“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.12.2014, 18:39
2988

Sovet dövrü ədəbiyyatı (1920-1980-ci illər)

A- A+

Qısa icmal

1920-ci ilin 28 aprelində bolşevik Rusiyasının işğalçı XI ordusunun zərbələrinə davam gətirə bilməyən Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Ölkədə sovet hakimiyyəti quruldu. 30-cu illərin repressiyası öz başlanğıcını sovet hakimiyyətinin qurulduğu ilk aylardan götürmüşdü. Onun ilk ziyalı qurbanı erməni daşnaklarının Gəncə həbsxanasında güllələdikləri Qazax Müəllimlər Seminariyasının direktoru, görkəmli alim və ədəbiyyat tənqidçisi, ilk çoxcildlik Azərbaycan ədəbiyyatı tarixinin müəllifi, böyük maarifpərvər Firidun bəy Köçərli (1863-1920) olmuşdur.

Ümumiyyətlə repressiya Azərbaycan ədəbiyyatının sovet dövrü tarixinin qan qarışıq qara səhifələrini təşkil edir. Bu zaman əsassız təqiblərə məruz qalanlar arasında günahsız fəhlə və kəndlilər də çox idi. Lakin bolşevik-daşnak təqiblərindən ən çox zərər çəkən ziyalılar olmuşdur. Bunun da səbəbi aydın idi. Stalinçilər Azərbaycan xalqının ziyalı övladlarını qırmaq, yaxud məhbəslərdə və sürgünlərdə çürütməklə millətin özünüdərk prosesinə mane olmaq, onu öz mənəvi köklərindən ayırmaq, kommunist ehkamlarının kor-koranə icraçısına çevirmək istəyirdilər.

Xalqın tarixini, fəlsəfəsini, dilini, əlifbasını, mədəniyyətini, psixologiyasını, mentalitetini yaxşı bilən, bunları tədqiq edib soydaşları arasında təbliğ edən alimlər, öz doğma dilində və xalq ruhuna yaxın olan formalarda yazılmış bədii əsərləri ilə milli təfəkkürün öləziməsinə mane olan yazıçı, şair və dramaturqlar, bütünlükdə yaradıcı ziyalılar "yuxarı"dan verilmiş sərt və amansız "xüsusi" tapşırıqları yerinə yetirənlərin ən çox qorxduqları, buna görə də ən amansız rəftar etdikləri həmvətənlərimiz idilər. O dəhşətli illərdə repressiyaya məruz qalmış sənətkarlar arasında Azərbaycan ədəbiyyatı və incəsənətinin, ədəbiyyatşünaslıq və dilçilik elmlərinin çox görkəmli nümayəndələri olmuşlar.

XX əsrin ilk onilliklərindəki qlobal hadisələr və regiondakı ictimai sarsıntılarla əlaqədar olaraq, xüsusən də Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən sonra, habelə 30-cu illərin repressiyaları zamanı Azərbaycanın yaradıcı ziyalıları dəfələrlə siyasi təqiblərə məruz qalmış, xilas olmaq və ədəbi fəaliyyətlərini davam etdirmək məqsədilə son çıxış yolu kimi mühacirətə üz tutmuşdular. 1941-1945-ci illər SSRİ-Almaniya müharibəsində almanlar tərəfindən əsir alınması ucbatından vətən torpağına qədəm basması yasaq edildiyi üçün davadan sonra xaricdə sığınacaq tapanlar, İranda şahlıq rejiminin təqibindən tərkivətən olanlar, yaxud onların övladları bu gün ölkəmizdən uzaqlarda - Asiya, Afrika, Avropa, Amerika, hətta Avstraliya qitələrində yaşayırlar.

Mühacir ziyalılarımızı bir cəhət həmişə birləşdirmişdir: onlar məskun olduqları ölkələrdə Azərbaycan milli ədəbi, mədəni mentalitetini, azərbaycançılıq ideallarını yorulmaq bilmədən qorumuş, ləyaqətlə təmsil və təbliğ etmiş, sovet imperiyası məngənəsində sıxılan Azərbaycanın dərdini-odunu həmişə hakim dairələrin və ictimaiyyətin diqqət mərkəzində saxlamaq üçün səylə çalışmışlar. Bir qismi öz yaradıcılıq fəaliyyətini bu gün də davam etdirən Azərbaycan mühacirlərinin çox geniş, sanballı ədəbi, elmi-filoloji, publisist irsi mövcuddur.

Bu dövrdə “İki od arasında" ("Qan içində"), "Qızlar bulağı" kimi romanların müəllifi Yusif Vəzir Çəmənzəminlinin (1887-1943), "Şamo" epopeyası və "Saçlı" romanının müəllifi Süleyman Rəhimovun (1900-1983) xüsusi xidmətləri qeyd olunmalıdır.

Sovet dövrü Azərbaycan ədəbiyyatının başlıca xüsusiyyətlərindən biri də müntəzəm olaraq ideoloji orqanlar tərəfindən idarə edilməsi, ədəbi fəaliyyətə direktivlərlə istiqamət verilməsi olmuşdur. Bunlardan ən başlıcaları kimi RK(b)P MK-nın "Partiyanın bədii ədəbiyyat sahəsindəki siyasəti haqqında" (1925) qətnaməsini, "Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında" (1932) ÜİK(b)P MK-nın qərarını, "Zvezda" və "Leninqrad" jurnalları haqqında" (1948) qərarını Azərbaycan KP MK-nın "Azərbaycan sovet ədəbiyyatının vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında" (1948) qərarını Sov.İKP MK-nın "Ədəbi-bədii tənqid haqqında" (1972) qərarını və bir sıra başqa siyasi direktivləri göstərmək olar.

Xüsusən 1934-cü ildə keçirilən sovet yazıçılarının Birinci Ümumittifaq qurultayı tərəfindən müəyyən edilmiş sosialist realizmi bədii metodu yaradıcı sənətkarların əl-qolunu bağlayır, onları müəyyən qəliblər çərçivəsində yazmağa məcbur edirdi. "Zvezda" və "Leninqrad" jurnallarında sovet həyat tərzinin guya təhrif edilməsinin, ictimai həyatdakı nöqsanların qabardılmasının tənqidindən sonra isə, başqa SSRİ xalqları ədəbiyyatı ilə yanaşı, Azərbaycan ədəbiyyatında da "konfliktsizlik" üzərində qurulmuş bədii örnəklər yaranmağa başladı.

60-90-cı illərin ən mühüm ədəbi hadisəsi "60-cıların" yaradıcılıq aləminə gəlişi oldu. Məhz bu gəlişdən sonra ədəbiyyat öz ruhu, mahiyyəti ilə total hərbi rejimə qarşı gerçək bir mənəvi müxalifətə çevrildi və bu günün milli istiqlal və demokratiya hərəkatının fikri mənəvi cəhətdən hazırlanmasında fəal iştirak etdi.

Hər şeydən öncə, "60-cıların" insana, onun mənəvi aləminə baxışının dərinləşdiyi qeyd olunmalıdır. İnsan hər zaman ədəbiyyatın əsasını təşkil etmişdir və təsadüfi deyil ki, ədəbiyyat yüksək mənada "insanşünaslıq" adlandırılmışdır. Ancaq diqqəti çəkən ən vacib məqam "60-cıların" "insan" mövzusunu o dövrün ədəbiyyatına yeni mövzu, təzə problem olaraq əsaslı şəkildə yenidən daxil etmələridir. Onların əsərlərində bədii maraq şəxsiyyətə, fərdə, ən sadə, sıravi cəmiyyət üzvlərinin mənəvi-psixoloji aləminə, dərinliyə, içə yönəldilmişdi. Xüsusən onların povest və hekayələrində dövr, mənəvi gerçəklik "ictimai sistem və quruluş" kimi deyil, ondan daha öncə vicdani, etik səltənət kimi, bir əxlaq və mənəviyyat meyarı kimi qavranır və bədii təhlilin predmetinə çevrilirdi. Bu əsərlərdəki qəhrəman tipinin düşüncə və təsəvvürləri ədəbiyyatdakı "sovet adamı" anlayışı və ehkamı ilə heç cür uyğun gəlmirdi.

Qəribəlikləri bəzən çılğınlıq kimi qəbul edilən saf ürəkli həqiqət divanələri, həyatda yerini tapmayan, bunun üçün də bəzən avara gəzən, buna baxmayaraq əsil insan və bəşəri hisslər qarşısında heyrətə gələn qeyri-adi adamlar "60-cılar" ədəbiyyatının ən populyar qəhrəmanları idi. Tarixi mövzuda yazılmış roman və povestlərdə sosialist məngənəsində öz milli köklərindən, dövlətçilik ənənələrindən uzaqlaşmağa məhkum edilmiş xalqın dövlətçilik tarixinə, qəhrəmanlıqla zəngin keçmişinə sıx-sıx müraciət olunur, azadlıq və sərbəstlik haqqında nisgil və arzuları öz əksini tapırdı.

Söz və fikir azadlığı, siyasi düşüncə sərbəstliyi, plüralizm, milli istiqlal, ictimai ədalət uğrunda ədəbiyyatda başlamış bu hərəkat - 70-90-cı illərdə davam etdirilərək, ən nəhayət, Azərbaycanın siyasi suverenlik, dövlət müstəqilliyi əldə etməsi ilə öz perspektiv məqsədlərini həyata keçirmiş oldu.

XX əsrin ikinci yansmdan fəaliyyət göstərən (daha doğrusu, yeni dövr ədəbiyyatını yaradan) Qarabağdan çıxmış yüzlərlə yazıçı, dramaturq, şair, publisist, alim və jurnalisti bu siyahıya əlavə etsək, Qarabağ torpağının Azərbaycan ədəbi fikrinə verdiyi gücü-qüvvəni təsəvvürə gətirmək çətiıı olmaz.

Süleyman Rəhimov, İlyas Əfəndiyev, Bayram Bayramov, Sabir Əhmədov kimi nəhəng söz sərrafları, xalq yazıçıları, söz ustadları; Mehdi Məmmədov, Əkbər Ağayev, Qulu Xəlili, Əlfi Qasımov, İsi Məlikzadə, Məcid Şamxalov, Cəmil Əlibəyov, Qasım Qasımzadə, Famil Mehdi, Teymur Elçin, Cahangir Gözəlov, Elçin, Çingiz Abdullayev, Yusif Kərimov, Şahmar Əkbərzadə, Vaqif Cəbrayılzadə (Vaqif Bayatlı Önər), Seyran Səxavət, Aqil Abbas, Əli Əmirov, Zakir Fəxri, Ənvər Əhməd kimi çox istedadlı yazıçı, şair və tənqidçilər Azərbaycan ədəbiyyatınm, bədii fıkrinin, əbədiyyat elminin ən görkəmli simalarına çevrilmişlər və Azərbaycan ədəbiyyatmı öz orijinal bədii-estetik və elmi təfəkkürləri ilə, dəyərli, orijinal yaradıcıhqları ilə zənginləşdirmişlər və inkişaf etdirmişlər.

Və bu nəhəng, coşğun, qurumaz fikir nəhri axmağındadır... 

Azərbaycan nəsrinin canlı, təravətli, bədii surətlər və əlvan təsvir vasitələri ilə zənginləşməsində, dramaturgiyamızda lirik-psixoloji üslubun inkişafında İlyas Əfəndiyevin (1914-1996) böyük yaradıcılıq xidmətləri olmuşdur. Yarım əsr ərzində onun səhnəmizə bəxş etdiyi 15 pyesi ("Sən həmişə mənimləsən", "Məhv olmuş gündəliklər", "Mahnı dağlarda qaldı", "Büllur sarayda", "Xurşidbanu Natəvan" və s.) əsasında hazırlanmış tamaşalarda aktyor və rejissor kadrların bütöv bir nəsli yetişib püxtələşmiş, "İlyas Əfəndiyev teatrı" bərqərar olmuşdur.   

Çoxşaxəli yaradıcılığı ilə seçilən Elçin (1943) də eyni ədəbi nəsilə mənsubdur. "Dolça", "Baladadaşın ilk məhəbbəti", "Şuşaya duman gəlir" povestləri, bir sıra hekayələri, "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü" kimi romanları, "Mənim ərim dəlidir", "Mənim sevimli dəlim" kimi pyesləri Elçini müasir ədəbiyatımızın ən görkəmli nümayəndələri sırasına qoymuşdur. Eyni zamanda məhsuldar ədəbiyyatşünas və tənqidçi olan Elçin "Tənqid və ədəbiyyatımızın problemləri", "Klassiklər və müasirlər", "cazibə sahəsi" kimi qiymətli elmi monoqrafiyaların müəllifidir.

Mənbə:

http://karabakh.az

 

Xəbərlər
Redaktorun seçimi