“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.12.2014, 16:46
1858

Mirzə Rəhim Fəna (1841-1931) - YENİ

A- A+

Mirzə Rəhim Fəna (Rəhim bəy Mirzə Məmmədbağır oğlu Mirzəyev) 1841-ci ildə (bəzi mənbələrə görə, 1844-cü ildə - red.) Şuşada doğulmuşdur. Təhsilini Şuşanın görkəmli alimlərindən sayılan Mirzə Əbdulqasımdan atmışdır.

Atası Mirzə Məmmədbağır Mehdiqulu xanın saray mirzəsi olmuş, xanlığın mədaxü-məxaric işlərinə baxmışdır, Mirzə Məmmədbağır öləndən sonra, yəni 1872-ci ildən onun vəzifəsini oğlu Mirzə Rəhim yerinə yetirmişdir.

* * *

Rəhim bəy Fəna Qarabağ hakimi Mehdiqulu xan qızı Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. Mirzə Rəhim bəyin xətrini Xurşidbanu bəyim çox istəyirdi.

Şuşa qəza rəisi Dubrovski Mirzə Rəhimin qardaşı Mirzə Kərimi vəzifəsindən azad etmişdir. Bu hərəkət Mirzə Rəhimə elə təsir etmişdir ki, Dubrovskini görəndə nifrətini gizlədə bilmirdi. Bir gün Şuşada «Bazarbaşı» deyilən yerdə Mirzə Rəhim bir dəstə adamla əyləşib, söhbət edirdi. Elə bu vaxt qəza rəisi ora gəlir. Hamı durub, təzim edir. Mirzə Rəhim nə yerindən durur, nə təzim edir, hələ üstəlik də rəisə arxasını çevirir. Bu hərəkət rəisə necə təsir edirsə yoldan keçən bir kəndlinin əlindən ağacını alıb mirzəni budayır. Mirzə Rəhim bir təhər canını qurtarıb, qaçır. Dubrovski də ardınca. Mirzə Rəhim qaça-qaça girir Xurşidbanu bəyimin həyətinə. Gözü qızmış qəza rəisi mirzəni bəyimin həyətindəcə yaxalayıb, yerə yıxıb, döyməyə başlayır. Səs-küyə Xurşidbanu bəyim çölə çıxır.

Şair Mirzə Rəhim Fənanı fəna halda görüb, hirslənir. Nökərlərə rəisin döyülməsini buyuruq verir. Nökərlərin ürəyindən olan bu söz onları həvəsləndirir, rəisi möhkəm əzişdirirlər. Sonra xan qızı yaxınlaşıb, rəisin çiynindən paqonlarını dartıb, qopardır, özünü də həyətdən qovur. Dubrovski möhkəm döyülmüş və üz-gözü yaralanmış halda idarəsinə dönür. Bu halda Qafqaz valisi şəhərə varid olub, rəisin dəftərxanasına gəlir və Dubrovskinin bu hala düşməsinin səbəbini ətraflı öyrənir.

Bir neçə gündən sonra vali Xurşidbanu bəyimin görüşünə gəlir. Nahar vaxtı rəis haqqında söhbət açılır. Vali deyir: “Rəisə əl qaldırmağınıza etiraz etmirəm, lakin paqonları qırmaq dövlətə hörmətsizlikdir. Xurşidbanu bəyim isə cavabında deyir: “Dövlətin təbəələrini suçsuz incitməyə heç kimin haqqı yoxdur, hətta rəisin də”. Vali dinməyib, Dubrovskini işdən çıxarır.

Mənbə:

Ənvər Çingizoğlu və Fazil Baxşəliyevin "Qarabağın el və obaları" kitabı.

* * *

1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü və Xurşidbanu Natəvanın dəstəyi ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar o, məclisin rəhbərlərindən biri olmuşdur.

"Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyati" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr XX əsrin əvvəlində dövri mətbuatda: "Təzkireyi-Nəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur.

Tarix və ədəbiyyata böyük marağı olan Mirzə Rəhim Fəna "Tarixi-cədidi Qarabağ" adlı əsər qələmə almışdır.

Mirzə Rəhim Fəna 1931-ci il fevral ayının 11-də Bakıda vəfat etmişdir. Mirzə Rəhim bəyin Əsəd bəy adlı oğlu vardı.

* * *

Mirzə Rəhim "Məclisi-uns"u təşkil edənlərdən biridir. Əvvəllər “Aşiq”, sonralar “Fəna” təxəllusləri ilə Azərbaycan və fars dillərində şeirlər yazmışdır. Klassik poeziyanın hər növündə şeirləri olmuş, lakin əsərlərinin coxu itib-batmışdır.

Burada verilən məlumat və şeirlər "Poetik məclislər" (1987) kilabından götürülmüşdür.

* * *

Qəzəllər

 

Nə məlamət əsər etmiş görəsən dildarə

Ki, cəkib yardan əl, uydu yenə əğyarə?

Hansı məşuqə deyir aşiqinə, eşqi unut?

Hansı tacirdi rəvac istəmədi bazarə?

Bivəfa yari-cəfakarım urub səngi-cəfa,

Şişeyi-xatiri məhzunum olub sədparə.

Məni aşufta edən qeyrilə yar olmağıdır,

Cövri-hicrilə könül gəlməz idi zinharə.

Nə bileydim ki, səri-zülfi giriftarı olub,

Qalar axırda qara günlü könül avarə.

Ey könül, səbr elə kim, xameyi-təqdir yazıb,

Yar ola qisməti-əğyar, yetə gül xarə.

Bülbüli-zarə deyin, kecdi sənin əyyamın,

Vəqt odur kim, tapa yol zağu zəğən gülzarə.

Gülşəni-eşq xəzan buldu, Fəna oldu xəmuş,

Bir də indən belə haşa ki, gələ göftarə.

* * *

Ağlaram

(Mirzə Rəhim Fəna bu qəzəli gizli məhəbbət bəslədiyi Natəvanı nəzərdə tutaraq yazmışdır)

 

Hicran edibdi könlüm evin qarət, ağlaram,
Çün ağlamaq olubdu mənə adət, ağlaram.

Ta var idi fəraqına tabım, səbur idim,
İmdi yoxumdu səbr, nedim taqət, ağlaram.

Qəddim fəraqı başıma gətdi qiyaməti,
Ta həşr olunca hər dəmu hər saət ağlaram.

Zülfü ruxun xəyalına sərf oldu ruzü şəb,
Ömrümdə ruzü şəb olmamışam rahət ağlaram.

Xəlqə nədir ziyanı mənim əşki-didəmin?
Bidərdlər edəllə mənə töhmət, ağlaram.

Söhbət macalı olmadı bir dəm səninlə heyf,
Həm dəm qılıb xəyalın ilə söhbət ağlaram.

Bu giryədir açan dili-qəmgini-zarımı,
Göz yaşım ilə yoxdu mənə halət, ağlaram.

Ruyin fəraqıdı səbəbi-giryeyi-fəna,
Didarına qoyubdu fələk həsrət, ağlaram.

* * *

Bir kəs ki, qəm ducan ola, ağlar, ağlamaz?

Ənduhu qussə yan ola, ağlar, ağlamaz?

Şaxi-murada murği-dili qonmamış hənuz,

Səyyadi-qəm şikarı ola, ağlar, ağlamaz?

Zülfün əsiri oldu könül sərneviştdən,

Kim tirəbəxti-tarı ola, ağlar, ağlamaz?

Vəsli-nigarə adəl edib şadkam olan,

Dərdi-fəraq zarı ola, ağlar, ağlamaz?

Bir bülbülün ki, gülşəni pamali-xar olub,

Misli-xəzan baharı, ola ağlar, ağlamaz?

Məhnət oxu dəyibdi dili-dərdiməndimə,

Ha böylə zəxmkan ola, ağlar, ağlamaz?

Yoxdur könüldən özgə həyatımda bir güman,

Hər kim ki, boylə yarı ola, ağlar, ağlamaz?

Hər kim əsiri bir gülün ola mən kimi,

Yarı dilində xan ola, ağlar, ağlamaz?

Bidil Fəna vəfa diləyib, yara can verib,

Əğfara yar yarı ola, ağlar, ağlamaz?

* * *

Mənbə:

XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh. 

 

Xəbərlər
Redaktorun seçimi