“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.10.2020, 19:00
408

Gəncədəki yəhudi icması: "Beynəlxalq təşkilatları təcavüzkar Ermənistana təzyiq göstərməyə çağırırıq"

A- A+

"Ermənistan dəfələrlə Azərbaycanda yaşayan xalqların içərisinə ədavət toxumu səpməyə çalışsa da, buna nail ola bilməyib..."

 

Oktyabarın 4-də Gəncənin Ermənistan ərazisindən raket atəşinə tutulması və nəticədə mülki şəxslərin yaralanması ilə bağlı Gəncədəki Yəhudi Dini İcması bəyanat yayıb.

AZƏRTAC-a daxil olan bəyanatda deyilir:

Biz - Yəhudi Dini İcması olaraq, Gəncədə yaşayan soydaşlarımız adından Ermənistanın törətdiyi hərbi təcavüz aktlarını, təxribatları qətiyyətlə pisləyirik. Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriya qurğularından atəşə tutması qəbuledilməzdir. Bu, bütün beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ziddir.

Məlum olduğu kimi, Naftalan, Ağdam, Tərtər, Daşkəsən, Göygöl və Goranboyla yanaşı, döyüş bölgəsindən aralıda yerləşən Gəncə şəhəri də Ermənistan tərəfindən ağır artilleriya atəşinə məruz qalır. Gəncənin Ermənistan tərəfindən raket atəşinə tutulması nəticəsində 1 mülki şəxs həlak olub, 6-sı uşaq, biri başqa millətdən olmaqla, 35 dinc sakin yaralanıb, şəhərin infrastrukturuna böyük ziyan dəyib.

Qeyd etmək lazımdır ki, Ermənistan dəfələrlə Azərbaycanda yaşayan xalqların içərisinə ədavət toxumu səpməyə çalışsa da, buna nail ola bilməyib. Onların təxribatları, dinc əhaliyə qarşı törətdikləri cinayətlər, döyüş bölgələrində verdiyimiz şəhidlər aramızda olan birliyi və qardaşlıq tellərini daha da möhkəmləndirir.

Biz - Yəhudi Dini İcması olaraq Ermənistan tərəfinin mülki əhalini hədəf seçməsindən narahatlığımızı ifadə edir, beynəlxalq təşkilatları ikili standartlar siyasətindən əl çəkməyə, təcavüzkar ölkə olan Ermənistana lazımi təzyiq göstərməyə çağırırıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı mövqeyini və fəaliyyətini tam dəstəkləyirik.

Xəbərlər
Redaktorun seçimi