10 dekabr
10 dekabr 1924 - Xalq şairi, dramaturq Nəbi Xəzri Bakının Xırdalan kəndində doğulub...
Azərbaycan
10 dekabr 1918 - Məşhur opera müğənnisi (soprano), aktrisa, Xalq artisti Gülxar İbrahim qızı Həsənova (1918-2005) Şəmkir rayonunda anadan olub. 1940-1980-ci illərdə Dövlət Akademik Opera və Balet Teatrının solisti olub.
10 dekabr 1924 - Xalq şairi, dramaturq, ictimai xadim Nəbi Xəzri (Nəbi Ələkbər oğlu Babayev; 1924 - 15.1.2007) Bakının Xırdalan kəndində doğulub. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin, Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin (1992-ci ildən "Azərbaycan dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi) sədri olub. SSRİ Dövlət Mükafatına layiq görülüb, Azərbaycanın «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif edilib. Kitabları: "İllər və sahillər", "Ulduz karvanı", "Nəsillər-əsirlər", "Ağ şimşəklər", "Ömür çinarından yarpaqlar", "Əsrin qanlı laləsi" və s.
10 dekabr 1935 – Xalq rəssamı Fikrət Bağır oğlu Bağırov (1935-1996) anadan olub. Kino rəssamı kimi tanınıb. Bədii tərtibat verdiyi filmlər: “Şərikli çörək”, “Həyat bizi sınayır”, “İstintaq”, “Güllələnmə təxirə salınır!...” (quruluşçu rəssam), “Mən ki gözəl deyildim” (Geyim rəssamı) və s.
10 dekabr 1945 - Şair, publisist İsmayıl Səlim oğlu İmanzadə Cəbrayıl rayonunun Mərcanlı kəndində anadan olub.
10 dekabr 1996 – Şair, dramaturq İsgəndər Coşqun (İsgəndər Məhəmməd oğlu Hümmətov; 1927, Göyçay - 1996) vəfat edib. “Gəmidə söhbət”, “Qığılcımlar”, “Mən atamı düşünərkən”, “Nəğmə dolu ürək” və s. kitabların müəllifidir. S.Vurğunun “Komsomol poeması” əsasında yazdığı pyesinə görə Respublika Lenin Komsomolu mükafatına layiq görülüb.
Dünya
10 dekabr Dünya İnsan Haqları Günüdür (Human Rights Day). 1948-ci il dekabrın 10-da BMT Baş Assambleyasında “Dünya insan haqları Bəyannaməsi”nin qəbul olunması ilə bağlı təsis edilib. 1950-ci ildən beynəlxalq miqyasda qeyd edilir.
10 dekabr 1745 - İngilis yazıçısı Tomas Holkroft (Thomas Holcroft, 1745-1809) anadan olub.
10 dekabr 1821 - Görkəmli rus şairi, yazıçı və publisist Nikolay Alekseyeviç Nekrasov (1821 - 8.1.1978) anadan olub. “Rusiyada kim yaxşı yaşayır”, “Rus qadınları”, “Şaxta, Qırmızıburun”, “Kəndli uşaqları” və s. poemaların müəllifidir.
10 dekabr 1822 - Belçika əsilli Fransa bəstəkarı və orqanisti Sezar Frank (Cesar-Auguste-Jean-Guillaume-Hubert Franck; 1822-1890) anadan olub.
10 dekabr 1890 - Görkəmli başqırd şərqşünas və türkoloqu, filosof, ictimai-siyasi xadim Əhməd Zəki Validi Toğan; 1890 - 28.7.1970, Türkiyə) anadan olub. 2010-cu il TÜRKSOY tərəfindən “Toğan ili” kimi qeyd olunub.
10 dekabr 1886 - İran şairi, filoloq və ictimai xadim Məhəmmədtağı Məlik Üşşüəra Bahar (1886-1951) anadan olub.
10 dekabr 1901 - Məşhur sirk ustası, “Karandaş” ləqəbli kloun, SSRİ Xalq artisti Mixail Nikolayeviç Rumyansev (1901-1983) anadan olub.
10 dekabr 1908 - Fransız bəstəkarı və pedaqoqu Olivye Messian (Olivier Eugene Charles Prosper Messiaen, 1908-1992) anadan olub.
10 dekabr 1937 - Görkəmli rus filoloqu, akademik, antik ədəbiyyat üzrə mütəxəssis Sergey Averinsev (1937-2004) anadan olub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: