“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.10.2013, 14:53
816

“Böyük sülhün astanasındayıq”

Rövşən Rzayev: “Çalışırıq ki, hər iki icma dialoqa başlasın”
A- A+

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi idarə heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev “Media forum” saytının suallarını cavablandırıb.

- Dağlıq Qarabağın azərbaycanlı icmasını birləşdirən ictimai təşkilatın məqsədlərinə nə dərəcədə nail olunub?

- İcmanın təşkilat olaraq yaradılması tarixi 1990-cı illərin əvvəllərinə, Ermənistanın işğalçılıq siyasətinin gücləndiyi dövrə təsadüf edir. 2009-cu ilin yazında icma qurultay keçirdi və İdarə Heyətinin 22 nəfərdən ibarət yeni tərkibini, eyni zamanda sədr seçdi və fəaliyyətini genişləndirmək istiqamətində addımlar atdı. İcmanın qarşısında duran məqsədlərdən biri Azərbaycan torpaqlarının işğal olunması faktını dünyaya çatdırmaq idi. Hazırda icma üzvləri fəal şəkildə işləyirlər, sadə insanların, Qarabağ müharibəsindən əziyyət çəkənlərin, doğma yurd-yuvasından didərgin düşənlərin istək və fikirlərini ifadə etmək üçün əlimizdən gələni edirik. İcmanın idarə heyətinin üzvləri müntəzəm yığışır, gündəlikdə olan məsələləri müzakirə edib addımlar atır.

- İcmanın qurultayını keçirmə təşəbbüsü necə yaranmışdı? Bu, icmanın şəxsi təşəbbüsü idi, yoxsa Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlarda yeni nüans yaranmışdı və icma hansısa formada danışıqlara təsir göstərmək üçün belə təşkilatlandı?

- İcmanın yenidən təşkilatlanmasının münaqişənin həlli üçün aparılan danışıqlarla birbaşa əlaqəsi yoxdur. Ermənilər 1991-ci ildən Azərbaycanın ərazi bütövlüyünə silahlı təcavüz etməyə başlayıblar və torpaqlarımız bu gün də Ermənistanın işğalı altındadır. Həmin vaxtlar münaqişə tərəfləri müəyyən edildi, problemin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradıldı. Minsk qrupunun yaradılması haqda qərarda qeyd edilib ki, münaqişə tərəfləri Ermənistan və Azərbaycandır, maraqlı tərəflər isə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarıdır. Ona görə də Dağlıq Qarabağın azərbaycanlı icması daha ciddi təşkilatlanaq, yeni tərkib seçmək və fəaliyyətini daha da genişləndirmək qərarına gəldi. Burada əsas məqsədlərdən biri də hər iki icma arasında dialoqun yaradılması və itirilmiş münasibətlərin bərpa edilməsi idi. Əgər qarşı tərəf həqiqətən konstruktiv mövqe tutsa, icmalar arasında münasibətlər bərpa olunsa, bu, sülh prosesinin təkamülünə, böyük sülh razılaşmasının əldə olunmasına, barışıq sazişinin hazırlanmasına təkan verə bilər. Ona görə müxtəlif peşə sahiblərini cəlb etməklə icmanın tərkibini genişləndirdik, təşkilatı gücləndirdik və fəaliyyətimizi bu istiqamətdə davam etdirmişik.

- İcmaların sülh danışıqlarına qoşulması perspektivi varmı?

- Münaqişənin həlli üçün danışıqları ABŞ, Rusiya və Fransadan ibarət Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri aparır. Biz hesab edirik ki, icmalar arasında münasibətləri yenidən keçmiş vəziyyətə qaytara bilsək, bu, prosesə öz töhfəsini verə bilər. Siyasi danışıqlar prosesinə qatılmırıq və qarşımıza belə bir məqsəd qoymamışıq. Yalnız hər ikisi Azərbaycan vətəndaşları olan icmalar arasında normal ünsiyyət istəyirik. Çünki inanırıq ki, Azərbaycanda mövcud olan sülh siyasəti nəticəsində öz ərazi bütövlüyümüzü təmin edə biləcəyik və Dağlıq Qarabağda hər iki icma yaşayacaq.

İcmaların danışıqlarda iştirak etməməsi formatla bağlıdır. Format bu cür də qəbul olunub. Çünki Azərbaycan bölünməz bir dövlətdir. Müstəqil Azərbaycan heç zaman ərazi itkisi ilə barışmayacaq. Ən düzgün fikir də ondan ibarətdir ki, icmalar arasında ünsiyyətimizi quraq. Amma danışıqlar prosesi siyasi xarakterlidir. Bu prosesi ölkə prezidenti, xarici işlər naziri aparır və istəyimizə də nail olacağıq.

- Amma formatı müəyyənləşdirən ATƏT-in Minsk qrupunun fəaliyyəti də nəticə vermir. Bəlkə elə bir məqam yetişib ki, o formata əhəmiyyət verməyə heç dəyməz?

- Minsk qrupunun apardığı fəaliyyət nəticəsində ortada Madrid prinsipləri var və Azərbaycan buna öz müsbət mövqeyini bildirib. Qarşı tərəf isə konstruktiv mövqedən çıxış etmir. Ona görə də proses bir qədər uzanır. Biz böyük addımlar gözləyirik. Amma bunu səbirlə, daha da uğurlu addımların atılması və məqamın yetişməsini gözləyib etməliyik. Ona görə də “heç bir iş də görülməyib” demək də doğru olmazdı.

- İcmanın fəaliyyətinə tənqidi yanaşılsa, daha çox iş görmək perspektivinin olduğu ortaya çıxarmı?

- İcma bir iş görəndə bugünkü imkanlarından istifadə edir. Son zamanlar icma üzvlərimiz bir neçə xarici dövlətdə, o cümlədən Minsk qrupuna həmsədrlik edən Fransada olub, orada təqdimatlar keçirib. Bu yolla öz haqlı səsimizi beynəlxalq ictimaiyyətə daha geniş formada çatdırmağa çalışırıq. Əgər məqsədə tam nail olmamışıqsa, deməli, işimizi davam etdirməliyik. İcma bütün imkanlarından istifadə edir, dövlət bizi dəstəkləyir, hər bir addımı atanda hiss edir və görürük ki, arxamızda dövlətimiz, ölkə prezidenti İlham Əliyev var. Cəmiyyət bizi dəstəkləyir. Hər kəs kimi biz də çalışırıq ki, ərazi bütövlüyümüz təmin olunsun.

Maddi problemimiz yoxdur. İcmaya çox gözəl şərait yaradıldı, küllü miqdarda vəsait ayrıldı, hər cür şəraiti olan bina tikildi. Hazırda hamımız o binaya yığışmışıq, orada fəaliyyətimizi davam etdiririk. Hər hansı tədbirin keçirilməsi üçün maliyyə problemimiz yoxdur. Hətta bizə kifayət qədər illik vəsait də ayrılır. Tədbirlərimiz də çoxdur, həm ölkədə, həm də xaricdə kifayət qədər işlər görə, səsimizi çatdıra bilirik.

- İcmanın xaricdə nümayəndəliklərinin yaradılması ideyası da vardı. Bu məsələ gündəmdə qalırmı?

- Xaricdə nümayəndəliklərin yaradılması mümkün olan məsələdir. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Məsələni indiyədək hələ edə bilməsək də, bu iş gündəlikdə qalır.

- Danışıqlar prosesinə dəstək vermək üçün Azərbaycan və Ermənistan ziyalılarının hər iki ölkəyə, o cümlədən Dağlıq Qarabağa qarşılıqlı görüşü və səfərləri olmuşdu. Səfərlərdən birində siz də iştirak etmişdiniz. Bunun davamı olacaqmı? Yaxın zamanlarda icmalar arasında görüş ola bilərmi?

- Azərbaycan, Rusiya, və Ermənistan prezidentləri belə bir razılığa gəlmişdilər ki, mədəniyyət xadimlərinin, ziyalıların vaxtaşırı görüşləri keçirilsin. Belə görüşlər olub, bundan sonra da davam edəcək. Hesab edirəm ki, bu görüşlərin hamısı çox vacibdir.

Dağlıq Qarabağın azərbaycanlı və erməni icması nümayəndələrinin də görüşməsini istəyirik. Bu, Azərbaycan icmasının təşəbbüsüdür. Amma hələ qarşı tərəf mövqeyini dəyişməyib, görüşdən yayınırlar. Bunun səbəbi nədir? Onlar qorxurlar. O qədər əks-təbliğat aparıblar ki, icmaların görüşməsindən qorxurlar. Çünki Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları görüşəndə məlum olacaq ki, icmalar, insanlar arasında heç bir problem yoxdur.

- Erməni icması hansısa şərt irəli sürür, yoxsa heç nə demirlər görüşlə bağlı?

- Mən 2009-cu ildə Dağlıq Qarabağda olanda bilərəkdən kütlənin içərisində qalırdım, qrupun arxasında gedirdim. Onların jurnalistləri mənə yaxınlaşırdılar və deyirdilər ki, məmnuniyyətlə Bakıya getmək istəyirik. Onlar təklif edirdilər ki, hər iki tərəfdən jurnalistlər Dağlıq Qarabağa gəlsin, biz Bakıya gedək, bir-birimiz haqqında yazaq, icmalar daha sıx ünsiyyətdə olsun. Digər insanlar da yaxınlaşırdı, deyirdi ki, çox istəyirik münasibətlərimiz bərpa olsun. Bunları tam səmimi deyirəm, heç nəyi artırmıram. Təəssüf ki, onlar bu səsi öz rəhbərlərinə çatdıra bilmirlər. Çünki bugünkü Ermənistan rəhbərliyi işğal siyasəti nəticəsində hakimiyyətə gəlib və bu siyasətdən əl çəkə bilmir.

- Münaqişənin aktiv fazada olduğu dövr olub, humanitar fəlakətlər və ağır itkilər yaşanıb. Atəşkəs pozulsa da, il ərzində itkilər olsa da, indi sakitlikdir, humanitar fəlakət, ağır itkilər yoxdur. Belə şəraitdə işğal faktını beynəlxalq ictimaiyyətə çatdırmağın nə kimi çətinlikləri var? Beynəlxalq ictimaiyyət həqiqəti tam bilirmi?

- Atəşkəs rejimi 1994-cü ildən davam edir. Bu da çox vacib haldır. Bu gün itkilər yoxdur. Hər birimiz bilirik ki, müharibənin aktiv fazasında çox ağır itkilər olur və bundan çəkinmək lazımdır. Ona görə atəşkəs bizə çox vacib idi, bunu edə bildik.

O zamandan indiyə Azərbaycan çox dəyişib. Ölkənin təbii sərvətləri, düzgün, düşünülmüş iqtisadi siyasət hesabına Azərbaycanın inkişafının bu səviyyəyə çatdırılması, güclənməsi göz qabağındadır. Ermənistan isə bu gün acınacaqlı bir durumdadır, iqtisadiyyat sıfır səviyyəsindədir. Ona görə də Dağlıq Qarabağda heç bir uğur əldə edə bilməzlər, burada yaşayan ermənilər heç zaman özünə gələcək qura bilməzlər. Digər tərəfdən isə Azərbaycan problemin həllini yalnız sülh yolunda görür. Amma onu da bilirik ki, Azərbaycan və Ermənistan ordusunun imkanları fərqlidir, güclü ordumuz, müasir silah-sursatımız var. Eyni zamanda Müdafiə Sənayesi Nazirliyi mövcuddur. Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün uzunmüddətli mübarizə apara bilər. Hesab edirəm ki, qarşı tərəf bunu da düşünməlidir. Gələcəkdə problem yaşamamaqdan ötrü mövqeyində dəyişiklik edib Azərbaycan ərazisindən işğalçı, separatçı qüvvələrini çıxarmalı, ortada olan Madrid prinsipləri əsasında konstruktiv mövqe nümayiş etdirməli, bütün dünyanın gözlədiyi mövqedən çıxış etməlidir.

Təbii ki, beynəlxalq ictimaiyyətə işğal faktını çatdıra bilmişik. Düzdür, bu gün ikili standartlar mövcuddur və həqiqətin qəbul olunmasına əngəldir. 2009-cu ildən Almaniya, İtaliya, ən mühümü də Avropa Parlamentinin bu barədə qərarı var. Həmin qərarların hər birində Azərbaycan ərazisinin işğal altında olması, separatçı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsi faktları qeyd olunub. ABŞ-ın bir çox ştatlarının parlamentlərində Xocalı soyqırımı faktı da qəbul edilib. Bütün bunlar onu göstərir ki, beynəlxalq aləm işğal haqqında kifayət qədər məlumatlıdır. Hansı dövlətin ərazini boşaltmalı olduğu bu gün hamıya bəllidir. Sadəcə, ikili standartların mövcud olduğuna və beynəlxalq hüquqsuzluq hesabına onlar öz siyasətlərini davam etdirə bilirlər. Dünya, aparıcı dövlətlər, beynəlxalq ictimaiyyət bilməlidir ki, dövlətlər arasında Ermənistan hüququ yox, beynəlxalq hüquq müstəvisində münasibətlər qurulmalıdır.

- İndi münaqişə hansı mərhələni yaşayır? Oturuşmuş işğal, tezliklə geniş miqyaslı müharibəyə çevriləcək müvəqqəti atəşkəs, yoxsa əbədi sülhün astanası? 

- Böyük sülhün astanasındayıq. Bu gün Azərbaycanda olan siyasət və ölkə prezidentinin dünyada olan nüfuzu, apardığı siyasət məni qəti əmin edir ki, yaxın zamanlarda ərazi bütövlüyümüz təmin olunacaq və digər fikirlərə heç bir lüzum da qalmayacaq. Azərbaycan çox güclü, ardıcıl, düşünülmüş siyasət aparır. Bir an düşünün, necə oldu ki, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, 150-dən çox dövlət Azərbaycanı dəstəklədi? O an Ermənistan və onun lobbisi nə qədər təşəbbüs göstərdi ki, bu hal baş verməsin, amma heç nə edə bilmədilər. Ona görə ki, Azərbaycanın siyasəti çox güclüdür.

- Biz qarşı tərəfi böyük sülhə məcbur edəcəyik, yoxsa özləri bu yola gələcək?

- Minsk qrupu çərçivəsində böyük dövlətlər beynəlxalq hüquqa arxalanaraq qarşı tərəfi düzgün yola dəvət edə biləcəklər. Biz böyük sülh müqaviləsini imzalayacağıq, yəqin ki, bu, belə olacaq. Azərbaycan xalqı ölkə prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşəcək və biz öz ərazi bütövlüyümüzü təmin edə biləcəyik.

- Dağlıq Qarabağda, Laçında müəyyən tikinti-quruculuq işləri gedir. İşğal olunan ərazilərdə məskunlaşdırma var?

- Orada hər hansı əsaslı tikintidən söhbət gedə bilməz. Həmin əraziləri 2009-cu ildə gözümlə görmüşəm. Səfalət içində yaşayan Ermənistanın Dağlıq Qarabağda hansısa böyük işlərindən söhbət gedə bilməz.

Amma Suriyadan və digər yerlərdən ermənilərin köçürülməsi faktı həqiqətdir. Ermənilər bu gün nəinki Suriyadan, digər ərəb ölkələrindən də erməniləri bu ərazilərə köçürürlər. Dağlıq Qarabağda və işğal olunmuş digər rayonlarda bir qədər insan məskunlaşdıra biliblər. Onların da hamısını aldadaraq ora gətiriblər.

- Münaqişəyə zaman necə təsir edir?

- Zamanın heç bir təsiri yoxdur. Müstəqil Azərbaycan heç bir zaman torpaq itkisi ilə barışmayacaq. Vaxt ermənilərin xeyrinə işləmir, bu, səhv anlayışdır.

- Qarabağı görməmiş bir nəsil böyüyür...

- Ona görə də Dağlıq Qarabağın azərbaycanlı icması olaraq çalışırıq ki, hər iki icma dialoqa başlasın, yeni yaranan nəsil bir-biri ilə normal ünsiyyət qura bilsin. Çünki gələcəkdə bir yerdə yaşayacaqlar.

- İndiki mərhələdə danışıqlarda bir durğunluq müşahidə edilir. Prezident seçkisindən sonra danışıqların Madrid prinsipləri əsasında davam etdirilməsi perspektivi varmı, sizcə?

- Təbii ki, var. Minsk qrupunun hər üç həmsədr dövlətinin daha qətiyyətli və ciddi addımlar atmalarını gözləyirik. Belə olan halda danışıqlar Madrid prinsipləri əsasında davam etdirilə və nəticə əldə oluna bilər. Bununla bağlı Azərbaycanda heç bir problem yoxdur. Əminəm ki, seçkidə cənab İlham Əliyev bir daha xalqın etimadını qazanacaq, prezident seçiləcək. Bu istiqamətdə fəaliyyətimiz də uğurlu addımlarla irəli gedəcək.

- Minsk qrupunun həmsədrlərinin formatı dəyişsə, danışıqlar dalandan çıxa bilərmi?

- Minsk qrupu çərçivəsində məsələ həllini tapmalıdır. Hər hansı format dəyişikliyi məsələnin bir qədər də uzadılmasına gətirib çıxara bilər. Madrid prinsipləri bu format çərçivəsində ortaya çıxıb, bu çərçivədə də məsələnin həllinə nail olacağıq.

- Prezident seçkisinə toxundunuz. İlham Əliyevin üçüncü dəfə dövlət başçısı seçilməsi ehtimalı var. Belə olsa, beynəlxalq ictimaiyyət necə qarşılayacaq? Seçkinin nəticəsi Dağlıq Qarabağ danışıqlarına hansısa formada təsir edə bilərmi?

- Birmənalı olaraq deyə bilərəm ki, İlham Əliyevi xalqın tam əksəriyyəti dəstəkləyəcək. Azərbaycan xalqı müdrikdir, heç bir zaman arxaya addım atmayacaq, öz mövqeyini bir daha bildirəcək. Mövcud konstitusiya və qanunların müddəaları əsasında ölkə prezidenti namizədliyini üçüncü dəfə irəli sürməyə tam hüquqludur. Dünyada, o cümlədən Avropanın aparıcı ölkələrində də belə praktika var. Mən Azərbaycan və Almaniya parlamentləri arasında əlaqələr qrupunun üzvüyəm. Bu yaxınlarda Almaniyada seçki keçirildi. Kansler Angela Merkel üçüncü dəfə Almaniya xalqının dəstəyi ilə qələbə qazandı. Ona görə burada qeyri-adi heç nə görmürəm. Əksinə, Azərbaycanda Heydər Əliyev siyasətinin davam etməsi və onun davamçısı prezident İlham Əliyevin yenidən seçilməsi ərazi bütövlüyümüzün təmin edilməsinə ən böyük zəmanətdir. Biz bunu yaşayacağıq.

Mənbə: Media forum

Xəbərlər
Redaktorun seçimi