“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.11.2020, 13:00
2073

Amerika şəhərlərində “Karabakh is Azerbaijan”

A- A+

ABŞ-da yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq və terror siyasətinə qarşı bir yumruq kimi birləşiblər...


 

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-ın Florida ştatının Mayami şəhərinin mərkəzi yollarında Azərbaycan bayrağının və Qarabağ atlarının təsvir olunduğu, “Karabakh is Azerbaijan” şüarı yazılmış lövhələr quraşdırılıb.

Dövlət Komitəsindən bildiriblər ki, assosiasiyanın sədri Töhfə Eminova lövhələrin ermənilərin sıx yaşadığı ərazilərdə – “Fort Lauderdale” beynəlxalq hava limanının önündə və ABŞ-ın digər ştatlarına gedən yolları birləşdirən mərkəzi hissədə quraşdırıldığını deyib. Onun sözlərinə görə, bu yerlər təsadüfi seçilməyib. Məqsəd odur ki, daha çox insan lövhələri və “Karabakh is Azerbaijan” şüarını görsün. Assosiasiya rəhbəri ənənənin ABŞ-ın digər ştatlarında da davam etdiriləcəyini deyib.

Töhfə Eminova əlavə edib ki, ABŞ-da yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq və terror siyasətinə qarşı bir yumruq kimi birləşiblər.

Qeyd edək ki, lövhələrin dizaynı ABŞ-da yaşayan həmyerlimiz Cəmilə Cavadovaya və Bakıda çalışan dizayner Emin Rzayevə məxsusdur.

***

Amerikanın Orta-Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-ın Çikaqo ştatının mərkəzi yollarında Azərbaycan bayrağının təsviri ilə “Karabakh is Azerbaijan” şüarı yazılan lövhələr quraşdırılıb. Lövhələrdə ermənilərin mülki azərbaycanlıları hədəfə aldığı da qeyd edilib.

Mərkəzin rəhbəri Fərid Məmmədov bildirib ki, daha çox insanın görməsi üçün elektron lövhələr “Ohare” beynəlxalq hava limanından şəhərə gələn yolda, eləcə də “James Addams Memorial Tollway”, “River Road” yolunun üzərində quraşdırılıb. Bu ənənə ABŞ-ın digər şəhərlərində də davam etdiriləcək.

Həmvətənimiz bildirib ki, Ermənistanın işğalçılıq və terror siyasətini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün ABŞ-da yaşayan azərbaycanlılar əllərindən gələni edirlər.

Xəbərlər
Redaktorun seçimi