“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.12.2014, 19:38
1731

Nəcəf bəy Vəzirov (1854-1926)

A- A+

Yazıçı, dramaturq, publisist Nəcəf bəy Vəzirov 1854-cü ilin aprelində (müxtəlif mənbələrdə doğum günü olaraq 1, 2, 5, 7 və 9 aprel göstərilir) Şuşada anadan olub. Ədib “Müsibəti-Fəxrəddin” dramı ilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub.

Nəcəf bəy Vəzirov Azərbaycan dramaturgiyasının inkişafında onun ideya – estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu olan görkəmli şəxsiyyətdir. Bütün içtimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərakatına yaxından kömək göstərən bu sənətkar ədəbiyyatımızda faciə janrının əsasını qoymuş, Azərbaycanda feodal – patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak etmişdir.

Yazıçının uşaqlığı fərəhsiz keçmişdir. Atası Fətəli bəy xəstə və bacarıqsız olduğundan ailənin çətinliyi anası Mina xanımın üstünə düşmüşdür. Nəcəf özü də təbiətən sakit və qaradinməz, bədəncə zəif və xəstə olmuşdur. Anasının arzusu bu idi ki, yeganə oğlunu sağlam görsün və onu məktəbə göndərsin. Lakin Nəcəfin səhhəti buna imkan vermir, ananın arzusu hər il ürəyində qalırdı. Özünün yazdığına görə, Nəcəf bəy yalnız on iki yaşında olanda məktəbə gedə bilmiş, tez bir zamanda oxuyub – yazmağı öyrənmişdir. Vəzirov ilk təhsilini dini məktəbdə almışdı. O, burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyyə məktəbinə gedir.

Lakin yeniyetmə gənc həmin məktəbdə oxuya bilmir. Burada müəllimin amansız rəftarı, uşaqları yerli–yersiz döyüb işgəncə verməsi Nəcəfi məktəbdən uzaqlaşmağa məcbur edir. Yeniyetmə oğlanın məktəbdən qaçmasına bəzi qohumları başqa məna verirlər. Guya o tənbəl və bacarıqsızdır, öyrənə bilmir, çətinlikdən qorxur və s. Hətta qohumlarından biri istəyir ki, Nəcəfə rusca səthi sürətdə yazıb oxumağı öyrətsin ki, heç olmasa o, kənddə mirzəlik edib ata–anasını dolandırsın. Lakin Nəcəf heç kəsin qayğısını qəbul etmir, öz ürəyinin səsinə qulaq asır. Ürəyi isə onu yeni tipli məktəblərin birində təhsil almağa çağırırdı.

N.Vəzirov 1868-ci ildə doğma Şuşadan ayrılıb Bakıya gəlir.O, burada imtahan verib real gimnaziyanın ikinci sinifinə daxil olur. Öz bacarığı və biliyi ilə o, tezliklə müəllimlərin rəğbətini qazanır. Gimnaziyanın sonuncu sinifində oxuyarkən artıq Nəcəf əlaçı şagird kimi tanınır, hətta dövlətli uşaqlarına dərs deməklə məşğul olurdu.

Gimnaziyada oxuyarkən N.Vəzirov böyük Azərbaycan alimi o zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına qüvvətli təsir göstərir. H. Zərdabi şagirdlərdə təkcə elmə maraq oyatmaqla kifayətlənmirdi. O, çalışırdı ki, şagirdlər xalqın gələcək inkişaf yollarını düzgün anlasınlar, onun azadlığı və maariflənməsi uğrunda mətin mübarizlər kimi yetişsinlər. Məhz Zərdabinin məsləhəti ilə N. Vəzirov təbiət elmlərinə xüsusi maraq göstərir, rus klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqı ideyalarla tanış olur. Yazıçının teatrla tanışlığı da bu zaman başlanır. O yazır: "1873–cü ildə altıncı klasda oxuduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə təsir elədi. Onun necə bir şey olduğunu başa düşdüm".

1874–cü ildə N.Vəzirov real gimnaziyanı qurtarıb təhsilini davam etdirmək üçün Rusiyaya gedir. O əvvəlcə Moskvada olur, sonra dostu Ağa Gorani ilə birlikdə Peterburqa gedib Əkinçilik instituna qəbul olunmaq istəyir. Lakiin atestatındakı qiymətlar həmin inistituta qəbul tələblərini ödəmədiyi üçün o, avqust ayının sonlarında yenidən Moskvaya qayıdır və sentyabrda Petrivski–Razumovski Meşə və Təbiətşunaslıq Akademiyasının Meşəçilik şöbəsinə daxil olur.

N.Vəzirovun Moskvada təhsil aldığı illər Rusiyada azadlıq ideyalarının, zəhmətkeş kütlənin mənafeyini müdafiə edən xalqçılıq hərəkatının genişləndiyi bir dövrə təsadüf edir. Hələ Bakıda real gimnaziyada oxuyarkən H. Zərdabi kimi milli–azadlıq ideyaları ilə tərbiyələnən N. Vəzirov Moskvada daha qaynar bir inqilabi mühitə düşür. O tezliklə qabaqcıl fikirli gənclərlə dostlaşır, təhsil aldığı Akademiyanın daxilində baş verən tələbə çıxışlarında və gizli təşkilatlarında iştirak edir. Hətta 1878–ci ildə H. Zərdabinin təşəbbüsü ilə “İmdadiyyə” adlı dərnək təşkil edir.

1878–ci il iyun ayında N. Vəzirov Petrovski-Razumovski Akademiyasının Meşəçilik şöbəsini bitirib təyinatla Qafqaza göndərilir. O, Yelizavetpol quberniyasının Tərtər nahiyyəsinə üçüncü dərəcəli meşəbəyi təyin olunur. 1880–ci ilin iyul ayına qədər burada çalışır. Sonra onun vəzifəsini böyüdürlər. Vəzirov ikinci dərəcəli meşəbəyi kimi İrəvan quberniyasının Dilican nahiyyəsinə meşəbəyi təyin olunur. 1887–ci ilə qədər burada çalışıb yenidən iş yerini Yelizavetpol quberniyasına dəyişir. 1890–ci illərin əvvəllərindən başlayaraq Rusiyada inqilabi – azadlıq hərakatının yüksəlişi ilə əlaqədar Petrovski – Razumovski Akademiyasının məzunlarını təqib edirlər. Bununla əlaqədar olaraq N.Vəzirovu da siyasi etibarsızlıqda günahlandırıb meşəbəyi vəzifəsindən azad edirlər.

Bundan sonra sənəti əlaqəsi olmayan müxtəlif yerlərdə çalışır. Əvvəlcə İrəvan quberniya idarəsi tibb şöbəsinin katibi, sonra isə Qazaxda möbahisəli işlərə baxan şöbənin katibi vəzifəsində işləyir. Lakin bu işlərin heç biri N. Vəzirovun xoşuna gəlmir.

Nəcəf bəy Vəzirov 1895-ci ildə Bakıya köçür. Burada lazımi imtahanları verib vəkillik vəsiqəsi alır və məhkəmələrdə çalışır. O, burada uzun müddət ayrı düşdüyü bədii yaradıcılığını davam etdirir, “Yağışdan çıxdıq yağmura düşdük” , “Müsibəti – Fəxrəddin” , ”Pəhləvanı – zəmanə” kimi klassik əsərlərini yaradır. N. Vəzirov 1903–cü ildə Bakı dumasına katib seçilir. Az sonra isə şəhər maarif şöbəsi rəisinin müavini təyin edilir və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyyə ocaqlarının açılması işində yaxından iştirak edir.

1905–ci il inqilabı N.Vəzirovun ədəbi–ictimai fəaliyyətinin genişlənməsi üçün münbit zəmin yaradır. Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan “Həyat” , “İrşad” , “Təzə həyat” , “Açıq söz” və s. qəzetlərində “Dərviş” imzası ilə “Balaca mütəfərrəqələr” başlığı altında burjua – mülkədar cəmiyyətinin içtimai eyiblərini açan felyetonlar yazır, digər tərəfdən dram dərnəklərinə rəhbərlik edir, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün yorulmadan fəaliyyət göstərir.

1913-cü il noyabr ayının 15-də “Şəfa” maarif cəmiyyəti Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə Bakıda təntənəli yubiley gecəsi keçirir. Bu gecə böyük bir mədəni bayrama çevrilir. Qəzetlər yazıçının həyat və fəaliyyətindən bəhs edən məqalə-oçerk, məlumat dərc edirlər. Azərbaycanın görkəmli ziyalıları yubilyara məktub, teleqram göndərir, onu bu yubileyə layiq yazıçı, möhtərəm ədib, qüdrətli vətəndaş, müəllim və tərbiyəçi, xalqın fədəkar oğlu kimi qiymətləndirirdilər. Xalqın ehtiramı N.Vəzirovun yaradıcılıq ilhamını, işləmək həvəsini coşdurmuş, ədib həm içtimai həyatda, həm də bədii yaradıcılıq sahəsində daha fəal çalışmışdır.

Bu illərdə o, “Pul düşkünü Hacı Fərəc” komediyasını, “Təzə əsrin ibtidası” dramını yazmış, böyük fransız yazıçısı Jan Batist Molyerin “Xəsis” komediyasını “Ağa Kərim xan Ərdəbili” fransız məzhəkəsi “Vəkil Patelen” i isə “Dələduz” adı ilə təbdil etmişdir. Azərbaycanda Aprel inqilabından sonra N. Vəzirov Bakıda Kənd təsərrüfatı texnikomunda müəllim işləmişdir. Yazıçı meşəçilik işi ilə bağlı tələbələri Azərbaycanın müxtəlif rayonlarına aparır, təcrübə məşğələlərinə rəhbərlik edirdi. Lakin qocaman yazıçının səhhəti pozulmuşdu, tez – tez ürək ağrısından şikayətlənirdi. Həkimlər ona işdən çıxıb istirahət etməyi məsləhət görürdülər.

1926–cı ilin yayında Nəcəf bəy Vəzirov təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxıya – Çuxuryurda getmiş və iyul ayının 9–da orada ürək dayanmasından vəfat etmişdir. Yazıçının cənazəsi Bakıya gətirilmiş və iyulun 12–də dəfn olunmuşdur.

* * *

►Bax həmçinin:

Nəcəf bəy Vəzirov. Əsərləri [Mətn] /Nəcəf bəy Vəzirov; tərt. ed. D. Məmmədova; red. T.Məmməd.- B.: Şərq-Qərb, 2005.- 424 s.

Kitabın içindəkilər

Pyeslər:

Müsibəti-Fəxrəddin
Ev tərbiyəsinin bir şəkli
Daldan atılan daş topuğa dəyər
Sonrakı peşmançılıq fayda verməz
Adı var. özü yox
Yağışdan çıxdıq, yağmura düşdük
Pəhlivanani-zəmanə
Vay şələküm məəlləküm
Nə əkərsən, onu biçərsən
Keçmişdə qaçaqlar
Təzə əsrin ibtidası
Pul düşkünü Hacı Fərəc

Hekayələr:

Ağıçı
Mənim vaqiəm
Paho? və s.

 

Xəbərlər
Redaktorun seçimi