“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.12.2014, 16:37
1577

Bayram Bayramov (1918-1994)

A- A+

Görkəmli nasir, Xalq yazıçısı Bayram Salman oğlu Bayramov 1918-ci il dekabrın 11-də Qarabağ bölgəsinin Ağdamın rayonunun (o vaxtkı Yelizavetpol quberniyasının Şuşa qəzası) Şivənd kəndində anadan olmuşdur.

Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1934-1938). Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim (1938-1940), Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri (1940-1941), Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri (1941-1942) işləmişdir.

Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır (1942). Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik etmişdir. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluq etmişdir. Tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirmişdir: yeddiillik məktəbin müəllimi (1944-1945) işləmişdir.

1945-1950-ci illərdə ADU-nun fılologiya fakültəsində təhsil almışdır. Sonra N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim (1948-1955), Azərbaycan radiosunun ədəbi dram verilişləri redaksiyasında məsul redaktor (1956-1958), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi (1958-1960), Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi (1960-1963) işləmişdir. Dövlətnəşrkomda sədr müavini kimi çalışmışdır (1966-1971).

1988-ci ildə Qarabağ hadisələri başlayanda fəal ictimai mövqeyi ilə seçilmiş, Qarabağa Xalq Yardımı Komitəsinin sədri vəzifəsində işləmişdir (1989-cu ildən).

1984-cü ildə Azərbaycan Xalq yazıçısı fəxri adına, 1990-cı ildə Azərbaycan Dövlət mükafatına layiq görülmüş, Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990) seçilmişdir.

"Şərəf nişanı" ordeni (1968), "Xalqlar dostluğu" ordeni (1978), "Böyük Vətən müharibəsi" ordeni (1985), "Qırmızı əmək bayrağı" ordeni (1988), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (1967) və medallarla təltif edilmişdir.

1994-cü il noyabrın 9-da Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.

* * *

Bədii yaradıcılığa 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Körpü" adlı ilk hekayəsi ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib.  

“Arakəsmələr”, “Xəzinə”, “Bəlalı sevgim”, “Fəhlə qardaş”, “Yarpaqlar”, “Cıdır düzü” və s. romanların müəllifidir. Sovet dövründə ən çox oxunan yazıçılardan biri olub. Əsərləri SSRİ-də, eyni zamanda xarici ölkələrdə tərcümə və nəşr olunmuşdur.

Dilinin sadəliyi, axıcılığı, əsərlərində yeniliyin hər dəfə mühafizəkarlığa qalib gəlməsi onu oxuculara sevdirən başlıca cəhətlərdən biriydi.

Bayram Bayramovun 80-ci illərin axırlarında “Azərbaycan” jurnalında “Üzlü-astarlı günlər” adlı avtobioqrafik romanı çap olundu. Həmin romanı gənclər çox maraqla oxuyurdu. Yazıçı bu əsərdə özünün məşəqqətli və əzablı həyat yolu haqqında oxucuya məlumat verməklə yetinmir, həmçinin 30-40-50-ci illərin ictimai-siyasi, mənəvi mənzərəsini göstərir.

Yazıçının “Karvan yolu” romanı xalqımızın ən işıqlı simaları Cəlil Məmmədquluzadənin və onun həyat yoldaşı, əslən Qarabağdan olan ziyalı, maarifçi Həmidə xanım Cavanşirin həyat və fəaliyyətlərinin əzablı, müsibətli dövründən bəhs edir.

Roman boyu Həmidə xanımın, Mirzə Cəlilin və o dövrdə yaşayıb-yaratmış , böyük zadəgan-ziyalı nəslinin acılı-iztirablı günləri həzin və kövrək bir dillə nəql edilir. Mirzə Ələkbər Sabirin amansız xəstəliklə çarpışması, “Molla Nəsrəddin” jurnalının qaragüruhla döyüşməsi inandırıcı boyalarla təsvir edilib.

Bayram Bayramov həmçinin “Mən ki gözəl deyildim” (1968), “Firəngiz” (1975), “Onun bəlalı sevgisi” (1980) filmlərinin ssenari müəllifidir.

* * *

Əsərləri:

1. Tək adam. Bakı: Uşaqgəncnəşr, 1956, 160 səh.

2. Yarpaqlar (roman). Bakı: Uşaqgəncnəşr, 1961, 312 səh.

3. Sənsiz (povestlər). Bakı: Azərnəşr, 1963, 266 səh.

4. Onun gözləri (roman). Bakı: Azərnəşr, 1964, 408 səh.

5. Xəzinə. Bəlalı sevgim (romanlar). Bakı: Azərnəşr, 1965, 438 səh.

6. Arakəsmələr (roman). Bakı: Azərnəşr, 1966, 569 səh.

7. Üç gün, üç gecə (povestlər). Bakı: Gənclik, 1967, 472 səh.

8. Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Azərnəşr, 1968, 514 səh.

9. Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1968, 431 səh.

10.Yasəmən. Bakı: Gənclik, 1969, 298 səh.

11. Arakəsmələr (roman). III, IV kitab. Bakı: Azərnəşr, 1971, 435 səh.

12. Fəhlə qardaş. Bakı: Gənclik, 1975, 217 səh.

13. Qaşsız üzük (povestlər). Bakı: Azərnəşr, 1977, 404 səh.

14. Yazılmamış kitab. Bakı: Yazıçı, 1978, 488 səh.

15 .Cıdır düzü. Bakı: Yazıçı, 1979, 476 səh.

16. Gün batanda. Bakı: Yazıçı, 1981, 448 səh.

17. Seçilmiş əsərləri (üç cilddə). I cild. Bakı: Yazıçı, 1984, 328 səh.

18. Seçilmiş əsərləri (üç cilddə). II cild. Bakı: Yazıçı, 1984, 324 səh.

19. Şəhərdən gələn qız. Bakı: Yazıçı, 1984, 488 səh.

20. Seçilmiş əsərləri (üç cilddə). III cild. Bakı: Azərnəşr, 1985, 431 səh.

21. Karvan yolu (roman). I cild. Bakı: Yazıçı, 1986, 798 səh.

22. Çox sözdən sonra (povest və hekayələr). Bakı: Yazıçı, 1989, 294 səh.

23. Üzlü-astarlı dünya (roman-xatirə və publisistik məqalələr). Bakı: Gənclik, 1992, 392 səh.

24. Karvan yolu (roman). II cild. Bakı: Azərnəşr, 1993, 430 səh.

 

Xəbərlər
Redaktorun seçimi