“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.01.2011, 18:00
462

Zəhmətkeş qəzetçi

A- A+

Tanınmış jurnalist Elşən Əliyevin 50 yaşı tamam oldu..

Yanvarın 24-də tanınmış jurnalist Elşən Əliyevin 50 yaşı tamam oldu. Bu sətirlərin müəlliflərinə müxtəlif vaxtlarda yubilyarla “Panorama” və “Bizim Əsr” (“Naş Vek”) qəzetlərində işləmək qismət olub. Odur ki, Elşən Əliyevin 50 yaşının tamam olduğunu eşidəndə beynimizdən keçən ilk fikir bu oldu: “Zaman necə də tez ötür”.

Bu gün istər gənc nəsil qəzetçilər, istərsdə ayrı-ayrı vaxtlarda onunla bir yerdə çalışmış yaşlı nəsil jurnalistlər Elşən Əliyevin adını böyük hörmətlə çəkərək sonuna mütləq bir söz əlavə edirlər: müəllim. Bu, Elşən Əliyevin yüksək peşəkarlığına və insani keyfiyyətlərinə verilən qiymətdir.

Onu tanıyanlar, onunla dostluq edənlər Elşən müəllimi zarafatla “nəşriyyat-adam” adlandırırlar. Hərçənd bu zarafatda bir gerçək də var. Çünki o, böyük əməksevərliyi, çoxşaxəli qabiliyyət və bacarığı sayəsində bir nəşriyyatda bütöv bir kollektivin görəcəyi işin öhdəsindən gələ bilir.

Hansısa mövzuda yazının (qəzet ya jurnal materialının, lap elə kitabın) ideyasını da verər, lazım gəlsə onu yüksək səviyyədə yaza da bilər, redaktə və korrektə də edər, sonra öz noutbukunda səhifələyib, dizayn edib, hazır şəkildə mətbəəyə təhvil verər. Hələ gərək olsa mətbəədə çap dəzgahının arxasına keçib onu çap da edər. Bizim Elşən müəllim bax belə peşəkardır.

Onu jurnalist kimi bir kəlmə ilə xarakterizə etməli olsaq, yəqin ən dəqiq ifadə bu olar: “Zəhmətkeş qəzetçi”. Bu meyarla o qəzetçiləri tərif edirlər ki, onlar üçün vaxt anlayışı metrik zaman vahidləri ilə deyil, rəhbəri olduqları mətbu nəşrin (qəzetin, jurnalın) çapdan çıxan sayları ilə ölçülür.

Bir neçə say çapdan çıxdı – həftə, sonra ay geridə qaldı. Yenə növbəti, növbəti saylar çapdan çıxdı – nəhayət, il tamam oldu. Və beləcə gəlib yetişirsən 50 yaşa.

Məşhur bir kəlamı yada salsaq, Elşən müəllim keçdiyi həyat yoluna boylanıb ömür tağı üzərində özünü tam rahat və əmin-arxayın hiss edə bilər: o, ev-eşik də tikib, övladlarını da boya-başa çatdırıb (hətta baba da olub), həyətində də, yəqin ki, üç-dörd ağac əkib-böyüdüb. Bununla belə, o, həmişəki gənclik şövqü və zəhmətsevərliyi ilə çalışır, işləyir. Hər zaman işin içindədir. Və bir qayda olaraq o işi deyil, iş onu axtarıb tapır.

Hər zaman ünsiyyətcilliyi, dostluqda, yoldaşlıqda qayğıkeşliyi, sədaqəti ilə seçilir. Dost məclislərində özünəməxsus yumor hissi də heç vaxt üzündən əskik olmur.

Bütün bu müsbət keyfiyyətləri sayəsində özünə çoxlu dost-tanış qazanıb, işlədiyi, rəhbərlik etdiyi kollektivlərdə də onun xətir-hörmətini yüksək tuturlar.

Yəqin ki, bu günlər Elşən müəllimə istər baş redaktoru olduğu “Azərbaycan işıqları” qəzetinin redaksiyasında, istər rəhbər heyətində təmsil olunduğu “Azərbaycanın vergi xəbərləri” jurnalının kollektivində, eləcə də media aləmində və ondan kənarda çoxsaylı dostları, tanışları, həmkarları öz təbriklərini çatdırırlar.

Biz də bu qısa ürək sözlərimizi həmin təbriklər içində eşidilsin deyə qələmə aldıq.

Elşən müəllim, 50 yaşın mübarək!

50 yaşı kimsə yetkinlik dövrü, kimsə də müdriklik çağı sayır.

Bir də yaşın nə fərqi var ki? Əsas olan cansağlığı və yaşayıb-yaratmaq əzmidir ki, biz də bunları sənə arzu edirik.

 

Hörmətlə,

Xanlar Məmmədov və Vüqar Orxan.

www.azerbaycanli.org

 

Xəbərlər
Redaktorun seçimi