Ermənistanda “Madrid prinsipləri”ni dərc etdilər
Dağlıq Qarabağın yekun statusu səsvermə yolu ilə müəyyənləşəcək...
Ermənistanın “Aykakan jamanak” qəzeti Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini nəzərdə tutan Madrid prinsipləri adlı sənədi dərc edib. “Media forum” saytı “Armtoday.info” portalına istinadla xəbər verir ki, sənəddə 6 bənd yer alır.
1-ci bəndə görə, Dağlıq Qarabağın yekun statusu Dağlıq Qarabağ əhalisi (Dağlıq Qarabağ Muxtar Vilayətində yaşamış bütün xalqların nümayəndələri nəzərdə tutulur - 1988-ci il proporsiyası üzrə) arasında keçiriləcək plebisitdə müəyyən olunacaq.
2-ci bənd keçid dövrü üçün Dağlıq Qarabağın statusunu nəzərdə tutur. Dağlıq Qarabağ özünə aid məsələlərin müzakirəsi zamanı ATƏT-in sessiyalarında müşahidəçi kimi iştirak edə, dövlət kimi tanınmaq şərti qoyulmayan beynəlxalq təşkilatlara qoşulmaq, xarici ölkə və beynəlxalq təsisatlardan yardım almaq hüququ qazanır.
3-cü bəndə görə, erməni qüvvələri Dağlıq Qarabağ ətrafındakı ərazilərdən çıxarılır. Bu zaman Kəlbəcər müvəqqəti olaraq beynəlxalq komissiyanın nəzarətinə verilir.
4-cü bənd Ermənistanla Dağlıq Qarabağın dəhlizlə birləşməsini, 5-ci bənd məcburi köçkünlər və qaçqınların əvvəlki yaşayış yerlərinə qayıtmasını, 6-cı bənd bölgəyə sülhməramlı qüvvələrin gətirilməsini ehtiva edir.
* * *
Bax:
► “Madrid prinsipləri”nin tam mətni (rus dilində)