“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.08.2014, 15:59
1726

Mirzə Şəfi Vazeh (1794-1852)

Şair-mütəfəkkir, maarifçi
A- A+

Şair-mütəfəkkir, maarifçi Mirzə Şəfi Sadıq oğlu Vazeh 1794-cü ildə Gəncədə doğulmuşdur. Gəncə mədrəsəsində təhsil almışdır.

Dünyagörüşünün formalaşmasında ona atalıq etmiş böyük din alimi Hacı Abdullanın böyük rolu olmuşdur.Mirzə Şəfi Vazeh fəaliyyətinin əvvəlində məktəbdə hüsnxət və rəsmxətdən dərs demişdir.

XIX əsrin 30-cu illərində böyük yazıçı, filosof M.F.Axundzadə ilə tanış olmuşdur. 1840-cı ildə Tiflisə köçmüş, qəza məktəbində Azərbaycan və fars dillərindən dərs demişdir. Burada yerli ədəbiyyatçılar, şairlərlə tanış olur, onlara öz şeirlərini oxuyur.

Onun dostlarından fars dilindən dərs dediyi adamlardan biri də alman ədəbiyyatşünası Fridrix Bodenştetd olur. Bodenştetd Mirzə Şəfinin şeirlərinə vurularaq onların üzünü köçürür, sonra alman dilinə çevirərək 1850-ci ildə Almaniyada "Şərqdə min bir gün" adı ilə məcmuədə çap etdirir. 1851-ci ildə isə "Mirzə Şəfinin şərqiləri" adı altında ayrıca kitabçada çap etdirir.

Şeirlər son dərəcə şöhrət qazanaraq ingilis, fransız, holland, yəhudi, polyak, norveç dillərinə tərcümə olunur. Mirzə Şəfinin şeirlərinin belə qeyri-adi şöhrət qazandığını görən Bodenştetd özünü onların müəllifi elan etməyi qərara alır və Mirzə Şəfi adının elə belə düşünülmüş personaj kimi qələmə verir.

Beləliklə, Mirzə Şəfinin şöhrəti bir müddət oğurlanmış olur. 1855-ci ildə Mirzə Şəfinin şeirləri onu şəxsən tanımış rus şairi və inqilabçısı T.İ.Mixaylov tərəfindən rus dilində çap olunduqdan sonra, Bodenştetd biabırcasına ifşa olunur.

Mirzə Şəfinin şeirləri zərif və oxunaqlı Şərq ahəngdarlığına malikdir. Onun əsərləri aforizm kimi mənzum hekayətləri, hədisləri andırır. Mirzə Şəfinin təbii ahəngdar qəzəllərinin, ikiliklərinin, rübailərinin sətirlərində maarifçilik hikməti çox asanlıqla dinləyicilərin qəlbinə hopurdu.

Sənin ol sərv boyun, bil nə zaman yada düşər,

Gözümün yaşı axar, qəlb evi fəryada düşər.

Yarımın gül üzünə baxmağı mən eyləmə, şeyx,

Bixəbərsən, bu savab eşqdə ustada düşər.

Ay ilə gün kimiyik yar görünən anda mənim,

Sanasan ki, vücudum tufana ya oda düşər...

Bu sətirlərdəki pafos qadın azadlığının müdafiəçisi, "Sovremennik" jurnalının redaktoru və naşir M.İ.Mixaylovun diqqətini cəlb edir. Tezliklə Mirzə Şəfinin şeirləri N. İ. Eyfert, İ. S. Predan, P. F. Yakuboviç və başqaları tərəfindən rus dilinə tərcümə olunaraq nəşr edilir.

A.Rubenşteyn Mirzə Şəfinin şeirlərinə 12 romans yazmışdır. "Şərq nəğməsi" adlanan bir romans F. İ. Şalyapinin repertuarına daxil idi.

Mirzə Şəfi Şərq dilləri müəllimi İ. Qriqoryevlə birlikdə Tiflisin rus məktəblərində uzun illər istifadə olunan "Kitabi türk" dərsliyini yazmışdı.

Şair 1852-ci ildə Tiflisdə vəfat etmişdir. Onun adı Azərbaycanda küçə, kitabxana və başqa mədəni-maarif müəssisələrinə verilmişdir.

 

Xəbərlər
Redaktorun seçimi