İyirminci yüzilliyin əvvəllərində Azərbaycan milli-mədəni intibahı və M.Ə.Rəsulzadə
M.Ə.Rəsulzadənin milli varlığa, milli ruha, milli irsə, milli mədəniyyətə və bu mədəniyyətin varislik ənənələrinə olan münasibəti bütöv bir baxışlar sistemidir...
Mübariz Süleymanlı
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti
Tariximizi ümümtürk tarixindən, mədəniyyətimizi müştərək ümumşərq mədəniyyətindən, mənəviyyatımızı islami dəyərlərdən qoparmaq, ayrı salmaq, bilərəkdən xalqımıza yad ruhların təbliği vasitəsilə təsir etmək, düşünülmüş siyasətlərin məqsədi olmuşdur. Türk xalqlarını bir-birindən təcrid etmək, onların dövlətçilik və mədəniyyət tarixinin qədim köklərini danmaq, tarixi həqiqətləri təhrif etmək, ictimai fikirdə bu xalqların qədimliyinin möhkəmlənməsinə imkan verməmək sovet ideologiyasının da başlığa cəhətlərindən idi. Bu və ya digər müxtəlif səbəblər, subyektiv mülahizələr əsasında mədəniyyət tarixinin ən mühüm mərhələlərinin, məqamlarının qaranlıq qaldığı xalqlardan biri də Azərbaycan türkləridir. Əsrlərdən bəri farslaşdırma və ruslaşdırma siyasətinə məruz qalmış azərbaycanlıların təşəkkül və inkişaf tarixi, onların dünya sivilizasiyasındakı mövqeyi, bəşər mədəniyyətinə verdiyi töhfələr bu günədək başqa xalqların, qədim mədəniyyətlərin tarixinin araşdırılması ilə müqayisədə layiqincə dəyərləndirilməmişdir.
Uzun illər mədəni həyatımızın mühüm əhəmiyyət kəsb edən tərəfləri xalqdan gizlədilmiş, onun həqiqi mənzərəsi təhrif edilərək birtərəfli formada təbliğ və təqdim olunmuşdur. Ona görə də müstəqilliyimizin bərpasından sonra xalqımızın mədəniyyət tarixini tədqiq edib geniş kütləyə çatdırmaq, azərbaycanlıların dünya sivilizasiyasında mənsub olduğu yeri obyektiv surətdə açıb göstərmək, bütövlükdə keçmişimizi düzgün, təhrif olunmadan öyrənmək zəruri və təxirəsalınmaz vəzifələrimizdəndir. Bu baxımdan adlarını çəkmək belə yasaq olunmuş şəxsiyyətlərimizin həyat və fəaliyyətlərini öyrənmək, qoyub getdikləri mədəni irsi keçmişin qaranlığından işıqlığa çıxarmaq, əsərlərinin yenidən nəşr olunub yayılmasına çalışmaq zamanın tələbindən, millimənəvi ehtiyacdan doğan zərurətdir.
Azərbaycanın istiqlaliyyət yolunu tutduğu bir dövrdə Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov, M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, C.Hacıbəyli, Ə.Cəfəroğlu, Ə.Yurdsevər kimi ziyalılara marağın artması da məhz bununla bağlıdır. Bu mənada müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin (1918 – 1920) yaradıcılarından biri, görkəmli ictimai-siyasi və dövlət xadimi, istedadlı alim, jurnalist, publisist, tənqidçi, tədqiqatçı, tərcüməçi, ədəbiyyatşünas və mədəniyyətşünas olan M.Ə.Rəsulzadənin mədəniyyət tariximizdəki xidmətlərini üzə çıxarmaq, Azərbaycan mədəniyyəti ilə bağlı əsərlərini tədqiq edib araşdırmaq xüsusi əhəmiyyət daşıyır.
M.Ə.Rəsulzadənin və onun silahdaşlarının adları, həyat və fəaliyyətləri millətimizin dirçəlişi, xalqımızın siyasi şüurunun və mədəniyyətinin inkişafı tarixinə qızıl hərflərlə yazılmışdır. M.Ə.Rəsulzadə XX əsrin əvvəllərində Azərbaycan milli qurtuluş hərəkatının görkəmli nümayəndələrindən və şəxsiyyətlərindən biri, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda aparılan mübarizənin yorulmaz mücahidi olmuşdur. Ə.M.Rəsulzadə dövləti olmayan millətin mövcudluğunun başlıca təminatı – tarixi yaddaş, milli mədəniyyət, dil və ədəbiyyat kimi böyük xəzinə zəminində millətimizə qurtuluş yolunu göstərən, Azərbaycan kəlməsini sadəcə coğrafi, etnoqrafik və linqvistik bir sözçülükdən çıxararaq ona siyasi məna, ruh verən bir şəxsiyyətdir. O, azərbaycançılıq da daxil almaqla ictimai şüurda bitkin bir istiqlal məfkurəsi formalaşdırmışdır ki, bu məfkurənin işığında bütün müsəlman Şərqində ilk dəfə olaraq Cümhuriyyət elan olunmuşdur.
Son dərəcə mürəkkəb və keşməkeşli bir həyat yolu keçmiş M.Ə.Rəsulzadənin gənclik illərindən xalqımızın azadlığı uğrunda mübarizə meydanına atılması onun gələcək fəaliyyətinin istiqamətini müəyyənləşdirən və yaradıcılığının bütün sahələrinə siyasi ruh gətirən bir amil olmuşdur. Onun yaradıcılıq irsinin öyrənilməsi və tədqiqi həm tariximizin qaranlıq qatlarının, mədəniyyətimizin uzun illər xalqdan gizlin saxlanılmış tərəflərinin öyrənilməsi, həm də Azərbaycanın bu günkü müstəqilliyinin, istiqlaliyyətinin qorunması və yaşadılması baxımından əhəmiyyətlidir. M.Ə.Rəsulzadənin Azərbaycan mədəniyyət tarixindəki yerini müəyyənləşdirmədən, onun ictimai-siyasi, mədəni fəaliyyətini, jurnalist, publisist, mədəniyyətşünas, tədqiqatçı-alim kimi yaradıcılığını öyrənmədən, tədqiq etmədən onu tarixi şəxsiyyət olaraq bütün yönləri, tərəfləri ilə xalqa tanıtmaq mümkün deyil. Hətta onun çoxşaxəli fəaliyyətini, fəlsəfi və elmi-mədəni dünyagörüşünü, zəngin ictimai-siyasi irsini, elmi-nəzəri baxışlarını hərtərəfli, tam və sistemli şəkildə öyrənmədən Azərbaycan tarixinin və mədəniyyətinin XX əsrin birinci yarısı üçün, xüsusilə cümhuriyyətəqədərki dövrünün həqiqi mənzərəsini vermək və obyektiv olaraq araşdırmaq mümkün olmaz.
M.Ə.Rəsulzadənin ədbi-bədii, ictimai-siyasi, mədəni-elmi yaradıcılığı hələ cümhuriyyətəqədərki dövrdən başlayaraq diqqət mərkəzində olmuşdur. Müxtəlif vaxtlarda Y.V.Çəmənzəminli, Ə.Hüseynzadə, Ü.Hacıbəyov, N.Nərimanov, C.Məmmədquluzadə, S.Hüseyn və digər yazıçı, alim və siyasi xadimlər bu haqda fikir söyləmişlər. Sovet dövründə isə tədqiqatların əsas istiqaməti İ.V.Stalinin 16 sentyabr 1923-cü il tarixli və M.Ə.Rəsulzadənin Türkiyədə çap olunmuş “Azərbaycan Cümhuriyyəti” (1922) əsəri münasibətilə Azərbaycan bolşeviklərinə məsləhət kimi yazılmış məktubunda göstərilmiş müddəalarla bağlı olmuşdur (29; 24, s.16-18). Bu məktub yazıldığı tarixdən başlayaraq SSRİ-nin dağılmasına qədərki dövr ərzində sovet tarixşünaslığında M.Ə.Rəsulzadə, “Müsavat” partiyası və Azərbaycan Cümhuriyyəti əleyhinə yazılmış cild-cild iftiraların ideya mənbəyi olmuşdur. Azərbaycanda M.Ə.Rəsulzadə irsi yalnız 1980-ci illərin sonlarına doğru obyektiv surətdə tədqiq olunmağa başlanmışdır. M.Əliyevin, Ş.Hüseynovun, V.Sultanlının, A.Balayevin, N.Nəsibzadənin, C.Həsənovun, B.Nəcəfovun, Ş.Qurbanovun, T.Qurbanın, Ə.Rəhimovun, N.Yaqublunun, H.Hacıyevin, Ə.Qarayevin, X.İbrahimlinin, A.Haşımovanın, V.Çıraqzadənin və b. tədqiqatçıların əsərləri M.Ə.Rəsulzadə yaradıcılığının öyrənilməsi istiqamətində atılan ciddi addımlar kimi qiymətləndirilməlidir (7; 10; 11; 12; 17; 8; 16; 20; 13).
M.Ə. Rəsulzadə irsinin Azərbaycandan kənarda araşdırılması isə zənginliyi və obyektivliyi ilə fərqlənir. Bu müəlliflər içərisində M.B.Məmmədzadənin, H.Baykaranın, Ə.Cəfəroğlunun, K.Odərin, Ə.Qaracanın, M.Kəngərlinin, F.Aküzümün, Ə.Yurdsevərin, P.F.Mühlenin, T.Svyatoçovskinin, S.Zenkovskinin, F.Kazımzadənin, S.H.Təqizadənin, F.Adəmiyyətin, M.Məlikzadənin, Y.Ariyənpurun, C.Heyətin və başqalarının tədqiqatları elmi dərinliyinə görə diqqəti daha çox çəkir (15; 4; 18; 14; 3; 27; 28; 26; 1).
Azərbaycan türklərinin çoxəsrlik inkişafı ərzində yaratdığı qədim və möhtəşəm mədəniyyət, kökləri tarixin gözişləməz dərinliklərinə gedib çıxan nadir abidələr, bədii söz sərvəti, folklor nümunələri, klassiklərin və mütəfəkkir ziyalılarımızın bizə irs qoyub getdikləri sənət əsərlərilə zəngindir ki, bu da xalqımızın mənəvi dünyasının, varlığının canlı bədii ifadəsidir, onun dünyabaxışını əks etdirən bir güzgüdür.
M.Ə.Rəsulzadə Azərbaycan mədəniyyətinin ən mühüm məqamlarına, mədəniyyət abidələrinə, görkəmli şəxsiyyətlərinə və eləcə də mədəniyyət anlayışının mahiyyətinə həsr olunmuş çoxsaylı əsərlərin müəllifidir. Lakin onun əsərlərində Azəbaycan mədəniyyətinin bütün mərhələlərinə toxunulsa da kəmiyyət və keyfiyyət baxımından üstünlük təşkil edən yazıları müasir dövrə aiddir. Zirvəsini Azərbaycan Xalq Cümhüriyyətinin fəth etdiyi və qəlblərdə vətənpərvərlik hissi, millət yanğısı, düşüncələrdə istiqlal məfkurəsi hakim olan, üçrəngli Azərbaycan bayrağını doğuran dövr.
Əzəldən təməlində demokratik ünsürlər, elementlər üstünlük təşkil edən Azərbaycan milli mədəniyyətinin XIX əsrin II yarısından etibarən Avropa mədəniyyətinə doğru meyllənməsi onun gələcək həyat yoluna, yaşayış tərzinə öz təsirini göstərmişdir. XX əsrin əvvəllərindən etibarən isə milli özünüdərk, özünəqayıdış prosesi sürətlənmiş, milli mədəniyyətimizin qorunması və inkişafı yolunda mübarizədə xalqın müqaviməti artmış və nəticədə Azərbaycan bəşər mədəniyyəti tarixindəki mövqeyini saxlamağa müvəffəq olmuşdur. Tədricən iqtisadi qüdrətə, siyasi fəallığa, mədəni intibaha nail olmuş Azərbaycanda görkəmli şəxsiyyətlərin yetişməsi üçün münbit mühit yaranmışdır. Bu şəxsiyyətlərin – milli ruhlu zənginlərin və demokratik ziyalıların həmrəyliyi nəticəsində xalq istiqlalın zərurətini dərk etməyə başlamışdır ki, bu dərketmə prosesini istiqamətləndirən şəxsiyyətlərdən biri də M.Ə.Rəsulzadə olmuşdur.
Bu gün müasir dünyanın qəbul və təbliğ etdiyi Avropa mədəniyyətinin, demokratik azadlıqların əsas müddəalarını, prinsiplərini bəsit formada da olmuş olsa belə bətnində gəzdirə-gəzdirə mürəkkəb və ziddiyyətli XX yüzilliyə qədəm basmış Azərbaycan mədəniyyəti özünün qaynar, coşqun və həlledici mərhələsini yaşamaqda idi. Bu mərhələnin aparıcı və istiqamətverici əsas qüvvələri isə Bakı mühitində fəaliyyət göstərirdi. Sənaye sahələrində, neft mədənlərində çalışan fəhlələrin böyük bir qismi ilə orta məktəblərdə təhsil alan gəncliyin əksəriyyətini Azərbaycan türklərinin təşkil etməsi səbəbindən Bakıda fəaliyyət göstərən ümumi inqilab və müxalifət cərəyanları ilə yanaşı müstəqil yerli və milli qruplar, təşkilatlar da vardı. Belə bir ictimai-siyasi mühitdə həyata atılan M.Ə.Rəsulzadə 1903-cü ildə “Gənc inqilabçılar” dərnəyini yaradır. Mədəni-maarif məqsədlərinin həyata keçirilməsinə cəhd göstərən bu ilk gənclər təşkilatı milli hisslərin oyadılmasına, ana dilinin və Azərbaycan müəlliflərinin əsərlərinin öyrənilməsinə, onların gənc ziyalılar və fəhlələr arasında geniş təbliğinə çalışırdı (6). M.Ə.Rəsulzadə həmin ili xatırlayaraq yazır ki, yerli təşkilatlar içərisində tərəfimdən təşkil olunmuş, üzvləri müxtəlif rus litseylərində və digər orta məktəblərdə oxuyan Azərbaycan türk tələbələrindən ibarət gizli bir dərnək vardı. Bu dərnək mənsublarının milli hissələrini təhrik etmək, rus məktəblərində oxudulmayan türkcəni öz-özünə irəlilətmək, yerli ədiblərini əsərlərini oxumaq, çarlıq əleyhinə yazılmış ixtilal şerlərini əzbərləmək və arada-sırada mətbəə üsulu ilə basılmış bəyannamələr dağıtmaq, işçilər arasına gedərək hürriyyət və inqilab fikirlərini bunların arasında sistemli surətdə yaymaq kimi fəaliyyətlər də olurdu. Dərnəyin mətbəə üsulu ilə intişar edən və “Hümmət” adını daşıyan bir dərgisi də vardı (21, s.13-14).
1883 – 1891-ci illər ərzində Cəlal Ünsizadənin redaktorluğu ilə Tiflisdə nəşr olunan “Kəşkül” qəzetinin bağlanmasından sonra “Şərqi-Rus” qəzetinin nəşrinədək olan dövr ərzində Azərbaycan dilində qəzet və jurnal çıxarmaq üçün bir çox ziyalıların təşəbbüsü baş tutmamışdı. Azərbaycan türklərinin mətbuatsız qalmaq məcburiyyəti çar idarələrinin türkcə qəzet nəşrinə icazə verməməsindən, çarizmin müstəmləkə siyasətindən irəli gəlirdi. Ermənicə, gürcücə qəzetlərə yaxşı-pis icazə verildiyi halda, türkcəyə icazə verilmirdi. Ona görə də Tiflisdə Məhəmməd ağa Şahtaxtinskinin redaktorluğu ilə nəşrə başlayan “Şərqi-Rus” ədəbi və ictimai həyatda müsbət bir hadisə idi. C.Məmmədquluzadə, M.Ə.Sabir, M.S.Ordubadi, Ə.Nəzmi və digər görkəmli şair və yazıçıların çıxış etdikləri bu mətbuat orqanı M.Ə.Rəsulzadənin gələcək həyat yolunun müəyyənləşməsinə, yaradıcılıq fəaliyyətinə ruhlandırılmasına mühüm təsir göstərmişdir (2, s.10-11; 6 ).
Beləliklə, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri, görkəmli alim, publisist və mədəniyyətşünas M.Ə.Rəsulzadə sonrakı bütün həyatını həsr etdiyi milli mübarizə meydanına atılır. Onun “Şərqi-Rus” qəzetində dərc olunmuş ilk məqaləsi də milli hisslərlə alovlanmağa başlayan yanar bir qəlbin ilk qığılcımları idi. Təsadüfi deyil ki, bu məqalə məhz ana dilinin təbliğinə həsr olunmuşdur. Sonralar ömrünün yetkin çağında ilk qələm təcrübəsini xatırlayaraq M.Ə.Rəsulzadə yazırdı ki, məqalənin mövzusuna səbəb içəri şəhər ətrafındakı xiyabanda gəzişən məktəbli oğlan və qızların söhbəti olmuşdur. Məqalədə onların “öz aralarında ana dilləri olan türkcə deyil, rusca qonuşduqları tərəfimdən tənqid olunur, kötü ruscalarını daha iyi bilmələri gərəkən ana dillərinə tərcih etdikləri aydınlanırdı” (22).
Böyük bir maraqla Tiflis poçtunu gözləyən Rəsulzadə yazısının “Bakıdan məktub” başlığı altında dərc olunmasından sonra daha inamla fəaliyyət göstərir. Qəzetin 14-cü sayında onun M.A.Şahtaxtinskiyə ünvanladığı minnətdarlıq və təşəkkür məktubu dərc olunur (25; 23, s.14). Müəllif məqalədə bütün Qafqaz müsəlmanlarına, xüsusilə, Bakı əhalisinə müraciət edərək uşaqlarına elm və tərbiyə verməyə çağırır, hər kəsdən imkanı, qüvvəsi daxilində onları məktəbə qoymasını xahiş edirdi. M.Ə.Rəsulzadə yaradıcılığının ilk dövrlərini nəzərdən keçirərkən, onun yazılarının sırf maarifçilik xarakteri aşkar duyulur. XX əsrin digər maarifçi demokratları kimi M.Ə.Rəsulzadə də ictimai bəlaların kökünü cəhalətdə, nadanlıqda, elmsizlikdə görür, maarifə, elmə xalqı mübarizəyə hazırlayan bir vasitə kimi baxırdı. İstiqlal məfkurəsi hələ tam formalaşmamış gənc Məhəmməd Əmin yeganə çıxış yolunu xalqın maarifləndirilməsində, mədəniləşdirilməsində görürdü (23, s.15).
M.Ə.Rəsulzadə millətimizin dil, elm, təhsil və eləcə də mədəniyyətin digər sahələrində mövcud olan bir sıra problemlərini məhz bu qəzetin köməyi ilə oxuculara çatdırıb. Həyatının sonuna qədər davam etdirdiyi mücadilələrinin başlanğıcı və çıxış nöqtəsi də elə bu qəzetdəki yazılarıdır. M.Ə.Rəsulzadə ziddiyətli, mürəkkəb dövrdə mübarizəyə başlamışdı. Daha doğrusu M.Ə.Rəsulzadə kimi şəxsiyyətlərin yetişməsi ictimai, tarixi, mədəni hadisələrin gedişi ilə şərtlənir, xalqın milli varlığı qoruma kimi təbii hisslərinin gərginləşməsindən, coşmasından doğurdu.
İşğalın ilk dövrlərində Azərbaycandakı İran dil və kültür nüfuzuna qarşı, yerli Azərbaycan dil və kültürünü himayə edən Rusiya XIX əsrin sonlarından başlayaraq ruslaşdırma siyasətini gücləndirməkdə idi. Bu ideologiyanın sıxıntıları içərisində məhrumiyyətin acısını dadmış Azərbaycan türklərində XX əsrin əvvəllərindən etibarən milli hisslərin güclənməsi müşahidə olunurdu. 1905 – 1907-ci il inqilablarından sonra isə çarizmin verdiyi vədlərin boşa çıxması, əhalinin güzəranının pisləşməsi ilə yanaşı, üstəlik təqiblərə, milli və dini ayrı-seçkiliyə məruz qalması Azərbaycanda millətçilik meyllərini daha da gücləndirirdi. Çarizmin müstəmləkəçilik siyasətinə qarşı olan etirazlar dalğasında milli-ictimai fikirdə milli-azadlıq ideyaları formalaşır, daha da püxtələşirdi. Milli oyanış prosesində yeni mərhələnin başqa bir təkanverici amili isə Türkiyə ilə mənəvi bağlılıq və Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə başda olmaqla İstanbul mühitindən təsirlənmiş Azərbaycan ziyalılarının millətçilik yönümündə apardıqları təbliğat olmuşdur. Çar Rusiyasının qadağanlarına, əngəllərinə baxmayaraq Bakı ilə İstanbul arasında qüvvətli mənəvi əlaqələr qurulmuş və münasibətlər getdikcə daha da yaxınlaşmağa başlamışdı. Stolıpin irticasının şiddətli dövründə ictimai-siyasi və mədəni həyatın mühüm bir hissəsini təşkil edən aparıcı şəxsiyyətlərin Vətəni tərk etmək məcburiyyəti üzündən müəyyən bir boşluq yaransa da, onlar yenidən qayıdışları ilə Azərbaycana yeni bir ruh, zəngin mubarizə təcrübəsi, türkçülük məfkurəsi gətirdilər. Bu dönüşün ən görkəmli və istiqamətverici şəxsiyyəti isə 1913-cü ildə Romanovlar sülaləsinin 300 illik yubileyi münasibətilə elan olunan ümumi əfvdən sonra doğma yurda qayıtmaq imkanı əldə etmiş M.Ə.Rəsulzadə oldu. İrandakı fəaliyyəti ilə Rus imperalizminə qarşı mübarizəsini daha da qətiləşdirən, İstanbuldakı təmasları ilə isə milli və mənəvi düşüncələrini püxtələşdirən M.Ə.Rəsulzadə Bakıya yetkinləşmiş məfkurə sahibi kimi qədəm qoydu ki, bu da özünü yaradıcılığının bütün sahələrində göstərməkdədir. Onun 1913-cü ildən sonrakı fəaliyyəti mətinliyi, yazıları sanballılığı və dolğunluğu, irəli sürdüyü, təbliğ etdiyi fikirlər kəskinliyi ilə daha çox diqqəti cəlb edir. Fikirlərində məntiq, baxışlarında ardıcıllıq, düşüncələrində bütövlük, hadisələrə münasibətində dərin mühakimə yürütmək qabiliyyəti nümayiş etdirən M.Ə.Rəsulzədə xalqın taleyüklü məsələlərini öz çiyinlarinə almış ziyalıların cərgəsinə qoşuldu. Qısa müddət ərzində bu hərəkatın öndərinə və ideoloquna çevrildi. Lakin, M.Ə.Rəsulzədə istiqlal fikrinə birdən-birə gəlməmişdir. İctimai-siyasi görüşləri, yaradıcılıq axtarışları zamanın və mühitin təsiri ilə cilalanmış, püxtələşmiş, yetkinləşmiş və nəhayət məfkurə halına çatmışdır (5, s.18).
Artıq 1913-cü ilə qədər zəngin həyat təcürbəsi toplamış M.Ə.Rəsulzadənin ictimai-siyasi baxışlarında, dünyagörüşündə əhəmiyyətli dönüş yarandı. Özünü qabarıq formada göstərən millətçilik-türkçülük ideyası başlıca mahiyyət daşımağa başladı. Əslində bu, istiqal məfkurəsinə aparan yolun mühüm bir mərhələsi idi. Bu mərhələ əvvəllər daha çox dini, siyasi fikirlərin təsirində idi. Hətta, “o dərəcədə ki, türk dili, türk qəzetəsi və türk teatrosu deyiləcəyi yerdə müsəlman dili, qəzetəsi və teatrosu deyilirdi. Fəqət milli oyanış cərəyanı getdikcə təbii məcrasını bulur. Milli, bütün müəssisələr kimi mətbuat da milli mədəniyyət motivlərinə keçir” (19, s.123). XX əsrin əvvəllərində millət anlayışı daha çox islama mənsubiyyətlə, ümmətçiliklə təyin edilirdisə, I Dünya müharibəsi ərəfəsində artıq “türk”, “türk dili”, “türk milləti” ifadələri işlədilməyə başlanmışdı (9, s.70). Milliyyətin təyinində dindən daha çox dilə üstünlük verən ziyalıların mətbuat səhifələrindəki ziddiyyətli mübahisələrinə M.Ə.Rəsulzadə də qatıldı. Gənclik illərindən başlamış ömrünün sonuna qədər əqidəsinə sadiq qalan M.Ə.Rəsulzadə dilimizin dünəni, bugünü və sabahı haqqında qiymətli fikirlər müəllifidir. Həmin fikirləri ümumiləşdirilmiş halda belə ifadə etmək olar: dil milli mədəniyyətin ən davamlı daşıyıcısı, milliyyətin təyinində ən mühüm amildir.
M.Ə.Rəsulzadənin bir tarixi şəxsiyyət, mədəniyyət xadimi kimi yetişməsində özündən əvvəlki milli-mədəni və ictimai-siyasi inkişafın böyük təsiri olmuşdur. Ona qədər Azərbaycanda, millət davasının M.F.Axundzadə və H.B.Zərdabi ilə başlayan böyük bir “mədəni hərəkat”, Ə.Hüseynzadə, Ə.Topçubaşov, Ə.Ağaoğlu ilə təmsil olunan qısa bir “siyasi hərəkat” dövrü vardır. M.Ə.Rəsulzadənin mədəniyyət konsepsiyasının, eləcə də ictimai-siyasi və fəlsəfi görüşlərinin ideya mənbəyini milli və bəşəri dəyərlərin vəhdəti təşkil edir. Dünyagörüşünün ideya zəminində Şərqin əsrlər boyu qazandığı fikri və mədəni nailiyyətləri dayanır. O, dünya elminin keçdiyi inkişaf yolunu izləyərək, Avropa demokratik fikrindən, qabaqcıl ideyalarından faydalanmış, onları yeni tarixi şəraitə uyğun olaraq daha da inkişaf etdirərək böyük məharətlə Azərbaycan mühitinə tətbiq etmişdir. M.Ə.Rəsulzadə öz yaradıcılığını ancaq milli ənənələrlə, milli zəminlə məhdudlaşdırmamış, bu çərçivəni cəsarətlə qırmağa çalışaraq müasir dünya mədəniyyəti səviyyəsinə yüksəlmək yollarını axtarmışdır. Bununla da, dünyagörüşü zəngin milli-ədəbi, fəlsəfi fikrin zəminində, onunla möhkəm daxili əlaqələri olan ümumşərq mədəniyyəti kontekstində təşəkkül tapmışdır. Avropa mənbələri isə ona Azərbaycan mədəniyyətini yeni dövrün ümumi tələbləri səviyyəsinə yüksəltmək üçün geniş imkanlar açmışdır.
Təbii ki, bir məqalə daxilində M.Ə.Rəsulzadənin həyat və yaradıcılığı, əsərlərinin mahiyyəti haqqında geniş danışmaq qeyri-mümkündür. Ona görə də biz bu yazımızda M.Ə.Rəsulzadənin lap gənc yaşlarından mübarizə meydanına atıldığı elmi-mədəni və ictimai-siyasi mühitin ümumi mənzərəsini verməklə kifayətləndik və onun kulturoloji irsindən yalnız bəzi müddəaları verməyə çalışdıq. Belə bir ümumiləşmiş qənaətə gəldik ki, M.Ə.Rəsulzadənin yaradıcılığına, onun mədəniyyət konsepsiyasının formalaşmasına əhəmiyyətli təsir göstərən fikir axınlarının, düşüncə cərəyanlarının, ictimai proseslərin, siyasi hadisələrin, şəxsiyyətlərin, kültürəl və mədəni amillərin nəzərdən keçirilməsi və əsərlərinin araşdırılması bir danılmaz həqiqəti sübut edir: M.Ə.Rəsulzadənin milli varlığa, milli ruha, milli irsə, milli mədəniyyətə və bu mədəniyyətin varislik ənənələrinə olan münasibəti bütöv bir baxışlar sistemidir. Mədəniyyət fenomeni isə bu baxışlar sisteminin ən mühüm və qırılmaz halqasıdır.
Ədəbiyyat
1. Adəmiyyət F. Fikri-demokrasiyi ictimai dər nehzəti-məşrutiyyəti İran. Tehran 1354/1983.
2. Axundov N. Azərbaycanda dövri mətbuat (1832 – 1920). Bakı, Azərb. SSR EA-nın nəşriyyatı, 1965.
3. Aküzüm F. M.Emin Resulzadeye göre çeşidli cepheleriyle Azerbaycan İstiklal mücadelesi. Ankara, 1977.
4. Baykara. H. Azerbaycan istiklal mücadilesi tarihi. İstanbul, 1975.
5. Cəfərov N. M.Ə.Rəsulzadə və milli istiqlal. “Müsavat” jurnalı, №5 (9), 1995, s.18.
6. Əfəndiyev E. Bir kərə yüksələn bayraq bir daha enməz! “Ədəbiyyat” qəzeti, 4 fevral 1994, № 6 (2909).
7. Əliyev M. Məmməd Əmin Rəsulzadə. “Odlar yurdu”, sentyabr 1988, № 17 (414); iyun 1990, № 11(466);
8. Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918 – 1920-ci illər). Bakı, Azərnəşr, 1993.
9. Həsənov H.İ. Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikir. Bakı, Elm, 1977.
10. Hüseynov Ş. Müstəqilliyin çətin yolu, biz hara gedirik? Bakı, Azərnəşr, 1996.
11. Hüseynov Ş.M. E.Resulzade ve Azerbaycan Cümhuriyyəti. Ankara, Azerbaycan, 1996, sayı: 302.
12. Hüseynov Ş., Yaqublu N., Həsənli C., Vahabzadə B. Məmməd Əmin Rəsulzadəyə qarşı böhtan kompaniyası arxasında kimlər durur? (əsilsiz uydurmalara cavablar). Bakı,1998.
13. İbrahimli X. Azərbaycan siyasi mühacirəti. Bakı, Elm, 1996.
14. Karaca A. Azerbaycanın yakın tarihine kısa bir bakış. Ankara, 1982.
15. Mehmetzade M.B. Milli Azerbaycan hereketi. Ankara, 1991.
16. Nəcəfov B.Azərbaycan Demokratik Respublikası. Bakı, Bilik, 1992.
17. Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası. Bakı, Elm, 1990.
18. Oder K. Örnek lider Resulzade. “Azerbaycan”, sayı 12 (36), mart 1955.
19. Rəsulzadə M.Ə. Bolşeviklərin Şərq siyasəti. Bakı, Sabah, 1994.
20. Rəhimov Ə.Məhəmməd Əmin Rəsulzadənin Seyid Həsən Təqizadəyə məktubu. “Tarix, fəlsəfə, hüquq”, 1989, № 2, s. 106-114.
21. Rəsulzadə M.Ə. Stalinlə ixtilal xatirələri. Bakı, Elm, 1991.
22. Resulzade M.E. İlk makale. “Azerbaycan”. Ankara, 1955, Sayı: 10-11.
23. Rəsulzadə M.Ə. Əsərləri, I cild. Bakı, Azərnəşr,1992.
24. Sultanli V. Agir yolun yolçusu. Bakı, Azərnəşr, 1996.
25. Şərqi-Rus qəzeti, 2 may 1903, № 14.
26. Təqizadə C.H. Hadisələrlə dolu həyatın sonu. “Süxən”, Tehran, 1955, № 4.
27. Yurtsever A.V. Emin bey hakkında bazi hatiralar. Azerbaycan, sayı: 250, 1984.
28. Zenkovski S. Rusiyada Pantürkizm ve Müslümanlık. İstambul, 1983.
29. Письмо товарища Сталина по поводу реакционной брошюры Мамед Эмин Расулзаде, СПИЩМДА, фонд 456, сий.14, сах. ващ. 96 а.
http://chudaferin.azeriblog.com/2009/02/09/iyirminci-yuzilliyin-evvellerinde-azerbaycan-milli-medeni