Azərbaycan tarixi günbəgün: 7 sentyabr
7 sentyabr 1991 – Erməni silahlıları Dağlıq Qarabağ Muxtar Vilayətinin Tuğ kəndində və Xankəndi yaxınlığında 5 azərbaycanlını öldürüblər...
7 sentyabr 1914 – Tanınmış ədəbiyyatşünas və teatrşünas, ictimai xadim Cəfər Haşım oğlu Cəfərov (07.09.1914-19.09.1973) anadan olmuşdur.
7 sentyabr 1939 – Şair, tərcüməçi, ssenarist Mənsur Fəxri oğlu Vəkilоv (Mənsur Fəxri) Bakıda anadan olub. Uzun müddət “Литературный Азербайджан” jurnalının baş redaktoru işləyib.
7 sentyabr 1991 – Erməni təxribatçı dəstələri Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı növbəti terror aktları həyata keçiriblər. Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut (indi Xocavənd rayonun tərkibindədir) rayonunun azərbaycanlılar yaşayan Tuğ kəndinə silahlı basqın nəticəsində kəndin 2 sakini öldürülüb. Xankəndi yaxınlığında sərnişin avtobusunun atəşə tutulması nəticəsində isə 3 azərbaycanlı öldürülüb, 4 nəfər yaralanıb.
7 sentyabr 2000 – Nyu-Yorkda BMT-nin "Minilliyin sammiti"ndə iştirak edən Azərbaycan prezidenti Heydər Əliyev Baş Assambleyanın təntənəli iclasında çıxış edib. Beynəlxalq birliyin Ermənistanın təcavüzünə seyrçi qaldığını vurğulayan Azərbaycan rəhbəri bu faktın işğalçılığı təşviq etdiyini bildirib. Həmin gün BMT-nin binasında GÖUAM dövlət başçılarının – Gürcüstan (E.Şevardnadze), Özbəkistan (İ.Kərimov), Ukrayna (L.Kuçma), Azərbaycan (H.Əliyev) və Moldova (P.Luçinski) prezidentlərinin sammiti keçirilib
7 sentyabr 2006 – BMT Baş Assambleyasının 60-cı sessiyasında Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin fəsadlarından bəhs edən yeni sənəd qəbul olunub. «Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında» adlı qətnamədə ermənilərin işğal edilmiş torpaqlarda davamlı yanğınlar törədilməsinə diqqət çəkilirdi. Qətnamədə yanğınlarla bağlı münaqişə zonasında beynəlxalq monitorinqin həyata keçirilməsi əksini tapsa da, gerçəkdə bu prosesin erməni işğalına qarşı konkret nəticəsi olmadı.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: