Mədəni türkçülük və Abbasqulu ağa Bakıxanovun milli «Tarix»i
Hər bir milləti yaşadan və onun varlığını təsdiq edən milli ideyadır. Milli ideyanın son nöqtəsi isə milli və müstəqil dövlətin yaranmasıdır...
Bu gün Azərbaycan xalqının böyük əksəriyyətini təşkil edən və daha çox «azərbaycanlı» anlayışı ilə tanınan Azərbaycan türklərinin bir millət kimi formalaşması və özünü təsdiq etməsi məsələlərinin tarixi-fəlsəfi yöndən araşdırılmasına ciddi ehtiyac var. Belə ki, digər azsaylı etnik qruplardan (talış, ləzgi, tat və b.) fərqli olaraq Azərbaycan türklərinin xeyli bir qismi öz etnik mənsubiyyətini (türklyünü) və milli dillini (türk dilini) ifadə etməkdə çətinlik çəkirlər. Şübhəsiz, bunun bir sıra subyektiv və obyektiv səbəbləri vardır.
Fikrimizcə, bu cür obyektiv və subyektiv səbəblər arasında ən mühüm olanı bu günə qədər milli və gerçək tarixin, ədəbiyyatın, fəlsəfənin və s. yazılmamasıdır. Bu cür dərsliklər və əsərlərin yoxluğu bir dövründə yeni yetişən nəslə çatdırılan biliklərin yarımçıq və qarışıq olması da bir faktdır. O da, bir gerçəklikdir ki, bu gün Azərbaycan təhsili əsasən, böhran içindədir. Bu böhranın ən pik nöqtəsi isə buradakı milli ruh yoxsulluğudur. Başqa sözlə, hazırkı Azərbaycan təhsilin də milli özünüdərk, milli özünütəyin, milli özünütəsdiq və s. ya yoxdur, ya da çox qarışıq, xaotik bir şəkildədir. Buna bariz nümunə kimi, bir qayda olaraq Təhsil Nazirliyi və TQDK arasında olan qovğaları və onların bir-birlərinə qarşı sürdükləri ittihamları göstərə bilərik. Şübhəsiz, təhsildəki milli ruh yoxsulluğu bu gün yetişən gənc nəslin hansı səviyyədə olmasının ən bariz nümunəsidir.
Hər bir milləti yaşadan və onun varlığını təsdiq edən milli ideyadır. Milli ideyanın son nöqtəsi isə milli və müstəqil dövlətin yaranmasıdır. Əgər biz Azərbaycan türkçülüyü ideyasını (Azərbaycan milli ideyasını) doğru şəkildə mənimsəsək, dünya xalqları arasında milli varlığımızı sona qədər sürdürmək çətin olmaz. Ancaq bu cür mənəvi-ideoloji məsələlərlə uğraşan bir şəxs kimi hesab edirik ki, milli kimliyini, milli dilini, milli mədəniyyətini, milli tarixini və s. vaxtında və obyektiv şəkildə qavramayan, dərk etməyən bir millət, bir toplum üçün dünya millətləri arasında özünü ifadə etmək isə çətin olar. Bu baxımdan öncəki yazılarımızın da tərkib hissəsi olaraq, Azərbaycan türkçülüyü ideyasının yaranması və inkişaf mərhələlərinə tarixi-fəlsəfi yöndən yanaşmağı zəruri hesab edirik. Bu zərurətin nəticəsi olaraq «Azərbaycan türkçülüyü ideyası» başlıqlı silsilə məqalələrimizi oxucuların diqqətinə çatdırmaq qərarına gəlmişik.
Fikrimizcə, Azərbaycan türkçülüyünün yaranması və inkişafı bütövlükdə üç mərhələdən: 1) mədəni türkçülük (dil, ədəbiyyat, tarix və s. sahələrdə türkçülük); 2) siyasi-ideoloji türkçülük (Türk birliyi, Turan birliyi və s.); 3) milli-etnik türkçülük (Türkiyə türkçülüyü, Azərbaycan türkçülüyü, Türküstan türkçülüyü və s.) keçmişdir.
Türkçülüyün ilk mərhələsi olan mədəni türkçülüyün yaranmasına başlıca səbəb 18-ci əsrdən başlayaraq müsəlman dövlətlərinin, o cümlədən Osmanlı və Səfəvilər kimi türk imperiyalarının Avropa dövlətləri ilə müqayisədə elm və təhsil, texnoloji və başqa sahələrdə geri qalması, get-gedə tənəzzülə uğraması idi. 19-cu əsrdən etibarən türk ziyalıları bundan çıxış yolu axtarmağa başlamış və belə nəticəyə gəlmişlər ki, tənəzzüldən qurtulmaq üçün yalnız Avropa mədəniyyətini, texnologiyasını təqlid və s. yetərli ola bilməz. Bu baxımdan, onlar bir millət üçün vacib olan soykök, dil, mədəniyyət, tarix və s. məsələləri tədqiq etməyə başlamış, bununla da türkçülüyün ibtidasını, yəni mədəni türkçülüyün əsasını qoymuşlar. Mədəni türkçülük ilk dövrlərdə, bütün türk coğrafiyasında bir-birindən xəbərsiz şəkildə yaransa da, çox keçmədən ümumtürk mədəniyyətini, ədəbiyyatını, dilini və s. hədəfləmişdi. Beləliklə, türk coğrafiyasını özündə əhatə edən mədəni «Türk birliyi», hətta «Turan birliyi» meydana çıxmışdı.
Azərbaycanda mədəni türkçülüyün meydana çıxması yeniləşmənin, maarifçiliyin və ilkin islama qayıtmanın təsiri altında XIX əsrin ikinci yarısında başlamışdır. Fikrimizcə, XIX əsrdə A.A.Bakıxanov, M.Kazımbəy, M.F.Axundzadə, H.Zərdabi və b. mədəni türkçülüyün Azərbaycanda ilk nümayəndələri olmuşlar.
Çar Rusiyasının Azərbaycan türklərinin soykökünü, dilini, mədəniyyətini, tarixini saxtalaşdırmaq niyyətini ilk dəfə Abbasqulu Ağa Bakıxanov anlamış və millətini gözləyən böyük təhlükəni, yəni milli mənşəyin, dilin və mədəniyyətin assimilyasiya edilməsini görərək «Gülüstani-İrəm» adlı milli ruhlu tarixi əsərini yazmışdır. Hər halda, 19-cu əsrin əvvəllərində vətəninin çar Rusiyası tərəfindən işğalı, işğaldan sonra digər millətlərlə müqayisədə Qafqaz türklərinə qarşı ayrı-seçkiliyi, eyni zamanda erməni, gürcü və b. xalqların alimlərinin öz millətləri uğrunda apardıqları milli mübarizə A.A.Bakıxanovu türk millətinin «Tarix»ini yazmağa sövq etmişdir. O, açıq şəkildə göstərir ki, yalnız «Tarix» vasitəsilə hər bir xalq etnoqrafiyasını, adət-ənənələrini, milli xüsusiyyətlərini öyrənir və keçmişi haqqında məlumat əldə edir.
Fikrimizcə, A.A.Bakıxanovun «Tarix»i milli «Tarix»dir və burada öz əksni tapan bilgilər Azərbaycan xalqının milli özünüdərkinə hesablanmışdır. Bu kitabla dərindən tanış olan hər bir kəs anlaya bilər ki, bu əsər «Gülüstani-İrəm» adlanıb, özü də ilk baxışda Şirvan və Dağıstan xalqlarının tarixindən bəhs edəcək təsiri bağışlasa da, əslində bu «Tarix» Qafqaz türklərinin, o cümlədən Azərbaycan türklərinin tarixidir. Eyni zamanda hiss olunur ki, burada yalnız quru bir «Tarix» yazılmamış, həm də Azərbaycan türklərinin milli mənəvi dəyərlərinin tarixi və mədəni irsi - türklərin soykökü, dili, mədəniyyəti, dövlətçiliyi, coğrafiyası, etnoqrafiyası və s. öz əksini tapmışdır. Deməli, Bakıxanov bu əsərində tarixçiliyi ilə bərabər millətini, vətənini sevən və onu təbliğ edən bir ideoloq kimi çıxış etmişdir. A.A.Bakıxanovu özündən əvvəlki yerli tarixçilərdən fərqləndirən başlıca cəhətləri də məhz bunda axtarmaq lazımdır. Bu mənada, A.A.Bakıxanov «Gülüstani-İrəm» tarixi əsəri ilə Qafqaz və Azərbaycan türklərinin həyatında yeni bir səhifə açmışdır. Biz heç də o fikirdə deyilik ki, Azərbaycanın tarixini ilk dəfə A.A.Bakıxanov yazıb. Hər halda elm aləminə məlumdur ki, XIII əsrdə yaşamış Əbülhica Əl-Rəvvadinin Azərbaycan tarixinə dair «Tarixi Azərbaycan» adlı əsəri olmuşdur, lakin bu əsər tapılmamışdır. Bu mənada Z.Bünyadov haqlı olaraq yazır ki, A.A.Bakıxanov Azərbaycan elmi tarixşünaslığının banisi, onun Gülüstani-İrəm» əsəri isə akademik planlı ilk monoqrafik tədqiqatdır.
Bizə elə gəlir ki, A.A.Bakıxanov milli çalarları gizlətmək naminə bu əsərinə belə bir rəmzi ad, yəni «Gülüstani-İrəm» adını vermişdir. Əslində isə onun niyyəti rus, erməni, gürcü, fars və b. xalqların tarixçilərinə Azərbaycan türklərinin bu ərazinin aborigen milləti və vaxtilə burada yaranmış dövlətlərin də türk dövlətləri olduğunu bir daha göstərmək olmuşdur. Xüsusilə, bu bölgədə ermənilərin, gürcülərin və b. xalqların bir-birinin ardınca milli ruhda tarixi, coğrafi əsərlər yazması A.A.Bakıxanovda da milli hissləri oyatmış, öz xalqının tarixini, mədəniyyətini və onların inkişaf dinamikasını tədqiq etmişdir. Görünür, A.A.Bakıxanov artıq öz dövründə türklərə bəzi qonşu xalqların, o cümlədən ermənilərin mənfur niyyətini də duymuş və buna uyğun olaraq da Şirvan və Dağıstan xalqlarının tarixi adı altında, Qafqaz və Azərbaycan türklərinin, bütövlükdə isə, bu bölgəyə aid olan bütün türk etnoslarının tarixini, etnoqrafiyasını, dövlətçilik ənənələrini və mədəni irsini qələmə almışdır. Bu baxımdan A.A.Bakıxanovun Qafqaz, o cümlədən Azərbaycan türklərinin tarixinə həsr edilmiş bu əsəri, indiyə qədər yazılmış bir çox tarixi əsərlərdən daha obyektiv, daha sanballı və daha qiymətlidir. Hər halda A.A.Bakıxanov bugünkü bəzi «tarixçilərimizin», «alimlərimizin» dolaşıq, qarmaqarışıq tarixindən daha aydın və obyektiv bir tarix yazmışdır; baxmayaraq ki, o, çar Rusiyasının əsarəti altında olan bir ölkədə yaşamış və ondan sonrakı dövrlərdə aşkarlanan bir çox mənbələr və abidələr onun əlində olmamışdır. Çox təəssüflər olsun ki, A.A.Bakıxanovda olan milli ruhu indi adını ziyalı, alim, tarixçi, filosof, filoloq, politoloq və s. adlanan bir çox tədqiqatçılarda görə bilmirik.
Ümumiyyətlə, fikrimizcə yeni dövrdə A.A.Bakıxanov milli ideologiyamızın, Azərbaycan ideologiyasının ilk nümayəndəsidir. Çağdaş anlamda ilk millilik, milli özünüdərk, milli özünəməxsusluq və s. keyfiyyətlər A.A.Bakıxanovda özünü büruzə vermişdir. Əgər kimlərsə iddia edirsə ki, milli ideologiyanın başlanğıcı, ilkin mərhələsi M.F.Axundzadə ilə başlayır, bu bir qədər mübahisəlidir. Doğrudur, M.F.Axundzadə Azərbaycan fəlsəfə və ictimai-siyasi fikir tarixinə bir sıra reformaları (ilk dəfə Şərq dünyasında Avropa üslubunda türkcə komediyalar yazmış, ərəb əlifbasının dəyişilməsi və latın əlifbasına keçilməsi təklifini irəli sürmüş, «millət» sözünü siyasi-ideoloji mənada işlətmiş, konstitusiyalı dövlət ideyasını müdafiə etmiş və s.) daxil olmuşdur. Ancaq apardığımız tədqiqatlar əsasında belə bir nəticəyə gəlmişik ki, M.F.Axundzadədən öncə və ondan fərqli olaraq yalnız qiyabi deyil, əyani şəkildə Qərb dünyası ilə yaxından tanış olan A.A.Bakıxanov öz dövrünün, XIX yüzilliyin ilk milli ideoloqu və milli maarifçisidir. Şübhəsiz, burada «milli ideoloq» və «milli maarifçi»lik nisbi xarakter daşıyır. Çünki bu anlayışlar ilk növbədə yeni dövrün, kapitalist münasibətlərinin mövcudluğu şəraitində meydana çıxmışdır. Biz də, bu mənada A.A.Bakıxanovu ilk milli ideoloq və milli maarifçi hesab edirik.
Faiq Ələkbərov
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru