25 dekabr
25 dekabr 1935 - Xalq yazıçısı, ictimai xadim Yusif Səmədoğlu anadan olub...
Azərbaycan
25 dekabr 1906 - Görkəmli rejissor, ssenarist, operator, rəssam Əlisəttar Ələsgər oğlu Atakişiyev (1906-7.11.1990) anadan olub. “Bir qalanın sirri”, “Bizim küçə” “Sehrli xalat”, “İstintaq davam edir” filmlərinə quruluş verib, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə” filmlərinin operatoru olub.
25 dekabr 1906 - Filologiya elmləri doktoru , professor Əli Abdulla oğlu Sultanlı (1906-1960) Naxçıvanda anadan olub. Antik ədəbiyyat, Azərbaycan dramaturgiyasının tarixinə dair kitabların müəllifidir.
25 dekabr 1909 - Teatr rejissoru, Xalq artisti Ələsgər Məmmədtağı oğlu Şərifov (1909-8.9.1982) Şamaxıda doğulub. Uzun illər Akademik Milli Dram Teatrında çalışıb, "Səbuhi" filmində Mirzə Şəfi Vazeh rolunda çəkilib.
25 dekabr 1910 - Tarixçi, professor Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü Zülfəli İmaməli oğlu İbrahimov (1910-1972) anadan olub.1960-1967-ci illərdə EA-nın Tarix İnstitutunun direktoru vəzifəsində işləyib.
25 dekabr 1920 - Bakıda rus “Tənqid-Təbliğ teatrı” (“Satir-agit”) fəaliyyətə başlayıb. 1923-cü il oktyabrın 25-də Bakı İşçi Teatrı şəklində yenidən təşkil edilib. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır.
25 dekabr 1925 – Azərbaycan yazıçı və şairlərinin "Qızıl qələmlər" ədəbi cəmiyyəti yaranıb. 1927-ci ilin iyulunda Azərbaycan yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilatda birləşdirmək qərara alındı. Bundan sonra Ümumazərbaycan yazıçılarının birinci (13.01.1928) və ikinci qurultayı (20.10.1929) çağrıldı. Nəhayət, 1934-cü ildə (13 iyun) Azərbaycan yazıçılarının I qurultayında Yazıçılar İttifaqı təsis edildi.
25 dekabr 1930 – Filologiya elmləri doktoru, publisist Teymur Əkbər oğlu Əhmədov Şəmkirdə anadan olub. N.Nərimanovun yaradıcılığına dair tədqiqatların, "Azərbaycan yazıçıları” ensiklopedik məlumat kitabının və s. müəllifidir.
25 dekabr 1931 – Respublikamızda kitabxanaşünaslıq elminin banisi, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki Abuzər Alı oğlu Xələfov anadan olub.
25 dekabr 1934 - Ədəbiyyatşünas alim, professor, şair-publisist Famil Mehdi (Famil Ağalar oğlu Mehdiyev; 1934 - 18.9.2003) Ağdam rayonunun Sarıhacılı kəndində doğulub.
25 dekabr 1935 - Xalq yazıçısı, ictimai xadim Yusif Səmədoğlu (Vəkilov) (1935 - 17.8.1998) anadan olub. "220 saylı otaq", "Qalaktika", "Qətl günü" kitablarının müəllifidir. “Yeddi oğul istərəm”, “Qətl günü" filmlərinin ssenarisi yazıb. Milli Məclisin deputatı (1995-1998) olub.
25 dekabr 1940 – Tarixçi alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007) Nailə Məmmədəli qızı Vəlixanlı Bakıda anadan olub. Orta əsrlər tarixinə dair tədqiqatların müəllifidir. AMEA-nın vitse-prezidenti, Tarix Muzeyinin direktorudur.
25 dekabr 1941 - Xalq artisti Zemfira Məmmədəli qızı Əliyeva (1941- 26.11.1995) Şəmkirin Morul kəndində doğulub. "Böyük dayaq" filmində (1962) yaratdığı Pərişan obrazı ilə məşhurlaşıb. Gəncə və Naxçıvan teatrlarında, Akademik Milli Dram Teatrında çalışıb. "İtkin gəlin" teleserialında çəkilib.
25 dekabr 1991 - Ali Sovetin Milli Şurası 31 dekabrın “Dünya azərbaycanlılarının həmrəyliyi günü” elan olunması barədə qərar qəbul edib.
25 dekabr 1991 – Prezident Ayaz Mütəllibov “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” fərman imzalayıb. Sənədə əsasən, yeni əlifbaya keçid bir neçə ilə başa çatmalı idi. Lakin proses gözlənildiyindən çox uzandı. 2001-ci il iyunun 18-da Prezident Heydər Əliyev latın qrafikalı əlifbaya keçidin başa çatdırılması barədə fərman imzaladı və həmin il avqustun 1-dən proses tam həyata keçirildi.
25 dekabr 2001 - “Azad Azərbaycan” televiziyası fəaliyyətə başlayıb.
Dünya
25 dekabr Qriqorian təqvimindən istifadə edən xristian ölkələrində (pravoslavlardan savayı) Milad bayramı - İsa peyğəmbərin Fələstindəki Vifleyem şəhərində doğulduğu gün qeyd olunur.
25 dekabr 1813 - Alman şairi Fridrix Vilhelm Veber (Friedrich Wilhelm Weber, 1813 - 1894) anadan olub.
25 dekabr 1883 - Fransız rəssamı Moris Utrillo (Maurice Utrillo, 1883 - 1955) anadan olub.
25 dekabr 1927 - Dünya şöhrətli hind musiqiçisi (“saranqa” simli musiqi aləti) Ram Narayan anadan olub.
25 dekabr 1977 - Dünya şöhrətli ingilis aktyoru, rejissor, ssenarist Çarli Çaplin (Charles Spencer Chaplin, 16.4.1889 - 1977) vəfat edib.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: