“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.08.2014, 17:13
1894

Vaqif Səmədoğlu (1939)

Xalq şairi, dramaturq
A- A+

Vaqif Səmədoğlu (Vəkilov Vaqif Səməd oğlu) 1939-cu il iyunun 5-də Bakı şəhərində, böyük şair Səməd Vurğunun ailəsində anadan olmuşdur.

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında ali təhsil alıb.

1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 

Əməkdar incəsənət xadimi (1989), Azərbaycanın Xalq şairidir (1999), Milli Məclisin deputatı (2000-2010) olub.

* * *

Vaqif olmaq

"Hər oxuyan Molla Pənah olmaz" deyiblər. Hər şair də Vaqif olmur - nə Molla Pənah Vaqif, nə Səmədoğlu Vaqif.

Vaqif Səmədoğlu yaradıcılığı poeziyamızda da, dramaturgiyamızda da təkrarsız, unikal hadisədir. Qırx-qırx beş il bundan qabaq Vaqifin ilk şeirləri meydana çıxanda bunu çox az adam başa düşürdü. İndi müqayisəolunmaz dərəcədə çox adam başa düşür, gün gələcək bunu başa düşməyən qalmayacaq, qalsa da, üç cüt-bir tək cahil.

Böyük sənətkarlar çox vaxt yaşadığı dövrün yetimi, ögeyi, gələcək zamanların ərköyünü olur. İndi hansı şairin şeirlərini oxuyursan, oxşar mövzulara rast gəlirsən - Allah, ölüm, tənhalıq. Vaqif yaradıcılığa başlayanda bu mövzularda yazan bir-iki şairdən biriydi.

İlk şeirlərindən o, ədəbiyyatımıza əyalətçilik çəpərlərini aşaraq gəldi. Əyalətçilik yalnız coğrafi anlayış deyil, əyalətçilik zamanın ucqarında qalmaq, dövrün nəbzini duymamaq, dünyanın dərdinə, Füzuli demiş "qəmi aləmə" biganə qalmaqdır.

Ən uzaq əyalət insanın öz içindədir: planetin ən azman şəhərlərində yaşayıb mahiyyət etibarıyla əyalət adamı ola bilərsən. Vaqif şəhərlidir, amma şəhər şairi deyil, kənd şairi də olmadığı kimi, o dünyanın bütünlüklə - küll halında hər üzünə - şəhərinə, kəndinə, keçmişinə, indisinə, gələcəyinə, ağrısına, sevincinə - bir sözlə, hər sirrinə vaqif olan sənətkardır. Vaqif Səmədoğlunun vaqifliyi bundadır.

Bir para şair və yazıçılarımız var ki, ömürlərinin bir yarısını kənddən, rayondan Bakıya köçmək cəhdlərinə həsr edirlər, ikinci yarısını da şəhəri burunlamağa. "Ah, şəhər nə qədər pis, yad, iyrəncdir, doğma kəndim nə qədər gözəl, füsunkardır" - bir çox şeirlərin, hekayələrin əsas pafosu budur... Soruşan gərək, şəhərə bu qədər nifrət bəsləyirsənsə, niyə bitib qalmısan burada? Kənddən, rayondan çıxıb Bakıda məskunlaşmış ən istedadlı şair və nasirlərimiz belə ovqatdan uzaqdırlar. Fikrət Qoca da, Mövlud Süleymanlı da, Ramiz Rövşən də.

Təbii ki, şəhərdə doğulub boya-başa çatmış Vaqif Səmədoğlu da. Vaqifin nisgili, gileyi hansısa coğrafi məkanla deyil, dünyanın varoluşuyla, zamanın gərdişiylə bağlıdır. Onun haqqında yazılarımdan birində demişdim ki, "Vaqif zamanın yaratdığı şairdir"...

Onun ağrılı-əzablı müasirliyi də bundadır. O, salxım söyüdün seyrinə dalıb zövq almır, çünki bilir ki:

Söyüd kölgəsi tək, 
Sərindir 
Krematori kölgəsi.

Bizim əsr kölgələrin çərgəsinə krematori - əsir düşərgəsində insanyandırma məntəqəsinin kölgəsini də əlavə etdi. Qərb mütəfəkkirlərindən birinin fikri Vaqifin misralarıyla həmahəng səslənir: "Osvensimdən sonra sevgi şeirləri yazmaq müşkül işdir".

Şərq və Qərb şairlərinin əsrlər boyu vəsf etdikləri Ay da, Vaqifin poeziyasında gözlənilməz bir bənzətməylə təqdim olunur:

Aya baxıram...
Üzü ləkə-ləkə 
Rentgendə görünən 
Vərəmli ciyər təki...

Təbiət öz-özlüyündə neytraldır, şairlər onu rəmzlərə, təşbehlərə, obrazlara çevirir. Quzey və Güney Azərbaycanı ayıran Araz çayı haqqında saysız-hesabsız şeirlər yazılıb - onların arasında əlaları da var, babatları da, dəyərsizləri də. Bu şeirlərin çoxunda Arazı qınayırlar ki, "zalımdır, insafsızdır, amansızdır", xalqımızı, torpağımızı iki yerə bölüb. Vaqif Araza ilk anlamını qaytarır:

Araz nədir? 
Adi çay 
Saysız çaylar ordusunda 
kiçik, sadə piyada. 
Arazı söyməkdən nə fayda?

Vaqif şeirində obrazların əyaniliyi gözümüz qarşısında son dərəcə möhtəşəm mənzərə yaratmağa qadirdir:

Nəhəng bürünc xaç kimi 
Yırğalanır sinəmdə 
Aramızda qalmış buludlar, 
Təyyarənin uğultusu, 
məsafə 
Qəflətən şamları keçmiş 
Kilsədir 
Qara dəniz 
sənsiz...

Yaxud başqa bir gözlənilməz obraz:

Batan 
Gəmilərdən atılan 
Yük kimi 
Kənara atıram 
Ümidlərimi. 
Ömrün divarında yenə 
Kəndir görürəm, 
qapı yerinə.

Vaqif poeziyasının gözlənilməz keçidləri bəzən oxucunu çaşdıra bilər. "Tərcümeyi-halım" şeiri qəribə bir etirafla başlayır:

Doğuldum 1939-da, 
1937-də tutuldum.

Bu necə olur görəsən, 39-da doğulan adam iki il qabaq tutula bilərmi? Bunu başa düşməyənlər onu da başa düşmürlər ki, poeziya elementar məntiqin əsiri deyil və insanın bioqrafiyası onun doğulduğu gündən, ildən başlanmır, bu tərcümeyi-hal zamanın tərcümeyi-halıdır, dövrün özəllikləri, məqamlarıyla bağlıdır.

"Tərcümeyi-halım" şeirində belə misralar da var:

48-də nənəm öldü, 
Ömrümdə ilk dəfə 
Ölüyə ağladım. 
Balıqlar saxladım 
akvariumda. 
Açıq qaldı pəncərəm bir qış gecəsi, 
Dondu balıqlar.

Şairin fikrincə, tərcümeyi-halının ən vacib məqamları bunlardır. Əlbəttə, ömründə başqa hadisələr, başqa itkilər, ölümlər də olub, amma qəlbin bioqrafiyası üçün ən vacib olan ilk sarsıntı, ilk itki, ilk ölüm, yoxluqla ilk tanışlıqdır. Və bu qəlb sarsıntıları sırasında insanın - nənənin ölümüylə bir cərgədə akvariumda donub qalmış balıqların da ölümü var, çünki bu balıqların tələf olmasında günahkardır, qış gecəsi pəncərəni açıq qoyubmuş. Bəlkə vicdan əzabı deyilən anlayış da gələcək şairin həyatına məhz bu günahıyla birgə daxil olub. Çox vaxt insanın, xüsusən də şairin içəri həyatının müxtəlif keçidləri zahiri ömrünün hər hansı hadisəsindən daha vacib olur.

İnsanın içəri dünyasının qaranlığında, zülmətində işıq axtarır şair. Ümumiyyətlə, qaranlıq və işıq, gecə və gündüz, zülmət və aydınlıq Vaqifin şeirlərində fərqli çalarlarla qələmə alınır.

Şikəst pencəyinin boş qolu 
Gecəylə dolu 
Ürəyin yeganə yeridir. 
İçimizin gecəsi 
İnsan səsi qaranlıqdan çıxır, 
Bulaq yer altının gecəsindən axır. 
Qarı süd sağır 
İnək döşünün qaranlığından. 
Ana bətninin gecəsindən 
dünyaya gəlir insan.

Beləliklə, insan səsi, inək südü, bulaq, insanın özü belə qaranlıqdan işığa çıxır və dünyanın bu gərdişi əbədidir. Bu gərdişdə hər gün, hər an sonuncudur və hər gün, hər an yenidən təkrar olunandır. Vaqif Səmədoğlunun çox sevdiyim şeirlərindən biri elə bu barədədir:

Son gecədir bu gün yenə, 
Sabah yenə son səhər 
Son yel dolur son yelkənə, 
Qayıq üzür birtəhər. 
Axırıncı ağacdır bu, 
Əsir sonuncu külək 
Bağlayıb sonuncu yolu 
Yenə sonuncu fələk.

Bu şeir bədbin təsir bağışlaya bilərdi: son gecə, son səhər, axırıncı ağac, sonuncu fələk... dünyanın axırıymış sanki... Bədbin təsir bağışlaya bilərdi, amma bağışlamır, çünki şeirdə bir açar çöz var: "yenə" sözü. "Yenə" sözü hər şeyi izah edir. Bizə sonuncu kimi görürən hər şey yenidən təkrar olunur, yenidən qayıdır, hər gün yenidən son gündür, hər gecə yenidən son gecə...

Vaqif ən adi şeylərdən poeziya cövhəri çıxara bilir. Hətta adicə toz da şeir predmetinə çevrilir:

Dünən adını yazdım 
Qara royalımın üstünü örtmüş 
Bomboz tozun üzündə.

Bu sözlərdən sonra gələn misralar həm bu adi detala böyük miqyas verir, həm də təsirli bir ovqat yaradır:

Gah şimaldan, 
gah cənubdan baxdım adına. 
Adın günəşlə dolurdu, 
kölgədə qalırdı. 
Mənimləydin sən, 
Aramızda bir yol vardı: dünən! 
Bu gün o da kəsildi, 
Vasvası anam 
Royalın tozunu sildi...
Yox oldu şimal, 
Cənub da yoxdur indi. 
İndi nə sən varsan, 
nə mən. 
Günəşə kölgə endi 
Dünənimlə bu günümün 
əhvalatı belədi...
İndi külək 
pəncərənin pərdəsini 
sənsizlik üzərində 
bayraq kimi yellədir...

Vaqifin başqa unudulmaz misraları da yadıma düşdü:

Uzaqda bir külək var, 
Küləyin üstündə bayraq.

Az sözlə, xəsis ifadələrlə dolğun, çox inamlı obraz yaratmaq bax budur! Vaqif poeziyasına impressionist rəssamların əsərləri kimi xəfif, yüngül duman, bu dumanda güclə sezilən mənzərələr xasdır:

Eşidirsənmi? 
Amma necə eşidəsən...
İki il yeddi ayın ayrılığıyla 
tutulub qulaqlarım. 
Bir yandan da bu yağış. 
Görürsənmi? 
Amma necə görəsən,
Qurtarmayıb hələ də 
Aramızdan keçən qatarın vaqonları,
Bir yandan da bu yağış...

O vaxtlar yazılmış, amma təbii ki, çapı mümkün olmayan bir şeirində Füzuliyə həsr olunmuş misralar var, böyük şairə müraciətlə deyilir:

Axı yuxuna girmirdi rus çarının tankları.

Aydındır ki, çar vaxtında tanklar yox idi, Vaqifin işarə vurduğu - 1968-ci ildə Praqa baharını tırtılları altında əzib darmadağın edən Brejnev tankları idi. Elə həmin şeirdə məşum bir xəbərdarlıq da vardı:

Yenə kəsib ümid keçən yolları 
Tikilməmiş türmələrin hörülməmiş hasarı.

Beş-on babat şeir yazıb özünü dahi sayanlardan fərqli olaraq Vaqif bəlkə də öz şeirlərinin qədrini lazımınca bilmir. Çoxlu nəğmələri var, amma onları şeir kitablarına salmır, "bu nəğmə sözləridir" deyir. Halbuki Emin Sabitoğlunun musiqisini bəstələdiyi "Uzaq yaşıl ada" da, "Bir axşam taksidən düşüb payıza" da yüksək poeziya nümunələridir, Adil Bəbirovun yazdığı gözəl bir mahnıdakı :

Gəzdiyimiz şəhərləri, 
Sevdiyimiz şeirləri, 
kölgən düşən divarları 
ürəyimdən qopar, qopar 
özünlə apar... 
- misraları Vaqifin başqa gözəl şeirlərindən nəyi əskikdir?

Vaqifin şeirləri haqqında az yazılmayıb. Mən də dəfələrlə yazmışam. Onun şeirləri qədər bənzərsiz dramaturgiyası isə təəssüf ki, hələ də layiq olduğu qiyməti almayıb. Vaqifin yubileyi ərəfəsində məhz onun dramaturgiyası haqqında yazmaq istəyirdim, amma vaxt qıtlığından pyeslərini - əlbəttə ki, əvvəllər səhnələrdə və TV ekranlarında gördüyüm pyesləri - "Yayda qartopu oyunu", "Generalın son əmri", "Yaşıl eynəkli adam"ı bir də təzədən oxuyub fikirlərimi toparlaya bilmədim.

Bircə onu deyə bilərəm ki, "Bəxt üzüyü" pyesi və onun əsasında Ramiz Əzizbəylinin çəkdiyi flim milli dramaturgiyamızın və kinomuzun ən maraqlı örnəklərindəndir. Filmdə istedadlı aktyorlarımız tərəfindən yaradılan sırf milli xarakterlər qalereyası unudulmur. Bu filmin personajları, ayrı-ayrı deyimləri Hacı Qara, Məşədi İbad obrazları, ifadələri kimi ağızdan-ağıza dolaşır, hafizələrə zərb-məsəllər kimi həkk olunur. Hələ onu demirəm ki, Moşu Göyəzənli teatr maskası kimi ekrandan həyata adlayıb, mətbuat səhifələrinə qayıdıb.

Bu yazıda Vaqifin poeziyasından danışarkən əsasən uzaq gənclik illərinin şeirlərinə müraciət etdim. Ona görə yox ki, sonrakı şeirləri daha böyük marağa və diqqətə layiq deyil. Yox, bu poeziya ildən-ilə kamilləşən, püxtələşən, yeniləşən sənət hadisəsidir. İntəhası, mən Vaqifin sonarkı dövr poeziyası haqqında "Allahla söhbət" adlı geniş esse yazmışam və bu mətn şairin Bakıda və İstanbulda çıxan kitablarında ön söz kimi verilib. Özümü təkrar etmək istəmirəm.

Əsasən gənclik şeirlərinə müraciətimin ikinci səbəbi odur ki, yeni oxucu nəsilləri o uzaq illərin ədəbiyyatını yetərincə tanımırlar və bəzən tanımaya-tanımaya ona ağız büzürlər. O dövrün bütün şeir, nəsr örnəklərini ucdantutma ideoloji meyarlarla ölçmək elə sənətə yalnız siyasi açıdan baxan bolşevik təfəkkürünün təzahürüdür.

İnsan yaşadığı zamanı özü seçmir, amma yaşadığı hər hansı zamanda insan kimi yaşamaq onun özündən asılıdır. Bu, ilk növbədə sənətçilərə aiddir. Elə ancaq burada misal gətirdiyim şeirlər kifayətdir ki, Vaqif poeziyası, eləcə də başqa həqiqi nəsr və şeir örnəklərimizin nə qədər siyasətdən, ideoloji buxovlardan azad və uzaq olduğunu, bəşəri, əbədi, insani motivlərlə nə qədər zəngin olduğunu aydın dərk edəsən. Bir də Vaqifin gənclik şeirləri mənim yaddaşımda yaşayır, onları kağıza köçürmək üçün heç bir kitaba baxmağa ehtiyac qalmır. Bu şeirlər Vaqifin gəncliyi olduğu kimi, mənim də gəncliyimdir...

Vaqifin 70 yaşı tamam olan gün yubilyara ən səmimi təbriklərimi yetirirəm və yazımı onun daha bir gənclik şeiriylə bitirirəm (bu da lap qafiyə çıxdı ki!).

Bu gənclik şeiri nigaran suallardan ibarətdir:

Nəyin istisindən yananlar 
Arzulayacaqlar kölgəmi?

Doğrudan da, görəsən hansı istidən yanacaqlar insanlar - planetdə qlobal meteroloji istidən, kosmik hərarətdən, ya hərbin alovlarından? Sətiraltı mənası olan coğrafi sual:

Hansı rənglə çəkəcəklər xəritədə ölkəmi? 
Şəxsi maraq: 
Şeirlərimi sevəcəklərmi divarlar arxasında?

İqtisadi duruma, dolanışığa aid sual:

Bazarda 
Ətin qiyməti düşəcək, 
Yoxsa meşə cəngəlliyinin 
qoyduğu qiymətlər qalacaq?

Adi insani sual:

Öpüşəcək, öldürəcək, düşünəcəklərmi 
yenə qaranlıqda?

Eləcə də adi bir məişət sualı:

Qatarlarda 
axşamüstü 
çay paylayacaqlarmı içməyə? 
Və çox mühüm siyasi-inzibati sual: 
Pasport, viza 
gərək olacaqmı sərhədləri keçməyə?

Ədəbi maraq:

Andersenin nağıllarını oxuyacaqlarmı, 
Əlifba biləcəkmi hamı?

Bir-birindən narahat suallar:

İnsan bir ömrü boyu öləcək neçə kərə? 
Yol azacaqlarmı? 
Məzar qazacaqlarmı? 
Məsciddə yuyacaqlarmı meyitləri?

Bütün bu sualları biz hamımız verə bilərdik, amma şeir sonuncu bir sualla tamamlanır ki, onu ancaq çox uzaq gələcək haqqında fiikrlərə dalan şair verə bilər:

Kim sulayacaq bulvarda söyüdləri?.. 

Anar, Xalq yazıçısı

 

Xəbərlər
Redaktorun seçimi