“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.12.2014, 19:31
1486

Hüseyn ağa Cavanşir (1856-1924)

A- A+

Qarabağ tarix boyu xeyirxah, səxavətli adamların vətəni olub. Elə bir əsr, elə bir qərinə yoxdur ki, onlarca qarabağlının adı böyük hərflərlə bu tarixə yazılmasın, həmin adamların səsi-sorağı indi də yüzilliklərin o tayından gəlir, onların xeyirxah əməlləri, insanpərvərlikləri dillərdən düşmür, ağızdan-ağıza keçir, tarixə çevrilir. Bu şəxsiyyətlərin əməlləri, gördükləri işlər irsən babalardan oğullara, oğullardan nəvələrə keçir, həmişəlik elin yaddaşına həkk olur.

Hüseyn ağa Hidayət ağa oğlu Cavanşir də bu cür tarixi şəxsiyyətlərdəndir. O, Qarabağ xanları nəslindəndir, daha dəqiq desək, İbrahimxəlil xanın törəmələrindəndir. Şair və ictimai xadim Cəfərqulu xan Nəvanın nəvəsidir.

Hüseyn ağa 1856-cı ildə Şuşada doğulmuş, ilk təhsilini burda almış, ancaq ömrünün çox hissəsini Cəbrayılda keçirmişdir. Tarixdən məlumdur ki, hələ ötən yüzilliyin əvvəllərində indiki Cəbrayıl rayonunun bütün torpaqları Cəfərqulu xan Nəvaya məxsus ili. Cəfərqulu xan vəfat etməmişdən bir az əvvəl öz torpaqlarını övladları və nəvələri arasında bölüşdürmüş, Ziyarət dağından tutmuş Arazboyu kəndlərə - Mahmudlu, Soltanlı kəndlərinə qədər ərazini nəvəsi Hüseyn ağa Cavanşirə miras qoymuşdur.

Uzun müddət Cəbrayılda yaşamış Hüseyn ağa Cavanşir öz xeyirxah əməlləri ilə nəinki o dövrün ziyalıları, eyni zamanda və ilk növbədə, sahibi olduğu kənd camaatının, rəiyyətlərinin, rəncbərlərinin də qəlbinə yol tapmış və onların dərin rəğbətini qazanmışdır. Deyilənlərə görə, olduqca insanpərvər bir şəxs olan Hüseyn ağa kasıbla varlıya. kəndliylə bəyə heç vaxt fərq qoymaz, hamısına eyni gözlə baxar, eyni münasibət bəslərmiş.

Hüseyn ağa həm də torpağını, millətini, el -obasını sevən vətənpərvər və mütərəqqi ruhlu bir ziyalı olmuş, elmə, təhsilə, incəsənətə böyük fikir vermiş, Cəbrayıl qəzasının mədəniyyəti, maarifi və iqtisadiyyatının inkişafında müstəsna xidmət göstərmişdir.

Elə burdaca qeyd etmək yerinə düşər ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda onun ilk tərəfdarlarından biri də Hüseyn ağa Cavanşir olmuşdur. O, çoxdan arzuladığı yeni qurulmuş milli dövlətə köməkliyini əsirgəmədi. Elə həmin il erməni qoşunlarının Cəbrayıla hücumunun qarşısını almaq üçün əlində silah qabağa düşüb, əhalini səfərbərliyə almış, onları silahlandıraraq düşməni bir addım da olsun yaxına buraxmamışdır.

Hüseyn ağa şerə, sənətə, musiqiyə, ümumiyyətlə, ziyalılara xüsusi diqqət yetirərdi. O, vaxtaşırı ədəbi və musiqili məclislər keçirər, şer, sənət həvəskarlarını bura dəvət edər, yeri gələndə onlara maddi köməyini də əsirgəməzdi. 1920-ci ildə böyük ədibimiz Cəlil Məmmədquluzadə həyat yoldaşı Həmidə xanımla İrana gedərkən Hüseyn ağa Hüseynbəyli kəndində onları özü qarşılamış, qonaqların təhlükəsizliyini təmin edərək Arazın o tayına keçməyə şərait yaratmışdı. Onu da deyək ki, əsl ziyalı və mətbuat vurğunu olan Hüseyn ağa Cavanşir Mirzə Cəlilin redaktorluğu ilə nəşr olunan məşhur “Molla Nəsrəddin”in daim abunəçisi olmuş, jurnalın müxtəlif nömrələrinin çap olunmasına köməklik göstərmiş və əhali arasında yayılmasında çalışmışdır.

Savadlı və yüksək dərəcədə mədəni olduğuna görə həmyerliləri ona hörmət əlaməti olaraq həmişə “Mirzə” deyə müraciət edir, onun şəxsində öz atalarını, qardaşlarını, dayaqlarını görürdülər.

Hüseyn ağa Cavanşir XIX əsrin sonlarında bir böhtan nəticəsində Sibirə sürgün olunmuş, bir müddət həbsxana həyatı keçirəndən sonra, bəraət alıb, vətəninə qayıtmış, ömrünün sonuna qədər qurub-yaratmaqla məşğul olmuşdur. Ondan yadigar qalan tikililər, kəhrizlər, arxlar, bulaqlar indi də qalmaqdadır. “Hüseyn ağa kəhrizi” adı ilə məşhur olan bir kəhriz isə camaatın suya olan ehtiyacını uzun illər ödəmiş, onun suyundan neçə-neçə kəndlər, bağlar, bostanlar dirçəlib cana gəlmişdir. Vaxtı ilə onun atası və babası səxavətdə bütün Qarabağda məşhur idilər.

Hüseyn ağa Cəbrayılda yaşasa da, tez-tez doğma Şuşasında olur, ədəbi və musiqi məclislərində fəal iştirak edirdi. O, “Məclisi-üns” ədəbi dərnəyinin üzvü idi. Şerlərini “Hüseyn” təxəllüsü ilə imzalayırdı. Sibirdə sürgündə olarkən Şuşadakı şair dostlarına məktub vasitəsilə şeirlər göndərmiş, həmkarları da həmin şerlərin əksəriyyətinə cavab-nəzirə yazmışdılar.

Hüseyn ağa Cavanşir 1924-cü ildə Cəbrayılın Soltanlı kəndində vəfat etmişdir. Həmin dövrdə bəylər, xanlar, varlılar sovet hökumətinin düşmənləri elan edildiyinə baxmayaraq, bütün Cəbrayıl camaatı onun dəfninə yığışmış, bununla da öz ağalarına son borclarını vermişlər.

Vasif Quliyev,

yazıçı-jurnalist

 

Xəbərlər
Redaktorun seçimi