Məhəmməd ağa Müctəhidzadə (1867-1958)
Şair, ədəbiyyatşünas, təzkirəçi Mirzə Məhəmməd ağa Mirzə Sədray oğlu Müctəhidzadə 1867-ci ildə Şuşa şəhəridə doğulmuşdu. Ibtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu.
Onun tərcümeyi-halı ilə bağlı məlumatlar o qədər də zəngin deyildir. Tədqiqatçıların yazdığına görə, Məhəmmədağa gənc yaşlarından öyrənmək və bilik əldə etmək məqsədilə səfərə çıxmış, İran, İraq və Osmanlı dövlətlərini gəzib dolaşmışdır. Bu səyahətlər onun dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynamışdır. O, həmçinin Türkiyədə də təhsilini davam etdirmişdir.
Azərbaycanda rus-sovet müstəmləkəçiliyi dövründə Məhəmmədağa Müctəhidzadə Bakıda və Ağdamda yaşamış, bədii və elmi yaradıcılığını davam etdirmiş, daha çox pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
Məhəmməd ağa Müctəhidzadə şair, yazıçı, tərcüməçi, pedaqoq Həsənəli xan Qaradağinin qudası olub.
O, 1958-ci ildə Ağdamda vəfat etmişdir.
* * *
Məhəmməd ağa Müctəhidzadə şair idi. Klassik üslubda şeirlər yazırdı. Lakin Məhəmmədağa Müctəhidzadənin yaradıcılığmın ən kamii örnəyi «Riyazül-aşiqin» təzkirəsidir.
Məhəmmədağa Müctəhidzadənin «Riyazül-aşiqin» təzkirəsi XIX əsrin sonlarında Qarabağ ədəbi mühitində yaranmış, lakin əsər 1910-cu ildə İstanbulda nəşr olunmuşdur. Təzkirə milli-məhəlli xarakterdədir. Əsasən Qarabağ ədəbi mühitini əhatə edir. XIX əsrdə yaranan bir sıra digər təzkirələr kimi bu əsər də iki hissədə nəzərdə tutulmuşdur. Birinci hissədə təzkirənin yarandığı dövrdə dünyasını dəyişmiş şairlərin yaradıcılığından bəhs olunmuşdur. İkinci hissədə isə əsərin yarandığı dövrdə həyatda olan şairlərin yaradıcılığının təqdimi nəzərdə tutulmuşdur.
Müəllif bu əsər üzərində işləməyə gənc yaşlarından başlamış, sevib-seçdiyi şeirləri toplayıb sistemləşdirmiş, müəlliflər haqqında məlumatları dəqiqləşdirmişdir. Əsərlə tanışlıqdan aydın olur ki, Məhəmmədağa Müctəhidzadə təzkirə üzərində işləyərkən Şərq və Azərbaycan ədəbiyyatında yaranmış analoji tədqiqatlara dərindən bələd olmuş, onlardan yeri gəldikcə bəhrələnmişdir. Belə ki, ədib təzkirəyə daxil etdiyi ayrı-ayrı şairlər haqqında elmi qənaətlərini dəqiqləşdirərkən bəzən bir deyil, bir neçə mənbəyə müraciət edir. Bu isə təzkirənin elmi əhəmiyyətini və qaynaq kimi mötəbərliliyini şərtləndirən amillərdəndir.
Məhəmmədağa Müctəhidzadənin «Riyazül-aşiqin» təzkirəsinin İstanbulda nəşr olunan nüsxəsi Məhəmməd Füzuli adına Respublika Əlyazmaları İnstitutunda saxlanılan variantından müəyyən qədər fərqlənməkdədir. Təzkirənin əl-yazma nüsxəsində müəllifin «Riyazül-aşiqin» rədifli bir şeiri verilmişdir:
Babi-ləfz, aləmi-hikmətdir «Riyazül-aşiqin»,
Məzhəri-asari-qüdrətdir «Riyazül-aşiqin».
Seyr qılcaq dəf edər qəmgin könüllər qəmlərin,
Afitabi-ərşi-behcətdir «Riyazül-aşiqin».
Əndəlibani-vətən xoş nəğmələr inşad edir,
Gülsitani-baği-millətdir «Riyazül-aşiqin».
Müştəriyi-Müctəhidzadə müəllifdir ona,
Müştərilərçün səadətdir «Riyazül-aşiqin».
«Riyazül-aşiqin» təzkirəsində Qarabağda yaşayıb-yaratmış yetmiş doqquz şairin qısa bioqrafiyası və əsərlərindən nümunələr verilmişdir. «Müctəhidzadə öz təzkirəsini tərtib edərkən Qarabağ şairlərinin yaradıcılığına üstünlük vermiş, əsas diqqətini Qarabağda doğulub böyümüş və yazıb yaratmış şairlərə yö-nəltmişdir. Bunların arasında başqa bölgələrdə doğulub sonradan Qarabağa köçən şairlər də vardır. Bu isə təzkirə müəllifinin əsas məqsədindən - regional ədəbi mühitdə yazıb-yaradan şairlərin əsərlərini itib-batmaqdan qorumaq və gələcək nəsillərə, eləcə də Azərbaycanın başqa regionlarında yaşayan oxuculara çatdırmaq amalından xəbər verir.
Təzkirəyə daxil eilən şairlərin birinci qisminin adı, soyadı, təxəllüsü və s. Haqqında məlumatlar nisbətən əhatəli təqdim olunmuşdur. Təzkirə müəllifi bir sıra hallarda şairlərin təxəllüsünün ifadə etdiyi mənalarla onun yaradıcılığının məzmununu və bioqrafiyasının bəzi məqamlarını şərh etməyə çalışmışdır. Zakir, Mir Mehdi Xəzani, Nəva, Fəna, Səfa, Valeh, Salar, Şəhid, Aşiq, Zakiri-Sani, Natəvan haqında verilən məlumatlar məhz bu səpkidədir.
Məhəmmədağa Müctəhidzadə ayrı-ayrı şairlər haqqında məlumat verərkən bəzən onların əsərlərini janr baxımından səciyyələndirməyə çalışmışdır. Poetik istedadın şərh və yozumunda janr müxtəlifliyini mühüm poetik üstünlüklərdən biri kimi dəyərləndirən tədqiqatçı bu amilin aparıcı məcaqlarını da şərtləndirməyə üstünlük vermişdir. Tədqiqatçı əsərdə «Şərq poetik janrlarından qəzəl, qəsidə, müxəmməs, rübai, qitə, tərcibənd, müstəzad, növhə və başqa janrların əks olunması diqqət mərkəzində saxlanılmışdır. Şübhəsiz ki, bütün bunlardan müəllifin məqsədi - çağdaş dövrün ədəbi janrları barədə gələcək oxucuda dolğun təsəvvür yaratmaq olmuşdur... Təzkirədə Azərbaycan poeziyasının o dövrü üçün xarakterik olan janrlarının işlədilməsi - bütövlükdə bu təzkirənin ədəbi irsi itirməmək məqsədini qarşıya qoyduğundan xəbər verir».
Məhəmmədağa Müctəhidzadənin «Riyazül-aşiqin» təzkirəsində ayrı-ayrı şairlərin yaradıcılıq irsi dəyərləndirilərkən demək olar ki, tənqidi mülahizələrə yer verilmir. Tədqiqatçı daha çox təqdim etdiyi sənətkarın ədəbi kimliyini ortaya qoymaq, həmçinin onun yaradıcılıq yolu haqqında təsəvvür yaratmaq məramından çıxış edir.
Zemfira Aslan
Mənbə:
http://yazikiliteratura2.narod.ru/lit68.htm
* * *
M. Müctəhidzadənin böyük bəstəkar, yazıçı, jurnalist, ictimai xadim Üzeyir bəy Hacıbəylinin vəfatı münasibətilə yazdığı "İzhari-təəssüf" (1948) əsərini Azərbaycan ədəbiyyatında mərsiyə janrında yazılmış ən parlaq əsərlərdən biri hesab etmək olar.
Mərsiyədə Üzeyir bəyin bütün fəaliyyətini kədərli notlarla xatırlamaqla bərabər, həyatdan tez getməsinə də şair çox təəssüflənir. "Leyli və Məcnun", "Koroğlu", "Arşın mal alan" kimi operaların artıq çoxdan dünyada şöhrət tapdığını və özünün isə qədim Şərq, Qərb dünyasının dahiləri ilə bir sırada dayanmağa layiq olduğunu göstərsə də, onun böyüklüyünü vəsf etməkdə aciz qaldığını qeyd edir və son beytlərdən birində yazır:
Rusiyalılar fəxri Puşkin kimi kimsə,
Lazımdı onu öysün, əhsən desin ilqa.
"İzhari-təəssüf" mərsiyəsinin Azərbaycan EA Füzuli adına Əlyazmalar İnstitutunda müəllifi tərəfindən köçürülmüş iki nüsxəsi saxlanılır. Hər iki nüsxənin sonunda əsərin yazılma tarixi 1948-ci il noyabr ayının 23-ü qeyd edilmişdir. Nüsxələrin biri o birindən bəzi yerlərində düzəliş edilməsinə görə fərq-lənir. Görünür, müəllif ikinci nüsxəni köçürərkən beytlərin bəzi-lərində dəqiqləşdirmələr aparmışdır. Mərsiyə 132 beytdən ibarət olub nəstəliq şikəstə xəttilə köçürülmüşdür.
* * *
Yaradıcılığı
Ləblərin tək gözəlim, gönçə-yi xəndan olmaz,
Çöhrəy-i alına bənzər gülü reyhan olmaz.
Rastlıda dedim: -Ey gül, sənə varmı həmta,
Dedi: -Bağ içrə olar sərv, xuraman olmaz.
Ey Məsiha-yi zəman, kim görə ecaz-i ləbin,
Xızrvəş talib-i sərçəşmə-yi həyvan olmaz.
Əşq bimanna aləmdə nə lazımdı təbib,
Öylə bir dərdə düşən talib-i dərman olmaz.
Kûy-i dildarə girən dəmdə rəqibə güldüm,
Rövzə-yi Xüld-i bərin mənzili şeytan olmaz.
Bu yanar qəlbin evin yarə dedim, məskən qıl,
Söylədi: Əsl-i cinan daxili teyran olmaz.
Yaxdı pərvanə özün atəşə, yaxdıqca dedi:
Mərd məydan-i şücaətdə hərasan olmaz.
Müştəri, hurivəşin görsə əğər zahid-i xüşk,
Talib-i xüldü bərin hurivü qılman olmaz.
* * *
Bilməzəm, cana, neçün əhlin fəramuş eylədin,
Zülfi-dərhəm kimi bir cəmi siyəhpuş eylədin.
Sağəri-eyşimə tez tökdün şərabi-möhnəti,
Şişeyi-qəlbim bəlalar daşına tuş eylədin.
Gecələr sənsiz budur dərdim çıraği-çeşmim,
Niyə çün şəmi-əza nagah fəramuş eylədin?
Bəzmi-işrətdən nədən birdən-birə çəkdin ayaq,
Ölümün acı şərabın vaxtsız nuş eylədin.
Atəşi-şəmi-rüxün şövqü yaxan sərgəştəni,
Nimcan pərvanə tək ha böylə bihuş eylədin.
Nərgizin bir ləhzə at əhbabə sarı, qıl nəzər,
Gör nə gunə onları bibadə mədhuş eylədin.
Şişənin ey ən ziyalı şəxsi, aç bir dəm gözün,
Gör necə zülmətsarayi-qəlbi məğşuş eylədin.
Rahat uy, ey sərv boylum bəstəri-xak içrə çün,
Möhnəti-hicrinlə çox köksü həmağuş eylədin.
Müştəri, bəhri-dü çeşmin qeyb edən nə dürrdür,
Firqətində bigəran dərya kimi cuş eylədin.