“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.11.2020, 10:00
1349

Ottava, Stokholm və Budapeştdə Şuşa sevinci

A- A+

Vətəndən uzaqda yaşayan azərbaycanlılar bundan sonra da Azərbaycanın haqq səsini dünyaya yayacaqlar...

Kanadada yaşayan azərbaycanlılar Ottova şəhərində “Parliament Hill” binası qarşısında toplaşaraq Şuşanın işğaldan azad olunmasını çoşğu ilə qeyd ediblər.

Meydana toplaşan həmvətənlərimiz bildiriblər ki, Azərbaycanın mədəniyyət paytaxtı, qədim Şuşa şəhərinin işğaldan azad olunması Ali Baş Komandanımızın müdrik siyasətinin, rəşadətli ordumuzun gücünün və xalqımızın əzminin göstəricisidir.

Bu, Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Vətəndən uzaqda yaşayan azərbaycanlılar bundan sonra da Azərbaycanın haqq səsini, Qarabağ həqiqətlərini Kanada ictimaiyyətinə çatdırmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Azərbaycan, Türkiyə və Kanada bayraqlarının dalğalandırıldığı tədbirdə “Stop Armenian aggression”, “Pray For Ganja” və s. yazılmış plakatlar nümayiş etdirilib, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” kimi şüarlar səsləndirilib.

***

İsveçin paytaxtı Stokholm şəhərinin Haga Parkında toplaşan azərbaycanlılar 28 il sonra Şuşa şəhərinin Ermənistanın işğalından azad olunmasını qeyd ediblər.

Azərbaycan və Türkiyə bayraqlarının dalğalandırıldığı tədbirdə iştirakçılar “Qarabağ bizimdir, bizim olacaq” şüarını səsləndiriblər. Aksiya iştirakçıları təcavüzkar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılmasını böyük sevinc hissi ilə qarşıladıqlarını bildiriblər. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan ordusuna bu sevinci onlara yaşatdıqlarına görə minnətdarlıq ifadə edilib. Aksiya iştirakçıları hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyəyə də təşəkkürlərini ildiriblər.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aksiya iştirakçıları sonda birlik rəmzi olaraq “Yallı” gediblər.

***

Budapeşt şəhərində fəaliyyət göstərən Azərbaycan evində Qarabağın döyünən ürəyi Şuşa şəhərinin, eləcə də digər şəhər və kəndlərimizin işğaldan azad edilməsi ilə əlaqədar görüş keçirilib. Görüşdə yerli qeyri-hökumət təşkilatlarının üzvləri, müxtəlif icmaların nümayəndələri, Macarıstanda yaşayan soydaşlarımız və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Tədbirdə Macarıstan-Azərbaycan Gənclər Birliyinin idarə heyətinin üzvü Rəşad Mehbalıyev çıxış edərək müzəffər Ali Baş Komandanımızın və şanlı Azərbaycan ordusunun xalqımıza bəxş etdiyi bu qələbə münasibəti ilə icma nümayəndələrini, tələbələri təbrik edib.

Daha sonra çıxış edən soydaşlarımız qələbə sevincini bölüşüb, qüdrətli Azərbaycan dövləti ilə fəxr etdiklərini və hər zaman dövlətimizin yanında olduqlarını bildirblər.

Xəbərlər
Redaktorun seçimi