İsmayıl Quliyev (1911-1990)
Sələflərin yaradıcılıq ənənələri sonralar da inkişaf etmiş və bu Cəbrayılda yaşayan el şairlərinin şeir, sənət kəhkəşanında özünə layiqli yer tutmuşdur. Elə şairlər var idi ki, onlar saz çalmır, lakin aşıq şeiri üslubunda, xalq şeiri tərzində yazdıqları poeziya nümunələrə ilə yaddaşlarda qalır, ayrı-ayrı şeirləri dillər əzbəri olurdu. Belə el şairlərindən biri öz duzlu məzəli yazıları, maraqlı qoşma və gəraylıları, təsirli satirik və yumoristik əsərləri ilə, indi də hamının dilinin əzbəri olan gülməli və düşündürücü lətifələri ilə sevilən İsmayıl kişi idi.
İsmayıl Tumasqulu oğlu Quliyev 1911-ci ildə Xan Arazın sahillərində qərar tutmuş Araz Maşanlı kəndində dünyaya gəlmişdi.
Araz Maşanlı kəndi Şimaldan Diri dağına söykənmiş, cənubdan isə ətəklərini Arazın yalaya-yalaya keçdiyi Qaradağa üz tutmuşdu. Uşaqlıq və gənclik illərini belə bir füsünkar təbiət qoynunda keçirmiş İsmayıl Quliyevin, sözsüz ki, poeziyaya, sənətə bağlılığı təbii idi. Bir tərəfdən isə kəndin yaxınlığında yerləşən həm həsrət, həm də vüsal körpüsü olan, bu gün isə düşmən tapdağıənda inləyən yaralı Xudafərinə baxanda ulu sələfi Dirili dədə Qurbanini xatırlayır, bəlkə də bu səbəbdən söz mülkünə daha çox bağlanardı. Elə ona görə də yaradıcılığının lap ilk illərində yazırdı:
Sağımda Qurbani, solumda Pəri,
Heç birinin yoxdur məndən xəbəri,
Aşıqlar məskəni, vətən dilbəri
Cəbrayılda mən dünyaya gəlmişəm.
İsmayıl Quliyev kənddə 8-illik təhsili başa vurandan sonra orta ixtisas məktəbini qurtararaq-iqtisadçı peşəsinə yiyələnmişdir. Müharibədən əvvəlki illərdə bir müddət prokurorluq orqanlarında çalışmış-əvvəlcə məhkəmədə katib, məhkəmə icraçısı, sonralar prokuror köməkçisi işləmişdir. Eyni zamanda şeirə, poeziyaya həvəsi də sönmürdü, təbi gəldikcə yazırdı, yaradırdı.
Lakin 1941-1945-ci ilin vətən müharibəsi onun da arzularını yarımçıq qoydu. Faşist Almaniyasına qarşı başlamış ölüm-dirim müharibəsi onu ağuşuna aldı.
Müharibənin əvvəlindən axırına qədər cəsarətlə, qeyrətlə vuruşdu.
Taleyin qisməti onunü üzünə güldü, müharibədən salamatq qayıtdı. Müharibədən sonra Cəbrayıl rayon mərkəzində işə dəvət edildi. Həmin dövrdən başlayaraq ömrünün sonuna qədər partiya, hökumət işində çalışdı. Uzun müddət rayon istehlak cəmiyyətinin sədri, şəhər sovetinin sədri, kommunal təsərrüfatı birliyinin müdiri, sonralar isə rayon icraiyyə komitəsinin müdiri vəzifələrində işlədi. Hər yerdə də namusla, vicdanla çalışdı, həmişə xatırlandı.
İsmayıl Quliyev bu illər ərzində partiya, dövlət işlərində işləsə də, şeirdən, poeziyadan ayrılmamış, respublika və yerli mətbuatda – “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri”, “Kolxozçu” qəzetlərində mütamadi olaraq çap olunmuşdur.
Şairin mövzu dairəsi genişdir, hərtərəflidir. Vətənin təbii gözəlliklərini, doğma yurdun insan duyğularını ehtizaza gətirən mənzərələrini tərənnüm edəndə də, bədii obrazın, sonsuz bir istəklə sevən aşiqin varlığına hopmuş səmimi, ülvi məhəbbətini təsvir edəndə də, ayrı-ayrı satirik şeirlərində də səmimidir, təsirlidir, yaddaqalandır.
Poeziyanın əzəli-əbədi bir mövzusu var. Məhəbbət mövzusu. İsmayıl kişi öz poeziyasında sanki bu mövzuya bir doğmalıq, yenilik gətirir. Məhəbbət mövzusunda yazdığı şeirlərdə gözəlin təsvirini elə aydın, bədii cizgilərlə verir ki, bu misraları oxuduqca qənirsiz bir kənd gözəli, onun gözəllikləri gözlərimiz önündə canlanır:
Sən çıraq olasan, o da pərvanə,
Dolanıb başına, oduna yana.
Eşqimdən olasan dəli divanə,
Könlündə bir məskən sala sevgilim.
Yaxud:
Bir çiçəksən sən çəməndə,
Saçların bənzər kəməndə,
O qaş, o göz nədir səndə?
Qaşı, gözü qara dilbər.
- misralarında gözəli necə tərənnüm edirsə:
Bulud tək meşəsi, saysız ağacı,
Ulduzlar yoldaşı yerlərin tacı,
Dağında kəkliyi, düzdə turacı,
Gölündə ördəyi, cüt sonası var.
- şeirində ana yurdun, onun təbiətinin, uca dağlarının, yaşıl ormanlarının gözəlliyini də eyni həvəs və istəklə qələmə alır.
1988-ci ildə Qarabağ hadisələri başlayanda İsmayıl kişi ömrünün müdriklik çağlarını yaşayırdı. Nankor ermənilərin başladığı “Qarabağ oyunu” ona yaman təsir edirdi. Ömrü boyu azərbaycanlıların süfrəsinin artığı ilə dolanmış bu nanəcib qonşuları İsmayıl kişi çox görmüşdü. Onların hər əməllərinin - yaltaqlıqlarının, ikiüzlülüklərinin, yalançılıqlarının şahidi olmuşdu. Elə ona görə də ermənilərin torpaq iddiaları üzə çıxanda bi müdrik el ağsaqqalı onların bu iddialarına ürəyində gülmüş, hətta bu barədə bir neçə şeir də yazmışdır. Qarabağ mövzusuna həsr olunmuş “Qarabağ” şeirində:
Səndən yada vətən olmaz,
Ayaq basıb ötən olmaz.
Boş xəyala yetən olmaz,
Ana yurdum, öz torpağım.
Ay müqəddəs Qarabağım.
- deyən İsmayıl Quliyev “Balayan” şeirində də ermənilərin üzdəniraq ideoloqu, bədnam Zori Balayanı kəskin satirik qələmlə ifşa edirdi:
Qarabağ həsrəti öldürdü səni,
Sağikən geyindin ölü kəfəni,
Parçalamaq olmaz bizim vətəni,
Arzuların çıxdı boşa Balayan,
Bərəkəllah səndə başa Balayan.
Ömrü boyu vətənin xoş günlərini arzulayan, doğma torpağı, onun gözəlliklərini ülvi məhəbbətlə sevən müdrik el ağsaqqalı, tanınmış el şairi İsmayıl Quliyev ömrünün ixtiyar çağlarında - 1990-cı ilin payızında doğma ellrədən nigaran bir şəıkildə dünyasını dəyişdi.
Sağlığında heç bir kitab çap etdirmək haqqında fikirləşməyən İ. Quliyevin ölümündən sonra – 1992-ci ildə “Gənclik” nəşriyyatında “Cəbrayıl çinarını tanıdım sizə” adlı ilk kitabı çap olundu. Kitabın çap olunmasında mərhum şairin oğlu, hüquq elmləri namizədi, Bakı Dövlət Universitetinin dosenti Rafiq Quliyevin əvəzsiz xidməti olmuşdur. Şairin ölümündən 3 il sonra isə 1993-cü ilin avqustunda sonsuz bir məhəbbətlə sevdiyi Cəbrayıl torpağı namərd ermənilərin tapdağı altına keçdi. Onun doğma torpaqda uyuyan məzarı da bu gün düşmən tapdağı altındadır. Və ana torpaq da, bu nigaran məzarlar da öz xilaskarlarını gözləyir.
Tariyel Abbaslı,
filologiya üzrə fəlsəfə doktoru