“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.12.2014, 14:23
1953

Süleyman Sani Axundov (1875-1939)

A- A+

Görkəmli yaşıçı-dramatuq, marrifçi Süleyman Sani Axundov 1875-ci il oktyabrın 3-də Şuşada anadan olmuşdur.

Ədəbiyyatda həmsoyadı Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə "ikinci" mənasını daşıyan "Sani" sözünü özünə ləqəb götürmüşdür.

Axundov Şuşada bəy ailəsində dünyaya gəlib və 1894-cü ildə Qori Müəllimlər Seminariyasını bitirib. Ömrünün axırınadək tədris və jurnalistika ilə məşğul olub.

O, 1906-cı ildə işıq üzü görən və "İkinci il" adlanan Azərbaycan dili dərsliyinin müəllifidir. Sovet İttifaqının yaranmasından sonra qısa müddət ərzində Dağlıq Qarabağ Muxtar Vilayətinin təhsil naziri vəzifəzində çalışıb. İlk bədii əsərini - "Tamahkar"ı 1899-cu ildə qələmə alıb.

1912-1913-cü illərdə Süleyman Sani Axundov beş hissədən ibarət "Qorxulu nağıllar" kitabını yazıb. Kasıbçılıqdan və haqsızlıqlardan bəhs etdiyinə görə bu nağıllar sovet zamanı uşaq ədəbiyyatı aləmində böyük şöhrət qazanıb. 1

1920-ci ildən sonra yazılan əsərlərdə Axundov qəddarlığı, köhnə mühafizəkar ənənələri və geriliyi tənqid atəşinə tutmağa davam edib.

Ədib 1939-cu ildə Bakıda vəfat edib.

* * *

Süleyman Sani Axundovun nəsrində ifşa hədəfləri

XX əsrin əvvəlləri nəşr olunan realist nəsrin orijinal nümunələri bütün ədəbi və pedaqoji ictimaiyyətin rəğbətini qazanan, gənc nəslin tərbiyəsinə təsir göstərəcək seçimli bədii əsərlər idi. A.Şaiq, S.M.Qənizadə, R.Əfəndizadə, A.Divanbəyoğlu kimi görkəmli yazıçılarla yanaşı S.S.Axundov da oxucuların marağına səbəb olan hekayələr yazırdı. Ədib 1905-1913-cü illərdə yeni üsul məktəblərində müəllim işləməklə bərabər dərsliklər də yazmışdır.

Birinci rus inqilabından sonra məktəb və maarif işinin inkişafını və uşaq əsərlərinə olan ciddi ehtiyacı görən S.Sani dövrü üçün ən fəal yazıçılardan olur. «Qorxulu nağıllar» başlığı altında gedən hekayələri «Məktəb» jurnalında dərc olunur və tez bir zamanda ictimaiyyətin diqqətini çəkir. Kiçik yaşlıların müsibətli həyatından bəhs edən bu hekayələrdən («Əhməd və Məleykə», «Abbas və Zeynəb», «Nürəddin», «Qaraca qız», «Əşrəf») əvvəl müəllif siyasi-ictimai mövzuda, ifşa hədəfli, ciddi əsərlər olan «Kövkəbi-hürriyyət», «Yuxu», «Qonaqlıq» və «Tutu quşu» miniatürü kimi əsərlər yazmışdır. Bu real hekayə və novellalar sözün həqiqi mənasında milliliyi və vətəndaşlıq pafosu ilə də səciyyələnir. Onlardakı xarakter və tiplər bütün varlığı ilə millidir. Qeyd etdiyimiz kimi bu hekayələrin içərisində lirikliklə tənqid həmahənglik təşkil etmişdir. 

«Kövkəbi-hürriyyət» və «Qonaqlıq» əsərlərinin ideya və üslub xüsusiyytlərində müəyyən bir yenilik diqqəti cəlb edir. Bu yenilik, hər şeydən əvvəl, sözü gedən hekayələrin ideyasında, inqilabi mahiyyətində, dövrün azadlıq hərəkatı ilə bağlı olan məzmununda özünü göstərirdi. Professor Ə.Məmmədov yazır: «Lirik hekayə Azərbaycan ədəbiyyatında doğma janrdır. O, satirik hekayələlərlə qoşa inkişaf edir, ideyaca bir-birini tamamlayırdı»    [5-103]   

1905-1920-ci illərdə lətifə səciyyəli hekayələr daha çox yazılırdı. Belə əsərlərin əksəriyyəti uşaq və gənclər mətbuatında işıq üzü görürdü. Məktəblərdə M.Ə.Sabir, S.S.Axundov, A.Səhhət, A.Şaiq kimi tanınmış şair və yazıçıların əsərlərinə daha çox üstünlük verirdilər. İncə yumor, hikmətli kəlam və kəskin istehza bu hekayələrdə bütün özünəməxsusluqları ilə özünü göstərirdi. Bu tipli hekayələrdə həlim gülüş bəzən tiplərin özlərinə, bəzən də onları bu vəziyyətə salan mühitə yönəlirdi. Məhz ikinci halda gülüş mənalı və kəsərli olurdu ki, sadəcə bu da S.S.Axundov nəsrində azlıq təşkil edirdi. Belə lirik - psixoloji hekayələrin içində tənqid, ifşa «qoşa inkişaf edir»di. Bu cür hekayələr nisbətən ritorik və bəsitdir, yumor yüngül və məhduddur. Yazıçının hekayələrində olan tənqidi ruh, ifşa hədəfləri satirik gülüşün ictimai məzmunun açılışı «Laçın yuvası», «Eşq və intiqam», «Molla Nəsrəddin Bakıda», «Şah Sənəm və Gülpəri», «Tamahkar», «Bir eşqin nəticəsi» və s. pyeslərində də görünmədədir.

«Dəbistan», «Rəhbər» və «Məktəb» jurnalları inqilaba qədərki realist ədəbiyyata öz səhifələrində daha çox yer verir, müasir ruhlu, xalq kütləsinin rəğbətini qazanan, gənc nəslin tərbiyəsinə ciddi təsir göstərən əsərləri nəşr etdirdi. S.S.Axundov da qələm yoldaşları kimi bu jurnallarda hekayə və tərcümələri ilə çıxış edirdi. «Məktəb»in hər sayında ədəbi yazılara daha çox yer ayrılırdı. Bəlkə də buna görə və ya jurnalın redaksiya heyəti ilə yaxınlığına əsasən maarifçi - realist ədib də «Qorxulu nağıllar»ını ilk dəfə bu jurnalda dərc etdirmişdi.

«Tutu quşu» bir səhifəlik tərbiyəvi, ifşaedici bir hekayədir. Bülbülün və digər quşların timsalında rəmzləşdirmə, istehza, bir də alleqorik ruh yığcam novellanın əsas ruhunu və ideyasını təşkil edir. Ədib əsəri nağıl kimi təqdim edir. Amma əsəri nağıl tərzində yazmayıb. Üslubda olan simvoliklik yazıçının ədəbi priyomu və tənqid hədəfinə çevirmək istədiyi problemə-məhz belə tərzdə münasibət bildirmişdir. Dövrü üçün aktual olan bir məsələyə digər müasirləri də toxunmuş, problemin qabardılaraq həlli yolları göstərilmişdir. Söhbət ana dilinə biganə qalanlardan gedir. Təqlidçilər tutu quşunun simasında gülünc vəziyyətə qoyulur, ifşa edilərək tənqid olunur.

Vətənsiz, məfkurəsiz ziyalılar S.Axundovun tənqid hədəfidir. Bülbülün oxumasında ana dilinin saflığı, gözəl səsin aşıladığı estetik hissə hüsn-rəğbət ifadə olunursa, Tutu quşunun timsalında isə qarğa kimi qarıldaması, sağsağan kimi qırıldaması, qurbağa kimi quruldamağı - təqlidçiliyi, hər işdən avara qalması tənqid edilir. Tutu quşu siçanın dili ilə, «-Ay Tutu dayı! Qabaqlarda pis də olsa, öz ana dilində oxuyurdun, amma indi bülbülün də adını biabır etdin və hər tərəfdən avara qalmısan» [1-245] - biabır edilir.

XX əsrin əvvəllərində ədəbi dilin saflığı, təmizliyi uğrunda demokrat yazıçılar, ziyalılar və mürtəcelər arasında kəskin prinsipial mübarizə getdiyi vaxtlarda yazılan digər əsərlərlə yanaşı S.Sani Axundovun «Tutu quşu» hekayəsi də mübahisə -mübarizələrdə ictimai-siyasi səciyyə daşıyan satirik bir novella olmuşdur

«Qonaqlıq» hekayəsində 1905-ci il inqilabının yaratdığı ictimai-siyasi, iqtisadi münasibətlərlə əlaqədar hadisələr bir problem ətrafında cərəyan edir. Hökumətin sütunu kimdir? Bəlkə də sualın qoyuluşunda bir qeyri-müəyyənlik var. Hər halda ədib belə qənaətdə olub. «Qonaqlıq»dakı dialoq bizə M.Füzulinin «Meyvələrin söhbəti» alleqorik əsərindəki hadisələri xatırladır. Meyvələr də öz qüdrəti-təamı, şirinliyi, ləzzəti, xeyirliyi ilə bəhsə girirlər. Buradakı bəy, tacir, alim, ruhani, hərbçi bəhsə girərək hər biri hökumətin sütunu olması ilə qürrələnir. Sonda sadə kəndli məntiqli cavabı ilə onlara elə cavab verir ki, sanki üzlərinə qüvvətli sillə vurulur:

« - Ey ağalar, düzünü axtarsanız, hökümətin sütunu biz kəndlilərlə o qan-tər içində yük daşıyan fəhlələrdir. Biz əkməsək, biçməsək, onlar da işləməsə, heç bir hökumət yaşaya bilməz. - Bunu deyib cəld işinə getdi».      [1-244]

Məzmundan məlum olur ki, vəziyyət hekayənin yazıldığı tarixi, ictimai-siyasi şəraitlə, çar rusiyasında, eləcə də feodal əlaqələri hökm sürən Azərbaycanda hakim dairələrin xalq kütləsi içərisində 1917-ci ildən əvvəlki izzət, hörmət, nüfuzunu itirməsi ilə birbaşa əlaqədər idi. Hekayədə sözü gedən sual ətrafında qonaqlıqda iştirak edənlərin-tüfeyli ruhanilərin, müharibələrdə qoşunu boş yerə bada verən, səriştəsiz, «piyanıska» zabitlərin, qəpik üstündə mənliyini alçaldan, daim varlanmaq ehtirası ilə alışıb-yanan tacirlərin, kəndlərdə min hoqqadan çıxan, əxlaqsızlığı özləri üçün «kişilik» sayan bəylərin, ictimai quruluşların dönəmində heç nə edə bilməyən, tarixin inkişaf qanunlarından baş çıxara bilməyən alimlərin dialoqu, mübahisəsi də məhz yuxarıda bildirdiyimiz mülahizələrlə əlaqədar olmuşdu.

Yazıçı görüb müşahidə etdiyi, ən əsası iştirakçısı olduğu inqilabın yetirdiyi şəraitlə əlaqədar incə bir detala diqqət yetirmiş, ustalıqla onu açmışdır. İnqilab çarizmin nümayəndələri arasında bir-birinə olan etibara, inama, məslək birliyinə olduqca ciddi zərbə endirmişdir. Dialoqdakılar birlikdə yox, hər biri mənsub olduğu peşənin «hakimiyyətin sütunu» olduğunu sübut etməyə çalışır. Mübahisəyə isə kəndlinin yekun vurması gözləniləndir. Çünki bu bol yeyib, bol içənlərdən heç nə ummaq və ya gözləmək olmaz. Onlara cəsarətli, həm də müdrik bir vətəndaş cavab verə bilərdi. O sağlam qüvvələrsə kəndli, yaxud fəhlələr idi. «Qonaqlıq» hekayəsi M.Ə.Sabirin 1907-ci ildə yazdığı «Fəhlə, özünü sən də bir insanmı sanırsan?!» satirik şeirinin ideyası ilə səsləşir, fikirlər üst-üstə düşür. S.Sani də, M.Ə.Sabir kimi istismarçı təbəqənin nümayəndələrinin tüfeyli həyat tərzi ilə fəhlə-kəndlilərin ağır güzəranını bir-iki epizodik cizgilərlə ümumiləşdirmişdir.

«Qonaqlıq»dakı kəndli obrazı bir çox xüsusiyyətləri ilə diqqətdən yayınmır. Ə.Haqverdiyevin, Y.V.Çəmənzəminlinin və başqalarının XX əsrin əvvəllərində yazdıqları əsərlərindəki yazıq, muti, söz demək iqtidarında olmayan kəndlini burada ürəkli, diribaş, qorxmaz, ağaların qarşısında düz sözü üzə deyən görürük. Bunların obyektiv səbəbləri görünəndir. Yəni S.S.Axundovun tənqidi realizm cərəyanı daxilində qalmayaraq, proletar ideologiyasından qüvvət alması ilə öz hüquqlarını, mənlik qürurunu dərk etməyə, «qanmağa, anlamağa» başlayan fəhlə-kəndlinin məhz sinfi mövqeyini də dərk etməsi ilə əlaqədardır.

«Kövkəbi-hürriyyət» Azadlıq ulduzu anlamındadır. Şifahi xalq ədəbiyyatından alınan motivlər əsasında yazılan hekayə dövrü üçün aktual və müasir olsa da nağıl üslubunda yazılmışdır. Burada nağıllarda olduğu kimi rəmzləşdirmə-simvolika realist xarakter daşıyır. Bu hekayədə də şər qüvvənin rəmzi olan Div insanları fəlakətə salır, Azadlıq ulduzunun qarşısını kəsdiyi üçün yerli əhali 25 yaşdan artıq ömür sürmür. Atalar məsəli var, deyir, «El bir olsa, dağ oynadar yerindən» Əyalətin insanları bel, balta külüng, ling və s. alətlər götürərək divin hördüyü dağı söküb - dağıtmağa gedirlər. Hər iş öz qaydasına düşür. İnsanlar rahat və uzun ömür sürməyə başlayırlar.

Məlum məsələdir ki, 1905-ci il inqilabı xalqa azadlıq, xoşbəxt həyat verə bilmədi. İrticaçı qüvvələr birləşərək azadlığ inqilabını boğdular. Hekayənin sonunda: «Lakin şadlıqları artıq davam etmədi. Bir müddət keçəndən sonra qara buludlar kövkəbi-hürriyyətin üzünü tutub onu yenə pünhan etdi». [1-242] Mətndə «qara buludlar», ifadəsi irtica qüvvələrinə işarədir. Realist ədəbiyyatı-mızda «Qara bulud» ifadəsi işlənmişdir, həm də irticanı təmsil edən bir məfhumdur. Yenə poeziyamıza - dahi M.Ə.Sabirə müraciət etdikdə «Hə, de görüm, nə oldu bəs, ay balam, iddiaların» şeirində irticanın «qara bulud»a bənzədildiyini müşahidə edirik.

İnqilaba qədərki yaradıcılığında görkəmli maarifçi, realist nasir S.S.Axundov ədəbiyyatımızda, əsasən də uşaq nəsrimizdə bu gün də əhəmiyyətini itirməyən, uşaqların sevdiyi «Qorxulu nağıllar» sərlövhəsi altında yazdığı hekayələrlə («Əhməd və Məleykə», «Abbas və Zeynəb», «Nürəddin», «Qaraca qız», «Əşrəf») məşhurdur. Bu hekayələrdə qəhrəmanların özləri də adidir, gördükləri işlər, yaşadıqları ömür də. Yaşadıqları cəmiyyətin onlara «bəxş» etdiyi əzablara baxmayaraq danışırlar, gülürlər, gəzirlər, bir sözlə, günü başa vururlar. Bəzən dərd-sərləri olmayan kimi zarafat edirlər, yaşlarına görə meyarı keçərək psixoloji sarsıntılar da keçirirlər.

S.S.Axundovun əksər qəhrəmanları məhz içində olduqları quruluşun ab - havası ilə yaşayırlar. Onların keçmişi görünmür, daha doğrusu, heç yada düşəsi, yaddaşlara hopası, sevinclə xatırlanası bir keçmişləri də yoxdur. Bütün hallarda bu yeniyetmələr öz keçmişlərini məqsədli şəkildə, bilərəkdən yoxlaşdırırlar. Çünki keçmiş- onlar üçün yaşanmış ömür deyil, yaşanmamış ömürdü, itən sevincdir, istəklərdir, arzulardır. S.S.Axundovun «Qorxulu nağıllar» sərlövhəsi altında verilən nümunələri əhval-ruhiyyə nəsridir. Həyata dərindən bələd olan yazıçı obrazların adı ömürlərinin fonunda həm onların özlərinin, həm də dövrlərinin əhvali-ruhiyyəsini yaratmağa müvəffəq olmuşdur.

Sadəcə, maraqlıdır ki, S.Sani mənəvi-psixoloji xüsusiyyətlərin təsvirini bilavasitə konkret dövrlə, həmin dövrün ictimai-siyasi hadisələri, sosial problemləri ilə bağlamaqla kifayətlənməmiş, istək arzularını ümumən böyük aspektdə götürməyə xüsusi diqqət yetirmişdir. «Əhməd və Məleykə» (1912) adlı kiçik həcmli hekayəsində yazıçı bir-iki epizodda 1917-ci ildən əvvəl uşaqların ağır, acınacaqlı həyatını əks etdirməyə çalışmışdısa (Əhmədin, Məleykənin, Xədicənin), «Abbas və Zeynəb» (1912) hekayəsində isə insanlığa xas olmayan adət və ənənələrə, nəsil ədavətinə, qan davasına nifrət aşılamağa çalışmışdır. Təbiət gözəllikləri mürtəce qüvvələrin vəhşiliyinə məruz qalır.

Akademik Məmməd Arif yazır: «…Süleyman Sani, hər şeydən əvvəl, bir müəllim idi. Böyük mənada, ən hörmətli mənada müəllim idi. Onun bədii yaradıcılığı da öz ilhamını bu müəllimlikdən alırdı. O bütün yaradıcılığında bir müəllim kimi oxucuları tərbiyə etməyə, onlara bilik, ibrət və mərifət verməyə çalışır» [4]. Alimin deyilən fikirlərini də nəzərə alsaq «Nürəddin» və «Qaraca qız» (1913) hekayələri çox səciyyəvidir. Bu hekayələrdə tənqid, ifşa hədəfi olsa da satirik əsər deyillər. Ədib bu hekayələrdə uşaqlara doğruçu, xeyirxah, namuslu, bilikli, nəcib, mərd, hazırcavab, böyüyə ehtiram etmək, qorxaq olmamaq və s. insana xas olan müsbət xüsusiyyətləri qazanmağı təlqin edir.

«Nürəddin» (1912) hekayəsinin ilk nəşri ilə sonrakı nəşrləri (1936) arasında yazıçı xeyli dəyişiklik etdiyi kimi, «Qaraca qız» (1913) hekayəsinin sonrakı nəşrlərində də dəyişiklik etmişdir. Hər iki hekayənin məzmununda ailə toqquşmaları göstərilir. Yusiflə arvadı Yasəmənin bir-birinə münasibətləri oxucuda ikrah hissi doğurur. Onların mənəvi aləmlərində, məfkurələrində, insanlara münasibətində olan ziddiyyətlər danılmazdır. Diqqət edək, Yusif pulgir, əzazil, nifrət olunası bir insandır. Yasəmənsə əks qütbdə dayanan hüquqsuz bir qadındır. O, qayğıkeş, istiqanlı, insanlara tez mehr salandır. Bu ziddiyyət - ailə konflikti yuxarı təbəqənin təmsilçiləri Hüseynqulu ağa ilə Pəricahan xanım arasında da vardır.

Tədqiqatçı Nadir Vəlixanov yazır: «Qaraca qız» hekayəsinin ideya-bədii xüsusiyyətlərindən danışarkən, burada Süleyman Saninin realizminə məxsus mühüm cəhəti qeyd etməliyik. O da bundan ibarətdir ki, ədib, Qaraca qızların, Piri babaların istismarçı sinfin nümayəndələri tərəfindən necə təhqir edildiklərini, əzildiklərini əks etdirməklə kifayətlənmir. Yazıçı xalq içərisindən çıxmış bu zəhmət adamlarına öz məhəbbətini izhar edir, onların mənəvi aləmlərinin zəngin, işıqlı, qüvvətli cəhətlərini ön plana çəkir» [3-147].

Ədibin hekayələrinin məğzində bir tendensiya durur ki, o da məhkum insanların mənəvi üstünlüyünün bədii həllini göstərmək poetikasıdır. Qaraca qız mənən yaşayır, ölümü günəşin qürub çağı ilə deyil, şəfəq saçması ilə qarşılaşdırır. Bu kontrast üsuldan hekayənin başqa yerində, həm də məqamında istifadə edildiyini görürük. Mətnə diqqət yetirək. Situasiya elədir ki, artıq Yasəmən Qaraca qızı ölümdən qurtarmış, fəqət zavallı qadın özü isə ömrünün son anlarını yaşamaqdadır. O, «…qızdırmanın təsirindən tora düşmüş quş kimi yerində çapalayırdı». Əsərin qəhrəmanını belə dözülməz, çətin məqamında təbiət al-əlvan geyinib.

Hekayədə oxuyuruq: «Gecə yağış yağdığına görə səhərin havası çox saf və təmiz idi. Dünənki bəlanı törədən çaylağın suyu indi enib əvvəlki həddinə düşmüşdü. Onun həzin şırıltısı, quşların cəh-cəh və nəğməsinə qarışmışdı. Qaraca qızın sevgili şəlaləsi günəşin qırmızı şöləsindən parlayırdı» [3-379,410]. Yazıçının bu parçada yaratdığı kontrast, əlbət ki, humanizmdən irəli gəlir. Nəticə göz qarşısındadır. Yasəmən yetim qaraca qızı ölümdən xilas etmək üçün özünü qurban verdi. Ölümün əlindən iki əlli yapışdı, özünə tərəf çəkdi dodaqları susuzluqdan çat-çat olan yolçu kimi ölümü təşnəliklə nuş etdi, məqsədinə də nail oldu. Ziddiyyətləri qarşılaşdırma üsulu surətləri xarici görkəmində, adında, təbiətində də qabarıq nəzərə çarpır. Burada bədii gözəllik arasında həyat həqiqətlərini görürük.

Professor Nizaməddin Babayev (Şəmsizadə) yazır: «…mürəkkəb təbəddülatlar epoxasında oxucu əsərin bədii gözəllikləri arasından ilk növbədə həqiqət axtarır. O, əsər haqqında sözünü əslində onun bədii parlaqlığında deyil, həqiqətin inandırıcılığına görə söyləyir». [2-116]

S.S.Axundov mövzusunu həyatdan aldığı əsərlərinin qəhrəmanları da görüb, müşahidə etdiyi insanlar idi. Bütün personajlarının prototipini ustalıqla yaratması da məhz buradan irəli gəlirdi. Təbii ki, tərcümə etdiyi ədəbi nümunələr də onun yaradıcılığına az təsir göstərməmişdi. Yaradıcılığında təsir - və təqdimində kontrastın təbii, məqamında alınması onun həyatı dərindən bilməsi, müşahidə qabiliyyətinin güclü olması ilə əlaqədardır. Ədibin yaradıcılığının inqlabdan sonrakı dövrü də zəngin olmuş və həmin illərdə nəsrimizi mövzu cəhətdən zənginləşdirmişdir.

* * *

Ədəbiyyat:

1. Axundov S.S. Seçilmiş əsərləri. B. «Şərq-Qərb», 2005, səh.242,244,245, 379-410 (445)

2. Babayev N.S. Tənqidi mühakimədə oxucu meyarı (məqalə). B., 1984. Ədəbi tənqid: problemlər, vəzifələr (məqalələr toplusu). Yazıçı nəşriyyatı. Səh.116(166)

3. Vəlixanov N.İ.S.S.Axundov. B.Gənclik, 1968, səh.54 (171)

4. M.Arif. Unudulmaz ədib, «Kommunist» qəzeti, 20 oktyabr, 1945

5. Saraclı Ə.Y.Azərbaycan bədii nəsri (XIX əsrin əvvəlləri) B, Elm, 1983, səh 103 (185)

Ülkər Mədətova,

http://yazikilitra.narod.ru/lit61.htm

* * *

Mövzuya dair:

Süleyman Sani Axundovun pedaqoji - ictimai fəaliyyəti

XX əsr Azərbaycan ədəbiyyatında realist ədəbi məktəb zəminində yetişmiş, görkəmli klassiklərdən biri də Süleyman Sani Axundovdur. Süleyman Sani Axundov gözəl hekayə ustası, dramaturq, müəllim, mədəniyyət xadimi kimi, Azərbaycan ədəbiyyatında silinməz izlər buraxmışdır. O, ilk dəfə yaradıcılığa 1894-cü ildə tərcümə etdiyi "Bir bənövşə qurbanı" əsəri ilə başlamışdır. S.S.Axundovun pedaqoji, ictimai fəaliyyətini daha yüksək qiymətləndirmək lazımdır.

1894-cü il oktyabr ayının 1-də Süleyman Sani Axundov Bakıdakı III rus-tatar məktəbinə müəllim təyin olunmuşdur. Görkəmli ədib müəllimlik illərini xatırlayaraq yazır: "O, vaxt Bakıda əhalinin azərbaycanlılar hissəsi üçün ancaq üç xalq məktəbi var idi. Mövhumatçı mollaların təsiri altında olan avam camaat öz uşaqlarını bu məktəblərə buraxmırdılar. Halbuki qaranlıq, rütubətli zirzəmilərdə yerləşən məhəllə məktəbləri-mollaxanalar şagirdlərlə həmişə dolu olurdu.

Mollaların təsirinə qarşı mübarizə edərək uşaqları məktəbə cəlb etmək üçün biz xalq müəllimlərindən çox əmək vermək, ehtiyatlı olmaq və bacarıq tələb olunurdu. Biz qapı-qapı gəzib ata-anaları başa salır və yalvarırdıq ki, uşaqları bizim məktəbə buraxsınlar. Ata-analarla bu barədə apardığımız mübarizə şair Sabir tərəfindən "Oxutmuram, əl çəkin!" şeirində təsvir olunmuşdur."   

Süleyman Sani Axundov bu məktəbdə 1897-ci il oktyabrın 1-nə qədər işləyir. O, müəllimliklə yanaşı maarif və mədəniyyətimizin inkişafına da böyük xidmətlər göstərmişdir. Ədib "Tənqid-təbliğ" teatrının yaranmasında yaxından iştirak etmiş, bu teatrın repertuarını dövrün tələblərinə cavab verən kiçik formalı pyeslərlə zənginləşdirmişdi. 1894-cü ildə S.S.Axundov N.Nərimanov, S.M.Qənizadə, H.Mahmudbəyov və başqaları ilə yaxından əlaqə saxlamış, onlarla birlikdə Azərbaycan səhnəsində həvəskar aktyor kimi, oyunlarda iştirak etmişdir.

Süleyman Sani Axundov ilk dəfə səhnəyə N.Nərimanovun "Nadanlıq" adlı pyesinin tamaşasında çıxmışdır. Bu əsərdə aktyor kimi oynaması demokratik maarifçi görüşlərlə onun fikirləri arasında yaxınlıq olması ilə bağlı idi.

S.S.Axundovu aktyorluğa sövq edən amil, xalqımızın gözünü açmaq, avamlığa, köhnəpərəstliyə nifrət doğurmaq arzusu idi. O, yaxşı bilirdi ki, teatr vasitəsi ilə avam, nadan insanları tərbiyə etmək olar. Təsadüfi deyildir ki, bu yolda o, Ə.Haqverdiyevin "Dağılan tifaq", N.Vəzirovun "Müsibəti-Fəxrəddin", N.Nərimanovun "Nadir şah" əsərində şəxsən aktyor kimi çıxış etmişdir.

1905-ci ildə Bakıda "Nicat", "Nəşri-maarif", "Səfa", "Səadət" və s. mədəni-maarif cəmiyyətləri yaradıldı. S.S.Axundovun özünün yazdığına görə: "Nicat" cəmiyyətinin məqsədi azərbaycanlılar arasında maarifi inkişaf etdirmək və ali və ibtidai məktəbdə oxuyanlara ianə vermək, milli dilin və milli ədəbiyyatın tərəqqisinə səy etmək idi. Dramaturgiya sahəsində 1906-cı ildə özünü bir daha sınayan S.S.Axundov "Dibdad bəy", "Türk birliyi" kimi siyasi mövzuda qələmə aldığı əsərləri ilə diqqəti cəlb edir.

XX əsrin əvvəllərində həm bölgələrdə, həm də Bakıda Azərbaycan dilinin təlimində acınacaqlı vəziyyət hökm sürürdü. S.S.Axundov da buna öz münasibətini bildirir və məsələnin çox ciddi olduğunu göstərirdi: "1906-cı ilə qədər Azərbaycan dilinin təlimi pedaqoji üsuldan xəbəri olmayan şəxslərə həvalə edilmişdir. Bu da təlim işinə zərər gətirirdi."

S.S.Axundov yüksək müəllimlik məharətinə malik idi. Dərs dediyi şagirdlərdə xalq ədəbiyyatına, bədii ədəbiyyata, ana dilinin zənginliklərinə maraq oyatmaq istəyirdi.

Azərbaycan dilinin saflığı uğrunda mübarizədə S.S.Axundovun böyük xidmətləri olmuşdur. Professor Cəfər Xəndanın dediyi kimi: "XX əsrdə burjua ideoloqları ilə demokratik yazıçıların mübarizə etdiyi bir dövrdə Süleyman Sani Axundov realizm, demokratizm cəbhəsini tutmuş və "Füyuzat"çıların ziddinə olaraq təmiz Azərbaycan dilində əsərlər yazmışdır".

A.Şaiq Süleyman Sani Axundovun pedaqoji, ictimai, yaradıcılıq fəaliyyətini M.Ə.Sabirin, A.Səhhətin fəaliyyəti ilə birlikdə qiymətləndirərək yazmışdır: "XX əsrin əvvəllərində artıq dünya mədəniyyəti ilə yaxından tanış olan qabaqcıl ziyalılarımız çox yaxşı dərk edirdilər ki, beş-on ziyalı ilə bir millətə nicat vermək olmaz. Xalqımızın qarşısında duran böyük ictimai-siyasi vəzifələrin öhtəsindən gəlmək üçün dövrün məlumatlı, elmli ziyalılarımız çox az idi. Buna görə də yeni ruhlu mübariz ziyalı nəsli yetişdirmək, qarşımızda duran ən mühüm vəzifələrdən idi. Demokratik fikirli bütün müəllimlər, yazıçılar, maarif xadimləri yeni nəslin təlim-tərbiyəsinə böyük əhəmiyyət verirdilər. Onlar həm müəllimlik edir, həm dərsliklər yazır, həm uşaqlar üçün bədii əsərlər yaradır, bir sözlə, tərbiyə işi ilə əlaqədar olan bir neçə sahəni öz fəaliyyətlərində birləşdirdilər. Sabirin, Səhhətin, S.S.Axundovun fəaliyyətləri buna yüksək misaldır."

S.S.Axundov 1899-cu ildə yazdığı "Tamahkar" əsəri ilə dövrünün mənfiliklərini ifşa etməklə kifayətlənməmiş, feodal ənənələrinə qarşı çıxan İmran, Gülzar, Şərəf xanım kimi müsbət surətlərin dili ilə insanları fədakarlığa, gözəl həyat qurmağa çağırır. Bu dövrdə Süleyman Sani Axundovun uşaq ədəbiyyatının inkişafında böyük xidmətləri olmuşdur.

1920-ci ildən sonra Süleyman Sani Axundovun yaradıcılığında yüksəliş mərhələsi olur. O, ilk dramını "Laçın yuvası", ilk pyesini "Çərxi fələk", "Qaranlıqdan işığa" ilk faciəsini, "Eşq və intiqam", "Bir eşqin nəticəsi" janrının nümunələrini yaratdı.

Bu illərdə S.S.Axundov kiçik həcmli "Qonaqlıq" (1905), "Kövkəbi-hürriyyət" (1905), "Yuxu" (1905) hekayələrini yazır. Ədibin "Qonaqlıq" və "Kövkəbi-hürriyyət" əsərlərinin ideya və üslub xüsusiyyətlərində müəyyən bir yenilik diqqəti cəlb edir. Bu yenilik, hər şeydən əvvəl, həmin hekayələrin ideyasında, inqilabi mahiyyətində dövrün azadlıq hərəkatı ilə bağlı olan məzmununda özünü göstərirdi. "Kövkəbi-hürriyyət" və "Yuxu" hekayələrinin üslubunda şifahi xalq ədəbiyyatından gələn keyfiyyətlər vardır. Bu əsərlər nağıl tərzində yazılmışdır.

1916-cı ildə "Qorxulu nağıllar" kitabçası məzmun və üslub etibarilə uşaqlara gözəl hədiyyə idi. Bu kitabçada S.S.Axundov uşaqlar üçün beş hekayə yazmışdır: "Əhməd və Məleykə", "Abbas və Zeynəb", "Nurəddin", "Qaraca qız", "Əşrəf". M.Arifin dediyi kimi: "Bu hekayələr doğrudan da qorxulu nağıllar idi. Lakin bunlar uşaqları qorxutmur, uşaqlara həyat həqiqətinin işıqlı-qaranlıq cəhətini açır, xeyirin və ədalətin təntənəsini - əks etdirir".

"Əhməd və Məleykə" (1912), "Abbas və Zeynəb" (1912) hekayələrində S.S.Axundov bir-iki epizodda o dövrdə uşaqların ağır, acınacaqlı həyatını əks etdirməyə çalışmışdır. Əhmədin, Məleykənin, Xədicənin faciəsi bu ailənin başçısı Nurəddinin həlak olması ilə məhdudlaşmır. Kənd əhalisi aclıq çəkir. Əsərdən görünür ki, S.S.Axundov bu ailənin faciəsini yazmaqla Azərbaycan kəndinin ağır məziyyətlərini qələmə alır.

"Abbas və Zeynəb" hekayəsində təsvir edilən kənd quldur Səfərin vəhşiliklərinə məruz qalır. Kənddə dərəbəylik hökm sürür. Ədib hekayədə quldur Səfərin başına topladığı "dəliqanlıların" qaya dibi kəndinin yandırılıb kül etməsinə qarşı nə kimi cəza tədbirləri görüldüyünü göstərir.

"Qorxulu nağıllar"dakı "Nurəddin" və "Qaraca qız" hekayələri də çox səciyyəlidir. "Qaraca qız", "Nurəddin" S.S.Axundovun nəşr yaradıcılığının şah əsərləridir. Bu hekayələrdə də müəllif Piri babanı müdrik, alicənab, bağbanlıq sənətinin mahir ustası, Nurəddini bilikli, hazırcavab, çətinə düşən insanlara qayğı göstərən, Qaraca qızı qoçaq, mərd, sağlam, fədakar kimi işıqlı boyalarla səciyyələndirir. "Nurəddin" hekayəsində ədib bütün "müsbət, gözəl keyfiyyətləri maariflə, tərbiyə ilə bağlayır. Əgər Nurəddin diribaş, ağır və ağıllı bir uşaqdırsa bu onun ailə tərbiyəsi ilə əlaqədardır. Əgər Nurəddin rəhmdil, mehriban, qayğıkeşdirsə, səbəb müdrik qocaların nəsihətamiz fikirləridir. Əgər Nurəddin maneə və çətinliklərdən sağ-salamat qurtarırsa, bunun üçün o məktəbə, elmə, müəllimə borcludur. "Nurəddin" əsərindəki Əmiraslana uşaqlıqdan "tam sərbəstlik" verilmişdir. Nəticədə Əmiraslanın pis əməlləri onu bədbəxt edir.

S.S.Axundov uşağın tərbiyəsində valideyn qarşısında məsuliyyətli tələbləri qoyur. V.Q.Belinski deyir: "Uşağa tam sərbəstlik vermək onu məhv etmək deməkdir".

"Qaraca qız" hekayəsində S.S.Axundov Qaraca qızın simasında ədəbiyyatımızda ilk dəfə yoxsul, zəhmətkeş ailənin bitkin uşağının təsirli, ürəkağrıdıcı obrazını yaratmışdır. Müəllif bu kiçik qız uşağında ən gözəl keyfiyyətləri cəmləşdirir.

"Qaraca qız" hekayəsində Pəricahan xanım qızını ağıllı, xoşrəftar Tutu ilə oynamağa qoymur. Acığı tutanda onu qaranlıq otağa salır. Pəricahan xanım uşağın mənəvi aləmindən xəbərsiz, təkəbbürlü bir qadındır. O, uşağın istək və arzularına qarşı çıxır. Bu da sonluqda kiçik yaşlı Ağca xanımın xarakterinə mənfi təsir göstərir.

S.S.Axundovun fikrincə: "valideyn övladının arzu və istəklərini öyrənməli, nəzərə almalıdır". Axundov uşağın öyrənmək meylinə həssaslıqla yanaşır. M.Q. yazırdı ki, uşağa "gözlə, böyüyəndə bilərsən" deyib sualına cavab verməmək, onun öyrənmək meylini söndürmək deməkdir.

S.S.Axundov bir pedaqoq kimi həyatda uşağın diqqətini mühüm, ciddi şeylərə cəlb edir. Ədibin balaca qəhrəmanlarının səciyyələri gördükləri işdə, hərəkət və rəftarlarında aydınlaşır. S.S.Axundovun qəhrəmanları məqsədlərinə çatmağa çalışırlar.

M.Arif yazır: "Hekayələrdəki macəraçılıq qətiyyən əsas xəttin inkişafına xələl gətirmir, bəlkə əksinə, daha da onlardakı insan xüsusiyyətlərinin dərindən açılıb göstərilməsinə yardım edir. Çünki müəllifin bu hekayələrdə bizə göstərmək istədiyi uşaqların (Qaraca qız və Nurəddin) yaxşı sifətləri onların düşdükləri çətin şəraitdə daha yaxşı nəzərə çarpır. Onlar bu çətinlikdən qurtarıb, o birinə düşürlər, öz ağıl və fərasətləri ilə nicat yolu tapıb, ölümlə pəncə-pəncəyə gəlir, ruhdan düşmür, yenə qalib gəlirlər".

Süleyman Sani Axundov yaradıcılığa kiçik həcmli əsərlərlə başlamış olsa da ədəbiyyata gətirdiyi mövzu yeniliyi, mövzunun aktuallığı, dilinin sadəliyi, saflığı diqqəti cəlb etmiş, oxucunu daima düşündürmüşdür: "Xalq həyatının dərinliklərinə bələd olmaq, onun varlığında meydana çıxan mühüm cəhətləri izləmək S.S.Axundov sənətinin əsas xüsusiyyəti kimi diqqəti cəlb edir".

Göyərçin Mustafayeva,

“Ədalət” qəzeti. 2011.- 20 may.- S. 4

* * *  

►Bax həmçinin:

Süleyman Sani Axundov. Seçilmiş əsərləri. Tərtib edəni və ön sözün müəllifi  N.Vəlixanov; red. Ş.Vəliyev.- Bakı: Şərq-Qərb, 2005. - 448 s.

 

Xəbərlər
Redaktorun seçimi