“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.08.2014, 16:34
1911

Nizami Gəncəvi (1141-1209)

Dahi Azərbaycan şairi və mütəfəkkiri
A- A+

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi (İlyas Yusif oğlu) 1141-ci ildə Gəncədə doğulmuşdur. Evdə və Gəncə mədrəsəsində təhsil almışdır. Azərbaycan-türk dilindən başqa ərəb, fars və yunan dillərini bilmiş, tarixi, tibbi, fəlsəfəni, astronomiyanı, tibbi psixologiyanı və məntiqi tədqiq etmişdir.

1170-ci ilin əvvəllərində Dərbənd hakimi Seyfəddinin hədiyyə kimi göndərdiyi Afaq adlı qıpçaq qızı ilə evlənmişdir. Şair onu şeirlərində vəsf etmişdir.

Şərq təzkirəçilərinin məlumatlarına görə, Nizami Gəncəvi 20 mindən artıq beyt yaratmışdır. Bizim zamana kimi onun 6 qəsidəsi, 116 qəzəli, 2 qitəsi, 30 rübaisi gəlib çatmışdır.

Yaratdığı ən qiymətli əsərləri - "Xəmsə" (beşlik) adını almış poemalardır: "Sirlər xəzinəsi", “Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və  "İsgəndərnamə".

"Sirlər xəzinəsi" əsərində Nizami yaratdığı nəsihətamiz şeirlərində hakimlərə öz təbəqələri ilə ədalətlə rəftar etməyi təbliğ etmişdir.

Mövzunun mənasına görə lirik poema olan "Xosrov və Şirin" əsərində Xosrov şahın gözəl Şirinə olan məhəbbətindən danışılır.

Şirvanşah I Axsitanın sifarişi ilə yazdığı üçüncü poeması "Leyli və Məcnun"da Məcnun - dəli adlandırılan gəncin, nakam Qeysin gözəl Leyliyə məhəbbəti vəsf olunur.

Dördüncü - "Yeddi gözəl" poeması Bəhram şahın yeddi şahzadə, yeddi gözəl olan arvadları və onların məhəbbət qayğılarından bəhs edir.

Beşinci - "İsgəndərnamə" poemasında Nizami özünün ideal cəmiyyət haqqında utopik fikirlərini açır. Poemanın qəhrəmanı İsgəndər (böyük sərkərdə Makedoniyalı İsgəndər) uzun səfərlərdən sonra yoxsul və varlının, ağa və nökərin olmadığı qəribə, gözəl bir ölkəyə gəlib çıxır. Burada haqsızlığın, yalançılığın fitnə-fəsadın, hiylənin, şöhrətpərəstliyin nə olduğunu bilmirlər. Bu ölkənin vətəndaşlarının hakim, idarəediciyə ehtiyacları yoxdur. İsgəndər sevinib axır ki, arzuladığım torpağa gəlib çıxdım deyir.

Nizaminin fikrincə, əgər insanlar ədalət qanunlarını rəhbər tutaraq yaşaya bilirlərsə, bir-birini sevib hörmət edirlərsə, onda şəksiz ki, hökmdara ehtiyac olmayan belə bir cəmiyyət yarada bilərlər. Şairin utopik ideyaları xalqın geniş kütlələrinin arzularının ifadəsi idi.

Qeyd etmək lazımdır ki, Nizami Gəncəvi humanizm ideyaları ilə Avropa utopistləri ingilis Tomas Moru və italyan Kampanellanı altı əsr qabaqlamışdı.

Dahi şair Gəncədən çıxmamış, burada yaşamış və 1209-cu ildə vəfat etmişdir.

Nizami Gəncəvi dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermişdir. Onun əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuş və dönə-dönə nəşr olunur. 1947-ci ildə UNESCO-nun qərarı ilə Nizami Gəncəvinin 800 illiyi Bakıda, Gəncədə, Peterburqda geniş qeyd edilmişdi.

Gəncədə qəbiri üstündə məqbərə qurulmuş, Gəncədə və Bakıda abidələri ucaldılmış, Gəncədə adına teatr, Bakının və Gəncənin rayonlarından birinə Nizami adı verilmiş, Azərbaycan MEA-nın Ədəbiyyat İnstitutu və Milli Ədəbiyyat Muzeyi onun adı ilə adlandırılmışdır.

1981-ci ildə Nizami adına medal təsis edilmiş, bu medalla ədəbiyyat və ədəbiyyatşünaslıq sahəsində ən böyük nailiyyətlər əldə etmiş, şairlər, yazıçılar, tənqidçilər mükafatlandırılır.

Nizami haqqında yüzlərlə əsərlər yazılmış, səhnə əsərləri qoyulmuş, bədii film çəkilmişdir. “Yeddi gözəl” poeması əsasında Qara Qarayev eyniadlı balet yazmış, “Leyli və Məcnun” poemasının motivləri əsasında bədii film (1961, ssenari müəllifi Ənvər Məmmədxanlı, rejissoru Lətif Səfərov) çəkilmiş, şeirlərinə mahnılar, romasnlar yazılmışdır.

 

Xəbərlər
Redaktorun seçimi