Məhəmmədhəsən Vəlili (Baharlı) (1896-1937)
Məhəmmədhəsən bəy Nəcəfqulu bəy oğlu Vəlili (Baharlı) 1896-cı ildə doğulub. Qarabağın tanınmış nəsillərindən olan Baharlı tayfasının nümayəndəsidir. Atası Nəcəfqulu bəy Şeyda Qarabağın məşhur şairlərindən olub. Məhəmmədhəsən Vəlili özü tanınmış pedaqoq, iqtisadçı alim, tarixçi (etnoqraf) yazar idi.
Bakı gimnaziyasını bitirdikdən sonra təhsilini Kiyеv Univеrsitеtinin iqtisadi-coğrafiya fakültəsində davam еtdirmiş və 1915-ci ildə oranı bitirmişdir.
Baharlı Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyəti dövründə təsis еdilmiş Bakı Dövlət Univеrsitеtində dərs dеmiş, Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində çalışmışdır. Sovеt dövründə isə əmək fəaliyyətini Dövlət Plan Komitəsində davam еtdirmişdir.
O, 1923-1929-cu illər arasında fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin üzvü sеçilmiş, həmçinin 1937-ci ilə qədər gizli surətdə fəaliyyət göstərən Azərbaycan İstiqlal Təşkilatının katiblərindən biri olmuşdur. M.Baharlı 1926-cı ildə Solovko əsir düşərgəsindən sürgündən qayıtdıqdan sonra, ikinci dəfə 1937-ci ildə həbs еdilmişdi.
M.Vəlili (Baharlı) 1937-ci il iyulun 27-də güllələnmişdir.
Məhəmmədhəsən bəy Baharlının anadan olmasının 100 illiyi münasibətilə AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov (Baharlı) dövri mətbuatda onun yaradıcılığının müxtəlif aspektlərini işıqlandıran məqalələr dərc etdirmişdir. Zakir Məmmədovun təşəbbüsü ilə 25 may 1998-ci ildə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda yubiley tədbiri keçirilmişdir.
Məhəmmədhəsən bəy Baharlının anadan olmasının 110 illiyi münasibətilə Orxan Zakiroğlu (Baharlı) "İlk Azərbaycanşünas alim" ("Azərbaycan müəllimi" qəzeti, 10 fevral 2006-cı il), "Unudulmaz Azərbaycanşünas alim - Məhəmmədhəsən Baharlı" ("525-ci qəzet", 17 fevral 2006-cı il) və "Görkəmli Azərbaycanşünas alim" ("Xalq qəzeti", 20 iyul 2006-cı il) məqalələrini çap etdirmişdir.
* * *
Mənbə:
Ənvər Çingizoğlu, Baharlı oymağı, "Soy" dərgisi, 6(14) Bakı, 2008, səh. 22-79.
* * *
►Mövzuya dair:
Görkəmli azərbaycanşünas alim
Görkəmli ensiklopedik alim Məhəmmədhəsən Vəlili (Baharlı) 1896-cı ildə Bakıda doğulmuşdur. Atası Nəcəfqulu bəy Şeyda Mir Möhsün Nəvvabın təşkil etdiyi “Məclisi-fəramuşan”ın üzvü olmuş, klassik üslubda şeirlər yazmışdır. Babası Mirzə Məhəmmədhəsən bəy Vəliyev çar ordusunda qulluq etmiş, ərəb, fars, rus dillərini mükəmməl bilmişdir. Ərəb dilindən ruscaya etdiyi tərcüməyə görə çar hökuməti tərəfindən medalla mükafatlandırılmışdır. Anası İmarət xanım Həsən bəy Zərdabinin bacısı qızıdır.
Baharlı tayfasına mənsub Məhəmmədhəsənin ulu babaları Bayram bəy Baharlı və onun oğlu Mirzə Vəli Baharlı Qarabağ xanlığının ictimai-siyasi həyatında, daxili və xarici siyasətində yaxından iştirak etmişlər. Deyilənə görə, Molla Pənah Vaqifin saraya dəvət edilməsi Mirzə Vəli Baharlının xahişi ilə olmuşdur. Qarabağ xanı İbrahimxəlil xanın yaxın adamlarından olan və İran şahına girov verilən Mirzə Vəli Baharlının faciəli ölümündən sonra onun sonrakı nəsli öz soyadlarını babalarının adı ilə adlandırmışdır: Vəlibəyov, Vəliyev, Vəlizadə, Vəlili.
Mirzə Vəli Baharlının dörd oğlu olmuşdur: Mirzə Haşım bəy, İbrahim bəy, Hacı Saleh bəy, Mirzə İsmayıl Baharlı.
Adını daşıdığı çar ordusunun məmuru onun babası Mirzə Məhəmmədhəsən Vəliyev Hacı Saleh bəyin oğlu, Mirzə Vəli Baharlının nəvəsidir.
Qeyd etmək lazımdır ki, hələ orta əsrlərdə Azərbaycanın, ümumiyyətlə, müsəlman Şərqinin ictimai-siyasi, elmi-mədəni həyatında mühüm rol olynamış Qaraqoyunlu dövlətinin qurucusu Qara Yusif, oğlu Cahanşah Həqiqi, Teymurilər dövlətinin ictimai-siyasi həyatında böyük rol oynamış hökmdar Şahruxun arvadı Gövhərşad bəyim, Qara Yusifin nəvəsi şairə Arayeş bəyim, Həmədan, Vorucerd, Nəhavənd hakimi Əlişəkər bəy Baharlı, Qaraqoyunlu dövlətinin əmiri Pirəli bəy, Səfəvi şahı II İsmayılın yaxın tərəfdarlarından olan Xan Vəzir bəy Baharlı, Qütbşahlar dövlətinin qurucusu Qulu Qütbşah, Abdulla Qütbşah, Böyük Moğollar İmperatorluğunun başçısı Əkbər şahın atabəyi olub, hökmdarı öz iradəsinə tabe edərək ölkəni 6 il müstəqil idarə edən Bayram xan Baharlı (Əlişəkər bəy Baharlının kötücəsi) dövlət xadimi olmaqla yanaşı türk, fars, hind dillərində şeirlər yazmış, oğlu Babarəhim, şair, xəttat, musiqişünas Həsən bəy Şəkəroğlu (Müqimi) Baharlı tayfasının layiqli nümayəndələrindəndir.
Məhəmmədhəsən Baharlı Bakı Gimnaziyasını, Kiyev Universitetinin iqtisadi coğrafiya fakültəsini bitirmişdir. 1919-cu ildə, yəni Azərbaycan Demokratik Respublikası dövründə Azərbaycan Dövlət Bankının müdiri olmuş, sovet dövründə Dövlət Plan Komitəsində çalışmışdır. Bakı Dövlət Universitetində dərs demiş, Azərbaycanı Öyrənən Cəmiyyətin üzvü seçilmişdir. Məhəmmədhəsən Vəlili (Baharlı) bir neçə dəfə həbs edilib, 1926-cı ildə Solovki əsir düşərgəsindən sürgündən qayıtdıqdan sonra sonuncu dəfə 1937-ci ildə həbs edilib, həmin ilin 27 iyununda güllələnmişdir.
Məhəmmədhəsən Baharlının elmi yaradıcılığı, ilk növbədə azərbaycanşünaslığa qiymətli töhfədir.
Onun rus və Azərbaycan dillərində hazırladığı “Azərbaycan tarixi” kitabının əlyazması yoxa çıxsa da, 1921-ci ildə nəşr etdirdiyi “Azərbaycan” kitabı ona coğrafiyaçı, etnoqraf və iqtisadçı kimi şöhrət qazandırmışdır. Əsər 1921-ci ildə əvvəlcə rusca, sonra türkcə (azərbaycanca) Bakıda nəşr edilmişdir. Məhəmmədhəsən Vəlilinin (Baharlı) iki dildə yazdığı “Azərbaycan” kitabının Vasif Quliyev tərəfindən ruscadan azərbaycancaya tərcüməsi və Ağanəcəf Həmidov, Əbülfəz Rəhimli tərəfindən ərəb əlifbasından kiril əlifbasına çevrilmiş mətni 1993-cü ildə Bakıda yenidən nəşr edilmişdir.
Məhəmmədhəsən Baharlının hazırlayıb kitaba əlavə etdiyi xəritədə vahid Azərbaycan ideyası öz əksini tapmışdır. Müəllif siyasi şərait üzündən Qafqaz Azərbaycanına aid hissə üzərində dayanmışdır. “Azərbaycan” kitabının çapdan çıxdığı 1921-ci ildə torpaqlarımızın böyük bir hissəsi yadlara hələ verilməmişdi. Məhəmmədhəsən Baharlı kitabın titul səhifəsində iqtisadçı təqdim edilsə də, əsərin “fiziki-coğrafi, etnoqrafik və iqtisadi oçerk (mülahizat)” bölmələrindən ibarət olması, onun tədqiqat sahələrinin geniş əhatəliliyindən xəbər verir. Əsərdə Azərbaycanın maddi və mənəvi sərvətləri, inkişaf perspektivləri haqqında elmi fikirlər irəli sürülür. “Azərbaycan” kitabında ictimai-siyasi məsələlər də mühüm yer tutur. Məhəmmədhəsən Baharlı müəyyən mövzularla əlaqədar bu aspektə xüsusi fikir vermiş, ölkədə sosial həyat tərzinin siyasətdən irəli gələn hallarını açıqlamış, onların səciyyəvi xüsusiyyətlərini, mahiyyətini göstərmişdir. M.Baharlının zərdüştilik haqqında fikirləri də maraqlıdır. Bəzi tədqiqatçılara görə, zərdüştilik təlimi İran ərazisində meydana gəlmişdir. Məhəmmədhəsən Baharlı isə zərdüştilik təlimini, ilk növbədə, işıqla əlaqələndirmiş, bu dünyagörüşünün məhz Azərbaycan mühiti üçün səciyyəvi olmasını göstərmişdir. O, zərdüştilik tarixinin 4 min ildən çox olduğunu qeyd etmişdir.
M.Baharlının “Azərbaycan” kitabı müasirləri tərəfindən yüksək qiymətləndirilib. Yusif Vəzir Çəmənzəminli 1921-ci ildə Türkiyədə olarkən əsərlə tanış olub yazırdı: “Bakıda yeni basılan ”Azərbaycan” ünvanlı kitabı aldım. “Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat”dan ibarət bu əsər qiymətli cavanlarımızdan Məhəmmədhəsən Vəlili (Baharlı) tərəfindən yazılıb. Azərbaycana dair, ələlxüsus, milli sərvətimiz haqqında ətraflı məlumat verən bu dəyərli əsəri hər bir azəriyə oxumaq və evində bulundurmağı tövsiyə edirəm”.
Əlabbas Müznib isə “Azərbaycan intibahatı” sərlövhəli məqaləsində yazırdı: “Azərbaycan türklərinin bu kitabı (”Azərbaycan" – red.) oxumaları müqəddəs vətəndaşlıq vəzifəsidir”.
Məhəmmədhəsən Baharlının “Azərbaycanda dəmir sərvəti”, “Azərbaycan sənayesində Qərbi Avropa kapitalı”, “Azərbaycanın mis sərvəti”, “Neft və Azərbaycan təsərrüfatı”, “Azərbaycanda xırda neft sənayesinin vəziyyəti”, “Azərbaycanın elektrikləşdirilməsi”, “Etnoqrafik xəzinələr muzeyi” adlı elmi əsərləri də XX əsrin əvvəllərində müxtəlif mətbuat orqanlarında işıq üzü görmüşdür. Məhəmmədhəsən Baharlının “Azərbaycan” kitabı bu gün də aktuallığını saxlamaqdadır.
Orxan Zakiroğlu (Baharlı)
“Xalq qəzeti", 20 iyul 2006-cı il