Azərbaycan tarixi günbəgün: 22 sentyabr
22 sentyabr 1920 – Azərbaycanın bolşevik hökuməti (Müvəqqəti İnqilab Komitəsi)müvəqqəti yerli hakimiyyət orqanlarının - yoxsul komitələrinin yaradılması barədə qərar qəbul edib...
22 sentyabr 1918 – Xalq Cümhuriyyətinin hökuməti ölkənin milli valyutanın - manatın (Bakı bonları) çap olunması barədə qərar qəbul edib. Həmin vaxtadək Azərbaycanda dövriyyədə üç valyuta - çar dövründən qalan rubl («Nikolay rublu»), Rusiyanın «Müvəqqəti Hökuməti» tərəfindən buraxılmış rubl («Kerenski rublu»), Tiflisdə Zaqafqaziya hökuməti tərəfindən dövriyyəyə buraxılmış bonlar, eləcə də türk lirəsi əsas işlənilirdi. Azərbaycan manatı daha möhkəm valyuta sayılan türk lirəsinə 20:1 nisbətdə dövriyyə buraxılmışdı. Lakin manatın tədavülə buraxılmasından sonra digər valyutalar da dövriyyədə qaldı və bu, ölkənin maliyyə sistemində ciddi qarışıqlıq yaradırdı.
22 sentyabr 1920 – Azərbaycanın bolşevik hökuməti (Müvəqqəti İnqilab Komitəsi) ölkə ərazisində müvəqqəti yerli hakimiyyət orqanlarının - yoxsul komitələrinin yaradılması barədə qərar qəbul edib. Bu qərar ölkədə hakimiyyətin xalqa məxsus olması illüziyasını yaratmaq niyyəti güdürdü. Yoxsul komitələri bir ilə yaxın fəaliyyət göstərdi və 1921-ci ildə mayında I Ümumazərbaycan sovetlər qurultayından sonra yerlərdə fəhlə-kəndli sovetlərinə ilk seçkilər keçirilməyə başladı.
22 sentyabr 1929 – Əməkdar elm xadimi, filosof Həsən İsmayıl oğlu Şirəliyev (22.09.1929 - 30.11.1997) anadan olub.
22 sentyabr 1929 - Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin baş katibi Əhməd bəy Qaraca (1929-16.5.2005) anadan olub. Ailəsi 1924-cü ildə Azərbaycandan Türkiyəyə köcmüşdü. M.Ə.Rəsulzadənin əsasını qoyduğu Azərbaycan Kültür Dərnəyinin işində fəallıq göstərən Ə.Qaraca 1955-ci idən bu quruma rəhbərlik edib, habelə qardaş ölkədə nəşr olunan “Azərbaycan” jurnalının redaktoru olub.
22 sentyabr 1990 – SSRİ Ali Sovetinin Azərbaycandan seçilmiş deputatları ittifaq parlamentinə və SSRİ rəhbərliyinə müraciət qəbul edərək azərbaycanlı əhalinin Ermənistandan zorla deportasiyasına siyasi qiymət verməyi tələb ediblər. Bu zaman Ermənistan ərazisində (1991-ci ildə köçürülən Nüvədi kəndi istisna olmaqla) azərbaycanlı əhali qalmamışdı. Lakin Sovet İttifaqının rəhbərliyi azərbaycanlı deputatların müraciətinə laqeyd qaldı.
22 sentyabr 2008 – Azərbaycan müəllimlərinin XIII qurultayı keçirilib.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: