Azərbaycan tarixi günbəgün: 27 may
27 may 1918 - Tiflisdə Azərbaycan Milli Şurası yaradılıb. Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə seçilib...
27 may 1918 - Zaqafqaziya Seyminin süqutundan sonra qurumun azərbaycanlı deputatları Tiflisdə fövqəladə iclas keçirərək Azərbaycanın müvəqqəti Milli Şurasını yaradıblar. Azərbaycanın ilk parlamenti kimi fəaliyyətə başlayan 44 nəfərlik Milli Şuranın sədri Məhəmmədəmin Rəsulzadə («Müsavat»), müavini Əhməd bəy Ağayev, İcraiyyə Komitəsinin (hökumətin) sədri isə Fətəli xan Xoyski (bitərəf) seçilib.
27 may 1992 - Azərbaycan parlamenti “Azərbaycan Respublikasının Dövlət himni haqqında" qanun qəbul edib. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Dövlət himni kimi təsdiq edilib. Azərbaycanın himninin hazırlanması haqqında qərar hələ 1920-ci ilin yanvarında Xalq Cümhuriyyətinin hökuməti tərəfindən qəbul edilsə də, 1920-ci il 28 aprel işğalı onun icrasına imkan verməmişdi.
27 may 1992 - BMT Təhlükəsizlik Şurasının tapşırığı ilə təşkilatın nümayəndə heyəti Naxçıvana gəlib və Ermənistan silahlı qüvvələrinin bölgəyə hücumlarından sonrakı vəziyyətlə tanış olub.
27 may 2002 - Prezident Heydər Əliyevin imzaladığı əfv fərmanına əsasən, 73 məhbus azadlığa çıxıb. Onların böyük əksəriyyəti (65 nəfər) Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə və ərazi bütövlüyünə qarşı törədilmiş cinayətlərdə iştirak etmiş şəxslər idi.
27 may 2008 - "Gülüstan" sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Prezident İlham Əliyev mərasimdə nitq söyləyib.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: