik rəmzi, görməmiş -
Min mədən içrə sən kimi bir cövhəri günəş.
Amal qibləsi qapını xalq bilir, odur -
Astanana sərər o qızıl telləri günəş.
Xülqün o bəhrəni ki, qılıb xəlq üçün əta -
Qərq etməmiş o cür işığa elləri günəş.
Hökmündən istəsə qaçıra çərx əgər boyun, -
Bil, zərrə-zərrə doğrayar o peykəri günəş.
* * *
Arzu atını çapma ki, ömrün qaçağandır
(çevirəni Mübariz Əlizadə)
Arzu atını çapma ki, ömrün qaçağandır,
Yoxluq işinə başla ki, köçməklik əyandır!
Aşiqsən əgər torpağa, ardınca sürünmə,
Var yolda rəqibin, ona məşuqun həyandır.
Dünyada bu gün kim özünə yer tapacaq, kim?
Varsa o qənaət bucağında oturandır.
Meydandı bu dünya evi, dövran dəli köhlən -
Minmə ona, saxla yaradan başın, amandır!
Yoxdursa rahat dayçası, gəl etmə təəccüb, -
Əvvəldən ala at nə doğulmuş, nə doğandır.
Bu yeddibucaq aləmi yağlı tikə sanma, -
Yeddi dənizi, yağsa da, əslən o sudandır.
Məlhəm hanı ki, yer üzünü tutdu naxoşluq?
Rüstəm hanı, Bijən quyuda halı yamandır!
Zalım fələyin, bax şəfəqə, zülmünü bir gör,
Qanınla sənin hər gün onun daməni qandır.
Dörd ünsür o şəmi hazır etmiş ki, yağından -
Yeddi abı tağı fələyin nur saçandır!
Xoşhal kişi axtarma cahan içrə, fələkdə -
Şən varsa, qadındı, o da ki rud çalandır!
Qaldırma yaxandan başını, xeymə quran çərx -
İplər uzadıb xeymədən, insanı boğandır.
Zənn etmə fəna iynəsi batmaz gözünə, bax, -
Kirpik özü də şəklcə bir iynə, tikandır.
Vəsf etmə cahan bağını, bir güllərinə bax, -
Süsən - kar edən, nərgizi də göz çıxarandır.
Dövran mənim ahım kimi yüngüldür, həm isti, -
Dəhr isə dəmir kimi soyuq, həm də girandır.
Yoxdur qəmimiz, könlümüzə fərqdi sultan,
Kavus niyə qorxsun, onu Rüstəm qoruyandır.
Kök quş yeməyir qəm, yeyirəm mən ki, qəmim həm -
Qəlbini yeməkdən kökəlib, sanki qabandır.
Çəkdimsə təmənna dişimi, illət odur ki, -
Göy atlanaraq, hirslə ardımca rəvandır.
Bir qəlbiaçıq qalmadı, versin səsimə səs,
Dünya nə gülüstan, xaraba, külsovurandır.
Ah, öldü könüllər, bu ölücanlılar üstə -
Hər sübh xoruzlar banı şivən qoparandır.
Dünya qəmi bağrın qana döndərdi Mücirin,
Bir arpası var, xərmən üçün bərk nigarandır!
* * *
Qəzəllər.
Gəl əyləş, getdi sənsiz könlüm əldən
(çevirəni Mübariz Əlizadə)
Gəl əyləş, getdi sənsiz könlüm əldən,
Bir an ram et bizə daş qəlbini sən!
Düşündüm ki, sənə qurban edim can,
Yerindən olma, yersiz söz dedim mən!
Bizə cövr eyləyirsən - et, rəvadır,
Mükafat istəyirsən, istə məndən!
Zəhər verdin, şirin bal kimi uddum,
Nə sevda, nə zərafətdi bu səndən?
Dedin can istərəm, bir can nədir ki!
Gəl əyləş, can çıxart, çıxsın bədəndən!
Başıma sayə sal, sənsiz düşübdür -
Ayağa sayə tək işlər, qəmindən.
Mücir ömründə səndən vəsl umardı,
Ömür getdi, o dönməz istəyindən!
* * *
Gözəlliyin bağı, arxından, ey gözəl, sulanar
(çevirəni Mübariz Əlizadə)
Gözəlliyin bağı, arxından, ey gözəl, sulanar!
Günəşlə Ay işığı nur saçan üzündən alar.
Bahar olanda tutar xoş ətir gülüstanı,
Nəsim o ətri telindən alıb cahanə yayar.
Misirdə Yusifə məxsus olan o cah-calal,
Bu gün səninkidir, ey kuyi-möhtəşəm dərbar!
Gözün görübmü fəzada Ayı qara gecədə?
Saçın qara gecəyə: surətin Aya oxşar.
Sənin əgər mənə bir zərrə meylin olmasa da,
Həmişə, bil, sənədir meylim, ey sevimli nigar!
Mənə dedin, hələ də səbr qıl, sən ey boyu ox,
Kəmanə döndü boyum, al, ox atmağa yarayar!
* * *
Rübailər
(çevirəni Mirmehdi Seyidzadə)
Könlüm ki, daima işrət sevərdi,
Gözüm ki, üzünə səcdə edərdi,
Odlu pərvanəylə, sulu peymanə -
Eyləmiş onları, ayrılıq dərdi.
Saqi ki, tökərdi badə minadan,
Mütrib ki, incilər saçardı hər an,
Biri qan alandı, biri təbibdi,
Bu, nəbzi yoxlardı, o tökərdi qan.
Firuzə göy kimi üzük qaşım var,
Yəhərli atımdır mənim ruzigar.
Şerimin, nəsrimin sünbüllərindən
Minlərlə Xaqani başaq toplayar.
İsfahan əhlinin düz olmaz əhdi,
Görməzsən iş vaxtı onlarda cəhdi.
İsa dəmli Mücir, uyma bu xalqa,
Olmuş çünki Dəccal onlara Mehdi.
Ey gecə, neyləyim Allah üçün, mən?
Darıxdım təklikdən, kimsəsizlikdən,
Ömrüm olsan belə, açıl, ey səhər!
Qaranlıq pərdələr çəkilsin göydən.
Ey saçı səhəri tutan güləndam,
Gün üzün min günü eyləyib axşam.
Haram qanımızı sanırsan halal,
Öz halal vəslini edirsən haram.
Dedim kömək allam mən İsfahanda,
İnsaf mədəninin ləli var onda.
Nə bilim İsfahan əhli kor imiş,
Sürməsi var ikən belə cahanda.
Kuyində qəmə dözməyimə fərman var,
Ağlar bu gözümdə hər gecə tufan var.
Qəlbim yaşadır dərdlərini dərmansız,
Dözmək gərək, hər qədr bədəndə can var.
* * *
Mənbə:
Azərbaycan klassik ədəbiyyatından seçmələr. VII-XII əsrlər Azərbaycan şeiri. Üç cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005, 424 səh.