“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.07.2013, 10:31
1485

9 iyul

A- A+

9 iyul 1926 - Yazıçı-dramaturq, Azərbaycan dramaturgiyasında faciə janrının yaradıcısı Nəcəf bəy Vəzirov vəfat edib...

Azərbaycan

 

9 iyul 1821 - Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgər (1821-1926) Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Aşıq Ələsgər Cənubi Qafqazda, Dağıstanda, bir sıra türkdilli xalqlar arasında şöhrət qazanmışdı. 1918-ci ildə erməni Andronikin quldur dəstələrinin törətdiyi qırğınlardan sonra bir müddət el-obasından qaçqın düşüb, sonra yenidən doğma kəndə qayıdıb və orada dünyasını dəyişib.

 

9 iyul 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi diplomatik fəaliyyət haqqında ilk normativ sənədi - XİN-in katibliyi haqqında müvəqqəti təlimatı təsdiq edib. Bu, Azərbaycanda peşəkar diplomatiya fəaliyyətini tənzimləyən ilk sənəddir. Prezident İlham Əliyevin 24 avqust 2007-ci il sərəncamı ilə 9 iyul Azərbaycanda diplomatik xidmət orqanları işçilərinin peşə bayramı günü elan edilib.

 

9 iyul 1926 - Yazıçı-dramaturq Nəcəf bəy Vəzirov (1854, Şuşa - 1926) vəfat edib. "Müsibəti-Fəxrəddin" pyesi ilə Azərbaycan dramaturgiyasında faciə janrının əsasını qoyub. «Ev tərbiyəsinin bir şəkli», “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir. Lənkəran Dövlət Dram Teatrı dramaturqun adını daşıyır.

 

9 iyul 1936 – Yazıçı Şamo Arif (Arif Suleyman oğlu Rəhimov; 1936-16.6.2012) Qubadlı rayonunun Əyin kəndində anadan olub. Xalq yazıçısı Süleyman Rəhimovun oğludur. İxtisasca geoloqdur. Əsərləri: “Qoşa cinar”, “Səhra”, “Mənim payız cicəyim”, “Qınamayın məni” və s.

 

9 iyul 1939 – Əməkdar artist Firuz İmam oğlu Xudaverdiyev Bakının Lökbatan qəsəbəsində doğulub. Mingəçevir Dövlət Dram Teatrında çalışıb, 1976-cı ildən Akademik Milli Dram Teatrınının aktyorudur. “Həmyerlilər”, “Ordan burdan” televiziya tamaşalarında, “Biz qayıdacağıq”, “Cavid ömrü”, “Günaydın, mələyim!” filmlərində çəkilib.

 

9 iyul 1996 – Tanınmış yazıçı Cəlal Bərgüşad (Cəlal Novruz oğlu Cavadov; 22.6.1924-1996) vəfat edib. Qubadlı rayonunun Qəzyan kəndində doğulan yazıçı xalq qəhrəmanı Babəkdən bəhs edən “Sıyrılmış qılınc”, Qaçaq Nəbi haqqında “Bozatın belində” tarixi romanların, “Şərq çiçəyi” və s. əsərlərin müəllifidir.

 

Dünya

 

9 iyul 1764 - İngilis yazıçısı Anna Radklif (Ann Radcliffe, 1764-1823) anadan olub. Ədəbi effektlər, qorxulu situasiyalarla zəngin olan qotik romanın banilərindən biridir. Əsərləri: “İtalyan və ya bir etirafın sirri”, “Udolf qəsrinin sirlərii” və s.

 

9 iyul 1834 - Çex yazıçısı Yan Neruda (1834-1891) anadan olub. “Qəbristanlıq cicəkləri”, “Kosmik nəğmələr”, “Ovliya cüməsi nəğmələri” və s. kitabların muəllifidir.

 

9 iyul 1933 — Rusiyanın Xalq artisti, kinorejissor Elem Klimov (1933-2003) anadan olub. Filmləri: “Get və bax”, “Aqoniya” və s.

 

9 iyul 1944 - Amerikalı fantast-yazıçı Qlen Kuk (Glen Cook) anadan olub. Əsərləri: “Harretin sərgüzəştləri”, “Qara dəstənin salnaməsi” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

 

Xəbərlər
Redaktorun seçimi