“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.01.2010, 21:31
449

Etibar Məmmədov: “20 Yanvarın olmaması mümkün deyildi”

A- A+

“Bu, tarixi bir hərəkatdır və bütün imperiyaların dağılması prosesində baş verib”

Azərbaycanda xalq hərəkatının öncüllərindən olmuş Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov “Turan”a müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik.

- 20 Yanvarın müəllifi kim idi?

- 20 Yanvar milli azadlıq hərəkatının qarşısını almaq məqsədilə SSRİ rəhbərliyinin həyata keçirdiyi aksiya idi. Burada beynəlxalq vəziyyətin, xarici və daxili amillərin hər birinin öz rolu var idi.

Əsas o idi ki, mərkəzi hakimiyyət günbəgün güclənən azadlıq hərəkatının qarşısını almaq və başqalarının da gözünü qorxutmaq üçün cəza aksiyası həyata keçirmək qərarına gəlmişdi.

Milli azadlıq hərəkatı Qarabağ məsələsi ilə başlamışdı. Azərbaycan ərazisinin bir hissəsini öz dövlətinin ərazisinə qatmaq üçün ermənilərin hərəkatı vardı. Onlar keçmiş SSRİ rəhbərliyi səviyyəsində böyük dəstək əldə etmişdilər. Azərbaycan isə buna müqavimət hərəkatı ilə cavab verdi. Hərəkat başlayanda məlum oldu ki, Azərbaycan rəhbərliyində olanlar bu prosesdə xalqın tələbinə uyğun hərəkət edə bilmir.

Bu səbəbdən də rəhbərliyin fəaliyyətini xalqın istəyinə uyğun həyata keçirmək üçün onların səlahiyyətlərini almaq kampaniyası başladı. Bu isə təşkilatlanma ilə nəticələndi, Xalq Cəbhəsi hərəkatı yarandı. Bir qədər sonra hərəkat xarakterini dəyişərək milli azadlıq hərəkatına çevrildi. Çünki SSRİ daxilində Dağlıq Qarabağ probleminin həlli artıq qeyri-mümkün görünürdü.

- Sizin o zamankı həmkarlarınızın bir çoxu bildirir ki, 20 Yanvar hadisəsi olmaya bilərdi. Onların fikrincə, bu, Azərbaycan Xalq Cəbhəsinin liderlərinin emosional hərəkətləri nəticəsində baş verib.

- Belə yanaşma onların emosional fikrilərindən və ya qərəzli mövqelərindən irəli gəlir. Onlar da xalq hərəkatının güclənməsindən çox qorxuya düşmüşdülər. Güclənən hərəkata uyğun fəaliyyət göstərmədikləri üçün özlərini kənarlaşdırmaq məcburiyyətində qalmışdılar.

Bir daha deyirəm ki, bu hadisələrin səbəbi güclənən xalq hərəkatı və bu hərəkatın milli azadlıq hərəkatına çevrilməsi idi. Bunun qarşısını almaq üçün mərkəzi hakimiyyət cəza aksiyası keçirmək qərarına gəlmişdi. Yəni 20 Yanvarın olmaması mümkün deyildi. Çünki SSRİ kimi güclü bir imperiya varlığını saxlamaq üçün hansısa tədbirlərə əl atrmalı idi. Bu tədbirlərin içərisində cəza aksiyaları da var idi.

- Cəza aksiyalarından qaçmaq mümkün idimi?

- Mümkün olsaydı, ilk olaraq Gürcüstan bu aksiyadan qaçardı. Ondan öncə Almatıda cəza aksiyası baş vermişdi, Bakı hadisələrindən sonra eyni şeylər Vilnüsdə baş verdi. Ən sonda isə kommunist rejimi özünü qorumaq üçün 1991-ci ilin avqustunda Moskvada cəza aksiyası həyata keçirməyə məcbur oldu. Onlardan qaçmaq mümkün deyildi. Bu, tarixi bir hərəkatdır və bütün imperiyaların dağılması prosesində baş verib. Azərbaycandan da çox itkilər verən ölkələr müstəqilliyə qovuşandan sonra hərəkata qarşı ittiham irəli sürməyiblər, deməyiblər ki, müstəqillik öz-özünə baş tutacaqdı.

- 20 Yanvarın tarixi dərsləri nədir?

- Tarixi dərslər odur ki, təhlükə olanda xalq bütün qüvvələrini birləşdirmək üçün özündə güc tapır. Azərbaycan xalqının ən böyük milli birliyi yanvar hadisələri və ondan sonrakı dövrdə olub.

20 Yanvarın ikinci dərsi ondan ibarətdir ki, hakimiyyətdə olanların xalqla birləşməyən hissəsi mübarizənin birinci mərhələsində ötəri uğurlar qazansalar da, ikinci mərhələdə süquta uğrayırlar.

20 Yanvarın digər ölkələrdəki hərəkatlardan fərqi o idi ki, Azərbaycanın kommunist rəhbərlərindən bir nəfəri belə xalqın tərəfinə keçmədi.

- Həmin kommunist rəhbərlərin bir çoxu indi də Azərbaycan hökumətində yüksək vəzifələr tutur.

- Təəssüf ki, belə adamlar sıravi, orta səviyyədə deyil, Azərbaycanın yüksək rəhbərliyində təmsil olunublar. Ən bariz nümunəsi isə hazırkı baş nazir Artur Rasizadədir. Birbaşa onun imzası ilə Moskvaya teleqram vurulub və “qayda-qanun yaradılması” üçün qoşun yeridilməsinə ehtiyac olduğu bildirilib.

“Mediaforum”

Xəbərlər
Redaktorun seçimi