“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.12.2014, 17:22
1756

Abay Dağlı (1906-1975)

A- A+

Yazıçı-dramaturq, şair Abay Dağlı (Cəmil İbrahim oğlu Ağayev) 1906-cı ildə Qarabağın Şuşa şəhərində dünyaya göz açmışdır. İlk təhsilini Şuşada almış, sonra Bakıya gələrək dil-ədəbiyyat müəllimi ixtisasına yiyələnmiş, bir müddət Şəkidə müəllimlik etmişdir.

Bu illərdə yaradıcılığa başlayan müəllif ilk qələm təcrübələri olan qəzəllərini və qoşmalarını dərc etdirmişdir. Sonralar təhsilini davam etdirmək üçün Bakıda aspiranturaya qəbul olunan Abay Dağlı daha çox ədəbi tənqid və ədəbiyyatşünaslıq sahəsində fəaliyyət göstərmişdir.

1941-ci ildə Abay Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində işə qəbul edilsə də, elə həmin il başlayan amansız müharibə bir çoxları kimi onu da doğma yurdundan qoparıb aparır.

Müharibə bitəndən sonra min bir müsibətlə Türkiyəyə gəlib çıxan yazıçı ömrünün sonlarına qədər mühacir kimi yaşamış, Vətən həsrətilə alışıb-yanmışdır. Lakin Abay Dağlı heç bir zaman yaradıcılıq aləmindən uzaqlaşmamışdır. Vətən, yurd həsrəti güc gələndə, qoyub getdiyi yerlər, mehr bağladığı insanlar yadını-yaddaşını sızıldadanda duyğularını şeirə çevirmişdir:

Çoxdandır bir dağın yaşıl ətəyi,
Məskənim olmuşdur, yaşaram orda.
Yeni gəncliyimin qızıl çiçəyi
Orda yetişmişdir, coşaram orda.

Abay Dağlının yaradıcılığında dramaturgiya əsas və aparıcı yerlərdən birini tutur. Dramaturji yaradıcılıqla ardıcıl məşğul olan Abay Dağlı daha çox tarixi mövzulu əsərlər yazmış, Azərbaycan və Türkiyə xalqlarının yaşadığı keçmişin şərəfli səhifələrini, qüdrətli şəxsiyyətlərini canlandırmağa çalışmışdır. Müəllifin dram əsərləri sırasında "Dədə Qorqud", "Gənc ata", "Sakarya qərargahı", "Füzuli", "Natəvan", "Okullular" kimi tarixi mövzuda yazılmış pyeslər xüsusi yer tutur.

 

Yaradıcılığı

 

"Dədə Qorqud" pyesində dramaturq qədim qəhrəmanlıq eposunun motivləri əsasında yeni, orijinal bir sənət nümunəsi yaratmışdır. O, "Kitabi - Dədə Qorqud"un süjetinə söykənsə də, eposu teatr üçün səhnələşdirmək məqsədi izləməmiş, əksinə onu ideyaca müasirləşdirməklə, aktuallaşdırmaqla günün bir çox vacib problemlərini tarixin dili ilə canlandırmaq məramından çıxış etmişdir.

Dramaturqun digər pyesi "Gənc ata" - Türkiyə Cümhuriyyətinin qurucusu, istiqlal savaşının sərkərdəsi və qəhrəmanı Mustafa Kamal Atatürkə həsr olunmuşdur. Müəllif tarixi hadisələr fonunda bir tərəfdən Osmanlı imperiyasının dağılmasından sonra türk xalqının istiqlaliyyət uğrunda apardığı mübarizəni təsvir etmiş, həmçinin bu mübarizə fonunda Atatürkün obrazını yaratmağa çalışmışdır. Lakin qeyd olunmalıdır ki, pyes romantik səpkidə qələmə alınsa da, müəllif tarixi şəxsiyyətləri, o cümlədən Atatürkü ideallaşdırmamış, onu real cizgilərlə təqdim etmişdir.

Abay Dağlının "Sakarya qərargahı" adlı pyesində İstiqlal savaşı tarixinin canlı, dramatik mənzərəsi yaradılmışdır. Müəllif bu pyesin bir pərdə, üç tablodan ibarət yığcam variantını işləyərək "Sakarya çetesi" adlı ilə 1969-cu ildə nəşr etdirmişdir. Qəhrəmanlıq ruhu aşılayan pyesin ayrı-ayrı obrazlarının dialoq və mükalimələrində xalqa, torpağa sevgi, yadelli düşmənlərə nifrət ideyası təlqin olunur.

Məsələn:

Xəbər verin, bilsin Mustafa Kamal,
Ordumuz bir cəbhə tutduğu zaman,
Arxada düşmənə yoxdur bir aman.
Qıp-qızıl qan olub axar Sakarya,
Düşmənin qəlbini yaxar Sakarya.

Mənzum şəkildə yazılmış pyesdə müəllifin tipik obrazlardan daha çox epizodik surətlərə (Çoban, Aşıq, Həmşirə, Köylü ağa, aydınlar, əsgərlər, qadınlar, gənclər və s.) yer verməsi müharibə, döyüş ovqatını əks etdirmək niyyətindən irəli gəlir.

Abay Dağlının "Natəvan" pyesinin mövzusu isə Qarabağda "Xan qızı" ləqəbi ilə məşhur olan şairə Xurşidbanu Natəvanın həyatından alınmışdır. Dramaturq onu bir tərəfdən yurdunu məhəbbətlə sevən vətənpərvər insan, o biri tərəfdən istedadlı şair kimi təqdim etmişdir.

Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin ömür yolunu əks etdirən "Füzuli" pyesi Abay Dağlının ən populyar əsəri hesab olunmaqdadır. Müəllifin qeyd etdiyinə görə, bu əsər Füzuli poeziyasının ecazkar təsiri altında yazılmışdır. "Füzuli" pyesi Azərbaycan və Türkiyə ləhcələrində qələmə alınmış, ilk dəfə 1961-ci ildə Ankara, ikinci dəfə 1968-ci ildə İstanbulda nəşr olunmuşdur.

Pyesə yazmış olduğu müəllif qeydində Abay Dağlı Füzuli yaradıcılığına müraciətinin səbəblərini belə izah edir: "Dahilərimizi yalnız elmi əsərlərlə tanıtmaq kifayət deyil. Onları bir örnək şəxsiyyət olaraq ədəbi əsərlərlə canlandırmaq lazımdır".

Füzuli poeziyasının ruhuna uyğun olaraq əsərin mövzusu məhəbbət süjeti əsasında qurulmuşdur. Belə ki, Füzulinin sevdiyi Hicran adlı gənc qız Bağdadı tərk edərək Vətəni Azərbaycana gedir, lakin geri dönmür. Sevgilisini gözləyən Füzuli ondan ümidini üzərək Yaxşı adlı Bağdad gözəli ilə evlənir. Lakin şair ilk məhəbbətini unuda bilmir. Sonra isə Hicran yeni köçkünlərlə bərabər Bağdada qayıdır, fəqət xəstə olduğu üçün dünyaya gözlərini yumur. Sevgilisinin ölümü Füzulinin onsuz da dərd içərisində qovrulan ömrünə yeni bir dərd gətirir.

Dramaturq bu qısa, yığcam süjet ətrafında Füzulinin dövrünü və canlı obrazını yarada bilmişdir. Şairin qüdrətli poeziyasında olduğu kimi, onun həyatına həsr olunmuş bu pyesdə də eşq "qəvi dövran"ın çəkilməz dərdləri ilə süsləndiyindən əsər ictimai məzmun kəsb etmişdir. Dramaturq Füzuli dərdinin mahiyyətini açmaq üçün onun zəmanəsinə üz tutmuş, şairi dərdlərini özünə məlhəm bildiyi mühitinin fonunda verməyə çalışmışdır. Əsərdə Füzulidən savayı bütün digər obrazların epizodik fonda düşünülməsi bir tərəfdən onun daxili dünyasının təfərrüatı ilə aşkarlanmasına, qarşı tərəfdən isə mühitin fövqündə durduğunu, uca və ali ideallarla yaşadığını göstərmək məramına xidmət etmişdir.

Dramaturqun yeri gəldikcə şairin qəzəllərinə müraciət etməsi əsərə zərif poetik ruh gətirmişdir. Həmçinin əsərin mənzum şəkildə işlənilməsi Füzuli poeziyasının incəliklərini və təravətini əks etdirmək üçün dramaturqa geniş imkanlar vermişdir.

Pyesin sonuncu nəşrinə ön söz yazmış olan İstanbul Universitetinin professoru Əli Nihad Tərlan əsəri belə dəyərləndirir:

"Füzuli haqqında bir səhnə əsəri vücuda gətirən Abay Dağlı gözəl təşəbbüsü ilə ilk müvəffəqiyyətli addımı atmışdır. Möhtərəm şair - Abay Dağlı bizi çox yaxından aşina olduğu azəri sahəsinə çəkir, dadlı bir Qərb türkcəsi şivəsiylə Füzulinin içli lirizminə sürükləyir."

Füzulini Azərbaycandan Kərbəlaya gedən köçkün, ömrünü qürbətdə keçirən bir şair kimi canlandıran dramaturq dolayısı ilə özünün Vətən həsrətini də ifadə etmişdir:

Yollar keçirik,
Şəhərdən-şəhərə bir hey köçürük.
Qürbətdə qərib şadman olmaz imiş,
Altun qəfəs içrə gər qızıl gül bitsə,
Bülbülə tikan tək aşiyan olmaz imiş.

Füzulinin bioqrafiyası və yaradıcılıq yolunu özünəməxsus bir formada əks etdirən bu əsər Türkiyə ədəbi mühitində maraqla qarşılanmış, haqqında müsbət fikirlər söylənmişdir.

Abay Dağlının "Əsir ruhlar", "Okullular", "Albay" və başqa pyesləri də dramaturji baxımdan diqqətəlayiq sənət nümunələridir.

Təəssüf ki, "Füzuli" və "Dədə Qorqud" pyesləri, bir də şeirlər, məqalələr və məktublardan ibarət "Səslərəm səni" kitabı istisna olmaqla müəllifin zəngin yaradıcılığı Azərbaycan oxucularına təqdim olunmamışdır.

Vaqif Sultanlı

 

Xəbərlər
Redaktorun seçimi