Arif Heydərov (1926-1978)
Azərbaycan SSR-in daxili işlər naziri, general-leytenantArif Nəzər oğlu Heydərov 1926-cı ilin 28 iyununda Ağdaş şəhərində dünyaya gəlib. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə 1942-ci ildə başlayıb, Əzizbəyov neft trestində çilingər işləyib. 1943-cü ildə Moskvaya xüsusi təhsil məktəbinə oxumağa göndərilib.
1944-1945-ci illərdə İkinci Dünya müharibəsinin iştirakçısı olub, Berlinə hücum əməliyyatında iştirak edib.
1945-1947-ci illərdə Polşada və Almaniyada müttəfiqlərin qoşunlarının heyətində xidmət keçib.
1949-1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləyib. Bu dövrdə operativ tapşırıqlarla əlaqədar dəfələrlə xarici ölkələrə gedib və uzun müddət Almaniya Demokratik Respublikasında və Türkiyədə daimi işdə çalışıb.
1967-1970-ci illərdə Türkiyədə konsul, 1970-1978-ci illərdə Azərbaycan SSR Daxili İşlər Naziri işləyib. Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
Alman, ingilis, türk, fars dillərini bilirdi. SSRİ-nin Qırmızı Bayraq, "Şərəf nişanı" ordenləri və bir çox sovet və xarici ölkə medalları ilə təltif olunmuşdu.
Respublikanın daxili işlər naziri, general-leytenant Arif Heydərov 1978-ci il 29 iyunda öz kabinetində Şuşa həbsxanasının milis kapitanı Ziya Muradov tərəfindən qətlə yetirilib.
Qətlin motivi isə çox banal idi. İşdə və ailəsində problemləri olan, mənzil şəraiti ilə bağlı müraciətlərinə baxılmayan (ailəsi ilə həbsxananın klubunda yaşayırdı) milis kapitanı Ziya Muradov gördüyü bürokratik haqsızlığın bütün haqq-hesabını beləcə nazirə kəsmişdi. Arif Heydərovla birgə kabinetdə olan müavini, general Səlahəddin Kazımov və köməkçisi – podpolkovnik Əziz Səfixanov da qətlə yetirilmişdi.
General Arif Heydərovun adına Bakıda küçə və məktəb var. Azərbaycan DİN-in hospitalı və Xəzər Dəniz Gəmiçiliyinin tankerlərindən biri Arif Heydərovun adını daşıyır.