Aşıq Surxay (1908-1943)
Sovet hakimiyyəti illərində yaşayıb-yaratmış Qarabağ aşıqlarından biri də Cəbrayıl torpağının yetirməsi Aşıq Surxay idi. O, 1908-ci ildə Cəbrayılın Qalacıq kəndində anadan olmuş, ilk təhsilini ruhani məktəbində almış, ilk təhsilini ruhani məktəbində davam etdirmişdir.
Uşaq yaşlarından onda musiqiyə, xüsusilə aşıq sənətinə böyük maraq olmuş, az vaxt ərzində zurnada, tütəkdə, nağarada, daha sonra isə sazda və tarda çalmağı mükəmməl öyrənmişdir. Üstəlik gözəl və məlahətli səsi, səmimi və təsirli şeirlər yazması onu ömürlük aşıq sənətinə bağlamışdır.
30-cu illərdə Qarabağda elə bir məclis, şənlik, konsert salonu olmamışdır ki, Aşıq Surxay orada çalıb-oxumasın. 1939-cu ildə Bakıda keçirilən “Kənd istedadları” festivalında birinci dərəcəli diploma layiq görülmüşdür.
II Dünya müharibəsi başlananda Aşıq Surxay cəbhəyə gedənlər qarşısında çalıb oxuyur, onları Vətənin müdafiəsinə yola salır, döyüşə ruhlandırırdı. 1942-ci ilin qışında isə öz xahişi ilə cəbhəyə yollanır. Sazını da özü ilə aparır.
Aşıq Surxayla bir müddət yaxınlıq eləmiş dostlarından Şıxlar kənd sakini, mərhum İlyas Rüstəmov öz xatirələrində onun cəbhəyə yola salınmasını belə xatırlayırdı: “1942-ci il fevral ayının 12-də Aşıq Surxay bir qrup həmkəndlisi ilə cəbhəyə yola düşdü. Hamı kənd sovetinin həyətinə yığılmışdı. Aşıq Surxay kənd məktəbinin qabağına gəldi, anası da burada idi. Dedi, ana, icazə ver sazımı da aparım. Anası dedi ki, oğul mən sənin iyini o sazdan alacağam, aparma.
- Yox, ana, mən aşığam, - dedi, - cəbhələrdə öz yoldaşlarımı ruhlandırmalıyam, səngərlərdə musiqi qidası özü də qola bir qüvvədir”.
Bundan sonra o, sazını köynəkdən çıxardı, sinəsinə basıb “Qarabağ gəraylısı” üstə məşhur “Leyli və Məcnun” dastanından bir neçə bənd oxuduqdan sonra axırda dedi:
Məktəbə cəm olan növrəs cavanlar,
Gəlin bir-bir halallaşın gedirəm.
Ey elm öyrənib savad alanlar,
Gəlin, bir-bir halallaşın gedirəm.
Başa yetməz oldu dərsim, savadım,
Bərəks etdi çərxi-fələk muradım,
Surxay idim, əsgər qoyuldu adım,
Gəlin, bir-bir halallaşın, gedirəm.
Bu qoşmanı dedikdən sonra ata minib 42 nəfərlə birlikdə hərbi komissarlığa yola düşdü.
Aşıq Surxay cəbhədən göndərdiyi məktublarda döyüş epizodlarından yazır, ara-sıra şeirlər də göndərirdi. Yaxın qohumu Misirxana göndərdiyi məktubundakı qoşmasında o, cəbhənin odlu səngərlərində kəndlərinin, oradakı buz bulaqların, uca yaylaqların yadına düşdüyünü poetik dillə belə ifadə edirdi:
Ziyarət, Tey dağı, Çaxmağın çayı,
Balkəsən bulağı, Siriyin yayı,
Sinəmə çal-çarpaz dağlar çəkilir,
Yadıma düşəndə Gölcük yaylağı.
Aşıq Surxayla bir yerdə vuruşmuş döyüşçü dostlarından Məhərrəm İbrahimov danışırdı ki, soyuq qış aylarından biri idi. Biz yavaş-yavaş, ehtiyatla yeni istehkamlarımıza enirdik. Bu zaman Surxayın ayağı sürüşdü, yıxıldı və sazı iki hissəyə bölündü. Surxay ayağa qalxdı, çox mütəəssir olmuşdu, həddən artıq kədərli idi. – Uşaqlar, - dedi, - mən neçə vaxtdır bu sazı özümdən artıq qorumuşam. Sazımın sınmağı ona işarədir ki, mən geri qayıtmayacağam. Ancaq nə olar, ölən də olmalıdır, təki biz qalib gələk. Bunları deyib kövrəldi.
Bir neçə döyüşlərdə iştirak elədik. Növbəti döyüşlərin birindən sonra onu bir daha görmədik, sonradan eşitdim ki, həlak olub.
1943-cü ilin may ayında həyat yoldaşına yazdığı məktub aşığın son məktubu olub. Elə həmin il Krım vilayətinin Gəlincik şəhərində qəhrəmanlıqla həlak olub, orada da dəfn olunub.
Deyilənə görə, Aşıq Surxayın çoxlu şeirləri var imiş, cəbhəyə gedəndə onları kiməsə verib. Təəssüf ki, həmin şeirlərin bir çoxu itib-batmışdır. Lakin buna baxmayaraq əldə onun bir çox qoşmaları, təcnisləri, gəraylıları və digər şeirləri vardır. Nə yaxşı ki, bu şeirlərin az bir qismi əlimizə gəlib çatmışdır.
Bu şeirlərin əksəriyyətində vətənə, xalqa məhəbbət, təmiz və ülvi insan hissləri tərənnüm edilir:
Mizrabını vur tellərdən,
Sözüm çoxdur bu əllərdən,
Könüllərdən, ürəklərdən,
Selə dönüb ax meydana,
- deyən aşıq apardığı el məclislərində gördüyü el gözəllərini vəsf edir, onlara şeirlər qoşurdu:
Tellərini yığ üzündən,
Qoy zülfünə baxım, ay qız
Toy hənasın öz əlimlə
Əllərinə qaxım, ay qız.
Bu şeirlərdəki səmimiyyət, axıcılıq, həyata real münasibət, vətənə, elə-obaya məhəbbət, düşmənə sonsuz nifrət hissləri onun parlaq istedada malik bir sənətkar olduğundan soraq verirdi.
Tariyel Abbaslı,
filologiya üzrə fəlsəfə doktoru