Nyu-Yorkda Azərbaycanın Vətən müharibəsi şəhidləri anılıb
Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-ın Nyu-York şəhərində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, Nyu-Yorkun Bruklin rayonunaa yerləşən Sultan Eyyub məscidinə toplaşan soydaşlarımız torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək həlak olan şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Assosiasiyanın rəhbəri Ercan Yerdələnli bildirib ki, sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı xain hücumuna Azərbaycan Ordusu layiqli cavab verib. Ölkə vətəndaşlarının və ərazilərimizin təhlükəsizliyini qorumaq məqsədilə uğurlu əks-hücum əməliyyatına başlayan Silahlı Qüvvələrimiz işğal altındakı torpaqlarımızın böyük hissəsini azad edib. Qəhrəman oğullarımızın canı və qanı bahasına qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur edib və 10 noyabr tarixli bəyanatın imzalanması nəticəsində işğal altındakı digər ərazilərimiz Azərbaycana döyüşsüz təhvil verilib.
E.Yerdələnli qeyd edib ki, xalqımız Vətən yolunda şəhid olmuş övladlarının fədakarlığını unutmayacaq və onların xatirəsini daim uca tutacaq.
Tədbir şəhidlərin ruhuna duaların oxunması ilə başa çatıb.