“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.05.2013, 10:18
1518

Azərbaycan tarixi günbəgün: 24 may

A- A+

24 may 1920 - Azərbaycan Müvəqqəti İnqilab Komitəsi neft sənayesinin milliləşdirilməsi haqqında dekret verib. Əslində isə neft Rusiyanın nəzarətinə verilmişdi...

 

24 may 1388 - Qara Məhəmmədin başçılıq etdiyi Qaraqoyunlu tayfasının qoşunları Teymurun müttəfiqi olan Cəlairi əmirlərinin müqavimətini qıraraq Təbrizə daxil olublar. Bu, Qaraqoyunlu qüvvələrinin Teymurun hökmranlığına qarşı ilk uğurlu döyüşü idi. 1408-ci ildə Teymurilər Azərbaycandan qovuldu, 1410-cu ildə isə Azərbaycanın böyük dövlətlərindən olan Qaraqoyunlu dövlətinin yarandığı elan edildi. Şirvan istisna olmaqla bütün Azərbaycan, indiki Ermənistan ərazisi, Gürcüstanın bir hissəsi, Qərbi İran və İraq bu dövlətin tərkibinə daxil idi. 

 

24 may 1863 - Şair, nasir, tərcüməçi, görkəmli maarifçi Rəşid bəy İsmayıl oğlu Əfəndiyev (1863 - 31.8.1942) Şəkidə anadan olub. "Qan ocağı, "Qonşu-qonşu olsa, kor qız ərə gedər", "Pul dəlisi", "Saqqalın kəraməti", "Diş ağrısı" və s. pyeslərin müəllifidir. Rus şairlərindən (Krılov, Puşkin, Lermontov), Firdovsidən, Şillerdən tərcümələr edib. Qori Müəllimlər Seminariyasında dərs deyib, sovet dövründə pedaqoji fəaliyyətini davam etdirib. Dərsliklər (“Uşaq bağçası”) yazıb.

 

24 may 1874 - Görkəmli şair, tərcüməçi Abbas Səhhət (Abbasqulu Əlabbas oğlu Mehdizadə; 1874-1918) Şamaxıda anadan olub. Şairliklə yanaşı, tərcüməçilik fəaliyyəti də çox zəngin olub. Klassik rus, ərəb, fars, gürcü və fransız yazıçılarının əsərlərindən tərcümələr edib, onları “Məğrib günəşləri” (iki cilddə) adlı kitabında 1912-ci ildə çap etdirib.

 

24 may 1920 - Azərbaycan Müvəqqəti İnqilab Komitəsi neft sənayesinin milliləşdirilməsi haqqında dekret verib. Əslində isə neft Rusiyanın nəzarətinə verilmişdi. Bu məqsədlə Azərbaycan Neft Komitəsi yaradılmış və komitəyə rəhbərlik V.Lenin tərəfindən Bakıya göndərilən A.Serebrovskiyə tapşırılmışdı. Neft sənayesinin ardınca Xəzər ticarət donanması, ölkədə fəaliyyət göstərən banklar milliləşdirildi.

 

24 may 1925 - Məşhur azərbaycanlı kardioloq, ictimai xadim Cavad Heyət Təbrizdə anadan olub. Həkim kimi şöhrət qazanmaqla yanaşı, eyni zamanda, tanınmış türkoloqdur. Uzun illər Tehranda Azərbaycan dilində nəşr olunan «Varlıq» jurnalına rəhbərlik edib, dünya azərbaycanlı diasporunun görkəmli nümayəndələrindən biridir.

 

24 may 1967 - Filoloq-alim, yazıçı-dramaturq, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (1925-1967) vəfat edib. "Əcəb işə düşdük", “Özümüz bilərik", "Olmadı elə, oldu belə", "Milyonçunun dilənçi oğlu" və s. pyeslərin müəllifidir. Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik edib. 1967-ci ildə Azərbaycan KP MK-nın katibi olarkən onun təşəbbüsü ilə Novruz bayramı dövlət səviyyəsində qeyd edilib.

 

24 may 1994 - Bakıda I beynəlxalq "Xəzərneftqaz" sərgi-konfransı açılıb. Bu, Azərbaycan müstəqillik qazanandan sonra ölkəmizdə keçirilən ilk belə mötəbər forum idi. Sərgidə 30-a yaxın ölkə təmsil olunurdu. O vaxtdan Bakıda "Xəzərneftqaz" beynəlxalq sərgi-konfransları hər il keçirilir. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi 

 

Xəbərlər
Redaktorun seçimi