Azərbaycan tarixi günbəgün: 5 sentyabr
5 sentyabr 1991 – Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaradılması barədə fərmanı verilib. General-leytenant Valeh Bərşadlı ölkənin ilk müdafiə naziri təyin edilib...
5 sentyabr 1914 – Azərbaycanın əməkdar elm və texnika xadimi, neftçi alim Məmmədpaşa Piri oğlu Quluzadə (05.09.1914-28.02.1994) anadan оlmuşdur. Azərbaycan Elmlər Akademiyasının akademiki olub.
5 sentyabr 1935 - Xalq artisti, teatrda, kinoda və televiziya tamaşalarında unudulmaz obrazlar qalereyası yaratmış görkəmli aktyor Səyavuş Məmmədağa oğlu Aslan (1935-2013) anadan olub.
5 sentyabr 1944 – İctimai-siyasi xadim, şair, dramaturq, publisist Hidayət Orucov Qərbi Azərbaycanın Mehri rayonunun Maralzəmi kəndində anadan olub. 1968-1984-cü illərdə C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrının direktoru işləyib. İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində dərs deyib. 1992-2006-ci illər Azərbaycan Respublikası Prezidentinin milli məsələlər üzrə dövlət müşaviri, 2006-2013-cü illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri işləyib.
5 sentyabr 1991 – Prezident Ayaz Mütəllibov Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaradılması barədə fərmanı verib. C.Naxçıvanski adına hərbi məktəbin rəisi, general-leytenant Valeh Bərşadlı ölkənin ilk müdafiə naziri təyin edilib. Lakin müdafiə naziri Silahlı Qüvvələrə deyil, "milli özünümüdafiə qüvvələri"nə rəhbərlik etməli idi. Çünki o vaxtkı hakimiyyətin (prezident A.Mütəllibov) astagəl siyasəti üzündən Azərbaycanda Milli Ordu hələ yaradılmamışdı. Yalnız bir ay sonra (9 oktyabr) Ali Soveti Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qanun qəbul etdi.
5 sentyabr 1993 – Prezident səlahiyyətlərini icra edən Heydər Əliyev Moskvaya səfərə gedib. Bu, Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdandan sonra ilk xarici səfəri idi.
5 sentyabr 2002 – Prezident Heydər Əliyev "Kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, KİV-in sərbəst inkişafının təmin edilməsi, iqtisadi və siyasi asılılığının aradan qaldırılması, maddi-texiniki və maliyyə bazasının daha da gücləndirilməsi məqsədilə maliyyə vəsaiti ayrılıb.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: