“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.12.2014, 20:04
1495

Xudadat bəy Əzizbəyov (1892-1957)

A- A+

Görkəmli yazıçı-tərcüməçi, dilçi alim Xudadat bəy Əsədulla bəy oğlu Əzizbəyov 1892-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Rus-tatar məktəbində, sonra Şuşa real məktəbində oxumuşdu.

1911-ci ildə real məktəbi bitirib Bakı şəhərində "İttihad" progimnaziyasında müəllim işləmişdi. Biliyi, savadı sayəsində əvvəlcə nəzarətçi, sonra müfəttiş vəzifəsinə yüksəldi.

Xəstəliyi ilə bağlı Şuşaya dönüb “Savadlılığı yayma cəmiyyəti”ndə, eyni zamanda da "Gövhəriyyə" məktəbində müəllim kimi çalışdı. Onun təşəbbüsü ilə cəmiyyətin nəsdində "Rəşidiyyə" adlı məktəb açıldı. Bir xeyli müddət burda çalışdı.

I Dünya müharibəsi illərində Şuşadakı “Qarşılıqlı Kredit Cəmiyyəti”ndə işlədi, sonra yenidən "Rəşidiyyə" məktəbinə qayıtdı.

1919-cu ildə "Azərbaycan" qəzetində çalışmağa başladı. Eyni zamanda, gimnaziyada müəllim işlədi. Redaksiyada onun bacarığını duyub tərcüməçi işinə dəyişdilər. Mühasibatı yaxşı bildiyindən jurnalistlər ittifaqının xəzinədarlıq işi də ona həvalə olundu. Gecə məktəbində direktor işləyirdi.

Xudadat bəy Əzizbəyov 1926-cı ildən təcrübəli mətbuat işçisi kimi "Bakinski raboçi" nəşriyyatında işə başlamışdı. Bir müddət sonra bu nəşriyyat "Azərnəşr"lə birləşib vahid mərkəzə çevrildi.

Alman, fransız, fars, ərəb və rus dillərini mükəmməl bilən Xudadat bəy burda müxtəlif vaxtlarda tərcüməçi, texniki redaktor və məsul redaktor vəzifələrində çalışmışdı.

O, 5 dekabr 1957-ci ildə vəfat edib.

* * *

Xudadat bəy Əzizbəyov fəal ictimaiyətçi, alovlu natiq idi. "İttihad" məktəbinin nəzdində açılan İran ziyalılarının "Tərəqqi" maarifçi cəmiyyətində iş aparır, iclaslarda çıxış edirdi.

X. Əzizbəyov sovet dövründə də xalq maarifində yorulmadan çalışmışdı. Teatr sahəsində əmək vermişdi. Jurnalist kimi "Kəndçi", "Kommunist" qəzetlərində işləmişdi. Dilgir təxəllüsü ilə şeir yazmışdı.

X. Əzizbəyovun ən böyük xidmətlərindən biri lüğət tərtibi sahəsində idi. Sovet hakimiyyətinin ilk illərində lüğətə böyük ehtiyac olduğundan o, Hənəfi Zeynallı, Yusif Əliyev, Süleyman Musabəyov, Vəli Xuluflu, Tağı Şahbazi Simurğ, Əhməd bəy Pepinov, Ələkbər Heydərli, Yusif Vəzir Çəmənzəminli, Məhərrəm Kamil, Rəşid Yusifzadə, Ələkbər Qərib, Sami Kamal, Süleyman Məlikovla birlikdə Ruhulla Axundovun redaksiyasında ilk "Rusca-türkcə lüğət"in (1926) tərtibçilərindən biri idi.

* * *

Tərcümələri:

Cek London. “Adəmdən əvvəl”, “Qan səsi”, “Ağ diş”, “Martin İden” (rus dilindən).

İvan Qonçarov. “Adi əhvalat” (rus dilindən).

Robindranad Taqor. “Fəlakət” (rus dilindən).

Süleyman Rəhimov. “Mehman” (rus dilinə).

 

Xəbərlər
Redaktorun seçimi