“Böyük 8-lik” sammitində Qarabağa dair bəyanat qəbul olunub
ABŞ, Rusiya və Fransa prezidentləri Azərbaycan və Ermənistan rəhbərlərini baza prinsiplərini razılaşdırmağa çağırıblar
İyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentləri “Böyük 8”-lərin İtaliyanın Akvil şəhərində keçirilən toplantısında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatla çıxış etmişlər.
Prezidentlər Barak Obama, Dmitri Medvedev və Nikola Sarkozi həmsədrlərə Azərbaycan və Ermənistan prezidentlərinə baza prinsiplərinə dair son təkliflərin əks olunduğu 2007-ci il noyabrın 29-da açıqlanmış Madrid təklifləri üzrə yeni versiyanı təqdim etməyi tapşırıblar: “Biz Azərbaycan və Ermənistan prezidentlərini qalan fikir ayrılıqlarını aradan qaldırmağa və hərtərəfli sülh planının əsasını təşkil edəcək baza prinsiplərinin razılaşdırılmasını başa çatdırmağa çağırırıq”.
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin başçıları əsas prinsiplərin razılaşdırılmasında Azərbaycan və Ermənistan prezidentlərinə dəstək verəcəklərini təsdiqləmişlər.
Dmitri Medvedev: “Dağlıq Qarabağ münaqişəsinin həlli şansı o qədər də pis deyil”
Rusiya prezidenti Dmitri Medvedev hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli şansı o qədər də pis deyil. “RİA Novosti”nin verdiyi məlumata görə, Medvedev bildirib ki, digərləri ilə müqayisədə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi daha çox irəliləyib.
Medvedev Azərbaycan və Ermənistan prezidentlərinin bir-birini eşitdiyini və anladığını deyib: “Razılıq əldə olunası nüanslar getdikcə azalır. Mənim fikrimcə, mövqelər uzlaşa bilər. Bu, onillərlə davam edəcək bir proses deyil. Hesab edirəm ki, nəticə əldə etmək olar. Biz bu işdə həm Minsk Qrupundakı tərəfdaşlarımıza hər cür kömək göstərəcəyik, həm də açıq desəm, özümüz fəaliyyət göstərəcəyik. Əsas odur ki, tərəflər razılığa gəlməklə bağlı istəklərini qorusunlar. Hələlik bu istək var”.
Mövzuya dair:
Obama, Sarkozi və Medvedev Əliyevlə Sarkisyanı tələsdirirlər
Elxan Şahinoğlu,
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri
İyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentləri “böyük səkkizlər”in İtaliyanın Akvil şəhərində keçirilən toplantısında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatla çıxış ediblər.
Prezidentlər Barak Obama, Dmitri Medvedyev və Nikola Sarkozi həmsədrlərə Azərbaycan və Ermənistan prezidentlərinə baza prinsiplərinə dair son təkliflərin əks olunduğu, 2007-ci il noyabrın 29-da açıqlanmış Madrid təklifləri üzrə yeni versiyanı təqdim etməyi tapşırıblar: “Biz Azərbaycan və Ermənistan prezidentlərini qalan fikir ayrılıqlarını aradan qaldırmağa və hərtərəfli sülh planının əsasını təşkil edəcək baza prinsiplərinin razılaşdırılmasını başa çatdırmağa çağırırıq”.
Obama, Medvedyev və Sarkozi əsas prinsiplərin razılaşdırılmasında Azərbaycan və Ermənistan prezidentlərinə dəstək verəcəklərini təsdiqləyiblər.
Gözlənilən bəyanat idi. Bir gün əvvəl belə bir bəyanatın olacağı haqda Rusiya prezidentinin köməkçisi Arkadi Dvorkovic də məlumat vermişdi. ABŞ, Fransa və Rusiya prezidentləri münaqişənin həlli üçün əsas kimi Madrid prinsiplərini göstərirlər. Halbuki rəsmi Bakı münaqişənin həllində bundan əvvəlki Praqa prinsiplərinə istinad etməyə çalışırdı. Alınmadı. Madrid təklifləri isə faktiki “mərhələli həll” və “paket həll” variantlarının qarışığıdır.
Prezidentlərin birgə açıqlamasının yayılmasıyla eyni saatlarda həmsədrlər Bakıda mətbuat konfransında açıqlamalar verirdilər. “Ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri qarşıdakı Moskva görüşündə baza prinsiplərinə dair azı iki vacib məsələni razılaşdıra biləcəklər” – bu, fransalı həmsədr Bernar Fasyenin açıqlamasındandır. O, avqust fasiləsindən sonra ilin sonuna qədər ümumilikdə bütün baza prinsipləri ilə bağlı razılıq əldə etməyə ümid bəslədiklərini söyləyib: “Bu halda növbəti il bu prinsiplərin sülh müqaviləsi layihəsinə transformasiyasına imkan yaranacaq”.
Prezidentlərin və həmsədrlərin açıqlamalarından bu qənaətə gəlmək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həlli finişə yaxınlaşmaq üzrədir. Halbuki bir neçə razılaşdırılmayan məqam sayca çox razılaşdırılan məqamların tamamından ağır gəlir. Ermənilər Dağlıq Qarabağın ətrafındakı 5 rayonu 10 il bundan öncə də azad etməyə hazır idilər, indi də bundan çəkinmirlər, sadəcə, bunun əvəzində istədikləri qəbuledilməzdir.
Bernar Fasye adını çəkmək istəmədiyi iki vacib məsələyə toxunarkən, çox güman ki, dəhliz probleminə və referendumun tarixinə işarə edib. Yenə birinci məsələnin ətrafında hansısa razılıq əldə etmək olar. Azərbaycan prezidenti İlham Əliyev də son müsahibəsində vurğulayıb ki, güzəşt kimi Laçın və Kəlbəcərin sülh anlaşmasından 5 il sonra azad oluna biləcəyinə razılaşmaq mümkündür. Bu müddətə qədər Laçından yan keçən dəhliz yolu da çəkmək olar.
Referendum tarixinin müəyyənləşdirilməsi isə qəliz məsələdir.
Bəri başdan referendum tarixinə razılaşmaq və bunun altından imza atmaq Dağlıq Qarabağın müstəqilliyinə imza atmaq kimi bir şeydir. Çünki nə qədər azərbaycanlı qaçqın Dağlıq Qarabağa qayıtsa da, bölgədə nisbət ermənilərin xeyrinə olacaq, demək istənilən səsvermə də onların xeyrinə olacaq. Hələ ki, bu məsələdə İlham Əliyev dirənir. Onun son müsahibəsindəki “referendum 10 və ya 100 il sonra da keçirilə bilər, heç keçirilməyə də bilər” sözləri də bundan xəbər verir. Ermənilər də özləri üçün prinsipial hesab etdikləri bu məsələdə geri addım atmırlar.
Belə olan halda yaxın görünən sülh anlaşmasının mümkünlüyü şübhə altında qalır.
Anlaşmanın imzalanması üçün referenduma müddəasına əncam çəkilməlidir, buna nail olmaq üçün isə iki tərəfdən biri geri addım atmalıdır.
Geri addımı kim atacaq?
“Mediaforum”, 10.07.2009.