Əbdürrəhim bəy Haqverdiyev (1870-1933)
Azərbaycan realist və demokratik ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Əbdürrəhim bəy Haqverdiyevdir. XIX əsrin son illərindən ədəbiyyat aləminə qədəm qoymuş Haqverdiyev dolğun məzmunlu dram əsərləri, yumorist-satirik hekayələrilə şöhrətlənmiş, həm də ictimai xadim kimi realist ədəbiyyatımızın və sənətimizin inkişafında mühüm rol oynamışdır.
Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci il mayın 17-də Şuşa şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan olmuşdur. Atası Əsəd bəy qəza idarəsində katib vəzifəsində işləyirmiş. Üç yaşında ikən atasının itirən Əbdürrəhimi əmisi Əbdülkərim bəy öz himayəsinə alır. Kiçik Əbdürrəhimi atalığı H.Sadıqbəyov çox yaxşı qəbul edir, onun tərbiyəsilə məşğul olur. 1880-ci ildə atalığı Əbdürrəhimi Şuşada Yusif bəyin müvəqqəti yay məktəbinə qoyur. Burada Haqverdiyev rus dilini öyrənir, rus yazıçılarını həvəslə oxuyur.
1884-cü ildə Haqverdiyev Şuşada bir teatr tamaşasında iştirak edir. Tamaşa gənc Əbdürrəhimə çox xoş gəlir və onun ədəbi yaradıcılığa başlamasına təsir edən ilk amillərdən biri olur.
Ədib özü deyir: “Yadımdadır, Mirzə Fətəlinin “Xırs quldurbasan”ı oynanılırdı. Bu əsəri gördükdən sonra Mirzə Fətəlinin məcmuəsini tapıb oxumağa başladım, hətta “Hacı Daşdəmir” adlı bir komediya da Mirzə Fətəlinin “Hacı Qara”sı məzmununda yazıb Yusif bəy Məliknəzərovun mülahizəsinə verdim. Yusif bəy həqiqi pedaqoq idi. O, mənim bu pyesimi bir növ dil ilə mənə qaytardı ki, mən nə ondan incidim və nə də həvəsdən düşdüm”.
1890-cı ildə Ə.Haqverdiyev Şuşa realnı məktəbinin altıncı sinfini bitirib, Tiflis realnı məktəbinin sonuncu sinfinə daxil olur. O, burada rus və Avropa klassiklərini öyrənir, tez-tez teatr tamaşalarına baxır. Ə.Haqverdiyev 1891-ci ildə Tiflis realnı məktəbini bitirib, ali təhsil almaq üçün Peterburqa gedir və orada Yol Mühəndisləri İnstitutuna daxil olur. Peterburqda olduğu səkkiz il müddətində azad müdavim sifətilə universitetin şərq fakültəsində təhsil alır, dil və ədəbiyyat məsələlərilə ciddi məşğul olur.
Peterburq ədəbi həyatının, tez-tez Aleksandrinsk teatrında baxdığı tamaşaların təsirilə Haqverdiyevdə sənətə, teatra olan həvəs daha da artır. Gənc yazıçı özünün ilk əsərləri olan “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) və “Dağılan tifaq”ı (1896) da Peterburqda yazır. 1899-cu ildə o, Peterburqdan Şuşaya qayıdır. Şuşada iki il qalır və xalq yaradıcılığı nümunələri toplamaqla məşğul olur.
Ədib “Bəxtsiz cavan” pyesini də 1900-cü ildə Şuşada yazır. Pyes elə həmin ildə tamaşaya qoyulur. 1901-ci ildə Haqverdiyev Şuşadan Bakıya gəlir və burada “Pəri cadu” pyesini tamamlayır. Əsər səhnədə, müəllifin başqa pyesləri kimi, böyük müvəffəqiyyət qazanır.
Bakı mühiti gənc yazıçının inkişafı üçün geniş imkanlar yaradır, o, burada H.Zərdabi, N.Vəzirov, N.Nərimanov, C.Zeynalov, H.Ərəblinski kimi dövrün qabaqcıl adamları ilə tanış olur, onlarla əlbir işləyir, teatr üçün repertuar hazırlayır, rejissorluq edir, dərs deyir.
Bu dövrdə Haqverdiyev rejissor olduğu, tamaşasına ümumi rəhbərlik etdiyi “Hacı Qara”, “Vəziri-xani-Lənkəran”, “Müfəttiş”, “Otello”, “Qaçaqlar”, “Yağışdan çıxdıq, yağmura düşdük”, “Adı var, özü yox”. “Dağılan tifaq”, “Bəxtsiz cavan” və başqa pyeslərdə, hər şeydən əvvəl, ideyanın təhrif olunmamasına, aktyor oyunundakı təbiiliyə çox fikir verirdi. 1908-ci ildə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının səhnədə hazırlanmasına rəhbərlik edən Haqverdiyev həm də tamaşada ilk Azərbaycan dirijoru kimi çıxış etmişdir.
Aleksandrinsk teatrında fəaliyyət göstərən Davıdov, Varlamov, Komissarjevskaya, Savina, Dolmatov, Dalski kimi dövrün görkəmli səhnə ustalarının aktyorluq sənətinə yaxşı bələd olan ədib, milli Azərbaycan səhnəsində də belə istedadlı səhnə xadimlərinin yetişməsi yolunda bütün varlığı ilə çalışırdı. Ə.Haqverdiyev Hüseyn Ərəblinski, Əbülfət Vəli, Sidqi Ruhulla, Hüseynqulu Sarabski, Murad Muradov kimi görkəmli sənət ustalarının səhnəyə cəlb edilməsinə, bir aktyor kimi kamilləşməsinə xeyli əmək sərf etmişdir.
Ə.Haqverdiyev 1904-cü ildə Şuşa şəhəri idarəsinə üzv seçildiyi üçün yenidən oraya qayıdır. O, burada çox qalmır, 1905-ci il inqilabından sonra Rusiya dövlət dumasına Gəncə quberniyası üzrə nümayəndə seçilir və Peterburqda qalır, “Ağa Məhəmməd şah Qacar” faciəsini yazmaq üçün dövlət kitabxanasında çalışır.
1907-ci ildə yazıçı yenə həmin faciəyə aid əlavə məlumat toplamaq üçün İrana səyahət edir. Faciə ilk dəfə 1907-ci ildə Bakıda səhnəyə qoyulmuş və ondan sonra da böyük müvəffəqiyyətlə uzun zaman səhnədə oynanılmışdır.
“Molla Nəsrəddin” jurnalı nəşrə başladıqdan sonra orada Ceyranəli, Xortdan, Həkimi-nuni-səğir, Lağlağı, Mozalan, Süpürgəsaqqal və başqa imzalarla hekayə, felyeton və publisist məqalələr çap etdirən Ə.Haqverdiyev “Cəhənnəm məktubları”, “Mozalan bəyin səyahətnaməsi”, “Marallarım” adlı əsərləri ilə “Molla Nəsrəddin” jurnalının fəal mühərrirlərindən biri kimi şöhrət tapır. Həmin illərdə ədib “Millət dostları” (1905), “Ac həriflər” (1911) kimi kiçik həcmli səhnə əsərləri də yazır.
Haqverdiyev “Nicat” cəmiyyətində və Kür-Araz gəmiçiliyində işlədiyi müddətdə, vəzifəsi ilə əlaqədar olaraq İranı, Qafqazı, Orta Asiyanı və Volqaboyu ölkələrini gəzir. Səyahət ədibdə yeni yaradıcılıq intibahları yaradır. 1910-cu ildə Həştərxanda N.Nərimanovla bərabər, şəhərin ictimai və mədəni həyatında fəal çalışır.
1911-ci ildə vəzifəsindən azad edilən Haqverdiyev Ağdama köçür və beş il orada yaşayır. Ağdamda yaşadığı müddətdə bədii yaradıcılığını davam etdirir; “Molla Nəsrəddin” jurnalına hekayələr, felyetonlar, gündəlik məsələlərlə əlaqədar olaraq publisistik məqalələr yazır. Ə.Haqverdiyev 1916-cı ildə Tiflisdə “Şəhərlər ittifaqının Qafqaz şöbəsi əxbarı” adlı rus dilində çap olunan aylıq məcmuənin müdirliyinə təyin olunur və Tiflisə gedir. 1917-ci ildə “Röya” və “Həmşəri pasportu” hekayələrini yazır. 1917-ci il fevral inqilabından sonra Haqverdiyev Borçalı qəzasına müvəkkil təyin olunub Şulaver qəsəbəsinə gedir və il yarım orada işləyir.
1920-ci ildən Haqverdiyevin ədəbi və ictimai fəaliyyətinin yeni dövrü başlanır. O, incəsənət şöbəsinin müdiri vəzifəsini aparmaqla yanaşı, dövlət teatrlarında müfəttiş vəzifəsində çalışır. 1921-ci ildən 1931-ci ilə qədər Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyur, gənc kadrlar hazırlığı işində fəal iştirak edir. Haqverdiyev müəllimlik etməklə bərabər, bir çox məsul ictimai vəzifələrdə də çalışır. O, Azərbaycanı tədqiq və tətəbbö cəmiyyətinin sədr müavini və sonra sədri (1923-25), Şərq fakültəsinin katibi (1992-25) olur.
Ədib müəllimliklə, yeni əsərlər yazmaqla, teatra yaxından kömək etməklə, müxtəlif vəzifələrdə çalışmaqla kifayətlənmir. O, müxtəlif yerlərdə Azərbaycan ədəbiyyatı və incəsənəti, günün zəruri məsələləri haqqında məruzələr edir.
1927-ci ildə Haqverdiyevin ədəbi-ictimai fəaliyyətinin otuz beş illik yubileyi keçirilir. 1928-ci ildə ədəbiyyat və incəsənət sahəsindəki xidmətləri nəzərə alınaraq qocaman ədibə əməkdar incəsənət xadimi adı verilir.
Haqverdiyev bu dövrdə “Qırmızı qarı”, “Ədalət qapıları”, “Ağac kölgəsində”, “Vaveyla”, “Köhnə dudman”, “Baba yurdunda”, “Qadınlar bayramı”, “Kamran”, “Sağsağan”, “Yoldaş Koroğlu”, “Çox gözəl” və s. dram əsərləri yazmaqla bərabər, “Marallarım” silsiləsindən olan satirik və başqa ciddi ruhlu çoxlu hekayələr də çap etdirir. Hekayələrin bir hissəsi “Marallarım” (1927) və digər hissəsi “Hekayələr” (1940) kitabında toplanmışdır.
Ə.Haqverdiyev öz ölkəsinin və başqa xalqların tarixinə yaxşı bələd olan alim idi. Ədibin Azərbaycan teatrı, tarixi dram, xalq tamaşaları, M.F.Axundov, M.Ə.Sabir, “Molla Nəsrəddin”, M.Qorki, Azərbaycan dili, milli şeir, realist ədəbiyyatımızın bəzi məsələləri haqqındakı elmi-nəzəri məqalələri, dərin məzmunlu publisistikası bu gün də öz əhəmiyyətini itirməmişdir. Təsadüfi deyil ki, 1924-cü ildə Ə.Haqverdiyev Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir üzv seçilmişdir.
Ə.Haqverdiyevin ədəbi irsi içərisində rus və Qərbi Avropa ədəbiyyatından etdiyi bir sıra qiymətli tərcümələr də vardır. Onun M.Qorkidən tərcümə etdiyi əsərlər “İzergil qarı və qeyri hekayələr” (1928) və Çexovdan tərcümə etdiyi novellalar “Dəhşətli gecə” (1928) adlı kitablarda toplanmışdır.
Bunlardan başqa ədib Şekspirin “Hamlet”, Şillerin “Qaçaqlar”, Volterin “Soltan Osman”, Zolyanın “Qazmaçılar”, Andersenin “Bülbül”, “Şahın təzə libası”, Lanskoyun “Qəzəvat”, Çirikovun “Yəhudilər”, Korolenkonun “Qoca zəng çalan” əsərlərini də tərcümə etmişdir.
Əbdürrəhim bəy Haqverdiyev 1933-cü il dekabrın 11-də Bakıda vəfat etmişdir.
Kamran Məmmədov
►Mənbə:
Əbdürrəhim bəy Haqverdiyev. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, “Lider”, 2005. - 504 s.