Azərbaycanlı olmağın qüruru
Avropa fəlsəfi fikrinin görkəmli nümayəndəsi İmmanuel Kant yazırdı ki, milli ideologiyasız xalqın uğurlu gələcəyi ola bilməz...
...Çox da uzaq olmayan keçmişin söhbətidir. Yaxın tanışım Avropa ölkələrindən birinə səfəri zamanı şahidi olduğu hadisəni elə fərəhlə nəql edirdi ki, ətrafındakılar duyğusal hisslərə qapılıb təsirlənmişdilər. Yaddaşımda həmişəlik iz salan həmin olay belə vaqe olmuşdu: Avropa ölkələrinin birində keçirilən mühüm toplantıda ayrı-ayrı xalqların nümayəndələri bayraqlarını böyük qürur və şərəf hissi ilə yuxarı qaldıraraq, sanki bu yolla fərqlənmək istəyirmişlər. Bu zaman görkəmindən və qiyafəsindən daha çox əcnəbiyə bənzəyən bir nəfər kənardan Azərbaycan nümayəndə heyətinə yaxınlaşaraq üçrəngli bayrağımızı almış, onu böyük fəxarət və göz yaşları içində dalğalandırmışdı. Nümayəndə heyətimizin üzvləri heyrətlə ondan hansı millətin nümayəndəsi olduğunu soruşduqda, həmin şəxs Azərbaycanca demişdi: "Mən dağ yəhudisiyəm, burada yaşadığıma baxmayın, Azərbaycanda anadan olmuşam. Demək, həm də azərbaycanlıyam, bu bayraq da mənim bayrağımdır, Azərbaycan da elə mənim vətənimdir !".
Vətənə, dövlətə və onun mövcudluq rəmzi, ali atributu olan bayrağa səmimi sevgi nümunəsi saydığım bu hadisəni hər dəfə xatırlayanda düşünürəm: ta qədim dövrlərdən saf çeşmə tək süzülüb gələn, milli kimlik meyarına çevrilən ali mənəvi keyfiyyətləri, bəşər sivilizasiyasını zənginləşdirən dəyərli mədəni irsi, özünəməxsusluğu şərtləndirən bu xalqın təmsilçisi olmağa həqiqətən də dəyər. Nədən ki, mövcudluq tarixi şərəfli mübarizə yolu ilə zəngin olan müdrik xalqımızın tarixində ona utanc gətirəcək hansısa hadisə olmayıb. Taleyin sərt üzündən əsrlər boyu müxtəlif sarsıntılara, ərazi təcavüzünə, mənəvi terrora, repressiyalara məruz qalan Azərbaycan xalqı ən çətin məqamlarda belə, milli kimliyini, şərəf və heysiyyətini qoruyub. Qloballaşan dünyanın yeni nizamı həqiqi mahiyyətindən çox-çox uzaqlaşmış "qərbləşmə", "avropalaşma" kimi kütləvi kulturoloji baxışları, kosmopolit dəyərləri zorən kiçik millətlərə sırımağa çalışsa da, Azərbaycan xalqı bu qarşısıalınmaz prosesə oturuşmuş mənəvi-əxlaqi dəyərlər sistemi ilə layiqli müqavimət gücündə olduğunu təsdiqləyib.
Bütün bunlara rəğmən, nədənsə biz bir həqiqəti etiraf etməyə özümüzdə hələ ki mənəvi güc tapmırıq. Etiraf etməliyik ki, yaşadığımız təbəddülatlarla dolu cəmiyyətin sosial çətinlikləri qarşısında bəzən özümüzdən - milli kimlik kartımıza çevrilmiş munis dəyərlərimizdən uzaqlaşır, haradan gəlib, haraya getdiyimizi unuduruq. Müstəqilliyi, azadlığı al qanla yoğrulan bu xalqın tarixən Cavanşir, Babək, Şah İsmayıl, Cavad xan misalındakı şanlı qəhrəmanlıq salnaməsinə, "Kitabi Dədə-Qorqud" eposunda parlaq təcəssümünü tapan zəngin mənəvi irsinə, yetkin mənəviyyat örnəyinə çevrilən adət-ənənələrinə belə skeptik ruhda yanaşanlar tapılır. Gəlin unutmayaq ki, mənəvi deqradasiya təzahürlərini tarixən hər bir cəmiyyət öz taleyində çətin sınaq mərhələsi kimi yaşayıb. Bunu əldə dəstəvuz edib çətin və şərəfli yol keçən azərbaycanlılarda "natamamlıq kompleksi" axtarmağa mənəvi haqqımız çatırmı?
ABŞ-ın mərhum Prezidenti Con Kennedinin bütün dövrlərin ictimai postulatına çevrilmiş bir fikri bu məqamda lap yerinə düşür: "Soruşma ki, dövlət sənin üçün nə edib, soruş ki, sən ölkə üçün nə edirsən!". Bu fikir azərbaycanlı milli düşüncəsi baxımından da kifayət qədər aktual görünür. Bəli, müstəqilliyi ilə öyündüyümüz, havasını-suyunu udduğumuz, çörəyini daddığımız, ruhi rahatlıq tapdığımız Azərbaycan adlı ümumi Vətənimiz qarşısında vətəndaşlıq borcumuz, mənəvi öhdəliyimiz var. Qürur yerimiz olan bu Vətənin rifahı, yüksəlişi, tərəqqisi, milli-mənəvi özünəməxsusluğunun qorunub saxlanılması, dünya miqyasında layiqli yerinin təmini üçün nə edirik? Şübhəsiz, əsl vətəndaş əzmi ilə bu və digər məqsədlərə doğru könüllü addımlamaq hər kəsdən xalqa, dövlətə səmimi məhəbbət, daha geniş planda azərbaycançılıq məfkurəsi tələb edir.
Avropa fəlsəfi fikrinin görkəmli nümayəndəsi İmmanuel Kant yazırdı ki, milli ideologiyasız xalqın uğurlu gələcəyi ola bilməz. İdeologiya hər bir xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindən olub, onun təfəkkür, adət və inanclar sisteminin məcmusu kimi özünü göstərir. Lakin bu gün qloballaşan dünyanın qaçılmaz reallıqları fonunda mənəvi dəyərlərin fövqünə qalxan ifrat maddiləşmiş münasibətlər xalqları kor-koranə ideologiyasız cəmiyyətə sürükləyir. Bu dağıdıcı prosesə yalnız müəyyən məkan və zaman çərçivəsində - mental dəyərlər və ənənələr əsasında formalaşan, bəşəri ideallarla uzlaşan milli ideologiyalar duruş gətirə bilir. Qərinələr boyu dövlətçilik təfəkkürümüzə, ruhumuza hakim kəsilən azərbaycançılıq, bu mənada, bütün fəlsəfi-siyasi, ideoloji siqləti ilə azərbaycanlı məfkurəsini yabançı təhdidlərdən hifz edir.
Azərbaycançılığı milli ideologiyaya çevirən başlıca amil onun ictimai, sosial-iqtisadi, siyasi və mənəvi planda inteqrativ - birləşdirici funksiya daşımasıdır. Azərbaycanlıların dil, ərazi, dünyagörüşü, adət-ənənə, əxlaq, təsərrüfat və mədəniyyət ümumiliyində təzahür edən bu ideologiya mənəvi kateqoriya kimi ilkin rüşeymlərini, genetik qaynağını xalqın tarixi təkamül və inkişaf mərhələlərindən götürür. Bu ideologiyanın qayəsində xalqın coğrafi lokallaşması, formalaşması, tarix səhnəsinə gəlişi və əsrlər boyu formalaşan milli xarakteri dolğun təcəssümünü tapır. Fəlsəfi kateqoriya olaraq azərbaycançılıq eyni zamanda milli müştərəkliyin müxtəlif tərəflərini, milli həyatın maddi və mənəvi zənginliyini, özünəməxsusluğunu şərtləndirir.
Mifoloji folklor mətnləri hələ çox qədim zamanlarda bu coğrafi məkanda məskunlaşmış insanların təfəkküründə xeyirxah və nəcib idealların, cəmiyyəti hər cür pisliklərdən, rəzalətdən qoruyan, ümumi tərəqqi naminə təkmilləşdirən, haqsızlığın, ədalətsizliyin qarşısını alan normaların möhkəm intişar tapdığını göstərir. Bu mənada, azərbaycançılığın ideologiya kimi ilkin rüşeymlərinin təşəkkülü bizim eradan əvvəl birinci minilliyə təsadüf edir. Xalqımızın zəngin mənəviyyatı, dünyagörüşü, dövlətçilik təfəkkürü ən ümumi şəkildə müqəddəs kitablar külliyyatı olan "Avesta"da xeyirlə şərin mübarizəsi qismində əksini tapır.
Erkən orta əsrlərdə Azərbaycanda total ictimai etiraz dalğasına çevrilən məzdəkilər, xürrəmilər, sufilər hərəkatları isə milli ideologiyamızda tarixən möhkəm yer alan azadlıq, hürriyyət, bərabərlik kimi dəyərləri təşviq edir. Orta əsrlərdə isə milli ideologiyanın formalaşması prosesinə həmin dövrün şair və filosoflarının yaradıcılığı da əsaslı təsir göstərir. X-XII əsrlərdə yaşamış Əfzələddin Xaqani, Nəsirəddin Tusi, Nizami Gəncəvi ilk dəfə Azərbaycan dilində poeziya nümunəsi yaradan Həsənoğlu və digər mütəfəkkirlərin əsərlərində azərbaycançılığın əsas komponentləri sayıla biləcək ədalətli şah, sosial ədalət, azadlıq, həmrəylik meyarları, habelə vətənpərvərlik, dövlətçilik hissi qabarıq duyulur. Sonrakı əsrlərdə Əbülhəsən Bəhmənyar, Xətib Təbrizi, Qətran Təbrizi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi dahilərin yaradıcılığı bəşəri ideyaların tərənnümünə, haqqın, ədalətin, humanist ideyaların ictimai şüurda möhkəmlənməsinə xidmət etməklə, azərbaycançılıq ideologiyasının ayrı-ayrı komponentlərinin inkişafında vacib rol oynayırdı. Bu dövrdə mövcud olmuş əxilər hərəkatı isə milli ideologiyamızın ana axarında yer almış siyasi, irsi, dini, etnik tolerantlığı təşviq edirdilər.
XV əsrdə I Şah İsmayılın rəhbərliyi ilə Azərbaycan torpaqlarının vahid Səfəvi dövlətində birləşdirilməsi milli ideologiya və düşüncə sisteminin formalaşmasında keyfiyyətcə yeni mərhələ olmuşdur. XIX yüzillik isə azərbaycançılıq ideologiyasının sürətli inkişaf yolu keçərək yetkinləşdiyi, belə demək mümkünsə, cilalandığı dövrdür. Bu əsrdə yaşayıb-yaratmış Qasım bəy Zakir, Abasqulu Ağa Bakıxanov, Seyid Əzim Şirvani, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qutqaşınlı, Nəcəf bəy Vəzirov, Məhəmməd Tağı Sidqi, Həsən bəy Zərdabi və başqa görkəmli ədiblərin cəmiyyətdəki problemləri, sosial ədalətsizlikləri, haqsızlıqları, mövhumatı əks etdirən əsərləri, ümumən maarifçi missiyaları xalqın milli ideologiyasının formalaşmasında müstəsna rol oynamışdır. XX əsrin əvvəllərində isə Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtlı, Əli bəy Hüseynzadə, Firudin bəy Köçərli, Məmməd Əmin Rəsulzadə kimi maarifpərvər ziyalılar azərbaycançılıq məfkurəsinin inkişafında mühüm rol oynamışlar. Bu dövrdə Ə. Hüseynzadənin irəli sürdüyü "Türkləşmək, müasirləşmək (Avropalaşmaq - İ.H.), islamlaşmaq" şüarı bu gün də azərbaycançılıq ideologiyasının əsas istinad meyarlarıdır.
1918-ci ilin 28 mayında istiqlaliyyətini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq mövcudluq tarixi milli ideologiyanın formalaşmasında kulminasiya mərhələlərdən biri kimi dəyərləndirmək olar. Bu dövrdə xalqın vahid dövlət və ideya ətrafında səfərbər olunması, milli dövlətçilik atributlarını, dövlət strukturlarını formalaşdırması, ümumən Azərbaycanın müstəqil dövlət kimi dünya miqyasında tanınması milli ideologiyanın formalaşmasında mühüm rol oynadı.
AXC-nin məlum səbəblər üzündən süqutundan sonra 70 il sovet imperiyasının tərkibində yaşamaq məcburiyyətində qalan Azərbaycan xalqının düşüncəsinə "bolşevizm", "sosializm", "kommunizm", "internasionalizm" kimi qondarma və utopik ideologiyalar sırınsa da, xalqımız azərbaycançılıq ideologiyasını tarixi yaddaşında, təhtəlşüurunda yer almış arxetiplərini dünyagörüşündə və yaşam tərzində qoruyub saxlaya bildi. Xüsusən də, ümummilli lider Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin inkişafı istiqamətində atılan addımlar xalqda milli özünüdərki gücləndirdi, eyni zamanda, gələcək müstəqillik üçün ideoloji təmələ çevrildi.
Ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək, ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı. 2001-ci ilin noyabrında keçirilmiş Dünya Azərbaycanlılarının I qurulayındakı çıxışında "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" - deyən ulu öndər həmçinin vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Ümummilli lider həmçinin qeyd edirdi ki, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir.
Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. Bu mənada, azərbaycançılıq millətindən asılı olmayaraq özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur.
Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi, ünsiyyət birliyini ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də çox müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün də cəlbedicidir.
Vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri məhz azərbaycançılıq ideologiyasında real təcəssümünü tapır. Bu mənada, azərbaycançılıq milli olduğu qədər də bəşəri, universal səciyyə daşıyır. Onun ən müsbət məziyyətləri sırasında tolerantlıq komponentini xüsusi qeyd etmək lazım gəlir. Azərbaycançılıq dilindən, millətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarını ümumi Vətən naminə həmrəyliyə dəvət edir. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması isə tolerantlığın bariz təzahürüdür. Əslində, dini və etnik tolerantlıq Azərbaycan xalqının qanında, canında, kökündə var. Milli ənənələrimizdə, mentalitetimizdə, habelə sosial, mənəvi və dini düşüncə laylarımızı özündə yaşadan folklorumuzda başqa dinlərə, millətlərə dözümlü münasibət özünü yaşadır.
Azərbaycançılığı şərtləndirən ən mühüm amillərdən biri də milli ənənədir. Milli düşüncə sisteminin genetik qaynağı olan azərbaycançılığın inkişaf stimulyatoru da məhz ənənədir. Ənənə uzun əsrlərin sınağından keçərək tarixi təcrübəni yığır, xalqın müdrikliyi, onun mənəvi mədəniyyəti və s. amillər bu anlayışda ifadə olunur. O, keçmişlə gələcəyi əlaqələndirir, etnokulturoloji mövcudluğu qoruyur. Bu ənənələr xalqın keçdiyi zəngin tarixi yolun mütərəqqi yaşam təcrübəsini özündə qoruyub saxlayır. Deməli, azərbaycançılıq ideologiyası həm də xalqın tarixən tapındığı mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür. Azərbaycançılığın gücü eyni zamanda fərdi maraq və meyilləri dövlət siyasəti ilə birləşdirmək, xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamaq imkanları ilə ölçülür.
Dövlətçilik hisslərinə malik olmadan hansısa xalq milli dövlətini inkişaf etdirə bilməz. Bu mənada, azərbaycançılıq ideologiyası nəzəriyyədən praktikaya transformasiya imkanı ilə milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir. Xalqın milli varlığını ifadə edən rəmzlərə, adət-ənənələrə, ali mənəvi dəyərlərə yüksək sədaqət, ana dilinə məhəbbət, bəşəri ideallara hörmət azərbaycançılığın milli mahiyyətini açmaqla yanaşı, onun humanist səciyyə daşıdığını göstərir. Azərbaycançılığın əsasında yer alan ünsiyyət birliyi isə vahid ana dilimiz vasitəsilə həyata keçirilir. Azərbaycan dili milliliyin ifadə vasitəsi olduğu üçün azərbaycançılıq ideologiyasının komponenti kimi çıxış edir.
Ümumiyyətlə, yetkin milli ideologiyaya çevrilən azərbaycançılığın hədəfə aldığı anlayışlar daha çox dövlət və dövlətçiliklə bağlı praktiki siyasi məqsədlərdir. Milli mədəniyyət, milli təfəkkür və milli mövcudluq - bunların dialektik münasibəti azərbaycançılığın fəlsəfəsini açır. Bu ideoloji təlimdə eyni zamanda xalqın tarixən milli təfəkkürünün, milli düşüncə sisteminin gərəkli ideya istiqamətləri ən mükəmməl şəkildə səfərbər olunur. Məhz bu və digər xüsusiyyətləri ilə azərbaycançılıq ideologiyası tarixən olduğu kimi, bu gün də milli mövcudluğun əsas qayəsi və təminatçısı qismində çıxış edir.
Vaxtilə böyük türk sərkərdəsi Oğuz Xaqan öz qövmünə üz tutub deyirdi: "Ey türk, titrə, özünə dön! Sən özünə dönəndə böyük olursan !". Azərbaycanlıların özünə dönüşü - milli ruhlu, müasir düşüncəli, kreativ enerjili gənc nəslin yetişdirilməsi, zəngin daxili aləmə malik azərbaycanlı obrazının bəşəri miqyasda tanıdılması üçün azərbaycançılığa sözdə deyil, real, əməli fəaliyyətdə dönüşün vaxtı çatıb.
İxtiyar Hüseynli,
“Azərbaycan”.-2009.-26 noyabr.-N 265.-S.6.