“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.12.2009, 21:59
463

"Böyük İpək Yolu üzərində yeni imkanlar"

A- A+

"The Washington Times" qəzetində Azərbaycana həsr edilmiş məqalə dərc olunub

ABŞ-ın ən nüfuzlu nəşri sayılan "The Washington Times" qəzetinin 14 dekabr tarixli nömrəsində "Caspian Energy Consulting" şirkətinin prezidenti S.Rob Sobhaninin Azərbaycana həsr edilmiş "Böyük İpək Yolu üzərində yeni imkanlar" sərlövhəli məqaləsi dərc edilmişdir. AzərTAc həmin məqaləni oxuculara təqdim edir. 

Amerika iqtisadiyyatının sağlamlaşması prosesi kifayət qədər ləng gedir, şirkətlər öz əməkdaşlarını saxlamaq üçün mübarizəni davam etdirirlər. Bu fonda bir xəbəri ürəkaçan hesab etmək olar ki, ən sadiq, sabit və etibarlı dostlar Amerika şirkətlərinin iştirakı ilə ümumi dəyəri 2,6 milyard ABŞ dolları olan strateji avtomagistralın layihələşdirilməsində və tikintisində birgə fəaliyyət barədə razılığa gəlmişlər.

Amerikanın kiçik və orta şirkətləri üçün 2,6 milyard dollar məbləğində Azərbaycanın ayırdığı "stimullaşdırıcı paket" ən münasib vaxtda ortaya çıxmışdır. 48 yaşlı Azərbaycan Prezidenti İlham Əliyevin öz ölkəsində XXI əsr avtomagistralının tikintisi üçün ABŞ şirkətlərini dəvət etmək qərarı yeni iş yerləri yaradılmasına kömək edəcək, habelə Amerika mallarının və xidmətlərinin alınmasına səbəb olacaqdır. Cənab Əliyev həmin avtomobil yollarının dünya standartları səviyyəsində olması üçün Amerika texnologiyaları və xammalının idxalı barədə qərar qəbul etmişdir.

İnfrastruktur layihələri sahəsində Amerika şirkətlərinin sifarişləri getdikcə azalmaqdadır. Ona görə də Kaliforniya, Pensilvaniya, Florida, Viskonsin, İndiana, Virciniya, Tennesi və Merilend ştatlarının kiçik və orta biznesi bu magistralın tikintisində iştirak edəcəkdir.

Bu layihənin əsas tərkib hissələrindən biri qədim Böyük İpək Yolu marşrutu üzrə Azərbaycanın Şərq-Qərb dəhlizi boyunca avtomagistralın tikintisidir. Virciniyada yerləşən bir şirkət Amerika nou-hausundan, texnologiyalarından və mallarından istifadə etməklə həmin magistralın tikintisinə rəhbərlik edəcəkdir. Bu magistral həm də "yaşıl yol" olacaqdır. Çünki yolun inşası zamanı bəzi yerlərdə atmosferə atılan karbon qazını tutmaq üçün nanotexnologiyalardan istifadə ediləcəkdir.

İndi təsəvvür etmək də çətindir ki, cəmi 20 il bundan əvvəl Azərbaycan Sovet İttifaqının tərkibinə daxil idi. Əhalisi 8 milyon nəfər olan bu dövlətin həmin müddətdə keçdiyi yol daha güclü təsir bağışlayır. 18 il bundan əvvəl sovet qoşunları Azərbaycanda genişlənməkdə olan azadlıq və müstəqillik hərəkatını boğmaq üçün "islam fundamentalizminə qarşı mübarizə" bəhanəsi ilə Bakıya soxulmuşdu.

1990-cı ilin həmin Qanlı Yanvar gecəsində adama elə gəlirdi ki, bu dövlətin bütün ümidləri puç olmuşdur. Lakin bu gün Azərbaycan totalitar sovet sisteminin xarabalığından baş qaldırıb enişli-yoxuşlu yollarla azadlığa qovuşmaq üçün sürətlə inkişaf etməkdə olan müstəqil dövlətdir. O, həm də Amerikanın dostu və Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət kəsb edən bu strateji regionda onun etibarlı müttəfiqidir.

Ölçülərinə görə Cənubi Karolina ştatı ilə müqayisə edilə biləcək, dirçəlməkdə olan Rusiya ilə İran arasında sığınmış Azərbaycan dövləti sürətlə Xəzəryanı regionun Küveytinə çevrilir. Bu gün Azərbaycanın neft fondunda 25 milyard dollar vəsait var, təqribi hesablamalara görə 2016-cı ilə qədər Azərbaycanın qızıl və valyuta ehtiyatlarının həcmi (Avropaya təbii qaz satışı nəzərə alınmadan) 200 milyard ABŞ dollarına çatacaqdır.

Bu gün cənab İlham Əliyev əmindir ki, Azərbaycanda Amerika firmalarının fəaliyyəti üçün şərait var (GE şirkəti tərəfindən hazırlanan turbinlər "Azərenerji" dövlət müəssisəsi üçün elektrik enerjisi istehsal edir, "Exxon" və "Şevron" şirkətləri isə ARDNŞ ilə birlikdə nəhəng neft və qaz yataqlarının işlənməsində iştirak edirlər). O, bilərəkdən kiçik və orta Amerika biznesinin xeyrinə seçim etmişdir.

Cənab İlham Əliyevin məqsədi, əvvələn, Azərbaycan ilə ABŞ-ın mümkün qədər çox ştatı arasında iqtisadi əlaqələri genişləndirməkdir. İkincisi, Azərbaycan yerli inşaat şirkətlərinə, məsələn, "Azərinşaatservis" şirkətinə Amerikanın innovasiyalı kiçik müəssisələri tərəfindən istifadə edilən qabaqcıl texnologiyalardan bəhrələnmək imkanı vermək istəyir.
Amerika ilə Azərbaycanın tərəfdaşlığı təkcə dünya səviyyəli avtomagistral tikintisi ilə məhdudlaşmır. Xəzər dənizindəki neft və təbii qaz yataqlarında kəşfiyyat, hasilat və bu məhsulların dünya bazarlarına çatdırılması Bakı və Vaşinqtonun ümumi məqsədidir.

Məsələn, indi Azərbaycan Vaşinqtonun Avropaya qaz ixracını şaxələndirmək və təbii qazın nəql edilməsi marşrutlarının Rusiya sərhədlərindən uzaqlaşdırmaq cəhdlərinin əsas elementidir. Özünün bəzi qonşularından fərqli olaraq Azərbaycan ölkədə iqtisadi və siyasi sabitliyin bərqərar olması və məsuliyyətli rəhbərliyi ilə fəxr edə bilər. Bu, Azərbaycanın iri yataqlarında hasil edilən təbii qazı Avropaya nəql etmək üçün nəzərdə tutulan Nabukko strateji boru kəmərinə dair planları həyata keçirməkdə bu ölkəyə güvənməyə imkan verir.

Vaşinqton Azərbaycan ilə infrastruktur və enerji sahələrində əlaqələrlə yanaşı, Amerikanın İraqda, Əfqanıstanda və Kosovoda həyata keçirdiyi əməliyyatlarda Azərbaycanın onu dəstəkləyəcəyinə ümid edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 2001-ci il 11 sentyabr hadisələrindən sonra Amerikanın dünyada terrorizmə qarşı mübarizəsində ona dərhal kömək təklif etmiş, əsgərlərinin Əfqanıstana və İraqa göndərilməsinə razılıq vermişdir.

Öz investisiyaları müqabilində sabit gəlir əldə etmək qeydinə qalan amerikalı istehlakçılar da Azərbaycanın bank sektoru timsalında özlərinə etibarlı tərəfdaş tapa bilərlər. Bu ölkənin iki ən iri bankının - Azərbaycan Beynəlxalq Bankı və "Paşabank"ın baş direktorları ABŞ-da təhsil almışlar və bu kredit müəssisələri Qərb standartları səviyyəsində bank xidmətləri təqdim edirlər.

ABŞ-ın FDİC sığorta şirkəti kimi, Azərbaycan hökuməti də depozitlər üzrə zəmanət verir. Nəhayət, amerikalı professorlar, habelə Azərbaycanda dərs deməyə və daha yüksək elmi dərəcə almağa maraq göstərən universitet məzunları yaxın vaxtlarda təşkil edilmiş Azərbaycan Diplomatik Akademiyasında özlərinə tərəfdaşlar tapa bilərlər. Bu akademiyaya yüksək vəzifəli diplomat, böyük nüfuz sahibi Hafiz Paşayev rəhbərlik edir.

Azərbaycan sovet kommunizminin bürokratik süründürməçiliyindən kapitalizmin qırmızı xalçası üzərinə keçmiş və Birləşmiş Ştatların etibarlı dostuna çevrilmişdir.

* * *

Məqaləni oxumaq üçün bax:  

http://www.washingtontimes.com/news/2009/dec/14/new-chance-on-the-old-silk-road/

 * * *

Bax həmçinin:

"Azərbaycan enerji daşıyıcıları bazarında çox ümidlər verən liderə çevrilməkdədir"

(S.Rob Sobhani, "The Washington Times" qəzeti, sentyabr 2007)

Xəbərlər
Redaktorun seçimi