“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.08.2014, 17:05
1731

Cəfər Cabbarlı (1899-1934)

Böyük dramaturq, şair, yazıçı, teatr xadimi
A- A+

Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş dramaturq, şair, yazıçı, tərcüməçi, teatr xadimi Cəfər Qafar oğlu Cabbarlı 1899-ci il martın 20-də Cəfər Qafar oğlu Cabbarlı 1899-cu ildə Bakı yaxınlığındakı Xızı kəndində doğulmuşdur.  

Cəfərin ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin "Dağlı məhəlləsi" adlanan yuxarı hissəsində yaşamışdır. Atası təxminən 1901-1902-ci illərdə ürək xəstəliyindən vəfat etmişdir. Cəfər və üç qardaşı anası Şahbikə xanımın himayəsində qalır. Anası heç olmasa kiçik oğlunu təhsildən məhrum etməmək üçün Cəfəri əvvəlcə məhəllə mollasının yanında oxumağa qoyur.

Cəfər bir müddət molla yanında oxuduqdan sonra ilk təhsilini rus-tatar məktəbində almış, sonra isə sənaye və teatr texnikumunda oxumuş, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir.

Hələ ibtidai məktəbdə oxuduğu zaman Abdulla Şaiq və Süleyman Sani Axundov kimi müəllimlərin təsiri ilə onda ədəbiyyata həvəs yaranmışdı. Tezliklə o, Azərbaycan və rus şairlərini mütaliə etməklə bərabər özü də yazmağa başlayır.

"Bahar" adlı ilk şeirini 1915-ci ildə "Məktəb" jurnalında dərc etmişdir. 1915-16-cı illərdə "Babayi Əmir" jurnalında bir sıra satirik şeirləri dərc olunmuşdur.

1915-1920-ci illər Cəfər Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövrdür. O, bir-birinin ardınca "Vəfalı Səriyyə yaxud göz yaşı içində gülüş", "Solğun çiçəklər", "Trablis müharibəsi və ya Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın" kimi Azərbaycan səhnəsini düşündürən əsərlər yazmış, lirik və satirik şerlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar etmişdir . 1920-ci illərdə dramaturq "Oqtay Eloğlu", "Od gəlini", "Sevil" və s. pyeslərini yazır.

Onun "Vəfalı Səriyyə", "Solğun çiçəklər", hekayələri "Aslan və Fərhad", "Mənsur və Sitarə" geriliyə, qadın hüquqsuzluğuna, haqsızlığa, qaniçən namussuzlara qarşı yönəlmişdi. "Aydın" və "Oqtay Eloğlu" pyesində rəzil, qurdlu, ikiüzlü, vicdansız, qaniçən olan varlıları tənqid etməklə sadə qəlbli zəhmət adamlarının faciəsinə, halına acıyır. "Od gəlini" tarixi romantik dramı feodal zülmünə qarşıdır.

Ümumiyyətlə, C. Cabbarlı qadın hüquqsuzluğuna qarşı bir sıra əsər - "Sevil", "Dilarə", "Dilbər", "Gülzar" dramatik pyes və hekayələr yazmışdır. C. Cabbarlının "Almas" və "Yaşar" pyeslərində Azərbaycan kəndinin o dövrkü real həyatı öz əksini tapmışdır.

Cəfər Cabbarlı Azərbaycan teatrının bədii rəhbəri və rejissor kimi Azərbaycan teatrının işində yaradıcı şəkildə fəal işləməklə onun inkişafına kömək edirdi. C. Cabbarlı bir sıra filmlərə ssenari yazmışdır, dramaturqun “Sevil”, “Almaz” əsərləri əsasında bədii filmlər çəkilmişdir.

O, Avropa şair və yazıçılarından F. Şillerin, J. Bomarşenin, V. Şekspirin əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. C. Cabbarlının özünün əsərləri dünyanın bir sıra dillərinə tərcümə olunmuş, pyesləri ən böyük səhnələrdə oynanılmışdır. O, öz dram əsərində oxunan mahnılara musiqi bəstələmişdir.

Cəfər Cabbarlı 1934-cü ildə Bakıda vəfat etmişdir. Xızıda və Bakıda ev muzeyi açılmış, Bakıda və Sumqayıtda heykəlləri qoyulmuşdur. “Azərbaycanfilm” kinostudiyası, Gəncə Dövlət Dram Teatrı, İrəvan Azərbaycan Dram Teatrı, Dövlət Teatr Muzeyi, məktəb və kitabxana, Azərbaycanın bir sıra şəhərlərində küçələr və s. mədəni müəssisələr onun adını daşıyır.

 

Xəbərlər
Redaktorun seçimi